Prezident təqaüdçüsü Məmmədli Rəhim: “Vətənimə xeyir vermək istəyirəm”
Tarix: 10.03.2016 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“BANM-i və bu ixtisası seçməyimin səbəbi müasir texnologiyaya olan böyük marağımdır. BANM-i seçməyimin digər səbəbi həm də yüksək nəticə göstərmiş abituriyentlərin bu ali məktəbi seçməsidir”.
Bakı Ali Neft Məktəbinə 2015/2016-cı tədris ilində qəbul olan tələbələr sırasından 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur.

Neft-qaz proseslərinin avtomatlaşdırılması üzrə mütəxəssis hazırlığına önəm verilir
Hazırda "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə 53 tələbə təhsil alır və bakalavrların (BEng) hazırlanması üzrə dərs proqramı tədris olunur. Məlumdur ki, Bakı Ali Neft Məktəbində (BANM) əsas istehsal sahəsi neft və qazdır. BANM-in Kompüter və İKT kafedrasının nəzdində olan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” neft-qaz proseslərinin avtomatlaşdırılması üzrə mütəxəssis hazırlığı ilə məşğuldur. Bu sahədə kafedra transmilli şirkətlərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq, sadəcə, hər hansı tədris materialların alınmasından ibarət deyil. Həmçinin həmin şirkətlərdə tətbiq olunan IT yeniliklər kafedranın məzmunları ilə inteqrasiya edilir. BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tədris proqramının məzmunu həmin şirkətlərin tələblərinə uyğunlaşdırılır ki, gələcəkdə BANM-in tələbələri SOCAR-la yanaşı, digər beynəlxalq transmilli şirkətlərin potensial kadrına çevrilsinlər.
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavriat pilləsində təhsil ingilis dilində və Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun şəkildə aparılır. Ümumiyyətlə, bakalavriat səviyyəsində Bakı Ali Neft Məktəbinin tələbələri üç ixtisas üzrə təhsil alırlar: "Neft-qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi". "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə mütəxəssis hazırlığı Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılmış tədris proqramı üzrə aparılır. Birinci kursda tələbələrə elm və riyaziyyat sahəsində son illərdə tətbiq edilən başlıca anlayışlar öyrədilir, həmçinin neft-qaz və kimya mühəndisliyi üzrə ilkin biliklər tədris olunur. Bu kursda kimya və neft-qaz mühəndisliyi üzrə tədris prosesi tələbələrə həm daha geniş çərçivədə biliklərin aşılanması, həm də sənaye nöqteyi-nəzərindən müvafiq biliklərin öyrədilə bilməsi məqsədinə xidmət etmə baxımından təşkil olunur. Burada mühəndislik peşəsini anlamağa imkan yaradan müvafiq peşə bilikləri və ən sadə riyazi və elmi prinsiplər öyrədilir. Tələbələrin öyrəndikləri bilik və bacarıqları daha da təkmilləşdirə bilməsi məqsədi ilə tədris prosesinə müəssisələrə praktik səfərlər, kitabxana və laboratoriya layihələri, əlavə mühazirə materialları da daxil edilib. Proqramın ikinci kursu riyaziyyat və kimya üzrə müəyyən biliklərlə yanaşı, maye axını, termodinamika, istilik və kütlə transferi, neft-qaz mühəndisliyi sahəsində isə geologiya kimi başlıca mövzuları əhatə edir. Bu mövzular mühazirələr, həmçinin praktik (tyutoriallar) və laboratoriya məşğələləri şəklində tədris olunur. Kurs müddətində həyata keçirilən müxtəlif layihə və laboratoriya məşğələləri tələbələrə praktik təcrübə qazanmaq imkanı yaradır. Tədris ili ərzində tələbələrə həmçinin öyrədilmiş dərs materialları ilə əlaqədar laboratoriya tapşırıqları, hesablama cədvəllərindən istifadə etməklə kompüter layihələri verilir, layihələndirmə, texniki çertyojlar və tikinti materialları haqqında ümumi ilkin biliklər öyrədilir. Üçüncü kursda tədris edilən bütün fənlər sonuncu kursda tədris olunan və müvafiq diplomun verilməsi ilə nəticələnməsi nəzərdə tutulan fənlərin əsasını təşkil edir. Tələbələr tədris olunan fənlərdən birinin aparıcı elmi istiqaməti üzrə müvafiq ədəbiyyatlara əsaslanan şəxsi elmi-tədqiqat layihəsi həyata keçirməlidirlər. Tədris ili ərzində tələbələrə əsas layihə işi verilir, onlar müvafiq istehsal zavodu/platformasının texnoloji layihəsi üzərində kiçik qruplarda çalışırlar. Bu, tədris proqramının yekunu olub bütün bu müddət ərzində öyrədilmiş tədris materiallarından əldə olunan biliklərin sənayedə real iş mühitində kifayət qədər dəqiq şərtlər çərçivəsində tətbiqini nəzərdə tutur. Verilmiş layihə tələbəyə dəqiq həlli olmama ehtimalı olan vəziyyətlərdə biliklərini tətbiq edərək kimya mühəndisliyi və neft-qaz mühəndisliyi sahəsində öyrədilmiş biliklərin nə dərəcədə mənimsənildiyini nümayiş etdirmək imkanı yaradır.

“Abituriyentlərə tövsiyə edərdim ki, özlərinə hədəf seçib ona doğru inamla addımlasınlar”

Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrdən biri də Rəhim Məmmədlidir.
Məmmədli Rəhim Kamal oğlu 8 mart 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Atatürk Liseyinə daxil olub. Məktəb illərində bir sıra fənn olimpiadalarında müvəffəqiyyətlə iştirak edib. Belə ki, Kimya fənni üzrə olimpiadada Bakı şəhəri Nəsimi rayonu üzrə birincilik, Azərbaycan dili fənni üzrə rayon ikinciliyi qazanıb. 11-ci sinifdə iştirak etdiyi Riyaziyyat fənni üzrə olimpiadanın Nəsimi rayonu üzrə və Bakı şəhəri üzrə keçirilən turlarında birincilik əldə edib. Həmin olimpiadanın Respublika turunda isə bürünc medal qazanıb. 11-ci sinifdə müstəqil olaraq 2 ay hazırlaşdığı İELTS imtahanından müvəffəqiyyətlə keçərək 7.5 bal toplayıb. Orta məktəbi qızıl medalla bitirərək 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına 695 balla qəbul olub, Prezident təqaüdçüsüdür.
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanı, mənim fikrimcə, şəffaf və ədalətli şəkildə keçdi. Qəbul imtahanına yaxşı hazırlaşmışdım və özümə güvənirdim. İmtahandan sonra bütün suallara düzgün cavab verdiyimi düşünürdüm. Lakin bir sualın cavabında səhv etdiyimi öyrəndim. Buna baxmayaraq, istədiyim ali təhsil ocağını seçmək üçün kifayət qədər bal topladığımdan əmin idim.
- Sınaq imtahanlarında nəticələrin necə olub?
- Sınaq imtahanlarında nəticələrimi ardıcıl yüksəldirdim. Son sınaqda 680 bal toplamışdım. Bu nəticə mənim qəbul imtahanında yüksək bal toplayacağıma əminliyimi artırdı. Valideynlərimin və məktəbimin mənə inamı sonsuz idi.
- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent nələri əsas götürməlidir?
- Əvvəla, abituriyent sevdiyi fənlərin olduğu ixtisas qrupunu seçməlidir ki, nəticəsi uğurlu olsun. Qeyd etmək istəyərdim ki, şagird ixtisas qrupuna uyğun fənlər üzrə TQDK-nın nəşr etdiyi test kitablarındakı sualların hamısını həll etməyə müvəffəq olarsa, o, nəinki 600, hətta 650 balı keçməyi də bacarar. Abituriyentlərə tövsiyə edərdim ki, özlərinə hədəf seçib ona doğru inamla addımlasınlar. Mən öz təcrübəmdə bunu sınadım və əmin oldum.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin?
- Seçimimi tamamilə özüm etdim. BANM-i və bu ixtisası seçməyimin səbəbi müasir texnologiyaya olan böyük marağımdır. BANM-i seçməyimin digər səbəbi həm də yüksək nəticə göstərmiş abituriyentlərin bu ali məktəbi seçməsidir.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?
- Bakı Ali Neft Məktəbi bir ali təhsil müəssisəsi olaraq öz tələbələri ilə yaxından maraqlanır. Onların dərs prosesinə hər vasitə ilə kömək edir. Ali məktəbimiz tələbələrin dərsdən əlavə, mədəni-kütləvi tədbirlərdə mütəmadi olaraq iştirak etməsini təmin edir. Bu amilləri, bizə yaradılan şəraiti mən çox yüksək dəyərləndirirəm.
- Boş vaxtlarında nə ilə məşğul olursan?
- Boş vaxtlarımda proqramlaşdırma ilə məşğul olmağı, kompüterdə intellektual oyunlar oynamağı xoşlayıram.
- Özünü gələcəkdə harada görürsən?
- Gələcəkdə hansı mövqedə olmağımdan asılı olmayaraq, Vətənimə xeyir vermək istəyirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”
06.11.2018
Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir
05.11.2018
Ermənistanın iflası və özünü təcridi daha da dərinləşəcək

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info