“Mirzə Vəli bəy Baharlı istedadına və etibarına görə Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdi”
Tarix: 04.03.2013 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın qədim türk tayfalarından sayılan baharlılar dünyanın hər yerinə yayılmış, öz adları ilə ərazilər yaratmışlar. Müasir dövrdə Azərbaycandan başqa Türkiyədə, Türkmənistanda, İranda Baharlı adlanan ərazilər var.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) bildirir ki, bu gün baharlıların türbələri Hindistana gələn on minlərlə turistin ziyarət etdikləri məkanlar sırasındadır: “Baharlıların Hindistanda tikdirdikləri məscidlər hər zaman dünya müsəlmanlarının ibadət yerləri sayılmışdır. Baharlılar müxtəlif tarixi dövrlərdə görkəmli şəxsiyyətlər yetirmiş, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınmışlar. Onlar Azərbaycan, ümumiyyətlə, Şərq tarixində dərin iz qoymuşlar. Baharlı tayfası elm, mədəniyyət və dövlət xadimləri ilə tanınır. Qaraqoyunlu, Qütbşahlar kimi qüdrətli dövlətlərin qurucuları baharlılardır”.
Tədqiqatçı-jurnalist qeyd edir ki, XVIII əsrdə Qarabağda yaşamış baharlı tayfasının görkəmli nümayəndələrindən biri də Mirzə Vəli bəy Baharlıdır. Mirzə Vəli bəy Baharlının XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Vorucerd və Nəhavənd hakimi olmuşdur: “Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair xanlar xanı Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı türk, fars, hind dillərində şeirlər yazmış oğlu Mirzə Əbdürrəhim xan Əlişəkər bəy Baharlının nəslinə mənsub olub Mirzə Vəli bəyin ulu babalarıdırlar. Mirzə Vəli bəyin atasının adı Bayramxan bəydir. Onun atası Bayram xan Baharlının kötücəsi, Mirzə Əbdürrəhim xanın nəticəsidir. Bayramxan bəy Abdulla xan oğlu Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın zamanında xanlığın hörmətli insanlarından sayılmışdır. Atası kimi Mirzə Vəli bəy Baharlı da Pənahəli xanın və İbrahimxəlil xanın hakimiyyətləri illərində nüfuz sahibi olub xanlığın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak etmişdir. Mirzə Vəli bəy Baharlının həyatı və yaradıcılığı haqqında, təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Qarabağın tarixinə aid yazılan salnamələrdə onun həyatı və diplomatik fəaliyyəti haqqında qısa da olsa, məlumat verilmişdir. Mirzə Vəli bəy Baharlının Süleyman bəy adlı kiçik qardaşı da olmuşdur”.
Orxan Zakiroğlu (Baharlı) qeyd edir ki, bir sıra tarixi faktları müqayisə edərkən belə ehtimal etmək olar ki, Mirzə Vəli bəy Baharlı təqribən 1725-ci ildə anadan olmuşdur. Qeyri-adi istedada malik Mirzə Vəli bəy mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini bilmişdir. Şəriət elmlərinin gözəl bilicisi olan Mirzə Vəli bəy Baharlı eyni zamanda incə ruhlu şair kimi də tanınmışdır. Rəvayətə görə, Molla Pənah Vaqif saraya Mirzə Vəli bəy Baharlının təklifi ilə dəvət edilmişdir. Tədqiqatçı-jurnalistin məlumatına görə, gənclik illərində Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının qurucusu Pənahəli xanın sarayında xidmət etmişdir. O, Pənahəli xanın etibar etdiyi, güvəndiyi saray əyanlarından biri idi. Bəzi tarixi faktlara əsasən, ehtimal etmək olar ki, Pənahəli xan Kərim xan Zəndin dəvəti ilə Şiraza gedərkən özü ilə apardığı yaxın adamlari sırasında Mirzə Vəli bəy Baharlı da var idi: “Sonralar Mirzə Vəli bəy Baharlı Pənahəli xanın yerinə taxta çıxmış oğlu İbrahimxəlil xanın etibarını qazanmış saray əyanlarından biri olmuşdur. Mirzə Vəli bəy Baharlı İbrahimxəlil xanın inandığı, arxalandığı, təcrübəli dövlət adamlarından sayılırdı. Xanlığın bütün məsələlərinin həllində onun verdiyi ağıllı məsləhətlər də əsas rol oynayırdı. Məhz bu istedadına, etibarına görə Mirzə Vəli bəy Baharlı Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdir. İbrahimxəlil xanın vəziri kimi o, bir sıra diplomatik danışıqlarda Qarabağ xanlığını layiqincə təmsil etmişdir”. Orxan Zakiroğlu (Baharlı) araşdırmasına əsasən, yazır ki, İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarla dostluq münasibətləri yaratmaq məqsədilə Mirzə Vəli bəy Baharlını əmisi oğlu Əbdüssəməd bəylə birlikdə İrana elçi göndərir: “Elçilər bir müddət Tehranda yaşamalı oldular. Bir sıra siyasi məsələlərin həll edilməsində yaxından iştirak etdilər. Lakin çox keçmir ki, Rusiyaya meyblli olmaqda günahlandırılan İbrahimxəlil xanla Ağa Məhəmməd şah Qacar arasında münasibətlər pozulur. Ağa Məhəmməd şah Qacar İbrahimxəlil xanı cəzalandırmaq üçün diplomatiya qaydalarının şərtlərini pozaraq Qarabağ xanlığının ağıllı dövlət adamı Mirzə Vəli bəy Baharlını və onunla gələn saray əyanlarının həbs edilməsi haqqında əmr verir. Qarabağa aid salnamə müəlliflərinin yazdığına görə Əbdüssəməd bəy Qarabağa qaçmağa təşəbbüs etsə də? yolda qətlə yetirildi. Həmin müəlliflərin qələmə aldıqları salnamələrdə bildirilir ki, Qarabağ xanlığında İbrahimxəlil xana yaxın dörd şəxs olmuşdur. Mirzə Vəli bəy Baharlı, Əbdüssəməd bəy, Molla Pənah Vaqif, qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy İbrahimxəlil xanın məsləhətləşdiyi, etibar etdiyi ağıllı dövlət adamları idilər. İbrahimxəlil xan xanlığın bütün məsələlərinin həll edilməsində onlarla məsləhətləşirmiş. İbrahimxəlil xan vəziri, etibar etdiyi yaxın məsləhətçisi Mirzə Vəli bəy Baharlını azad etməyə çalışsa da, Ağa Məhəmməd şah Qacarla apardığı danışıqlar nəticəsiz olur. Qarabağ xanlığının güclənməsini istəməyən Ağa Məhəmməd şah Qacar xanlığın ağıllı, təcrübəli dövlət xadimi sayılan Mirzə Vəli bəy Baharlını İbrahimxəlil xana qaytarmadı. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Mirzə Vəli bəy Baharlının qətlə yetirilməsi ilə bağlı fərman verdi. Ağa Məhəmməd şah Qacarın Mirzə Vəli bəy Baharlı haqqında çıxartdığı ölüm fərmanı xüsusi bir qəddarlıq idi. Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Vəzirov, Məhəmmədəli bəy Vəlizadə kimi salnamə müəlliflərinin yazdıqlarına əsasən? Mirzə Vəli bəy Baharlı Tehranda döyüş topunun lüləsinin ağzına bağlanılaraq işgəncə ilə öldürülmüşdür”. Tədqiqatçı-jurnalist bildirir ki, Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy, İbrahim bəy, İmamverdi bəy, Həsənəli bəy adlı 4 oğlu olmuşdur. “Əhvalati-Qarabağ” (transliterasiya edəni Nazim Axundov) əsərindən məlum olur ki, Mirzə Vəli bəy Baharlının qətlindən sonra Mirzə Haşım bəy və İbrahim bəy Baharlı İbrahimxəlil xanın sarayında xidmət etmişlər. Mirzə Haşım bəyə qeyri-adi istedadına görə Zərrinqələm adını vermişlər. Zakiroğlu (Baharlı) yazır ki, Mirzə Vəli bəy Baharlının Ağa Məhəmməd şah Qacar tərəfindən Tehranda qətlə yetirilməsindən sonra onun nəvələri babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar: “Vəlibəyov soyadını daşımış Mirzə Vəli bəy nəslinə mənsub insanlardan biri də ata babam - Cabbar bəy İsmayıl bəy oğludur. Cabbar bəy İbrahim bəy Baharlının kötücəsidir. Şuşa realnı məktəbinin məzunu Cabbar bəy doğulub boya-başa çatdığı Şuşa qəzasının I Baharlı kəndindəki (indiki Ağdam rayonunun I Baharlı kəndi) evində məktəb açaraq, 1913-cü ildə yeni tipli məktəbin əsasını qoymuşdur. Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra bəy, ziyalı olduğu üçün Cabbar bəy 1937-ci ildə həbs edilərək Sibirə sürgün edilmiş, faciəli şəkildə vəfat etmişdir. Atam - Azərbaycanda orta əsrlərə aid Şərq fəlsəfəsi tarixinin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Cabbar bəyin oğludur. Zakir Məmmədov (Baharlı) siyasi təqib şəraitində böyüdüyü üçün uşaq ikən anasının soyadına keçirilmişdir. Mirzə Vəli bəy Baharlının övladları tarixin müxtəlif dövrlərində Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında əhəmiyyətli rol oynamış nəsildir. Mirzə Vəli bəy Baharlının nəslinə mənsub insanlar bu gün də sələflərinin layiqli davamçıları kimi Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edirlər”.
Anar MIRIYEV





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info