“Dünya standartlarına görə, doktorant öz dissertasiya işini işlədiyi müəssisədə müdafiə edə bilər”
Tarix: 24.02.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Nəzmiyyə Yigitoğlu:
“İELTS kursunun AMEA strukturuna və maliyyə bazasına uyğunlaşdırılması üçün bu işdə maraqlı olan gənc alimlər təklif və fikirlərini irəli sürməlidirlər”

Layihə çərçivəsində müsahibimiz AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğludur.

-Hazırda gənc alimlərin hansı problemləri var? Bu problemləri necə təsvir edərdiniz?
- Bu gün bütün ölkə miqyasında müəyyən sosial, iqtisadi problemlər mövcuddur. Bu, dünyada baş verən iqtisadi böhranın təsirləridir. Bu faktor, təbii ki, elmi yaradıcılığa, fəaliyyətə də öz təsirini göstərir. Lakin hər şeyə rəğmən, bu gün zəngin elmi potensialı, nailiyyətləri ölkə inkişafına, rifahına böyük dəstək verəcək gənc alimlər nəsli yetişir.
Tarix dərslərindən, klassiklərin dediklərindən də yaxşı məlumdur ki, zehni əməyin yolu hər zaman çətin və məşəqqətli olmuşdur. Bugünkü Akademiya gəncliyi də həm maddi-sosial, həm də elmin lazımi inteqrasiyası baxımından bəzi problemlərlə üzləşir. Məsələn, hər şeydən əvvəl, AMEA kimi böyük elmi bacarıq, vərdiş, təcrübə aşılayan bir qurumun yetişdirdiyi gənc alimlərin nailiyyətləri, kəşfləri, sadəcə, kağız üzərində qalmamalıdır. Bu mütəxəssislər peşəkar qaydada aidiyyəti olan müəssisələrlə əməkdaşlıq etməli, onların innovativ yönümlü nəzəri elmi nailiyyətləri təcrübədə öz həllini tapmalıdır.
Digər vacib məsələ isə hər zaman söylənildiyi kimi, artıq tələbəlik dövrünü arxada qoymuş elmi gəncliyə, dövlətimizin məhz mütəxəssis, yaradıcı potensial kimi yanaşması və sosial problemlərinin həlli yönündə addımların atılması ilə bağlıdır. Bunun üçün, hər şeydən əvvəl gənc tədqiqatçının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ən azı minimal tələblər həllini tapmalıdır.
- Gənc alimlərin elmi tədqiqatla kifayət qədər məşğul olmaları üçün hansı şərtlər mövcuddur?
- Məhz elmi-tədqiqat və araşdırmanı diqqətə alsaq, çox sevindirici haldır ki, bunun üçün çox münbit şərait var. Kitabxana və arxivlərdə mənbələri əldə etmək, onlarla işləmək daha asan olub. Uzağa getməyək. AMEA-nın Mərkəzi Elmi Kitabxanası qısa bir müddətdə yeni binada istifadəyə verildi. Burada vaxtının çoxunu elmi fəaliyyətə sərf edən gənclər üçün elektron imkanlar və komfort şərait yaradılıb. Bu fikri, həmçinin regionlarda fəaliyyət göstərən Quba, Şəki, Gəncə Elm Mərkəzləri haqqında da demək olar.
Bundan başqa, AMEA-nın strukturu gənc alimlərin yaradıcılıq perspektivlərində, imkanların beynəlxalq səviyyədə nümayişində çox maraqlıdır. Buna görə də Elmlər Akademiyasında mütəmadi olaraq yerli və xarici elmi təşkilat və fond nümayəndələrinin gənc alimlərlə görüşləri keçirilir. Məsələn, keçən il təşkil olunmuş belə görüşlərdən biri, tədqiqat mövzusuna görə xarici fond tərəfindən tam vəsaitin ayrılması və tədqiqatçının dünyanın bir çox kitabxanalarında dörd ay tədqiqat apara bilmə imkanı ilə bağlı idi.
- Gənc alimlərin səmərəli elmi-tədqiqatla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?
- Elmi uğur və nəticə əldə etmənin ilkin şərti, müəllifin diqqətinin tamamilə bu işə cəlb olunmasından başlayır.Yuxarıda da qeyd etdiyim kimi, bunun üçün, hər şeydən əvvəl, gənc tədqiqatçının sosial vəziyyəti əlverişli olmalıdır.
Effektiv və aktiv elmi-tədqiqat aparmanın digər şərti isə mütəmadi nəzəri, təcrübi mübadilə ilə bağlıdır. Bu, inkaredilməzdir ki, hər bir fəaliyyətdə, xüsusən, elmi araşdırmada akademik mühit içərisində olmanın böyük əhəmiyyəti var. Özünün metodik rəhbərliyi və gənc tədqiqatçını istiqamətləndirmək funksiyası ilə bu gün Gənc Alim və Mütəxəssislər Şurası bu işi layiqincə yerinə yetirir. Ən azı onu qeyd etmək olar ki, yerli şuraların üzvü olan doktorant və dissertantların tədqiqat mövzuları ilə bağlı tez-tez seminarların dinlənilməsi, təcrübəli alimlərlə görüşlərin təşkili, habelə dissertasiya işlərinin yazılma, xaricdə məqalələrin çapı qaydaları, beynəlxalq konfranslarla bağlı söhbətlərin aparılması gənc tədqiqatçını kortəbii deyil, məhz məqsədyönlü bir müəllif kimi yetişdirir. Ruminin sözlərilə desək: “İnsanlara qarışınca sən bir dənizsən, özünə qapanınca isə bir damla”.
Bu gün orta məktəblərin yuxarı sinif şagirdləri, tələbələrin belə Akademiya mühitinə cəlb olunması siyasəti aparılırkən, elmi iş üzərində çalışan tədqiqatçı daha dinamik fəaliyyət göstərmək üçün bu mühitdən kənarda qalmamalıdır.
- Gənc tədqiqatçıların əsas problemlərindən biri də elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmalarıdır. Bu haqda nə kimi fikirləriniz və təklifləriniz var?
- Çox təəssüf ki, doktorant və dissertantlar bu yolda bir çox təzad təşkil edən çətinliklər, hətta şəxsi münasibətlər zəminində belə əngəllərlə rastlaşırlar. Lakin, deyilənlərə görə, sovet quruluşu illərində dissertasiya müdafiəsinə gedən yolda daha ciddi bürokratik əngəllər olardı. Mən inanıram ki, bu sahədə də daha rahat, tədqiqatçının mənafeyini, zamanını qoruyacaq qaydalar tətbiq olunacaq.
- Bu, yuxarıda qeyd edilən məsələ ilə bağlı dünya standartlarına uyğun hansı islahatlara ehtiyac var?
- Dünya standartlarına görə, doktorant öz dissertasiya işini işlədiyi müəssisədə müdafiə edə bilər. Bu amil bir tərəfdən Mudafiə şuralarının sayını artırır, digər tərəfdən iddiaçının lüzumsuz olaraq, illərlə növbə gözləməsini aradan qaldırır ki, bu məsələnin bizdə də həllini tapması yaxşı olardı.
- Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki daha aşağı balla xarici universitetlərin təqaüd proqramlarını qazanmaq üçün imkanlar var. Bizdə bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?
- Paradoks vəziyyəti göstərməklə siz özünüz bu suala bir qədər cavab vermiş oldunuz. Bu yaxınlarda AMEA prezidenti akademik Akif Əlizadənin gənc alimlərlə növbəti görüşü baş tutdu. (Onu da qeyd edim ki, bu görüşdə gənc alimlərin elmi fəaliyyət, xarici ezamiyyələrlə bağlı prezidentə ünvanladıqları suallar elə yerindəcə həllini tapdı). Bu görüşdə Akif müəllim, həmçinin İELTS proqramı üzrə ingilis dili imtahanının çətinliyi məsələsinə də toxundu.O dedi: “Mən bilirəm ki, minimum yeddi balın toplanması yüksək dil bilgilərinin olmasını tələb edir. Amma hesab edirəm ki, nə qədər çətin olsa da, biz bu səviyyəni aşağı salmamalıyıq. Gənc alimlər əzmlə çalışsalar bu səviyyəyə yiyələnə bilərlər və bu, onların yalnız xeyrinədir”.
Bu sözlərdə, əlbəttə ki, böyük həqiqət var. Nəzərə alsaq ki, hər bir gənc alimin xarici ölkələrə səfəri, çıxışları olmasa belə, onların xarici ölkə nəşrlərində məqalələri mütləq çap olunmalıdır. Və bu xarici nəşrlər, həmçinin impakt faktorlu jurnallar məqalələrin akademik ingilis dilində yazılmasını tələb edir. Lakin o da reallıqdır ki, öz tədqiqat mövzusu üzərində səylə çalışan, ezamiyyətlərdə olan gənc alimin İELTS proqramı üzrə də nailiyyət əldə etməsi olduqca böyük enerji, əzmkarlıq tələb edir və bu hər zaman asan olmur.
- Bu, yuxarıda qeyd edilən məqamla bağlı hansı təklifləriniz var?
- Mən düşünürəm ki, AMEA sistemində doktorant və dissertantların ingilis dili dərslərinin İELTS dil kurslarına bağlanması prosesinin biz hələ başlanğıcındayıq. Bu sistemin daha əlverişli, uyğun modeli işlənib hazırlana bilər. Düşünürəm ki, yüksək xarici dil bilgiləri verən İELTS kursunun AMEA strukturuna və maliyyə bazasına uyğulaşdırılması üçün, ilk növbədə bu işdə maraqlı olan gənc alimlər təklif və fikirlərini irəli sürməlidirlər.
Məsələn, təqdirəlayiq haldır ki, bu dərslərin, imtahanın, əslində, yüksək olan ödəniş haqqının yarısı AMEA tərəfindən ödənilir. Lakin yenə də gənc alimlərin aylıq gəliri müqabilində qalan məbləğin ödənilməsi çətinlik yaradır. Yaxşı olardı ki, bu baxımdan doktorant və dissertantlar üçün müəyyən güzəştlər təqdim edilsin.
Daha vacib olan isə odur ki, İELTS dərslərində təqdim olunan materialların da elm sahələri üzrə ixtisaslaşdırılması yaxşı olardı. Belə ki, Texniki və ya Humanitar, İctimai Elmlər bölmələrinin tədqiqatçıları qarışıq, korkoranə deyil, məhz öz sahələri üzrə dərs materialları üzrə işləsin və imtahan versin. (Nəzərə alsaq ki, bu mətnlər bəsit deyil, ixtisaslaşmış terminoloji mətnlərdir, bir ədəbiyyatçının ingiliscə zoologiya mətni üzərində baş sındırmasını təsəvvür edin.
- Gənc alim və tədqiqatçıların həyatının maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı hansı təklifər irəli sürərdiniz?
- Əslində, bu gün, həqiqətən elmi yaradıcılıqla, araşdırma ilə məşğul olub, ciddi nəticələr əldə edən gənc alimlər üçün perspektivli imkanlar mövcuddur. Lakin yuxarıda da qeyd etdiyim kimi, zehni, analitik əməyə söykənən elmi yaradıcılıq və innovasiya prosesi ölkə iqtisadiyyatı və mədəniyyətində daha artıq qiymətləndirilməli, istifadə edilməlidir.
Yetişən nəslin hələ neçə öyrənilməmiş sahəsi olan elmə marağının artırılması, hər şeydən əvvəl, intellektli, güclü gələcəyin qurulması deməkdir. Hər hansısa bir elmi mövzunun bugünkü multidissiplinar yanaşma ilə öyrənilməsi isə tədqiqatçının önündə yeni və daha geniş tədqiqat istiqamətləri açır, daha vacib nəticələr əldə olunur. Lakin gərgin əməyin məhsulu olan dissertasiya işinə, elmi dərəcəyə ödənilən maaş olduqca aşağıdır. Axı alimin fəaliyyəti bununla bitmir. Onu daha fundamental işlərə yönəldən stimul isə yalnız dövlət tərəfindən göstərilən maddi və mənəvi dəstək, sosial yaşayış problemlərinin həllindən qidalana bilər.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info