“Alimlərimizin kəşfləri öz ölkəmizə pul qazandırmalıdır”
Tarix: 26.02.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Gülnar Qasımlı:“Dil səviyyəsi o vaxt daha effektli nəticə verər ki, gələcək tədqiqatçılar hələ bakalavrda oxuyarkən planlarını bu sahədə qursunlar”

Layihə çərçivəsində müsahibimiz ədəbiyyat üzrə elmi tədqiqatçı Gülnar Qasımlıdır.
- Hazırda gənc alimlərin hansı problemləri var? Bu problemləri necə təsvir edərdiniz?
- Bu sualı elə bir vaxtda verdiniz ki, yenicə təqaüdlərimizin artırılması xəbərini oxumuşam. Ona görə də, maddi problemləri ikinci plana keçirmək də olar. Əslində, gənc alimlər üçün problemlər kateqoriyasını müəyyən etmək bir qədər çətindir. Lakin müəyyən ədəbiyyatın əldə edilməsindən tutmuş, xaricdə əsərlərinin çap olunmasına qədər hərəsinin öz problemi var. Elə monoqrafik tədqiqatlar var ki, onların xaricdən sifarişi və ya internetdən endirilməsi kifayət qədər xərc tələb edir. Yeni istifadəyə verilmiş elmi kitabxana bu problemlərin həllində rol oynayır. AMEA-dan başqa, digər təhsil müəssisələrinin tədqiqat tipli jurnallarında araşdırmaçı yazısına görə ödəniş ödəməlidir. Xarici konfrans və simpoziumlara qatılmaq həm ağır zəhmət tələb edir, həm də maddi dəstək.
- Gənc alimlərin elmi-tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlər mövcuddur?
- Onların özlərinin üzərinə düşən çox şey var. Məsələn, ixtisasına dərindən yiyələnmək üçün heç kim heç kimə mane olmur. Bu sahədə yeniliyə imza atmaq üçün isə daha da çox mübarizə aparmaq əsas şərtdir. Nəticənin olmasına şübhəm yoxdur. Fikrimi təsdiqləmək üçün bu yaxınlarda əldə etdiyimiz elmi nailiyyəti xatırlamaq kifayət edər. 2009-cu ildən Lissabon Dövlət Universitetində tədqiqatçı kimi çalışan kimya elmləri doktoru Kamran Mahmudovun Azərbaycan elmində ilkə imza atmağı buna misal ola bilər. O, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, Lissabon Universitetinin professorları Maksimilan Kopyloviç və Armando J.Pombeironun birgə redaktorluğu ilə ``Non-covalent Interactions in Synthesis and Design of New Compounds`` adlı kitabı nəşr etməyə nail olur. 1807-ci ildən fəaliyyət göstərən “Wiley” nəşriyyatında 25 fəsildən ibarət olan bu kitab Azərbaycanın adı ilə çap ediləcək ilk kitabdır. Mən əminəm ki, bu uğurlarda alimin fədakar əzmi də dəstək olmuşdur. Bununla yanaşı, əsas şərtlərdən biri onun lazımi dəstəyi ala bilməsidir. Deməli, elmi uğurlar həm də qarşılıqlı fəaliyyət şəklində əldə edilə bilər. Bu o deməkdir ki, bizim alimlərimiz və ya gənc tədqiqatçılarımız bir-birinə, həqiqətən, dəstək olmalıdırlar.
- Gənc alimlərin yetərincə elmi-tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?
- Öncə laborator şəraitin müasir tələblərə cavab verməsi önəmlidir. İnformatika İnstitutu bu sahədə xeyli irəliləyib. Elmi rəhbər və gənc tədqiqatçı arasında elmi uğura səbəb olacaq iş birliyi vacib şərtlərdəndir. Elmi rəhbərlər öz doktorant və ya dissertantlarının ən müxtəlif orqanlarda çap olunmasında maraqlı olmalıdırlar. Yəni şərt deyil ki, impakt faktorlu jurnallar olsun. Kütləvi oxucusu olan istənilən mətbuat orqanı ola bilər. Məsələn, mənim ixtisasım ədəbiyyatdır. Bu sahədə kifayət qədər sanballı mətbuat orqanları var. “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı və sair mətbu orqanlarda ədəbiyyat yönümlü tədqiqatçılar istisna hallarda çap olunur. Çap olunanlar da, əsasən, namizədliyi müdafiə edənlərdir. Ümid edirəm ki, bu sahədə yaxşılığa doğru nəsə dəyişəcək.
Bəzən elmi rəhbərlər rəhbəri olduqlarının xeyrinə nələrisə güzəştə gedə bilərlər. Məsələn, elə dövlət tədbiri və ya xarici səfərlər olur ki, orda yaşlı nəslin və ya gəncin iştirak etməsinin fərqi yoxdur. Bu zaman rəhbərlər öz yerlərinə gənc tədqiqatçını göndərə bilərlər. Müəyyən televiziya verilişləri var ki, orda elmi rəhbər doktorantı və ya dissertantı ilə çıxış edə bilər və ya onları öz əvəzinə göndərə bilər. Bizdə isə bu yerdəyişmələrə meyil edənlər nəzərə çarpmır. Bilə-bilə ki, ən kiçik bir təkan da böyük elmi nailiyyətlərə yol aça bilər.
- Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz və təklifləriniz var?
- Bizim ölkədə təhsil müəssisəsinə qəbul olunduqdan sonra prosedurlardan əsası minimumların verilməsi, mövzunun və fəsillərin təsdiq edilməsidir. Bunlara elə də bürokratik əngəl demək olmaz. Lakin istisna hallar olur ki, xüsusi qabiliyyətli gəncin biri elmi kəşfə imza atır. Bu zaman biz neyniyirik, onu yenə də “adət-ənənəyə” uğun olaraq bütün prosedur qaydalarından keçməyə məcbur edirik. Bu, sadəcə, əngəldir. Yəni fizika və ya informatika sahəsində nəyisə kəşf etmiş bir gəncin hansısa xarici dili bilməsi önəmli deyil. Onsuz da o xaricilər bundan xəbər tutan kimi, onlara lazım olan yeniliyi öz dillərinə özləri tərcümə etdirəcəklər. Bunun üçün gənc alimin xarici dil biliklərinə sahib olması mütləq deyil. O həm elmi kəşf etməyə, həm də kəşflərini xarici dillərə tərcümə etməyə və ya xarici dillərdə yazmağa məcbur deyil. Əslində, bürokratizmi belə amillər doğurur. Bu cür xüsusi gənclər mütləq fərqləndirilməlidir. Layiq olduqları güzəştlər edilməlidir. Yaxud da ədəbiyyat və ya dil, ya da tarix sahəsində hər hansı bir qədim əlyazmanı oxuyub, ortaya qoyan gənc tədqiqatçı həmin materialları kompüterdə özü yazmağa məcbur deyil. Şərt deyil ki, o mütləq fayl yarada bilməlidir, yaratdığı faylı harasa göndərməyi bacarmalıdır. Bunu əksər insanlar edə bilir və o bu işdə bacaranlardan kömək ala bilər. Amma onun min bir əziyyətlə tapdığı hansısa bir qədim mənbəni hər adam tapa və ya oxuya bilmir. Elə onun bura qədər gördüyü işlərə görə müəyyən güzəştlər əldə etməyə haqqı var. Bu da bizdə olmadığına görə heç kim mətnşünaslığa və ya mənbəşünaslığa meyil etmir. Yerdə qalan kağız-sənəd işləri internetin və kompüterin sayəsində öz-özünə sadələşir. Yəqin ki, zamanı gələndə aradan qalxacaq.
- Bu, yuxarıda qeyd edilən məsələ ilə bağlı dünya standartlarına uyğun hansı islahatlara ehtiyac var?
- Məncə, hələ bakalavrda oxuyarkən müəllimlər tələbələri arasında axtarış aparmalıdır. Xüsusi nəzərə çarpanları nəzarət altında saxlamalıdır. Onları təhsilin ilk pilləsindən düzgün istiqamətləndirməlidir. Ən azından həmin tələbələrin hansısa konfrans və simpoziumda iştirak etmələri üçün stimul yaratmalıdırlar. Bu sahədə müəllimlərimiz, demək olar ki, tənbəllik edirlər. Mən özüm BDU-da təhsil almışam, lakin magistraturada oxuyana qədər konfranslara qatılmaq barədə heç bir məlumatım olmayıb. Bizim böyüklərimiz həmişə gözləyib ki, sonra edərik. Axı başa düşmək lazımdır ki, bir tələbə qarşısına məqsəd olaraq elmi qoyubsa, bunu bakalavrdan istiqamətləndirmək düzgün olardı. Məncə, əcnəbilərin bu xüsusiyyətinə bizim daha çox ehtiyacımız var. Dünya standartları isə hər ölkədə, nəinki ölkədə, hər ali təhsil müəsisəsində bir cürdür. Biz çox şeydə Azərbaycanın reallıqlarını nəzərə almalıyıq. Axı bizim alimlərimizin kəşfi ilə başqa ölkələrin zavod və fabrikləri nə vaxta kimi qazanmalıdır. Öz elmi sərmayəmizi milli kapitala çevirməliyik.
- Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki daha aşağı balla xarici universitetlərin təqaüd proqramlarını qazanmaq üçün imkan yaradılır. Bizdə bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?
- Etiraf edək ki, dil öyrənmək vacib olduğu qədər də çətin məsələlərdən biridir. Bu proses daimi məşğuliyyət tələb edir. İELTS və ya TOEFL səviyyəsində dil biklərinə malik olan gənc tədqiqatçılarımızın olması nəzəri cəhətdən, təbii ki, yaxşıdır. Lakin bu təcrübədə özünü doğruldacaqmı?! Sirr deyil ki, bu qərar heç də sevinclə qarşılanmadı. Çünki o səviyyədə dil öyrənmək üçün güclü dil bazan olmalıdır. Bu isə yalnız fərdi məşğul olanlarda özünü göstərir. Hazırlıq kurslarının qiyməti kifayət qədər bahadır. Birbaşa təhsil müəssisələrində isə o səviyyəyə cavab verən dərs keçilmir. Bəlkə də, bu, zamanla düzələcək, amma bu gün çox çətindir. Etiraf edək ki, gənc tədqiqatçıların əksəriyyəti həmin dilləri yalnız lazımi sertifikatı almaq üçün öyrənir. Deməli, nə qədər vaxt boşuna gedir. Bir də ki, həmin gənc bu dili öyrənib ondan harada bəhrələnəcək!? Avropa ölkələrində olan konfranslara gəncləri nadir hallarda göndərirlər. Ölkəmizdə, ümumiyyətlə, fəlsəfə doktorluğu diplomu, işləyərkən çox kiçik fərq yaradır. Bu alimin maddi rifahına təsir edəcək gücdə deyil. Bir sözlə, gənc alimin güc-bəla ilə öyrəndiyi xarici dildən heç bir xeyri olmur.
- Bu, yuxarıda qeyd edilən məqamla bağlı hansı təklifləriniz var?
- Səmimi deyim ki, ləğvini təklif edərdim. Ya da ki, bir-iki səviyyə aşağı düşməyi. Bir də ki, doktoranturaya ənənəvi üsullarla qəbul olunanların o imtahanı verməsi, doğrudan da, çətindir. Həmin gənclər elmi işinimi yazsın, maddi vəziyyəti üçün hansısa bir yerdə işləsin ya da dilmi öyrənsin?! Yenə də Nizami demiş, kamil palançı olmaq yarımçıq papaqçılıqdan sərfəlidir. Fikrimcə, bu dil səviyyəsi o vaxt daha effektli nəticə verər ki, gələcək tədqiqatçılar hələ bakalavrda oxuyarkən planlarını bu sahədə qursunlar. Magistr təhsili müddətində bazalarını daha da gücləndirələr və doktorant olduqda birdən-birə böyük bir problemlə qarşılaşmayalar. Cəmi bir neçə il tələb olunur. O zaman istənilən nəticə olacaq, indiki halda isə imtahanı verib sertifikatı alan günün səhərisi bütün bildikləri yaddan çıxasıdır. Axı, öyrəndikləri dili tətbiq edib inkişaf etdirmək üçün şəraitləri yoxdur.
- Gənc alim və tədqiqatçıların maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı hansı təklifər irəli sürərdiniz?
- Bu sahədə tədqiqatçıdan da çox şey asılıdır. Doğrudan da, tədqiqatçının elmi yeniliyi və kəşfi varsa, bu mütləq diqqəti cəlb edir və dəyərini alır. Buna nümunə olaraq, keçən il mükafata bir yerdə düşdüyümüz Elnur Həsənovu göstərə bilərəm. Onun səhnəyə təqdimatı zamanı sadalanan uğurlarını eşidəndə içimdə bir daha ədalətin qələbə çalmasına inam yaranmışdı. Elnur AMEA-nın Gəncə bölməsinin doktorant-antropoloqu, İsveç Kral Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasının Elm üzrə “Prezident mükafatçısı”, İsveç Kral Akademiyasının, Yaponiya Elm cəmiyyətinin və Frankfurt - Höte (Almaniya) Universitetinin fəxri üzvüdür. Gəncədən olan gənc alim Elnur Həsənovun namizədliyi “Nobel” mükafatı Komitəsinə irəli sürülüb.
Bu sevindirici xəbər həm də gənc alimlərimizin dövlət dəstəyi ilə əhatə olunmasının təzahürüdür.
Dünya elm tarixinin gerçəkliklərindən məlumdur ki, hər elmi işə başlayanların hamısında elmi potensial olmur və onlar hamısı eyni gücə malik deyillər. Çoxlarının içində mütləq xüsusilər olur. Həmin o xüsusilərin özünütəsdiqinə yardım edilməlidir. Bundan əlavə, əgər əyani doktorantın işləmək icazəsi yoxdursa, onun təqaüdü hazırda aldığımız 120 manatdan dəfələrlə çox olmalıdır. Bir də ki, harda və necə yaşamağın da təsiri olur elmi tədqiqatlara. Kütləvi şəkildə olmasa da, ən layiqlilərin mənzillə təmin edilməsinə xüsusi diqqət ayrılmalıdır. Tədqiqatçının yaşadığı mənzildə kitablarını səliqə ilə yerləşdirməyə şəraiti yoxdursa, ondan hansı uğurlu yeniliyi gözləmək olar. Gənc alimlər üçün nəzərdə tutulan yaşayış binalarının tezliklə layiqli sahiblərinə çatması onların sosial problemlərinin həlli istiqamətində çox böyük kömək olar. Ümid edirik ki, elmi potensialın ağırlıq mərkəzi sayılan gənclərimiz onlara göstərilən etimadları doğruldacaqlar.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info