Azərbaycanın və Tatarıstanın tarixçi alimləri birgə tədqiqatlar aparacaqlar
Tarix: 03.03.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Azərbaycan-Rusiya münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində “Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda dəyirmi masada müzakirə olunan Azərbaycan-Tatarıstan elmi əlaqələrinə toxunacağıq.

“Bizim tatar xalqı ilə ortaq taleyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz və mentalitetimiz var”
Tarix İnstitutunun mətbuat xidmətindən “Palitra”ya bildirilib ki, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbirdə açılış nitqi ilə çıxış edib. O bildirib ki, AMEA Tarix İnstitutunda əlamətdar gündür: “Bu gün Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin təqdimatı və bu şöbənin fəaliyyəti çərçivəsində ilk tədbir olan tatar alimləri ilə görüşdür. Bizim tatar xalqı ilə ortaq taleyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz və mentalitetimiz var. Biz Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Yusif Akçuralı, Əlimərdan bəy Topçubaşov, Bəkir Çobanzadə, Əziz (Qazis) Qubaydullin, Nəriman Nərimanov və onlarla digər böyük tarixi şəxsiyyətlərimizlə qürur duyuruq. Hər iki xalq xarici hərbi müdaxilələrin, təqiblərin, repressiyaların, irqi ayrı-seçkiliyin və soyqırımlarının ağır nəticələrini yaşayıb”. Tədbirdə vurğulanıb ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasından sonra Tatarıstan ilə yenidən ikitərəfli əməkdaşlıq başlanıb. 1996-cı ildə ulu öndər Heydər Əliyev və Tatarıstanın Prezidenti Mintimer Şaymiyev tərəfindən ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstan Prezidenti Rüstəm Minnixanov tərəfindən Azərbaycan və Tatarıstan respublikaları arasında qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir. Y.Mahmudov bildirib ki, Azərbaycan Respublikası Moskva, Sankt-Peterburq şəhərləri və Rusiya Federasiyasının bütün regionları ilə əməkdaşlıq edir: “Biz Tatarıstan ilə əməkdaşlığa çox şadıq. Azərbaycan və Tatarıstan respublikaları arasında tarixən geniş və hərtərəfli qardaşlıq münasibətləri olub, hazırda bu münasibətlər daha da möhkəmləndirilir. Bizlər İsmayıl bəy Qaspıralının məşhur “Dildə birlik, fikirdə birlik, əməldə birlik” çağırışına əsaslanmalıyıq”.

Tatarıstan Respublikası Elmlər Akademiyası
Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı olub
Daha sonra tədbirdə Tatarıstan Respublikası (TR) Elmlər Akademiyasının (EA) vitse-prezidenti, TR EA Şəhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimovun “Tatarıstan Elmlər Akademiyası Tarix İnstitutunun əsas elmi istiqamətləri”, TR EA-nın müxbir üzvü Radik Salixovun “Kapitalizmin inkişafı və türk birliyi”, tarix elmləri namizədi İlnur Mirqaleyevin “Qızıl Orda və orta əsrlər tatar dövlətləri”, Ş.Mərcani adına Tarix İnstitutunun elmi katibi Baxtiyar İzmaylovun “Rusiya dövləti tərkibində tatarlar”, tarix elmləri namizədi Aleksey Buşuyevin “Tatarlar və Tatarıstan 20-21-ci əsrlərdə”, tarix elmləri namizədi Aydar Noqmanovun “Tatarıstan Respublikasının yaşayış məntəqələrinin tarixinin öyrənilməsi”, tarix elmləri doktoru Liliya Qabdrafikovanın “Tatarların tarixi antropologiyası” mövzularında məruzələri maraqla dinlənilib. Dəyirmi masada Azərbaycan tərəfindən isə AMEA Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev çıxış ediblər. AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Nərgiz Axundova da iki xalq arasındakı tarixi əlaqələrdən danışıb. Daha sonra tədbirdə TR EA Ş.Mərcani adına Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı olub. Dəyirmi masanın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Tatarıstan Respublikası Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və TR EA Ş.Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimov imzalayıblar. Müqavilədə türk tarixi-mədəni irsinin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin əlaqələndirilməsi, Azərbaycan və tatar xalqlarının tarixi və memarlıq obyektlərinin üzə çıxarılması və öyrənilməsi, müştərək muzey, sənədli və digər sərgilərin, elmi ezamiyyətlərin və səhra ekspedisiyalarının təşkili, beynəlxalq, ümumrusiya və regional elmi konfransların, simpoziumların, müşavirələrin və qarşılıqlı maraq doğuran problemlər üzrə işçi görüşlərin təşkili və digər məsələlər nəzərdə tutulur.

Tanınmış alimlərin iştirakı ilə Elmi Məsləhət Şurası yaradılır
Yeri gəlmişkən qeyd edək ki, dünən AMEA Rəyasət Heyətinin növbəti iclasında yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi problemi müzakirə olunub. Respublikanın regionlarında fəaliyyət göstərən alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə AMEA-nın Naxcıvan və Gəncə bölmələri arasında telekonfrans təşkil edilib. Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov "Yeni iqtisadi şəraitdə ərzaq təhlükəsizliyi problemi və onun həllində elmin rolu" mövzusunda məruzə ilə çıxış edərək respublikada kənd təsərrüfatının mövcud vəziyyəti, problemlər və onların həlli yollarını diqqətə çatdırıb. İnstitutun direktoru Azərbaycanda qeyri-neft sektorunda aqrar sahənin çəkisinin böyük olduğunu vurğulayıb. Azərbaycanın aztorpaqlı ölkə olduğunu deyən alim Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının istismara verilməsi ilə dövriyyəyə yeni torpaq sahələrinin daxil olmasının ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib. Məruzədə qeyd olunub ki, AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksi tərəfindən respublikanın müxtəlif regionlarında nümunəvi təsərrüfat istehsalat layihələri həyata keçirilir. Bu təsərrüfatın bazasında aqrobiznes sektorunun bütün sahələrini əhatə edəcək müasir Aqroparkın yaradılması nəzərdə tutulur. Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Yeni çevik iqtisadi modelə keçməklə əlaqədar Prezident yanında tanınmış alimlərin iştirakı ilə Elmi Məsləhət Şurasının, aqrobiznes sektorunun bütün sahələrin əhatə edəcək müasir Aqroparkın yaradılması ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırılması qərara alınıb. Həmçinin AMEA-nın institutları tərəfindən yaradılmış üzvi və üzvi mineral gübrələrin geniş sənaye istehsalının təşkili, aqrar sahənin kadr potensialının gücləndirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək AMEA-nın magistr və doktorant hazırlığında tətbiqi, ölkənin ali təhsil müəssisələrinin müvafiq fakültələri ilə əlaqələrin genişləndirilməsi məqsədəuyğun hesab edilib.
Anar Miriyev








 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Yalnızlıq qorxusu
2 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info