Gender bərabərliyi: Milli mentalitet və zəmanə küləkləri
Tarix: 03.03.2016 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Azərbaycanda bütün dövrlərdə qadına xüsusi münasibət və yanaşma olub. Bəlkə də, dünyanın heç bir yerində qadına və anaya bizdəki qədər şeir yazılmayıb, mahnı bəstələnməyib. Ədəbiyyat həyatın güzgüsüdür. Bu güzgüdə Azərbaycan cəmiyyətinin, Azərbaycan insanının qadına hörməti və ehtiramı real əksini tapır. Müasir dövr isə milli mentalitetə özünəməxsus dəyişiklik edir, onu yeni dəyərlərlə zənginləşdirir.
Tarixə bir nəzər
Bu haqda söhbətə keçməzdən əvvəl tarixə ötəri də olsa nəzər salmaq ehtiyacı yaranır. Bu, guya vaxtı ilə Azərbaycan qadınının ictimai-siyasi həyatdan tam kənarlaşdırıldığı, aşağı tutulduğu barədə formalaşmış təsəvvürlərin yanlışlığını göstərmək üçün lazımdır. Sara xatunu, Möminə xatunu, Nigarı, Natəvanı, Həcəri, yaxud Nizaminin müasiri olmuş Məshəti Gəncəvini xatırlayın. Tariximizdə gender bərabərliyinin ən önəmli səhifəsi isə 1918-ci ildə açıldı. Azərbaycan Xalq Cümhuriyyəti təxminən 100 il əvvəl qadınlara seçib-seçilmək hüququ verdi. Onda hələ dünyanın çox yerində qadınların belə bir hüququ yox idi. Məsələn, ABŞ-da qadınlara seçki hüququ yalnız 1920-ci ildə, Fransada 1944-cü ildə, İtaliyada 1945-ci ildə, İsveçrədə 1971-ci ildə verilmişdi.
Əlbəttə, bütün bunlar o demək deyil ki, bizdə gender problemi olmayıb və yoxdur. Bu məsələ bütün dövrlərdə aktual olub. Ötən əsrin əvvəllərində Sabir qadın hüquqsuzluğuna dair şeirlər yazır, zəmanədən acı-acı şikayətlənirdi. Qızları məktəbə qoymurdular. Həmin vaxtlarda, 1901-ci ildə milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda Qız məktəbi açdı. Teatrlarda qadın rollarını kişilərin oynamağa məcbur olduğu bir vaxtda azərbaycanlı Şövkət Məmmədovanın Milanda təhsil almasına yardım etdi. Lakin belə faktlar tək-tək idi və atalar demişkən, bir gül ilə bahar olmazdı.
Bizdə tariximizin 70 ilinin - sovet dövrünün üstündən çalın-çarpaz xətt çəkmək tendensiyası yaranıb. Zülmətdəki işığı, qaranın içərisindəki ağ rəngi sezmirik və ya sezmək istəmirik. Yaxşı baxsaq görərik ki, gender bərabərliyi məhz həmin dövrdə bərqərar olmağa, savadsızlıqla bərabər, cəhalət və xurafat da aradan qalxmağa başladı. Azərbaycan qadını çadrasını ataraq kişilərlə bir cərgədə dayandı. Bakıda “Azad Qadın” heykəli ucaldı. Cəfər Cabbarlı “Firuzə” hekayəsini, “Sevil” və “Almaz” pyeslərini yazdı. Bu əsərlər sovet ideologiyasının, sosializm realizminin təzahürü olsa da, qadının dövlət və cəmiyyət həyatında getdikcə daha geniş yer tutmasını, rolunun artmasını danmaq olmaz. Ola bilsin, bəlkə də, hadisələri müsbət məcraya rejimin xoş məramı yox, zəmanə küləkləri yönəldirdi.
Xalqın gələcəyini müəyyənləşdirən əsas amillərdən biri təhsildir. Xüsusən, təhsilli qadın təhsilli nəslin yetişməsində mühüm rol oynayır. Bu mənada sovet dövründə qadınlar arasında savadsızlığın ləğvi ölkəmizin intellektual potensialının yüksəlməsinə öz müsbət təsirini göstərib. Eyni zamanda, savadlı qadın öz hüquqlarını başqalarına nisbətən daha yaxşı bilir və qoruyur. Gender bərabərliyinə nail olmağın bir mühüm şərti də məhz budur.
Tariximizin bütün dövrlərində örnək kimi qəbul edilən qadınlarımız olub. Bir qədər əvvəl uzaq keçmişdən misallar çəkdik. XX əsr tariximizə nəzər salsaq, bir çox yeni adlar görərik: Şərqdə ilk operanın müəllifi Şəfiqə Axundova, ilk qadın peşəkar rəssam Maral Rəhmanzadə, ilk qadın opera müğənnisi Şövkət Məmmədova, ilk qadın heykəltəraş Zivər Məmmədova, ilk qadın beynəlxalq qrossmeyster Aynur Sofiyeva, ilk qadın balet ustası Qəmər Almaszadə, ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyeva, ilk qadın oftalmoloq alim Zərifə Əliyeva, ilk qadın şərqşünas alim Aida İmanquliyeva və başqaları.

Müstəqil Azərbaycan dövlətinin qadın siyasəti
Azərbaycanda qadınlara münasibət dövlət siyasəti səviyyəsinə nə vaxtdan yüksəlməyə başlayıb? Yəqin ki, hər kəs bu suala birmənalı cavab verər: Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan. Doğrudan da, dövlətin qadın siyasəti birinci şəxsin zərif cinsə münasibət və diqqətindən qaynaqlanır. 1969-cu ilədək yüksək vəzifələrdə çalışan qadınlar barmaqla sayılacaq qədər az idi. Sonra nə baş verdi? Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qadınlar ön sıralarda görünməyə başladılar. Qadınlar ilk dəfə olaraq rəhbər vəzifələrə irəli çəkildi; qadın birinci katib, qadın nazir, qadın rektor... İlk vaxtlar bu tendensiya təəccüb və maraqla qarşılansa da, çox keçmədən adiləşdi. Neçə-neçə azərbaycanlı qadın Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana kimi yüksək adlara layiq görüldü, yüksək məclislərdə başa çəkildi.
Bütün bunlar dünya miqyasında aktual olan gender bərabərliyi istiqamətində diqqət çəkən addımlar idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu məsələ daha sistemli xarakter almağa başladı. 1995-ci ildə Prezidentin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu.
Qadınlarla bağlı problemlərin dövlət səviyyəsində həll etmək məqsədilə digər önəmli addımlar atıldı: 1998-ci ildə MDB ölkələri arasında ilk dəfə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2000-ci ildə isə Heydər Əliyev dövlətin qadın siyasətinin əsaslarını müəyyənləşdirən mühüm sənədə - “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmana imza atdı.
Heydər Əliyev qadına, anaya hörmət və ehtiramı vacib hesab edir, eyni zamanda, onların dövlət işində, ictimai həyatda fəaliyyətinə xüsusi önəm verirdi. Müstəqil Azərbaycanın 1995-ci ildə seçilmiş ilk parlamentində 124 deputatdan 12 faizinin qadınlardan ibarət olmasını böyük nailiyyət kimi vurğulayaraq deyirdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin parlamentlərində qadınların xüsusi çəkisi Azərbaycanda olduğu qədər deyil. Bu, bir tərəfdən cəmiyyətimizin qadınlara münasibətinin, digər tərəfdən onların fəallığının göstəricisidir.
Azərbaycan dövlətinin qadın siyasəti Prezident İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilir. Bu siyasət qadınların özünütəsdiqi, ictimai həyatın bütün sahələrində fəal iştirak üçün əlavə imkanlar yaradır. Hazırda dövlət qulluğunda çalışan qadınların xüsusi çəkisi 28 faizə, Milli Məclisdə 16 faizə, bələdiyyələrdə 35 faizə çatır. Respublikamızdakı 85 rayonun icra hakimiyyəti orqanlarında 78 qadın rəhbər vəzifə tutur. Ədliyyə orqanlarında 1153, diplomatik korpuslarda 181 qadın fəaliyyət göstərir. Əgər ötən əsrin 90-cı illərində cəmi bir neçə qadın təşkilatı vardısa, bu gün onların sayı 200-ü ötür.
Fəxrlə demək olar ki, dövlət müstəqilliyini cəmi 25 il əvvəl bərpa etmiş Azərbaycan gender bərabərliyi sahəsində nümunə göstərir, özünəməxsus model ortaya qoyur. 2010-cu ilə Avropa Şurasının “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” VII konfransının 2012-ci ildə Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclasın Bakıda keçirilməsi Azərbaycanın bu sahədə əldə etdiyi uğurların göstəricisi sayıla bilər.
Proses davam edir. Müasir dövrdə Azərbaycan dövləti gender bərabərliyinin həm de-yure, həm də de-fakto təmin edilməsi istiqamətində ardıcıl və sistemli iş aparır, müvafiq qanunvericilik bazası daim təkmilləşdirilir. Bu sahədə atılan addımlara qısaca nəzər salaq: 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. “Gender (kişi və qadın) bərabərliyinin təminatı” haqqında (2006), “Məişət zorakılığının qarşısının alınması” haqqında (2010) Azərbaycan Respublikasının qanunları qəbul olunub. 2014-cü ildə Prezident “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib, eyni zamanda, Ailə məcəlləsinə dəyişikliklər edilib.
Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlər həyatın, demək olar, bütün sahələrini əhatə edir. Nəticə ürəkaçandır. Belə ki, ötən il BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya dair Azərbaycan Hökumətinin V dövri hesabatı təşkilatın Xüsusi Komitəsində dinlənilərkən ekspertlər ölkəmizdə qadın hüquqlarının müdafiəsi istiqamətində aparılan islahatları, eləcə də dövlət qadın siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətləri, qanunvericilik bazasının təkmilləşdirilməsini yüksək qiymətləndiriblər.

Zəmanəmizin qəhrəmanları
Hər bir dövr öz qəhrəmanlarını və öncüllərini yetişdirir. Yeri düşdükcə onların bəzilərini xatırladıq. İndi isə zəmanəmizin qadın liderlərindən bəhs etməyin məqamıdır. Onlar beynəlxalq arenaya çıxaraq dünyada Azərbaycan qadını haqqında təsəvvür formalaşdırır, onun istedad və bacarığını nümayiş etdirirlər.
Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu sahədə xüsusi xidmətlər göstərir. Təkcə ölkəmizin deyil, dünyanın qadın liderlərindən sayılan Mehriban Əliyevanın təşəbbüsü ilə Avropada, MDB məkanında, müsəlman ölkələrində bir sıra diqqət çəkən layihələr həyata keçirilir. O, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi adını dünya idman tarixinə yazdırıb. Azərbaycan qadın hərəkatının lideri olaraq tariximizi və mədəniyyətimizi beynəlxalq aləmdə tanıtmaq istiqamətində yorulmadan fəaliyyət göstərir.
Bu gün UNESCO-nun sülh artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın ən möhtəşəm konsert salonlarında səslənir: Turin, Berlin, Boston, Çikaqo, Nyu-York, Bazel, Amsterdam, Bern, Roma, Tokio, Paris... Firəngiz xanım Azərbaycan musiqi tarixində yeganə bəstəkardır ki, əsərləri məşhur “Kronos” Kvartetinin repertuarına daxil olub.
Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentimizin bir çox qadın deputatları mötəbər beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edir, qanun yaradıcılığına özünəməxsus töhfələr verirlər.
Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil edən, ölkəmizin tərəqqisində mühüm rolu olan, xalqımızı şöhrətləndirən qadınlarımızın sıraları getdikcə genişlənir və onlarla qürur duyuruq. Bütün bunlar isə nəticə etibarı ilə ölkəmizdə gender bərabərliyinin bərqərar olmasının, qadınların istedad və bacarıqlarının reallaşdırılmasına yaradılan münbit şəraitin nəticəsi, nəhayət, xoş zəmanə küləklərinin təsiridir.

Bərabərlik tavanı
Zəmanə küləkləri heç də həmişə təmiz və saf hava gətirmir, müxtəlif istiqamətdən əsir. Gender problemi buna bilavasitə bağlı olduğundan, müəyyən məqamlarda mentalitetlə ziddiyyət yaradır, cəmiyyətdə birmənalı qarşılanmır. Qadın və qızların bəzən açıq-saçıq geyim və davranışı sual doğurur: Qadına bunca sərbəstlik vermək nə dərəcədə düzgündür?
Xüsusən, mühafizəkarlar bu fikirdədirlər ki, gender məsələsində bir bərabərlik tavanı, yəni hədd və ölçü olmalıdır. Həqiqətən də, bəzi müsəlman ölkələrində qadınların geyim və davranış tərzi qanunla tənzimlənir. Azərbaycan dünyəvi dövlətdir və hər hansı çərçivə qanunlarımızla bir araya sığmaz. Deməli, problemin həlli təkcə dövlətdən və qanunlardan deyil, eyni zamanda, cəmiyyət və fərdlərdən asılıdır. Bərabərlik tavanını gərək insanlar özləri müəyyənləşdirsinlər. Milli dəyərləri və mentaliteti arzuolunmaz zəmanə küləklərinin təsirindən qorumaq vəzifəsi məhz cəmiyyətin üzərinə düşür.
Tarixin gedişinə nəzər salanda belə görünür ki, gender bərabərliyi əbədi problemdir. Hələ qədim Romada vərəsəlik hüququ yalnız kişilərə məxsus idi. Sonradan həmin romalılar fikirləşdilər: axı qadınlar da insandır! Qədim roma dövründən başlayaraq əsrlərdir ki, gender bərabərliyi aktual problem olaraq qalır. Kimi üçün bir qədər çox, kimi üçün bir qədər az...
Abdulla Suvar
AZƏRTAC-ın müxbiri





 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info