Multikulturalizm dəyərləri təhsildə davamlı olaraq təşviq olunur
Tarix: 29.03.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib
Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” keçirilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda multikulturalizmin təbliği və tədrisi ilə bağlı məqamlara toxunacağıq. Əvvəlcə onu qeyd edək ki, Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin Sofiya Universitetində azərbaycanşünaslıq istiqamətini yaratmaq və bu sahədə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəz Azərbaycan dili, mədəniyyəti və tarixinin yayılmasına geniş imkanlar yaradır. Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsində türkologiya ixtisasının tələbələri üçün “Azərbaycan dili” seçmə fənni üzrə dərslər keçirilir. “Azərbaycanda multikulturalizm” mövzusunda təşkil edilən “dəyirmi masa”da çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku dünyada multikulturalizm ideyasının tarixi barədə məlumat verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitə dair məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin dünyagörüşündən irəli gələn dəyərdir, həm də ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.
Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək geniş mənada multikulturalizm anlayışının insanların fərqli dini, etnik, mədəni, irqi mənsubiyyətə malik olmalarının dəyərləndirilməsi, tanınması və təşviqindən ibarət olduğunu qeyd edib. Bir çox ölkələrdə irqçilik və ksenofobiya meyillərinin gücləndiyini təəssüflə qeyd edən səfir bunun müxtəlif mədəniyyətlər arasında təmasların qurulmasına ciddi maneə törətdiyini diqqətə çatdırıb. Tarixən multikulturalizmin Azərbaycan mədəniyyətinin məxsusi cəhəti olduğunu xatırladan diplomat Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayıb. Müsəlman aləmində ilk dünyəvi demokratik dövlətin 1918-ci ildə məhz Azərbaycanda yarandığını vurğulayan səfir hələ həmin dövrdə dini, etnik mənsubiyyəti, cinsi və irqindən asılı olmayaraq, bütün vətəndaşlara səsvermə hüququnun verildiyini bildirib. Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən N.Qurbanova hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2008-ci ildə müxtəlif ölkələrin mədəniyyət nazirləri, icma nümayəndələri və mədəniyyət xadimləri arasında beynəlxalq platforma rolunu oynayan “Bakı prosesi”nə start verilib. Səfir ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı ilə birgə Bakıda VII Qlobal Forumun keçiriləcəyini, bununla yanaşı, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu və il ərzində Azərbaycanda və xaricdə çoxsaylı beynəlxalq tədbirlərin təşkil olunacağını “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Qergina Dvoretska Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb. O, əminlikdə söyləyib ki, Azərbaycandakı tolerantlıq mühiti regionda çətin vəziyyətə baxmayaraq, qorunub saxlanacaq. Humanitar Forumun digər iştirakçısı, dirijor Kiril Lambov ölkəmizdə milli azlıqlara göstərilən diqqətdən danışıb. O, Azərbaycanda milli azlıqların məskunlaşdığı bir sıra bölgələrə səfər etdiyini və onlara münasibətdə heç bir fərqin qoyulmadığının şəxsən şahidi olduğunu bildirib. Bolqarıstanın ölkəmizdəki sabiq hərbi attaşesi Trifon Trifonov dünyada cərəyan edən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə artmaqda olan antisemitizm fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və mehriban şəraitdə yaşamalarının, dini etiqad azadlığından yararlana bilmələrinin təqdirəlayiq olduğunu qeyd edib. Daha sonra beynəlxalq multikulturalizm qış və yay məktəblərinin iştirakçısı olan bolqar tələbələr multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən Azərbaycan kimi bir ölkə ilə yaxından tanış olmalarından böyük şərəf hissi keçirdiklərini vurğulayaraq, ölkəmizlə bağlı təqdimatla çıxış ediblər. Tədbirin sonunda Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə milli geyimlərimiz hədiyyə edilib.

Multikulturalizmi
təbliğ edən kitab

Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Bakı Slavyan Universitetində təqdimatı olub. Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev multikulturalizm dəyərlərindən ibarət olan kitabın tərtibçilərinə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib. Bu kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab çapa hazırlanır. Kitabın Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq çapdan çıxdığını deyən Asif Hacıyev nəşrin gələcəkdə dərslik kimi istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinədək folklor və yazılı ədəbiyyatından nümunələrin yer aldığı bu nəşrdə insanpərvərlik, birlik, bərabərlik ideyaları, Azərbaycan multikulturalizmi tamamilə əksini tapıb. Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını deyib. Aparat rəhbəri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”nı Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. O qeyd edib ki, kitab multikultural təhlükəsizlik üçün vacib mənbədir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə BSU-nun kollektivinə minnətdarlığını bildirib. Ural Federal Universitetinin Azərbaycanşünaslıq Mərkəzi direktorunun müavini Denis Jeriborov, BSU-nun Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, BSU-nun dosenti, filologiya elmləri doktoru Rüstəm Kamal, BSU-nun multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova Azərbaycanda multikulturalizmin xüsusiyyətləri, tarixi ənənəsi, ölkəmizdə aparılan multikulturalizm siyasətinin əhəmiyyətindən danışıb, kitabın müəlliflərinə təşəkkür ediblər.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info