Ekologiya və ətraf mühitin mühafizəsi hər birimizin “IDEA”-sı olmalıdır
Tarix: 03.03.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Professor Rauf Sultanov: “Əhali arasında maarifləndirmə aparılması, ekoloji şüurun yaradılması, ekoloji biliklərin formalaşdırılması ekoloji problemlərin həllində böyük işlər görə bilər”

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən biridir.
Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda iqtisadi inkişafla bərabər, ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşıb. Mövcud ekoloji problemlərin aradan qaldırılması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan verib. Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib və onların icrasına başlanılıb. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib, milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasını sübut edir. Təsadüfi deyil ki, 2010-cu il ölkədə “Ekologiya ili” elan edildi. Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı Prezident İlham Əliyev ekoloji tədbirlərin daim aparıldığını bildirib: “Keçən il 4 milyondan çox ağac əkilib. Bu siyasət davam etdirilməlidir. Yadımdadır, əvvəllər biz buna kampaniya deyirdik, “Ekologiya ili”ndə biz bu işə fəal başlamışdıq. Ancaq hələ o vaxt mən deyirdim ki, bu, kampaniya olmamalıdır, bu, daimi proses olmalıdır. Bakıda və Abşeron yarımadasında ağacəkmə daimi proses olmalıdır. Çirklənmiş yerlər təmizlənməlidir. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi keçən il həyata keçirilib. Çirklənmiş və üfunət iyi verən bu ərazi indi artıq adamın gözünü oxşayır. Təmizlənmiş gölə köçəri quşlar qonur. Burada böyük bulvar salınıb. Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsi də bu il icra edilməlidir. Zığ gölünün təmizlənməsi layihəsi də icra edilməlidir”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” devizi ilə keçirilən aksiyalarda da milyonlarla yeni ağac və kol əkilib. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkil etdiyi layihələr də məhz ekoloji mühitin qorunmasına xidmət edir. Məhz IDEA-nın təşkilatçılığı ilə çoxsaylı ekoloji tədbirlər reallaşdırılıb. Həmçinin IDEA-nın təşkilatçılığı ilə 18 mart 2014-cü ildə 1-ci Azərbaycan Ətraf Mühit Forumu yüksək səviyyədə keçirilib. 2014-cü il 7 may tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib. Keçirilən layihələrdə məqsəd gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir.

Ümumilikdə meşə və qeyri-meşə fondu torpaqlarında 2015-ci il ərzində 5 milyona yaxın ağac əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ekologiyanın və ətraf mühitin mühafizəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması sahəsində 2015-ci ildə 10141 ha sahədə meşəbərpa tədbirləri, o cümlədən 2 636 ha sahədə meşə əkini və səpini aparılıb, 4 310,4 min ədəd ağac əkilib. 2015-ci ildə qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi tədbirləri davam etdirilərək 634 753 ədəd ağac və kollar əkilib, bütün ərazilər damcılı suvarma sistemi ilə təchiz edilib. Ümumiyyətlə, son 5 il ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarda iri yaşıllaşdırma layihələri hesabına 3 659 ha ərazidə 4 711 711 ədəd ağac əkilərək, 10,8 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Bu layihələr çərçivəsində 2 700 ha sahədə 1 240 mindən artıq məhsuldar və davamlı zeytun tingləri əkilib. Son zamanlar əkilmiş zeytun ağaclarının hesabına zeytun bağlarının sahəsi 3 dəfə artıb. Ümumilikdə meşə və qeyri-meşə fondu torpaqlarında 2015-ci il ərzində 5 milyona yaxın ağac əkilib.
Bioloji müxtəlifliyin qorunması sahəsində ümumi ərazisi 892 546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində Göygöl Milli Parkında ekoturizm infrastrukturu və marşrutları yaradılıb.Qısa müddət ərzində Milli Parka 65 mindən artıq turist səyahət edib.Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə zəruri avadanlıqlar alınaraq, sərhədlərin demarkasiyası və buraxılış-nəzarət infrastrukturu yaradılıb. Bununla da Milli Parkda heyətin mühafizə və nəzarət imkanları təkmilləşdirilib. Ətraf mühitin mühafizəsi ilə əlaqədar 2015-ci il ərzində 3 132 akt və 983 protokol tərtib olunaraq və 1 640 “məcburi göstəriş” verilib. 910 iş üzrə 1 294 030 manat cərimə tətbiq edilərək, 419 iş üzrə 847 358 manat iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 346 işdən 114-nə, İcra qruplarına göndərilən 471 işdən 271-nə, məhkəmələrə göndərilən 166 işdən 45-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Göllərin qurudulması ətraf mühitin sağlamlaşdırılmasında vacib addımlardan biridir
Mütəxəssislər də ölkədə ekologiyanın və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, eyni zamanda bir sıra həlli vacib məsələlərin olduğunu deyirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru, biologiya elmləri doktoru, Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Sultanovun sözlərinə görə, ölkədə yaşıllığın salınması yaşıl kütlənin əmələ gəlməsinə səbəb olur və bu əmələ gəldikdə heyvanların yemlənməsi, mikroorqanizmlərin əmələ gəlməsində iştirak, heyvanlar arasında ekoloji tarazlığın təmin edilməsinə imkan verir: “Vaxtilə ölkədə yaşıllıqlar salınsa da, pərakəndə idi. Ancaq son illər bu istiqamətdə Leyla Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı işlər görülür. Eləcə də ölkədə bu sahədə fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyi var və bu nazirlik, demək olar ki, ölkədə çox önəmli layihələrin həyata keçirilməsində iştirak edir. Ancaq bu da bir faktdır ki, nazirlik 100 dəfə artıq fəaliyyət göstərsə də, ekoloji problemləri həll etmək qeyri-mümkündür. Bunun üçün əhali arasında maarifləndirmənin aparılması, ekoloji şüurun yaradılması, ekoloji biliklərin formalaşdırılması ekoloji problemlərin həllində böyük işlər görə bilər”. Mütəxəssisin fikrincə, ölkədə ekoloji mühitin pozulmasında təsir göstərən amillərdən biri duzlu su mühitidir: “Su qalığı Bakı şəhərinin ətrafında çoxdur. Bu istiqamətdə ölkədə dövlət səviyyəsində mühüm layihələr həyata keçirilir. Göllərin qurudulması, yaşıllıqların salınması ilə bağlı böyük işlər görülür. Bu, ölkədə ətraf mühitin sağlamlaşdırılması, müəyyən xəstəliklərin qarşısının alınmasında olduqca vacib addımlardan biridir. Həmin gölməçələrin qurudulması vacib əhəmiyyət kəsb edir. Çünki mikroorqanizmlərin şirin sularda inkişafı nəticəsində 1 milyon dəfə artım prosesi gedir. Bu baxımdan həmin göllərin qurudulması çox əhəmiyyətlidir və dövlət tərəfindən yerində həyata keçirilən tədbirdir”.
R.Sultanov onu da vurğulayır ki, Bakı şəhəri çoxmilyonlu əhalisi olan şəhərdir və burada əhalinin istirahəti, sağlamlığı üçün müəyyən tədbirlər görülür ki, bu tədbirlərdən biri də parkların genişləndirilməsi, sahəsinin artırılmasıdır: “O parklar uşaqların, yaşlı insanların istirahəti üçün gözəl mühitdir. Onlar burada təmiz havada istirahət edə bilsinlər. Bu istiqamət, nəinki dənizkənarı parklarda, həmçinin şəhərin daxilində böyük parkların yaradılmasına fikir verilir. Məsələn, köhnə “sovetski” adlanan yerdə evlərin yerində böyük bir parkın yaradılması mühüm məsələlərdən biridir. Bakının bütün rayonlarında bu istiqamətdə böyük işlər görülür. İdman komplekslərinin salınması, onların ətrafında yaşıllıqların, istirahət yerlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Təkcə Bakı deyil, elə bir rayon yoxdur ki, orada bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin şahidi olmayasan”.

Yeni “Ekoloji park”da
150 minə yaxın ağac əkiləcək
Ekoloji mühitin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər bu gün də davam etdirilir. Bu tədbirlərdən biri kimi ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonu Bibiheybət qəsəbəsində «Şıx» yamacındakı 50 ha sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Ekoloji park”ın yaradılması ilə bağlı böyük layihənin həyata keçirilməsi işlərinə başlanılıb. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev bildirib ki, nəzərdə tutulan işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən 168 metr hündürlükdə 250 kub. metr tutumlu 1 əsas və 60 kub.metr tutuma malik 2 köməkçi su rezeyvuarları quraşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin köməyi ilə “Ekoloji park”da 150 minə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Kəskin dağ yamacı, böyük maillik olan ərazidə yerli iqlimə uyğun Eldar şamı, oleandr və digər ağacların əkilməsi nəzərdə tutulub. Bu, ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə bir töhfə olacaq. Gələcəkdə parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulub.
Beləliklə, bu gün ölkədə yeni salınan parklar, çirkli göllərin qurudulması, əhalinin təmiz su ilə təmin olunması və digər tədbirlər ekoloji mühitin yaxşılaşdırılmasına yönəldilib ki, bu da məhz əhalinin sağlamlığı üçün mühüm şərtdir.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info