Manas Universitetinin şanslı azərbaycanlı tələbəsi
Tarix: 09.02.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Ehtiram Zakirli: “Xaricdə təhsil alan tələbələrimiz qazandıqları təcrübəni öz ölkəmizdə tətbiq etsələr, vətənimiz hər cəhətdən başqa ölkələrdən üstün olar”
Xaricə təhsil üçün gedən gənclərimizin əksəriyyəti Avropa ölkələrini seçirlər. Budəfəki müsahibimiz Ehtiram Zakirli isə Orta Asiyaya üz tutub. Qeyd edək ki, E.Zakirli Şəkidə dünyaya göz açıb. Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam məktəbdə orta təhsilini başa vurub. Hazırda Qırğızıstanın Bişkek şəhərində yerləşən Qırğız-Türk Manas Universitetinin Turizm və hotelçilik fakültəsində təhsil alır.
-Adətən, bizim gənclər təhsil üçün Avropa ölkələrinə gedirlər. Bəs siz niyə məhz Qırğızıstanı seçdiniz?
- Orta məktəbdə oxuduğum illərdə hamı kimi mənim də məqsədim dərslərimi yaxşı oxuyub əlaçı olmaq və universitet imtahanına hazırlaşıb ən yüksək balla ali məktəbə qəbul olmaq idi. Məktəbdə oxuduğum illərdə dostlarım 1, 2, 3, 4-cü qruplar üzrə hazırlaşırdılar. Lakin mən bir çoxlarından fərqli olaraq xaricdə təhsil almaq istəyirdim. Əslində, bunun bir xəyal olduğunu və heç bir zaman həqiqət olmayacağını fikirləşirdim. Düşünürdüm ki, bəlkə, Azərbaycandakı universitetlərdən birinə qəbul olub və bu universitet vasitəsi ilə xaricə ayaq basa bilməm mümkün olar bilər. Tarix və coğrafiya fənlərinə marağım çox böyük idi. Buna görə mən də 2-ci qrup üzrə hazırlaşmaq qərarına gəldim və coğrafiya müəllimi ola bilmək üçün əlimdən gələni edirdim. 11-ci sinifdə oxuduğum zaman məktəblərdə xaricdə yerləşən bir çox universitetlərin öz əməkdaşları tərəfindən həmin universitetlər haqqında bilgilər verilirdi. Bizlərə oradakı universitetlər və o ölkədəki yaşayışın necə olduğu haqqında məlumat verirdilər. Mən bu universitetlər ilə yaxından maraqlanmağa başladım. Doğrusu, universitetdəki təhsil səviyyəsi ilə yanaşı, hətta universitetin yerləşdiyi şəhərin ucuzluğu və bahalığı da məni maraqlandıran məqamlardan biri idi. Çünki ailəmizin maddi gəliri məni xaricdə oxudacaq qədər yüksək deyildi. Türkiyə və Ukrayna kimi ölkələrdə təhsilin çox yüksək səviyyədə olduğunu bilirdim və bu cür ölkələrdə təhsil almağı çox istəyirdim. Lakin bəzi işlər bu istəklərimin qarşısına bir çox problemlər çıxardı. Marağıma səbəb olan universitetlərdən biri də Qırğızıstanda yerləşən Qırğız-Türk Manas Universiteti idi. Bu universitet ilə yaxından maraqlandıqda Orta Asiyada yerləşən böyük universitetlərdən biri və burada təhsilin yüksək səviyyədə olduğu haqqında məlumat aldım. Çox keçmədən ailəmlə danışıb razılıqlarını aldıqdan sonra Manas Universiteti yolunda səfərə çıxdım.
-Qırğız-Türk Manas Universiteti hansı özəlliyi ilə seçilir?
-Universitetimizdə təhsil tamamilə pulsuzdur. Ayrıca, tələbələrimizə çox uyğun şərtlərdə qalmaq, qidalanmaq və təqaüd imkanları təqdim olunur. Universitetimizin təhsil-tədris dili Türkiyə türkcəsi və qırğız türkcəsidir. Ancaq xarici dil hazırlıq proqramımızla tələbələrimizə rus, ingilis, Çin dilləri təhsili də təqdim edilir. Lisenziya və lisenziyaüstü proqramlarımızdan bu günə qədər məzun olan 5000 tələbəmiz, universitetimizdə əldə etdikləri özlərinə rəqabət üstünlüyü təmin edən xüsusiyyətləriylə beynəlxalq səviyyədə məşğulluq edilir. Tələbələrimiz 9 fakültə, 4 ali, 1 peşə və 2 institutdakı 44 ixtisas/proqram və 19 fundamental elm sahəsi təqdim etdiyi imkanla çox geniş bir sahədə universitet təhsili görürlər. Universitetimiz 2 kampusda meydana gəlib, 37 laboratoriya, 108 sinif, 4 yığıncaq otağı, 3 konfrans zalı, 4 yeməkxana, 4 bufet, açıq idman arenası, 3 yataqxana, 2 kitabxana və öyrənmə mərkəzləri və oxuma salonlarını bir arada saxlayan Orta Asiyanın ilk və tək kampus universitetidir. Universitet zəngin akademik təcrübəsini cəmiyyətin faydasına təqdim edir. Bu çərçivədə məsləhət xidmətləri, türkcə və digər dillərin tədrisi, sertifikat və bacarıq əsaslı kurslar, təşkilati tutumu inkişafetdirici fəaliyyətlər, beynəlxalq təcrübənin ötürülməsi və bölüşdürülməsi, layihə əsaslı ortaq işlər kimi fəaliyyətləri müvəffəqiyyətlə həyata keçiririk.
-Universitetin təhsil səviyyəsindən razısınızmı?
-Universitetimizin təhsil səviyyəsindən çox razıyıq. Çünki bizim üçün burada hər şey təşkil olunub. Heç bir cəhətdə şikayətimiz olmur. Burada oxuduğumuz ixtisaslar haqqında da daha ətraflı məlumatla toplaya bilirik. Burada yalnız oxumaqla kifayətlənmirik, eyni zamanda gəzib-görüb özümüzə təcrübə qazanmaq şansımız çox böyükdür. Yazda hər bir tələbə universitet tərəfindən Qırğızıstan içində və ya bir çox xarici ölkələrdə praktika keçib təcrübə qazanmaq üçün göndərilir. Bu vaxt ərzində tələbələr həm fərqli yerlər görür, təcrübə qazanır və həm də pul qazanırlar. Universitetimizdə hər şey yüksək səviyyədə təşkil olunduğundan və burada istədiyim hər şeyi əldə edə bildiyimə görə çox şanslıyam və çox xoşbəxtəm ki, mən Manas Universitetində təhsil alıram.
- Qırğız-Türk Manas Universitetindəki gənclərimiz təşkilatlana biliblərmi? Bu istiqamətdə hansı addımlar atırsız?
-Hazırda Manas Universitetində 9 azərbaycanlı tələbə təhsil alır. Təbii ki, digər xalqlara nisbətən bu say çox azdır. Tez bir zamanda azərbaycanlı tələbələrin sayının artmasını çox istərdim. Bunun üçün də yetərincə addımlar atılmaqdadır. Qarşıdan gələn illərdə sayımız daha çox olar, inşallah. Sayımız az olduğuna görə bəzi proqramlarda ölkəmizin tanıtımında bəzi əksikliklər olur. Azərbaycanlı tələbələr olaraq az olmağımıza baxmayaraq, öz aramızda təşkilatlanıb özümüz və ölkəmizin gələcəyi üçün əlimizdən gələni edirik.
-Ölkəmizin təbliğini yetərincə apara bilirsizmi?
-Ölkəmizin təbliğini yetərincə aparmağa çalışırıq. Başlıca olaraq mədəniyyət hər şeydən üstündür. Buna görə öz hərəkətlərimizlə, davranışlarımızla mədəniyyətimizi ortaya qoyuruq. Azərbaycan xalqının nə qədər qonaqpərvər olduğunu buradakı digər xalqlara nümayiş etdiririk. Əlimizə düşən hər fürsətdə ölkəmizin tarixi, müasirliyi haqqında onları məlumatlandırır və ölkəmizi daha yaxından görmələri üçün onları vətənimizə dəvət edirik.
-Qırğızıstandakı diasporumuzla əlaqələriniz necədir?
-Artıq üçüncü ildir ki, Qırğızıstanın Bişkek şəhərində yaşayırıq. Amma buna baxmayaraq diasporumuzun harada yerləşdiyini belə, heç bilmirik. Bunun səbəbi isə diasporda xidmət göstərənlərin konsert proqramlarında və ya başqa yerlərdə qarşılaşdığımız zaman onların bizə qarşı xoş üz göstərməməsidir. Təəssüflər olsun ki, belədir.
-Qırğızıstandakı səfirliyimiz sizin hər hansı istəyinizə dəstək göstərirmi?
-Manas Universitetində hər il burada təhsil alan tələbələrin hər biri öz ölkələrinin adət-ənənələrini, mədəniyyətini, rəqslərini, milli oyunlarını və s. nümayiş etdirirlər. Əlbəttə ki, bu zaman hər xalqın tələbələri öz səfirliklərindən yardım istəyirlər. Biz də öz sıramızda onlardan yardım istədiyimiz zaman bizim istəyimizi geri çevirmədilər. Ümumiyyətlə, bizim universitetdə belə tədbirlər çox keçirilir. Məsələn, Novruz bayramı zamanı da hər kəs öz ölkəsinin tanıtımını, rəqslərini, yeməklərini və s. Qırğızıstan xalqına və burada yaşayan başqa xalqlara tanıdırlar. Bu zaman da səfirliyimiz bizdən öz dəstəyini əsirgəmir.
-Universitetdəki digər xalqların tələbələri ilə münasibətləriniz necədir? Yəni onlara ölkəmizlə bağlı məlumatlar verə bilirsizmi?
-Manas Universitetində 15 ölkədən gələn tələbə təhsil alır. Bu tələbələrin hər biri universitetə gəldiklərində dərsləri anlamaları və başqaları ilə ünsiyyət qurmaları üçün türk və qırğız dillərini öyrənməyə məcburdurlar. Buna görə öncə 1 il ərzində hər kəsə qırğız və türk dilləri öyrədilir və bu zaman ərzində fərqli xalqlardan gələn tələbələr öz aralarında dostluq əlaqələri yaradırlar. Fərqli xalqlardan təhsil almağa gələn tələbələrlə oturub danışmağı çox sevirəm. Fərqli dillərdə ən azından bir neçə söz və ya bir neçə cümlə öyrənmək belə, məni çox xoşbəxt edir. Hər millətdən dostumuz və tanışımız olur və təbii ki, onlarla söhbət zamanı fürsət olduğu zaman öz ölkəmiz haqqında məlumat verməyə çalışıram. Ölkəmizin tarixi haqqında, orada yerləşən tarixi muzeylər, tarixi abidələr, saraylar və bir çox şeylər haqqında onları məlumatlandırmağa çalışıram. Ölkəmizin təbii sərvətlərindən, mədəniyyətindən, suverenliyindən hər kəsə qürur hissi ilə bəhs edirəm.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
-Mənim fikrimcə, gənclərimizin xaricdə təhsil almaları tələbələrin özlərinin və ölkəmizin gələcəyi üçün daha yaxşı və daha əlverişlidir. Xaricdə təhsil alan tələbələr əcnəbi dil öyrənmələri cəhətdən də üstün olurlar. İndiki gənclərimiz xaricdə yaxşı təhsil alıb və öz iş karyeralarını öz ölkəmizdə qursalar, bu, Azərbaycan dövləti üçün çox perspektivli olar. Xaricdə təhsilini başa vuran tələbələrimizin təcrübəsi daha çox olar və təbii ki, xaricdə qazandıqları təcrübə ilə vətənimizə qayıdıb işləsələr bu, vətənimizin inkişafında daha çox töhfəsini verər.
-Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində hansı töhfələr vermək istərdiniz?
-Fikrimcə, təhsilin inkişafı gənclərimizin əlindədir. Buna görə yüksək səviyyəli universitetlərdə təhsil ala bilmək üçün hər şeyi kənara atıb, yalnız o məqsəd üçün çalışmaq lazımdır. Xaricdə təhsil alan tələbələrimiz qazandıqları təcrübəni öz ölkəmizdə tətbiq etsələr, vətənimiz hər cəhətdən başqa ölkələrdən üstün olar. Elm və təhsilin inkişafı üçün hər bir tələbə yalnız diplom almaq üçün deyil, öz üzərində daha çox işləyib ətrafındakı insanlar və öz ölkəsi üçün faydalı ola bilməsi üçün çox çalışmalıdır. Onlar təhsili nə vaxt bitirmələrindən asılı olmayaraq, özləri ilə bərabər ölkələrinin də gələcəyini düşünməlidir. Bu zaman ölkəmizdə təhsilin və elmin inkişafı sürətlə inkişaf edər.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
13.11.2020
Ombudsman jurnalist yazıları müsabiqəsi elan edir
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info