Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf perspektivləri
Tarix: 03.03.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Bütün parametrlərə görə olduqca strateji və rentabelli olan bu sahənin inkişafı üçün ölkədə yetərincə potensial var

Azərbaycanda qeyri-neft erasının dominantlığı proqnozlaşdırıldığından xeyli tez başladı. Buna dünyada baş verən siyasi proseslər və süni amillər də xeyli dərəcədə təsir etdi. Hər halda, vəziyyət elə gətirdi ki, ölkəmiz qeyri-neft sektorunun və iqtisadiyyatının mütləq üstünlük təşkil etməsi üçün təcili tədbirlər və islahatlar reallaşdırmağa başladı. Ötən yanvarın sonunda Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bir daha elan etdi ki, ölkəmiz üçün yeni dövr başlayır: “Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə, 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq”.

Göründüyü kimi, qeyd edilənlər iqtisadi sahədə ciddi islahatların aparılmasını, qeyri-neft sektorunun rentabelliyinin dəfələrlə artırılmasını diktə edir. Artıq bu islahatlar başlayıb və dərinləşməkdədir. Ölkə başçısının bildirdiyinə görə, növbəti 2-3 il ərzində, xüsusilə iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaq. Burada isə informasiya və kommunikasiya texnologiyalarının(İKT) çox böyük çəkisi var. Yəni İKT-nin dünya tələblərinə uyğun inkişaf etdirilməsi və onun gəlirliliyinin artırılması postneft dövrünün əsas iqtisadi prioritetlərindən birini təşkil edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığımız məlumatda bildirilir ki, ötən ilin son 9 ayının yekunlarına görə, sözügedən sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6% artaraq 1280.9 milyon manat olub. Sektorun ümum daxili məhsulda (ÜDM) payı 2,1%, qeyri-neft sektorunda isə 3,0% təşkil edib. Sektorda əldə olunan gəlirlərin 81,1%-i özəl sektorun payına düşüb.
Ümumiyyətlə, ekspertlərin proqnozlarına görə, Azərbaycanda İKT-nin inkişaf perspektivləri olduqca böyük və ümidvericidir. Bununla belə, bu sahədə həyata keçirilməli olan ciddi islahatlar qarşıda durur. Beləliklə, Azərbaycanda İKT-nin inkişaf perspektivləri konkret olaraq nələr vəd edir və bununla bağlı hansı islahat və tədbirlərin reallaşdırılmasına ehtiyac var?

Elektronikanın inkişafı İKT-nin inkişafı ilə uzlaşmalıdır
Təkcə postneft erasının tələbləri yox, eləcə də sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid, dünyadakı qloballaşma sözügedən sektorun inkişafını daha da aktuallaşdırır. İndi bu sahə bütün sektorların inkişafına təsir edir. Dünya bazarına inteqrasiya etməkdə qərarlılıq, həmçinin dünyanın bir parçası olaraq, formalaşan yeni fürsətlərdən faydalanmaq istəyiriksə, İKT sektorunun sürətli və intensiv inkişafı bizim üçün zəruridir. Bizə fikirlərini bildirən Qafqaz Universiteti Texnoparkının müdiri, ekspert İsa Qasımov qeyd etdi ki, bu sektorun inkişafında proqramlaşdırma ilə yanaşı, mühəndis yanaşmalarının inkişafına da diqqəti artırmalıyıq. Bu isə öz növbəsində, elektronika mühəndisliyinin də inkişafını zəruri edir: “İKT-nin imkanlarından istifadə edərək avtomatlaşdırma kimi geniş sahəni inkişaf etdirmək lazım olduğu qənaətindəyəm. Bu cür yanaşma həm də innovasiyaların inkişafı və tətbiqi zərurətindən irəli gəlir. Avtomatlaşdırma proseslərində İKT-nin rolu əvəzedilməzdir. Ancaq elektronikanın inkişafı təmin edilməzsə, təkcə İKT-nin inkişafı arzuedilən nəticələri verməyəcək. Fikrimcə, sənayenin inkişafı üçün bu iki sahənin birlikdə inkişaf etdirilməsi daha doğru olacaq”.
Həmçinin sözügedən sahənin inkişafında təşviq və stimullaşdırma həmişə diqqətdə saxlanılmalıdır. Xüsusilə bu sahədə yerli startapların formalaşması və güclənməsi önəmlidir. Ekspert bildirir ki, həm də ölkədaxili bazarın təmin olunmasında yerli mühəndislərin gücündən və layihələrin tətbiqindən maxsimum istifadə etməyə maraqlı olmalıyıq: “Təşviq proqramları bu yanaşmalardan ciddi şəkildə güc almalıdır. Çox zəruri olmadan xarici bazardan İKT məhsullarının və ya xidmətlərin satın alınması bu sahənin inkişafına mənfi təsir edən amildir. Xarici bazardan idxal etdiyimiz hər bir məhsul və ya xidmət, həmin məhsul və ya xidmətin daxili bazarda inkişafını ciddi şəkildə zərbə altında qoyur. Bu, əlimizdə olan kapital imkanlarının da azalmasıdır. Bəzən hər hansı təşkilat və ya müəssisə bu cür xidmətləri böyük pullar ödəyərək xarici bazardan alır. Halbuki, həmin xidmətləri yerli bazarın imkanları ilə daha yaxşı və ucuz qiymətə təmin etmək olardı. Daxili bazarda İKT-nin arzuedilən inkişafı üçün bu hallar aradan qaldırılmalıdır. Məsələn, Qafqaz Universitetində tətbiq olunan Elektron Universitet Layihəsi, İKT məhsulu kimi, Azərbaycanda hazırlanmaqla yanaşı, 10 ildir ki, burada uğurla istifadə olunur və səmərəli nəticələri var. Qeyd etməliyəm ki, bu layihə Azərbaycanda Qafqaz Universitetində tətbiq olunmaqla yanaşı, digər 4 xarici ölkədə də uğurla tətbiq olunur. Bu, Azərbaycan məhsuludur və sınaqdan uğurla çıxıb. Bu cür layihələrin bənzər müəssisələrdə tətbiqi ölkəmizdə İKT-nin inkişafı üçün çox əhəmiyyətlidir”.
Ümumiyyətlə, tətbiq əhəmiyyətli İKT xidmətlərinin innovasiyalara əsaslanan inkişafının təmini texnoparklarda formalaşdırılan ekosistemlərdə daha münbit inkişaf edə bilir.

“İntellektual kapitala verilən önəm ictimailəşdirilməli və startap mühiti zənginləşdirilməlidir”
Ümumilikdə isə İKT ilə bağlı cəmiyyətə yönəlik maarifləndirmə-təşviqat tədbirləri və tədris proqramlarının reallaşdırılması ümumi işin xeyrinədir. Bu baxımdan İ.Qasımovun təklifləri maraqlıdır: “İctimaiyyət arasında təşəbbüskarlıq geniş şəkildə təbliğ olunmalı, insanların ərsəyə gətirdiyi və ya hazırlaya biləcəyi kiçikdən-böyüyə bütün işlərə dəyər verilməlidir. Təşəbbüslərin və gələcəkdə innovasiyaların inkişafına zəmin olacaq addımların ictimai və ya digər formada qınağa uğramasına imkan verilməməlidir. Təhsil müəssisələrində laboratoriya şəraiti tələblərə uyğun qurulmalı və tətbiq edilməlidir. Tədrisin nəzəri hissəsi dünyanın inkişaf dinamikasından geri qalmamalı, davamlı olaraq yeni innovasiyalar öyrənilməli və tətbiq olunmalıdır.
Tədris kurikulumları sənayenin tələblərinə uyğun təmin edilməlidir. Təşviq və maarifləndirmə işləri həmişə aktual olmalıdır. İntellektual kapitala verilən önəm ictimailəşdirilməli və startap mühiti zənginləşdirilməlidir. Sektorun inkişafı ilə bağlı atılan addımların nəticələri yoxlamalardan azad edilərək, təşviqedici qiymətləndirmə prosesi ilə əvəz edilməlidir”.

“Vergi siyasəti ixrac üçün uyğunlaşdırılmalıdır”
İKT-nin və ümumilikdə yüksək texnologiyaların ixracyönümlü ən səmərəli və iqtisadi rentabelli məhsullardan olması həmişə önəm verilməli olan məqamdır. Bu gün dünyanın məhz texnologiya mərkəzlərinin ən inkişaf etmiş ölkələr olduqlarını görməkdəyik. ABŞ, Avropada Almaniya, Böyük Britaniya, Fransa kimi ölkələr, Asiyada Yaponiya buna parlaq misaldır. Bu baxımdan texnoloq və hazır texnologiya əsasında işləyən mütəxəssis bir-birindən fərqləndirilir. Belə ki, bu gün məhz texnologiyanın mərkəzləri olan ölkələr dünyadakı inkişaf proseslərini diktə edirlər və onların hazır məhsullarını alan ölkələrə təsirlərini saxlayırlar. Ona görə də İKT-nin inkişafına həm də strateji yanaşma olduqca vacibdir. Ekspert Fərid İsmayılzadə qeyd edir ki, ən əla ixracyönümlü məhsullar olan İKT və yüksək texnologiyalar, əslində, qiymət baxımından ölçüyəgəlməzdir: “Bu gün texnologiya ixrac edən ölkələr məhz dünyanın inkişaf etmiş ölkələridir və ona görə də çox önəmlidir ki, biz də bu sahədə irəliləyişlərə imza ataq”. Ekspertin fikrincə, Azərbaycanın bunun üçün yetərincə potensialı var. Amma islahatlara ehtiyac var: “Ölkədə bu baxımdan təhsili yüksəltmək lazımdır. Bundan başqa, vençur kapitalizm üçün imkanlar artırılmalıdır. Həmçinin bu sahə üçün regional vergidən azad zonalar yaratmaq lazımdır. Çünki bu gün ölkədən texnologiya ixrac edən bütün şirkətlər bunları xaricdə qurduqları şirkətlər vasitəsilə edir. Bu baxımdan, ölkəmizdə vergi siyasəti xaricə ixrac üçün uyğunlaşdırılmalıdır”.

Vətəndaş cəmiyyəti institutlarının
İKT təşəbbüslərinə dəstək

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin rəhbəri, ekspert Bəsti Nəsibova da düşünür ki, Azərbaycanın inkişafını İKT-siz təsəvvür etmək olmaz: “İKT-nin inkişafı ölkənin iqtisadiyyatının, sosial vəziyyətinin inkişafı deməkdir. Elektron hökumət siyasəti öz səmərəsini verir. Təsadüfi deyil ki, hələ 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Azərbaycan bu gün İKT-nin inkişafına görə artıq regionda lider dövlət hesab olunur. İKT-nin inkişafı sayəsində informasiya və bilik bazarları yaradılır. Bu gün də bir çox beynəlxalq tədbirlər həyata keçirilir, hətta Azərbaycan hökuməti BMT ilə birgə layihələr üzərində işləyir”. Təkliflərə gəlincə, ekspert bildirir: “Vətəndaş cəmiyyətini təmsil etdiyim üçün təkliflərim öz sahəmizlə bağlıdır. QHT-lərin İKT-nin inkişafı ilə bağlı layihələr təqdim etməsinə daha çox şərait yaradılmalıdır. Cəmiyyətin bütün təbəqələri İKT təşəbbüslərində aktiv olmalıdır”.

Güclü mütəxəssislər formalaşdırmaq və xaricdən kadr cəlb etmək lazımdır
Ekspert Rəşid Əliyev İKT-nin inkişafında investisiya yatırımını önə çəkdi. O düşünür ki, İKT-yə yatırılan kiçikhəcmli investisiyalarla məsələ həll olunmur: “Normal infrastruktur və maliyyə olmalıdır. Proqram təminatına elə də pul ayırmaq lazım deyil. Əsas avadanlığın qurulmasına diqqət yönəltmək lazımdır. Amma ölkədə avadanlıq hazırlamaq üçün infrastruktur yoxdursa, ayrılan pulların batma ehtimalı da yox deyil. Bu sahədə sistem bir klaster şəklində işləməlidir. Bu gün açılan inkubasiya mərkəzləri, akseleratorlar çoxdur. Amma onların normal avadanlıqla təmin olunması problemi var”.
Ekspertin fikrincə, ölkədə İKT ilə bağlı açıq (ödənişli) mərkəzlər olmalıdır ki, orda bütün avadanlıq və xammal olsun və bununla da İKT istehsalı baş versin.
R.Əliyevə görə, sözügedən sahədə elektronika və mühəndisliyə, araşdırma və inkişaf üçün tədqiqatlara investisiya ayrılmalıdır: “Bundan başqa, prototipləşmə mərkəzi olmalıdır”.
Vacib olan əsas məsələlərdən biri isə İKT sahəsində mütəxəssis çatışmazlığının aradan qaldırılmasıdır. Çox az sayda elektronçumuz, plata qura bilən, çipləri tanıyan, mikroproqram yaza bilən mütəxəssisimiz var. Ekspert düşünür ki, bu mütəxəssislərimizə də layiqincə qiymət verilməlidir. Onlar, bəzən əməkləri layiqincə qiymətləndirilmədiyi üçün daha yaxşı şərtlər təklif edən xarici şirkətlərə gedir. Bu isə sözügedən sahədə insan kapitalının axını deməkdir. Halbuki bu sahədə güclü mütəxəssislər formalaşdırmalı və yeri gəldikcə, xaricdən kadr cəlb etmək ümumi işin yalnız xeyrinədir. Çünki İKT, bütün parametrlərə görə olduqca strateji və səmərəli sahədir...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info