“Heç tərəddüd etmədən Bakı Ali Neft Məktəbini seçdim”
Tarix: 05.02.2016 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


BANM-in tələbəsi: “Özümü gələcəkdə neft sektorunda tanınmış, bilikli və bacarıqlı bir mütəxəssis kimi görmək və xalqıma, millətimə xidmət etmək istəyirəm”

Ölkədə mütəxəssis hazırlığı, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. Cari ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edir. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərərək 700 bal toplayıb.
2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. Azərbaycanın ali təhsil tarixində I ixtisas qrupu üzrə ən yüksək keçid balı bu dəfə də BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul zamanı 679 bal göstəricisi ilə qeydə alınıb.
Süleymanlı Murad Mətləb oğlu 31 mart 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri 88 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2014-cü ildən Murad Süleymanlı təhsilini Zəngilan rayonu 28 saylı tam orta məktəbdə davam etdirib. Oxuduğu müddət ərzində o, məktəbin ictimai işlərində öz fəallığı ilə seçilib və məktəb tərəfindən dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunub. 2013-cü ildə məktəblilərin fənn olimpiadasında “Kimya” fənni üzrə Xətai rayonu və Bakı şəhəri üzrə 1-ci yerə, Respublika üzrə isə 3-cü yerə layiq görülüb və fəxri fərmanlarla təltif olunub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirdikdən sonra TQDK-nın keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
Layihə çərçivəsində növbəti müsahibimiz Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsü Murad Süleymanlıdır:
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanı çox rahat keçmişdi. Yaradılan şərait tam şəkildə normal idi. Digər abituriyentlərdən fərqli olaraq imtahandan öncə həyəcan hissi keçirməmişdim, məndə bu həyəcanın yerini böyük məsuliyyət hissi tuturdu. İmtahandan əvvəlki son üç gün sanki üç il kimi gəlib keçmişdi, artıq imtahandan keçib mənim üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək istəyirdim. İmtahandan sonra çox xoşbəxt idim, çünki hər şey ürəyimcə olmuşdu, bütün sualları cavablandırmışdım. “Abituriyent” verilişində cavablarımı yoxlayıb 690 bal hesablamışdım və cavablar elan olunduqda bunu bir daha gördüm. Prezident təqaüdçüsü olduğumu öyrəndikdən sonra sevincim daha da artdı. Valideynlərimin və özümün çəkdiyim əziyyətin hədər getmədiyini görmək məni və ailəmi çox sevindirdi.
- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?
- Sınaq imtahanlarında əldə etdiyim nəticələr qəbul imtahanında topladığım baldan həmişə aşağı olub və son sınaq imtahanında nəticəm 649 bal olmuşdu. Amma buna baxmayaraq, ailəm və bütün müəllimlərim məndən maksimum nəticə - 700 bal gözləyirdilər.
- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?
- Məncə, qəbul imtahanında 600 baldan yüksək nəticə əldə etmək üçün son iki il kifayət deyil. Yüksək nəticə göstərmək istəyən abituriyentlər aşağı siniflərdən başlayaraq sistemli şəkildə oxumalıdırlar. Bunun üçün hər bir fənn üzrə keçilən materialları dərindən mənimsəmək və öyrəndiklərini testlər üzərində tətbiq etməlidirlər. Əgər abituriyent bu əziyyətlərə qatlaşarsa, sonda öz əziyyətinin bəhrəsini görəcək.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?
- BANM-i Azərbaycanın digər ali təhsil müəssisələrindən fərqləndirən çoxsaylı xüsusiyyətləri məndə əvvəlcədən bu ali təhsil ocağına qarşı böyük maraq hissi yaratmışdı. Dərs proqramlarının xaricdəki nüfuzlu ali təhsil ocaqlarındakı proqramlarla paralel olaraq aparılması, ingilis dilli təhsil və bu kimi digər göstəricilərə malik olduğuna görə universitet seçimində heç tərəddüd etmədən çoxdankı arzum olan Bakı Ali Neft Məktəbini seçdim. Bunu da qeyd etməliyəm ki, burada təhsil alan tələbələrin ictimai həyatına da böyük önəm verilir. Hər ay teatr tamaşalarına, muzeylərə səfərlərin təşkilini misal göstərə bilərəm. Seçdiyim ixtisasa gəlincə isə, neft-qaz mühəndisliyi çoxşaxəli, geniş bir sahə olduğuna görə və ən əsası, özümü gələcəkdə məhz bu sahədə gördüyümə görə bu ixtisası seçdim.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?
- Gələcək təhsilini BANM-də davam etdirmək fikrində olan abituriyentlərin doğru yolda olduqlarını düşünürəm. Onlara elə indidən ingilis dili biliklərini təkmilləşdirməyi məsləhət görürəm və bacardıqları qədər bütün sahələrdən az da olsa, minimal informasiya əldə etməklərini məsləhət görürəm.
- Özünü gələcəkdə harada görürsən?
- Özümü gələcəkdə neft sektorunda tanınmış, bilikli və bacarıqlı bir mütəxəssis kimi görmək və xalqıma, millətimə xidmət etmək istəyirəm.
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin var?
- Abituriyent zamanından bəri uzun müddət texniki fənlərə üstünlük verməyimə baxmayaraq, humanitar fənlərə və ədəbiyyata böyük marağım var. Azərbaycanın tarixi ilə, tarixi şəxsiyyətləri ilə maraqlanıram. Boş vaxtlarımda ingilis və Azərbaycan dilində bədii kitablar oxumağa üstünlük verirəm. Yay aylarında üzgüçülük və basketbolla məşğul oluram.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info