“Science sity” ideyası gənc alimlərdə böyük ümid yaradıb”
Tarix: 17.02.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Famin Salmanov: ”Bəzi yaşlı həmkarlarımız doktorantura müddəti başa çatmış müdafiə etmək istəyən gənc mütəxəssisə "mən 7-8 ilə müdafiə etmişəm, sən niyə 3 ilə və ya ondan tez müddətdə müdafiə etmək istəyirsən" cavabını verirlər”

Layihə çərçivəsində müsahibimiz AMEA Gənc alim və mütəxəssislər şurasının sədri Famin Salmanovdur. Qeyd edək ki, F. Salmanov bu ayın əvvəlində Gənclər Günü münasibətilə Prezident İlham Əliyevlə görüşdə olmuş öncül gənc liderlərdəndir.
-Gənc alimlərin elmi tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı işlər görülür?
- Əvvəla, qeyd etmək istəyirəm ki, müstəqil respublikamızın müstəqil elm siyasətinin yerinə yetirildiyi aparıcı mərkəz sayılan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan elminin gələcək inkişafını elmi gəncliyin düzgün istiqamətləndirilməsi və dəstəklənməsində görür. Ona görə Akademiya rəhbərliyi yaradıcı gənclərlə mütəmadi görüşlər keçirərək, onların timsalında Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmağa çalışırlar. Elə bu günlərdə AMEA prezidenti, akademik Akif Əlizadə istedadlı gənc alimlərin bir qrupu ilə səmimi atmosferdə keçirdiyi görüşdə onlara tam sərbəstlik verildi, onları narahat edən məsələlər bir-bir dinlənildi və bütün təkliflər elə orda, yerindəcə öz həllini tapdı.
- AMEA Gənc Alim və Mütəxəssislər Şurası olaraq, gənc alimlərin yetərincə elmi-tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?
- AMEA-da müasir elmə yanaşma, ilk növbədə elmi gəncliyimizə olan münasibətdə özünü ehtiva edir. Akademiya gəncliyi həm elmi, həm də ictimai fəaliyyəti ilə həmişə öz sözünü deyib. Ancaq bir müddət onların fəaliyyətində bir növ pərakəndəlik nəzərə çarpırdı. Artıq 2 ildir ki, respublikamızda elmdə olan gəncləri vahid mərkəzdən koordinasiya edən Gənc Alim və Mütəxəssislər Şurası yaradılmaqla, məhz yuxarıda qeyd olunan pərakəndəliyi aradan qaldırmaqla, köhnə stereotipləri qırmaq yolu ilə cəmiyyətin gənc alimə, ümumilikdə gələn yeni nəslin elmə münasibəti köklü surətdə dəyişildi.
Cəmiyyətdə elmi fəaliyyətin və gənc alimin nüfuzunun artırılması, eləcə də onların sosial vəziyyətinin yaxşılaşdırılmasının bu günün ən aktual məsələsi olduğunu nəzərə alaraq, Şura gənc tədqiqatçıların elmə cəlb edilməsi və bununla da cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi istiqamətində mühüm işlər həyata keçirir. Bir sıra ilklərə imza atmaqla isə böyük tarixi və şanlı keçmişə malik Milli Akademiyamızın hər zaman Azərbaycan elmi üçün əvəzedilməz milli sərvət olduğunu sübut etməyə çalışır. Bu fəaliyyətin nəticəsidir ki, yuxarıda qeyd etdiyimiz kimi, bu gün cəmiyyətin bütün təbəqələrinin elmə münasibəti müsbətə doğru köklü surətdə dəyişib. Təsəvvür edin, Gənc Alim və Mütəxəssislər Şurası yaranmasından qısa vaxt keçməyərək, çox böyük nailiyyətlərə imza ata bilib. Şuranın öz fəaliyyəti zamanı ənənəvilikdən kənara çıxaraq, müasir dövrümüzlə səsləşən və Azərbaycan elminin inkişafına töhfə verə bilən qeyri-ənənəvi ideyaların, layihələrin reallaşmasına üstünlük verib. Təkcə regionlarda elmin təbliğinə xidmət edən “Bu günün şagirdi, sabahın alimi”, “Ən son nailiyyətlərimiz” kimi yerli layihələri və ya gənclərimizin dünya elminə inteqrasiyasını sürətləndirən “Gənc alim və mütəxəssislərin I Beynəlxalq Multidissiplinar Forumu”, "Akademik Elm həftəliyi-2015" və bu kimi beynəlxalq layihələrin adını çəkmək yetərlidir, bu haqda dolğun təsəvvür yaransın. Şura olaraq bununla kifayətlənməyərək gənclərin elmə stimullaşdırılması tədbirlərindən tutmuş, onların asudə vaxtlarının səmərəli təşkilinə qədər bu və digər səviyyədə layihələr həyata keçirməklə onların elmin və ən əsası Elmlər Akademiyasının bu gününə və gələcəyinə olan inam və ehtimadın artırılmasında həlledici rol oynamağa çalışırıq.
Gənc alimlərin fəaliyyətində məhsuldarlığın artırılmasında beynəlxalq layihələr əsasında Avropa elm məkanına inteqrasiya, gənc alimlərin akademik mobilliyinin təmini və yeni elm texnologiyalarının transferini əsas vasitə hesab edirik. Hazırda onlarla gənc alimlərimiz Avropanın qabaqcıl elmi mərkəzləri ilə regional layihələrdə yaxından iştirak edirlər. ABŞ, Böyük Britaniya, Koreya, Rusiya və sair ölkələrin beynəlxalq səviyyəli elmi qurumları ilə müasir dövr üçün fundamental və tətbiqi xarakterli aktual mövzularda layihələr reallaşdırırlar. Bizim üçün sevindirici haldır ki, bu prosesə ölkəmizdə fəaliyyət göstərən yerli fondlar dəstək verirlər. Belə ki, gənclərin ölkədə mövcud müvafiq fondlarla əməkdaşlığı onların tədqiqat işlərinin dəstəklənməsinə bilavasitə hesablanıb. Onlar tərəfindən dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən elmi-tədqiqat layihələri və digər elmi tədbirlər birbaşa Azərbaycan elminin dünya elminə inteqrasiyasına, eləcə də ölkə iqtisadiyyatında elmin rolunun artırılmasına xidmət edir.
- Hazırda gənc alimlərin hansı problemləri var? Bu problemləri necə təsvir etmək olar?
- Gənc alimlərin həllini gözləyən bir sıra problemləri mövcuddur. Təbii ki, elmi nailiyyətlər artdıqca, yeni-yeni informasiya-kommunikasiya texnologiyaları məhsulları ortaya çıxdıqca dünya iqtisadiyatının dəyişən tələblərinə uyğun olaraq gənc alimlərimizin də artan problemləri başadüşüləndir. Bu, həm onların maddi-mənəvi, məişət həyatında, həm də elmi-yaradıcılıq fəaliyyətində özünü əks etdirir. Maddi problemlərin əsasında, təbii ki, mənzil təminatı gəncliyi narahat edən ən ciddi məsələdir. Şübhəsiz, bu gün dövlətin güzəştli ipoteka mexanizmi mövcuddur və əhalinin güzəştli təbəqəsinə gənc alimlər də daxil edilib. Amma mövcud şərtlərin ağırlığı və gəlirlərimizin yetərli olmaması dövlətin onların sosial ipotekadan yararlanması imkanlarını məhdudlaşdırıb. Bunun nəticəsidir ki, indiyə qədər bir gənc alim bu imkandan yararlana bilməyib. Bu gün cəmiyyətimizin jurnalistlər, yazıçılar kimi bir neçə sosial qruplarının mənzil probleminin həlli üçün uğurlu təcrübə var. Belə təcrübənin gənc alimlərimizə də şamil edilməsi arzuolunandır. Bu problemlərin həlli istiqamətinda Akademiya rəhbərliyi, hörmətli akademik Akif Əlizadə məşğuldur. Əminik ki, Akademiya rəhbərliyinin inamla gündəmə gətirdiyi və hətta ölkə rəhbəri səviyyəsində həllinə çalışdığı “Science sity” ideyası gənc alimlərdə böyük ümid yaratmaqla, bu problemin tez bir zamanda həllinə imkan verəcək.
-Gənc alim və tədqiqatçıların stimullaşdırılması ilə bağlı konkret hansı təklifləri irəli sürərdiniz?
- AMEA Gənc alim və mütəxəssislər şurası olaraq gəncləri narahat edən məsələlərin həllinə hesablanan bir sıra təkliflərin reallaşmasını daim gündəmdə saxlayırıq. Məsələn, Gənclər və İdman Nazirliyi qarşısında gənc alim yaş həddinin artırılması təklif olunub. Amma təəssüf ki, bu problem hələ də öz həllini tapmayıb. Buna görə Elmin İnkişaf Fondu istisna olmaqla digər qurumlar və fondlar gənc alimlərlə əməkdaşlıq zamanı 29 yaşı son hədd kimi götürür. Bu yaşa qədər də Akademiyada çalışan və ən əsası müdafiə edən gənc alimlər isə çox az saydadır. Akademiya gəncliyinin arzusudur ki, bu yanaşma dəyişsin və heç olmasa, AMEA-nazirlik, idarə-təşkilat və fondlar arasında əməkdaşlıq zamanı gənc alimlərimiz üçün istisna olaraq minimum 35 yaş əsas sayılsın.
Eyni zamanda gənc alimlərimizin, beynəlxalq səviyyəli elmi-texniki jurnallara çıxış imkanlarının artırılmasının vacib əhəmiyyətini nəzərə alaraq ”Web of Science”, ”Scopus”, ”RİNÜ” kimi verilənlər bazaları barəsində birgə maarifləndirici tədbirlərin reallaşdırılması qarşıya qoyduğumuz məqsədlərə daha tez çatmağa yardım göstərər. ”Web of Science” və ”Scopus” kimi verilənlər bazalarında qeydiyyatdan keçmiş jurnalların, əsasən, ingilis və qismən isə almandilli olduqlarını, onların böyük bir qismində isə məqalələrin ödənişli əsaslarla çap olunduğunu nəzərə alaraq, gənc alimlər üçün əlverişli şərait yaratmaq məqsədilə gənc alimlərin istifadəsi üçün verilənlər bazasının yaradılmasını da məqsədəuyğun sayırıq və bu istiqamətdə ciddi çalışırıq.
- Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz və təklifləriniz var?
- AMEA Gənc Alim və Mütəxəssislər Şurası fəaliyyətə başlayanda ilk həyata keçirdiyi tədbirlərdən biri ayrı-ayrı tədqiqat institutlarında çalışan gənclərlə görüşlər oldu. Həmin görüşlərdə səsləndirilən problem qeyd etdiyiniz bu məsələ - gənc tədqiqatçıların elmi müdafiəsi zamanı üzləşdikləri bürokratik əngəlllərlə bağlı idi. Bəzən eşidirik ki, bəzi yaşlı həmkarlarımız doktorantura müddəti başa çatmış müdafiə etmək istəyən gənc mütəxəssisə "mən 7-8 ilə müdafiə etmişəm, sən niyə 3 ilə və ya ondan tez müddətdə müdafiə etmək istəyirsən" cavabını verirlər. Akademiya rəhbərliyi də bu cür yanaşmanın əleyhinədir. Əgər bir gənc tədqiqatçı doktorantura müddətində dissertasiya mövzusu ilə bağlı qoyulan problemi vaxtında həll edibsə, onun müdafiə etmək istəyi təqdirəlayiq hal hesab olunmaqla, başqalarına nümunə göstərilməlidir, daha bürokratik əngəllərlə ona mane olmaq, əslində, Azərbaycan elminin inkişafına baryer qoymaq deməkdir. Artıq deyə bilərəm ki, yerli şura sədrləri hər bir institutda Elmi Şuranın üzvü olmaqla, gənclərin təmsilçisidir. Bürokratik əngəllərlə bağlı konkret müraciətlər tərəfimizdən araşdırılır. Sonra Akademiya rəhbərliyinə çatdırılır. İnanırıq ki, Akademiyada davam etdirilən islahatlar yaxın gələcəkdə bu problemin də tam həllini təmin edəcək.
- Bildiyiniz kimi, ötən ildən etibarən fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki daha aşağı balla xarici universitetlərin təqaüd proqramlarını qazanmaq üçün imkan yaradılır. Bizdə bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?
- Müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə yanaşı, elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini, bu sahədə beynəlxalq əlaqələrin davamlılığını və sair tələb edir. Xatırlayırsınızsa, “Azəbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın da əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından geniş istifadədir. Ancaq aparılan araşdırmalar göstərir ki, gənc alim və mütəxəssislərimizin imkanlarından yetərincə istifadə edə bilmirlər, yüksək resenziyalı jurnallarda məqalə çap etməkdə çətinlik çəkirlər. Bunun başlıca səbəbi də onların xarici dil bilgilərinin yetərincə olmamasıdır. Bu nöqteyi-nəzərdən doktoranturada təhsil almaq istəyənlərin ingilis dili fənni üzrə imtahanda iştirak etmək üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və IELTS proqramları üzrə sertifikatlar tələb olunması nəinki məqsədəuyğun, olduqca vacibdir. Hər bir yeniliyi qəbul edərkən, onun hazırda doğurduğu məhdud fəsadları əks etdirən dar çərçivədə yox, yaxın gələcək üçün bəxş edəcəyi faydaları özündə tərənnüm edən geniş anlamda analiz etmək lazımdır. Bu tələb əvvəlcə elmə təsadüfən gəlmək istəyənlərin qarşısında bir baryer rolunu oynayacaq, ikincisi, hər bir doktorantdan məsuliyyət, çalışqanlıq tələb edəcək. Elm yolunu tutmaq istəyənlərə artıq orta və ali məktəblərdə oxuduğu dönəmlərdən dil bilgilərinə həssas yanaşma tələb edəcək. Artıq doktorant olan gənc mütəxəssis heç bir çətinlik çəkmədən beynəlxalq elmə asanlıqla inteqrasiya olacaq və dəstək olmadan beynəlxalq təcrübə mübadilələrinə qoşulacaq, özünə ümumilikdə Azərbaycan elminə böyük töhfələr verə biləcək.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info