“Bu gün artıq biz tələbələrimizin sayına deyil, təhsillərinin keyfiyyətinə diqqət yetiririk”
Tarix: 15.01.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Nərgiz Əliyeva:
“Gənclərin təhsilə marağını və dərs davamiyyətini artırmaq üçün tərəfimizdən təqaüd şəklində təqdim olunan maddi yardımlar həyata keçiririk”
Layihə çərçivəsində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidməti və gənclər şöbəsinin rəhbəri, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədr müavini Nərgiz Əliyeva ilə müsahibəni təqdim edirik.
- Təhsil baxımından Gürcüstan hökuməti azərbaycanlılara hər hansı bir fərq qoyurmu?
-Gürcüstanda fəaliyyət göstərən qeyri-gürcü, ələlxüsus da etnik azlıqların dilində çalışan məktəblər xüsusi proqramlar üzrə çalışır. Dövlət dili olan gürcü dilinin Gürcüstan vətəndaşı olan etnik qruplar tərəfindən mənimsənməsi üçün dövlətimiz tərəfindən önəmli addımlar atılmaqdadır. Orta məktəblərə göndərilən xüsusi təyinatlı müəllimlər, ümumi proqrama əlavə olunmuş dərs saatları, dərslikdəki dəyişikliklərin hamısı şagirdlərin dövlət dilini mənimsəmələrinə köməklik üçün tətbiq olunur. Bu islahatlar eyni zamanda ali təhsil ocaqlarına qəbul olarkən də keçərlidir. Ölkəmizdə yaşayan etnik qruplar qəbul imtahanlarını ana dillərində verir, birbaşa birinci kurslara qəbul ola bilməyib nisbətən az ballar toplayan abituriyentlər üçün 1+4 proqramı tətbiq olunub ki, bu da bir növ ali məktəbə daxil ola bilməyən abituriyent üçün ikinci şans olur. Bir il ərzində hazırlıq kursunda təhsil alan gəncə intensivləşdirilmiş gürcü dili dərsləri keçirilir, nisbi şəkildə asanlaşmış imtahanlar isə onların tələbə olmaq şansını artırır. Hər il 100 nəfər tələbə bu proqramla dövlət hesabına təhsillərini davam etdirir. Qeyd edim ki, məhz bu proqram sayəsində bizim tələbələrimizin sayı gündən-günə çoxalır.
- Təşkilat olaraq gənclərin təhsilə marağını artırmaq üçün hər hansı təqaüd proqramları həyata keçirirsiniz?
-Təşkilatımızın əsas iş istiqaməti məhz təhsil sahəsidir. Təhsillə bağlı bir çox layihələrimiz olub və bu gün də uğurla davam edir. Gənclərin təhsilə marağını və dərs davamiyyətini artırmaq üçün tərəfimizdən təqaüd şəklində təqdim olunan maddi yardımlar həyata keçiririk. Xatırladım ki, biz bu proqrama fəaliyyətə başladığımız ilk ildən - 2006-ci ildən etibarən başlamışdıq. O zamanlar tələbəmizin az sayda olduğuna görə biz bu proqramı hər bir tələbəyə şamil edərdik və tələbələr arasında rəqabət olmazdı. O zamanlar proqrama dəstək keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Gilan Holding-Jalə” meyvə şirələri şirkəti, “Dəmirbank” tərəfindən təqdim olunardı. Bu gün isə biz tələbələrin təhsilə marağını və davamiyyətinin nəticələrini yüksəltmək məqsədilə yüksək bal sisteminə keçid almışıq. Bu gün artıq biz tələbələrimizin sayına deyil, təhsillərinin keyfiyyətinə diqqət yetiririk. Müəyyən kvotaya uyğun olaraq ildən-ilə tələb etdiyimiz minimum bal keçidi yüksəlir. Müşahidələrimiz onu göstərir ki, bizim tələbələrin təhsil davamiyyəti heç də digər millətlərdən geridə qalmır, onlar rəqabətə davamlıdırlar. Təhsillərini başa vuran tələbələrimizin içində universiteti qırmızı diplomlarla da bitirənlərimiz var. Qeyd edim ki, təqaüd proqramına maddi dəstək SOCAR-Georgia şirkəti tərəfindən təqdim olunur. Şirkət, eyni zamanda tələbələrin illik təhsil haqqını ödəmək missiyasını üzərinə götürüb. Bundan başqa, Gürcüstanda ən çox tələbat olunan ixtisaslara gənclərin meyil göstərməsi üçün Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və İslam İnkişaf Bankının birgə həyata keçirdiyi “Təhsilə dəstək-Faizsiz kredit” proqramı həyata keçirilir. Proqrama əsasən müəyyən olunmuş fakültələrdə təhsil alan tələbələrin etiyaclarını ödəmək üçün vaxtsız, faizsiz kreditlər təqdim olunur ki, bu proqramdan nəinki azərbaycanlılar, eyni zamanda yerli əhali də istifadə edə bilir.
- Hazırda Gürcüstan hakimiyyətinin azərbaycanlı sakinlərə münasibəti necədir?
-İrakli Qaribaşvilinin könüllü istefasından sonra Gürcüstan hökumətinin tərkibi yenidən qurularaq yeni baş nazir Georgi Kvirikaşvili öz səlahiyyətlərini yerinə yetirməyə başladı. Düşünürəm ki, bu proseslər ölkəmizin daha intensiv inkişafına yönəlir. Avropa İttifaqına namizəd olan Gürcüstan siyasəti Avropa qanunlarına uyğun olmalıdır, standartlara cavab verməlidir, bu isə müstəqillik tarixi az olan Gürcüstan üçün çətin prosesdir. Hər hansı bir siyasi partiyanın hakimiyyətə gəlməsi xalqın seçimidir, xalq tərəfindən seçilən hakimiyyət isə əlindən gələni edir ki, insanların ümumi rifahını, yaşam tərzini və demokratik dəyərləri qoruyaraq inkişaf etdirsin. Bu prosesdə dəyişikliklər qaçılmazdır. O ki qaldı bizim icmamıza, biz də cəmiyyətin bir hissəsiyik və bu ölkənin vətəndaşı olaraq bu, bizə də təsir edir, lakin bir vətəndaş kimi ciddi mənfi dəyişikliklər müşahidə etməmişəm. Mənim üçün hər hansı bir siyasi partiyanın hakimiyyətdə olmasından daha önəmli insanların yaşamı, sosial rifahı və digər amillərdir. Rusiya ilə əlaqələrin sabitləşməsi, viza rejiminin asanlaşdırılıb, gələcəkdə tamamilə ləğv olunması isə Gürcüstanın xarici siyasətinin düzgün yolda yürüdüldüyündən və insanlara müsbət təsir göstərəcəyindən xəbər verir. Bilirsiniz ki, azərbaycanlıların yaşadıqları ərazilərdə insanlar kənd təsərrüfatı ilə məşğul olur və məhsullarını xarici bazarlarda realizə etmək üçün imkanları məhdud olub. Rusiya və Avropa bazarının açılmasının insanımızın maddi durumunu düzəldərək, işsizliyin aradan qaldırılmasına da xidmət edəcəyini düşünürəm.
- Hökumət azərbaycanlı gənclərin rəsmi işlərə cəlb olunmasında maraqlıdırmı?
-Qeyd etmək istəyirəm ki, hazırkı hökumətin prinsiplərindən biri hər bir Gürcüstan vətəndaşına eyni şəkildə diqqət yetirməkdir. Bizim hamımız eynihüquqlu vətəndaşıq və eyni imtiyazlardan istifadə etmək imkanlarına malikik. Əgər peşəkar kadrların arasında etnik azlıq nümayəndəsi varsa, onlar ilk növbədə işlə təmin olunur. Təbii ki, hər bir cəmiyyətdə olduğu kimi bizim ölkədə və icmamızda da işsizlik problemi mövcuddur, lakin dövlət dilini mükəmməl şəkildə bilib peşəkar ixtisaslı kadrların işlə təmin olması olduqca real və asandı. Dövlət orqanlarında təmsil olunan azərbaycanlılar da var. Parlamentə seçilən deputatlarımızdan, dövlət məmurlarından, yerli özünüidarəetmə orqanlarında təmsil olunan kadrların çox faizi gənc nəslin nümayəndələridir. Bu da onu göstərir ki, Gürcüstanda millət, din, irq fərqliliyi yoxdur, ölkəmizin vətəndaşları biliklərinə diqqət yetirərlərsə, yaxşı təhsil alıb dövlət və digər xarici dilləri mənimsəyib yaxşı ixtisaslı kadr olacaqlarsa onların istər dövlət, istərsə də qeyri- dövlət işlərində karyera imkanları olduqca realdır və mümkündür. Mən çox istərdim ki, dövləti idarəetmə və biznes strukturlarında gənclərimizin sayı artırılsın.
- Yeni ilə hansı planlarla addımlayıbsız?
-Yeni il gəldikdə hər kəs yeni xəyallar, planlar, qurur və yeni ilin uğurlu olacağına ümid bəsləyir. Biz də həmçinin, yeni ilə böyük ümidlə baxırıq. 2016-cı il bizim üçün önəmlidir, təşkilatımızın 10 illik fəaliyyət yubileyi məhz bu ilə təsadüf edir. Bu, bizim üçün yeni başlanğıc, yeni nəfəs deməkdir. Biz cəmiyyətimiz üçün daha da faydalı layihələrin reallaşması üçün əlimizdən gələni edəcəyik. Mədəniyyətimizin inkişafı, təbliği istiqamətində bir sıra mühüm addımlar atacağıq ki, yaşadığımız ölkədən başqa, xaricdə də təbliğinə təkan verək. İnanırıq ki, uzun illərdir gözlədiyimiz Azərbaycanlıların Mədəniyyət Mərkəzinə uyğun inzibati binanın tikintisinə start veriləcək, çünki işlərimizin daha irimiqyaslı olması üçün məkana ehtiyac vardır. Allahdan diləyim odur ki, xalqımız və ölkələrimiz üçün bu il düşərli olsun, fəlakət, faciə və insan ölümlərindən uzaq olan bir il olsun. Hər iki ölkə ərazi bütövlüyü problemi yaşamaqdadır, inşallah, 2016-cı il bu problemlərin həlli də düşərli olsun. İlboyu bizim işlərimizi işıqlandırıb oxucuların ixtiyarına çatdıran sizin simanızda bütün jurnalist dostlarıma təşəkkür edirəm.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info