Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
Tarix: 25.01.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Cavadxan QASIMOV |

AMEA Naxçıvan Bölməsinin
Təbii Ehtiyatlar İnstitutunun
İqtisadiyyat şöbəsinin müdiri,
İqtisad üzrə fəlsəfə doktoru, dosent



Artıq iyirmi beş ilə yaxındır ki, müasir müstəqillik şəraitində Naxçıvan Muxtar Respublikası ölkəmizin sosial-iqtisadi maraqlarına və bu maraqlarla hədəflənən hərtərəfli inkişafına davamlı, starteji təkan olmaqdadır. İqtisadiyyatın sahə strukturunda əsaslı tərəqqiyə nail olunmuş, makroiqtisadi zəmində nəzərdə tutulmuş məqsədlər gerçəkləşdirilmiş, sosial siyasət milli iqtisadi inkişafa təkan olacaq səviyyədə müəyyənləşdirilmişdir.
Xüsusən də, son iyirmi ildən artıq dövrdə güclü infrastruktur potensialı, böyük idarəetmə təcrübəsi, qətiyyətli və məqsədyönlü, eyni zamanda uzaq gələcəyə hesablanmış tədbirlərlə daha da təşkilatlanan, qüdrətlənən muxtar respublika burada yaşayan əhalinin və onun hər bir sakininin maraq və mənafeyini ifadə edə bilən iqtisadiyyat qurmuş və inkişaf etdirməkdədir.
1995-ci ildə 43721,7 min manatlıq Ümum Daxili Məhsulla ilk addımlarını atmağa başlayan muxtar respublikamız hazırda əsas makroiqtisadi göstəricisini 2 milyard 465 milyon 757 manatdan çox olmaqla təmin edə bilmişdir. Əldə edilən göstəricilər o zaman nailiyyətə çevrilir ki, o, ayrılıqda fərdin deyil, bütövlükdə çoxluğun yararlanma meyarlarını təşkil edə bilsin. Bu baxımdan da muxtar respublikada ÜDM-nin hər bir nəfərə düşən həcminin 5577 manat təşkil etdiyini qeyd edə bilərik.
Müasir dünyanın bir çox sərt qanunları diqtəetmə tendensiyası özü ilə birlikdə iqtisadi sarsıntılar, tənəzzül meylləri, iqtisadi (maliyyə) böhranlar, hərbi-siyasi çəkişmələr (müharibə ocaqları) də gətirməkdədir. Nəticədə isə bütövlükdə iqtisadiyyatın əsası olan insan amili və onun həyatı ciddi təhlükə qarşısında qalmaqla sosial bəlaya çevrilir.
Çox şükürlər olsun ki, ölkəmizin dayanıqlı, müqavimətli və tarazlı iqtisadiyyatı onun istənməz hallardan qorunmaq gücünün artmasına səbəb olmuş və bütün tərəfləri ilə yanaşı, ərazinin regional siyasətinin də dözümlülüyünü artırmış, bu sahədə ciddi potensialın formalaşmasına imkanlar yaratmışdır. Səmərəli və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq Naxçıvan muxtar respublikasında ötən ildə yaradılan 62 yeni istehsal və xidmət sahəsi dövlətin sosial siyasətinin etibarlılığına bir daha inam gətirmiş, bu isə muxtar respublika iqtisadiyyatının idxaldan asılılığının azaldılmasını özündə etifa edir. Təbii ki, güclənən iqtisadiyyat hər şeydən əvvəl istehsal potensialının artmasına təminat verir. Nəticədə isə, əldə olunan nailiyyətlər yerli istehsalın əhatəsinin və həcminin artmasına münbit zəmin yaradır. Qeyd edək ki, Naxçıvan muxtar respublikasında iqtisadi istehsal münasibətlərinin səmərəliliyinin artırılması, təsərrüfat subyektlərinin uğurlu fəaliyyətinin təmin olunması, dövlət dəstəyinin iqtisadi fəaliyyət sferasının bütün sahələrini əhatə etməsi burada məhsuldarlığın da yüksəlməsinə əlverişli şərait yaratmışdır. Belə ki, artıq geridə qoyduğumuz 2015-ci ilin makroiqtisadi göstəricilərinə diqqət edərkən görürük ki, muxtar respublikada 361 növdə məhsul istehsal edilmişdir. Artan miqyasda davam edən bu prosesin genişmiqyaslılığı nəticəsində həmin məhsulların 119-u ərzaq, 242-si isə qeyri ərzaq məhsullarından ibarət olmuşdur. Sevindirici haldır ki, səmərəli iqtisadi siyasət muxtar respublikanın iqtisadi potensialının daha da artmasına xidmət etmiş və bu, yerli istehsalın stimullaşdırılmasına şərait yaratmışdır. Yuxarıda göstərilən ərzaq məhsullarının 107-si və ya 90 faizə qədəri, qeyri-ərzaq məhsullarının 236-sı və ya 98 faizə yaxını, ümumilikdə, 343 növdə (istehsal edilən məhsul növlərinin 96 faizi) məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir.
Ölkəmizdə iqtisadi inkişaf xəttinin yüksələn səviyyəsi onun çoxşaxəli iqtisadiyyatının formalaşmasına əlverişli zəmin yaratmışdır. Dinamik, çevik idarəetmə iqtisadiyyatın xüsusi mülkiyyətə tam etibar etdiyini göstərməkdədir. Özəl sektorun müasir iqtisadi şəraitə təkan olmaqla, makroiqtisadi göstəricilərdə çəkisinin artması bütünlükdə regionların bu istiqamətdəki potensialının da yüksəlməsinə səbəb olmuşdur. Təsərrüfat subyektlərin fəaliyyətinin stimullaşdırılması, onların texniki və maliyyə vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət etmiş və nəticədə onlar dövlətin milli iqtisadi hədəflərinin təmin edilməsinə öz töhvələrini verməkdədirlər. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da xüsusi mülkiyyətin səmərəli idarəetməyə əsaslanan inkişafı özünü əldə olunan nailiyyətlərlə göstərməkdədir. İqtisadi dayanıqlıq istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq ötən 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyət şəraitində iqtisadi idarəetmənin zəruri mexanizmləri əsas götürülmüş və istehsal potensialının artırılmasına diqqət gücləndirilmişdir. Belə ki, bu sahədə aparıcı qüvvə olan sahibkarlığın inkişafına təkan olacaq iqtisadi vasitələr işlək vəziyyətə gətirilmiş və muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 milyon manatdan çox kredit verilmişdir. Təbii ki, bunlar isə özəl sektorun ümumi daxili məhsulda 87 faizlik xüsusi çəkiyə malik olmasına əlverişli zəmin yaratmışdır.
Bütün bunlar ölkəmizin sosial siyasətinə və onun səmərəliliyinə xidmət etməkdədir. Ayrılıqda hər bir sakinin, bütövlükdə isə xalqın sosial-iqtisadi maraqlarının ifadə olunduğu milli iqtisadiyyatın möhkəm əsaslarla bərqərar olunması muxtar respublika iqtisadiyyatını yüksək inkişaf səviyyəsinə çatdırmışdır. Təbii ki, mövcud iqtisadi potensial isə öz növbəsində əhalinin yaşayış tərzinin, onun səmərəli fəaliyyətinin, daha doğrusu, məşğulluq potensialının daha da artmasına münbit zəmin yaratmışdır. Bu gün qətiyyətlə deyə bilərik ki, Muxtar Respublikada artıq innovativ inkişafa əsaslanmaqla digər ərazi və regionlar üçün nümunəvi idarəetmə konsepsiyası, inkişaf modeli, sosial və demoqrafik tarazlıq strategiyası həm tətbiq edilməkdə, həm də təkmilləşdirilməkdədir. Yaradılan səmərəli fəaliyyət mühiti faydalı əmək şəraitinə stimul vermiş, Sahibkarlığın inkişafına yönəldilən məşğulluq mənzərəsini formalaşdırmışdır. Bu isə təbii ki, 18 dekabr 2013-cü ildə qəbul edilmiş və 2014-2015-ci illəri əhatə edən, 11 yanvar 2016-cı ildə qəbul olunmuş və 2016-2020-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nda əsas məqsədlər kimi götürülmüş və qarşıdakı illərdə yaradılması hədəflənən yeni iş yerlərinin açılmasına öz təhvələrini vermişdir. Nəticədə isə təkcə 2015-ci ildə 2908 iş yeri açılmışdır ki, bunun da 2837-si və ya 98 faizi daimi iş yeri olmuşdur.
Ölkəmizdə yeni iqtisadi mərhələnin-qeyri neft sektorunun çevikliyinin fəallaşdırılması, bu sahədəki tədbirlərin sürətləndirilməsi, sosial dayanıqlığın bu əsasda təmin edilməsi, iqtisadiyyatın müqavimət gücünün artırılması, dünya iqtisadiyyatının tələblərinə uyğunlaşması, idxaldan asılılığın azaldılmasına xidmət edəcək sahələrin işlək vəziyyətə gətirilməsi, ixrac qabiliyyətinin və rəqabətə davamlılığın yüksəldilməsi və s. kimi məsələlərin aktual olduğu bir dövrün çağrışları ilə üz üzəyik. Dövlətin əsas prioritetləri içərisində yer alan qeyri-neft sektorunun inkişafı üçün muxtar respublikada zəruri infrastruktur potensialının qurulması əhəmiyyətli nəticələrin əldə edilməsinə şərait yaratmışdır. İqtisadi-istehsal münasibətlərinin səmərəliliyi əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun strukturunda birinci yerdə olan sənaye sahəsinin dinamik inkişafını təmin edə bilmişdir. Elə bunun nəticəsidir ki, muxtar respublikada 2015-ci ildə 917 milyon manata yaxın sənaye məhsulu istehsal olunmuşdur ki, bunun da 96 faizini özəl sektor təşkil etməkdədir.
Naxçıvan muxtar respublikası ölkəmizin əsas strateji hədəflərinə böyük əzmlə xidmət edir. İqtisadiyyatın əsas və aparıcı sahəsi olan, ərazisinin və əhalisinin böyük hissəsinin aid olduğu kənd təsərrüfatının inkişafı həm qeyri-neft sektorunun aktuallığını mahiyyətləndirir, həm də gələcək perspektivlərin faydalılığına təminat verir. Bu mənada muxtar respublikanın aqrar potensialının artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac vardır. Aqrar sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması, müasir texnikadan istifadənin asanlaşdırılması və sürətləndirilməsi, torpaqdan səmərəli istifadənin çevikliyinin artırılması və nəticədə məhsuldarlığın yüksəldilməsi muxtar respublika iqtisadiyyatının hazırkı strateji hədəflərindəndir. Elə bu təminatlar çərçivəsində 2015-ci ilin məhsulu üçün əkin aparılan sahələr 61 min 414 hektar təşkil etmişdir.
Naxçıvan MR Ali Məclisinin Sədrinin 28 yanvar 2005-ci il tarixdə “Naxçıvan Muxtar Respublkasında aqrar sahədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı aqrar sahədə məhsul istehsalının daha davamlılığına təminat vermiş və iqtisadiyyatın müqavimət gücünü artırmış, bu məqsədlə yaradılan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı sahəsində yeni texnologiyanın tətbiqindəki roluna əhəmiyyət qazandırmışdır. Məhz 180-i 2015-ci ildə olmaqla, 2005-ci ildə ötən dövr ərzində muxtar respublikaya 1685 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilmişdir. Qeyd edək ki, keçən on bir il ərzində muxtar respublikaya 1370 kənd təsərrüfatı texnikası istehsalçıların istifadəsinə verilmişdir.
Həyata keçirilmiş bu tədbirlər sayəsində MR-in aqrar sferasında keyfiyyət dəyişiklikləri təmin edilmiş və bu, özünü taxılçılığın və kartofçuluğun istehsalı sahəsində də göstərməkdədir. Belə ki, 36 min 237 hektar sahədən 106 min 282 ton taxıl, 2967 hektar əkin sahəsindən isə 45 min tondan çox kartof götürülmüşdür.
Bütün bunların fonunda Naxçıvan MR-in aqrar potensialı daha da artmaqdadır. Dövlətin gündəlik qayğısı istehsalçılara stimul vermiş, onların fəaliyyəti iqtisadiyyatın inkişafı üçün zəruri təşəbbüsə çevrilmişdir. Buna görə də əldə edilən hər bir uğur gələcək üçün çox böyük nailiyyətlər vəd etməkdədir. Qeyd edək ki, əsas makroiqtisadi siyasətin tərkib hissəsinə aid olan aqrar məhsuldarlıq ötən ildə də təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinin təkanverici qüvvəsinə çevrilmiş və nəticədə 403 milyon manata yaxın məhsul istehsal olunmuşdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının hazırkı inkişaf səviyyəsi ölkənin gələcək hədəflərinin münbitlik göstəricisidir. Bütün bunlar onu göstərir ki, qarşıdakı illərdə dövlətin iqtisadi maraqlarının üstün tutulmasında, regionda və dünyada iqtisadi təşkilatlanmaya uyğunlaşmada çeviklik göstərilməsində, makroiqtisadi göstəricilərin yüksələn xəttinin qorunmasında onun rolu, əhəmiyyəti və önəmi daha da artacaqdır.




 
Müəllifin son yazıları

05.01.2018 Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını asanlaşdıran yol
25.07.2017 Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
09.07.2015 Son ildə Naxçıvanda ixracın həcmi artıb
23.01.2015 Qarşıda bizi çox nailiyyətlər gözləyir
28.12.2013 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən layihə

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info