“Sənli günlərim” romanı haqqında düşüncələrim
Tarix: 18.05.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


2016-cı il aprel ayının birindən beşinə qədərki günlər xalqımızın müstəqillik dövründə olan ən parlaq, yaddaşlarda qalacaq tarixi günlər olacaq. Ona görə ki, həmin günlərdə xalqımız 25 illik həsrətlə gözlədiyi qələbə yolunun ilk cığırlarının açılmasını gördü. Dünyaya birliyini, cəsarətini, Vətən yolunda, torpaq yolunda ölümünü mərdliklə qarşıladığını göstərdi, göstərdi ki, yenilməz, ildırım sürətli, babalarımız Koroğlu kimi, Babək kimi, müasirləri, həmyaşıdları Mübariz kimi qeyrətli, cəsarətli ordumuz var; göstərdi ki, bu ordunun arxasında dövləti, rəhbəri - prezidenti ilə bir olan, cinsindən, irqindən, milli-dini mənsubiyyətindən, yaşından asılı olmayaraq Azərbaycanın hər qarış torpağı uğrunda canını əsirgəməyən xalq var; göstərdi ki, bu yenilməz orduya, bu mətin xalqa rəhbərlik edən uzaqgörən siyasi milli lider var!
Şübhə yoxdur ki, xalqımızda bu yüksək vətənpərvərlik ruhunun yaranmasında bədii ədəbiyyatın da danılmaz rolu var. Belə ki, torpaqlarımızın bir hissəsinin erməni işğalçılarından azad etmək uğrunda gedən döyüşlər haqqında, bu döyüşlərdə iştirak edən əsgərlərimiz haqqında keçən əsrin sonlarından başlayaraq yeni - yeni əsərlər yarandı, kitablar nəşr olundu. Belə kitablardan biri də Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dilsuz Dünyamalıyevin bu yaxınlarda nəşr olunmuş “Sənli günlərim” adlı kitabıdır. Kitab 2015-ci il Bakı, “Azpoliqraf” nəşriyyatında 335 səhifədən ibarət nəşr olunmuşdur.
Kitabda müəllifin “Şənli günlərim” adlı romanı, “Ağrılı talelər” adlı povesti, “Hər ömürdən bir yarpaq” (folklor nümunələri, tarixi rəvayətlər,esselər) və “Hikmətli kəlamlar” başlığı altında nümunələr verilmişdir.
Qeyd edək ki, “Sənli günlərim” Dilsuz Dünyamalıyevin sayca 6-cı kitabıdır. Bundan əvvəl onun “Qağayı nəğməsi”, “Gecikmiş etiraf”, “Ömrün payızı”, “Tale yollarında”, “Hikmət çələngi” adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmış, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir.
Unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı bir bəndi
Yaz ayları şaqqıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm? şeiri epiqraf seçilmiş “Sənli günlərim” romanı müəllifin dünya, zaman, insan və insan taleyi haqqında düşüncələri ilə başlayır. Sanki, müəllif öz qəhrəmanının taleyində baş verəcək hadisələrə bir növ oxucunu hazırlayır.
Əsərin baş qəhrəmanı Asimandır. Oxucu onu ailədən - uşaqlıq və gənclik illərindən izləyir. Asiman Naxçıvanda ziyalı ailəsində dünyaya gəlmiş və atasının - Naxçıvan Dövlət Dram Teatrının aktyoru İnayətin yolunu davam etdirir.
Romanda baş verən bütün hadisələrdə İnayət müəllim iştirak edir. Biz onu gənclik illərində İncəsənət İnstitutunun fəal tələbəsi, xarakteri, milli qüruru, davranışı ilə əsl Azərbaycan gənci kimi görürük. O, iki sərxoş oğlanların əlindən qızları (Konservatoriyada oxuyan, gələcəkdə həyat yoldaşı olan Şəfəq və onun rəfiqəsini) alarkən, özünün yaralanmasına baxmayaraq; - “Bu mənim insanlıq, vətəndaşlıq borcum idi” - deyir. İnayət müəllim mehriban, qayğıkeş bir ailə başçısı, vətəninə, xalqına xidmət edən sadə, səmimi bir aktyordu. İnayət müəllimi oxucu öz yeganə oğlunun Azərbaycan torpaqlarını erməni yağılarından qorumaq üçün cəbhəyə yola salan, şəhid olmuş oğlunun dəfnində vüqarla dayanan ata, yeganə nəvəsini Azərbaycan ordusuna xidmətə göndərən məğrur baba kimi görür. Romanda Asimanın könüllü ordu sıralarına getməsi səhnəsi belə təsvir olunur; Şəfəq xanım (Asimanın anası) və Diltacın göz yaşları qurumurdu. Axırda İnayət müəllim hirsləndi:
- Gedənin dalınca ağlamazlar! Xeyir - dua diləyər, ilahidən mərhəmət umarlar! Özünüzü ələ alın! Hərə bir tərəfə qaçıb gizlənsə, bəs bizim namusumuzu, qeyrətimizi, ana - bacılarımızı kim qoruyacaq? İmkan verərlərsə bu yaşımda mən də döyüşə gedərəm.
Oğlunu - Milli Qəhrəman Asimanı və ona həmişə sadiq olan həyat yoldaşı Şəfəqi itirən - Baba İnayət müəllim gəlini- Diltacın və qızı Türkanın yanında özünü tox tutmağa çalışır, və hərdən ürəyində deyirdi:
“İnayət, kiminə şəkər, kiminə zəhər, kiminə yəhər, kiminə nal olan gedimli - gəlimli dünyada vüqarını, dəyanətini itirmə! Axı, sən ermənilərin başına pul ayırdığı qəhrəman Asimanın atasısan!”.
“Erməni daşnaklarının çarxının yenməsini, Şuşada Azərbaycan bayrağının dalğalanmasını görməyincə ölməyəcəyəm. Qələbə paradında özüm də iştirak edəcəyəm!”. Əsərin sonunda İnayət müəllim nəvəsi Nihalın toyunu görür, əsərdə milli adət - ənənəmiz hər yerdə gözlənildiyi kimi, Nihalın toyməclisi də milli cizgilərlə verilmişdir. Məclis birlik, həmrəylik rəmzi olan yallı ilə bitir.
Romanın əsas qəhrəmanı Asimandır. Müəllif qəhrəmanın inkişafında ailə və məktəbin roluna daha geniş yer verir. Əvvəldən qeyd etdiyimiz kimi, Asimanın ailəsi çox sadə və səmimi bir ailədir. Bu səmimi ailədə böyüyən Asimanın inkişafında müəllimlərinin müstəsna yeri romanda hərtərəfli verilmişdir. Düzdür, romanda bir neçə müəllim obrazı var. Bunlardan yadda qalanı -daha doğrusu az görünüb, oxucunun diqqətini cəlb edənlər Əziz müəllim və İqbal müəllim kimi köməkçi obrazlardırlar. Əsərin bir neçə yerində Əziz müəllimin dediyi bir ibrətamiz xalq məsəli xatırlanır, insanları ümidsizliyə qapılmaqdan çəkindirən, onları həyatla, mühitlə xoş amal uğrunda mübarizəyə çağıran, zalımın qaranlığın əbədi olmayacağını bildirən fələyin çarxı məsəli yada düşür.
İqbal müəllimi oxucu İrəvan - Bakı qatarı ilə Naxçıvandan Bakıya gedərkən görsə də onun müəllimə xas olan cizgiləri, mədəni davranışı, ağıllı məsləhəti, səmimiliyi oxucunun yaddaşında qalır. İqbal müəllim Asimanla qatarda tanış olurlar.
Asimanın bibisi Xavər xanım bu səmimi müəllimə də gileylənir ki, - Ay müəllim! Söhbətinizdən görünür ki, dünyagörmüş adamsınız. Bu saqqalı ağarmışın yaşı otuz beşə çatıb. Evləndirə bilmirik. Bəlkə, siz buna bir məsləhət verəsiniz.
İqbal müəllim bir neçə ağıllı məsləhət verir, hətta məhəbbət mövzusunda şeirlər də deyir. Tambura çıxan İqbal müəllim bir qızın ağladığını görür, səbəbini öyrənir ki, qızın kupe yoldaşları üçü də kişidi, özləri də içki içir, papiros çəkirlər. Qız bu kupedə necə gecələyəcəyini düşünüb ağlayır. Müəllim mehriban bir ata nəvazişi ilə qızın əlindən tutub kupeyə gətirib deyir - sən burda-mənim yerimdə yatarsan, mən də sənin yerində və zarafatla Xavər xanıma deyir; - Bizim sevimli aktyorumuz hanı? Qızı tapıb gətirmişəm.
Qızın portretini sözlə yaradan müəllif “Asimanın yatmış könül duyğularını yerindən elədi” - yazır. “Asiman öz - özünə qımıldandı. “İlahi, bu nə möcüzədir, yoxsa bu qisməti mənə göydən endirmisən?”
Bibinin suallarına cavab olaraq ürkək ceyranı xatırladan qız haqqında aşağıdakılar məlum olur. Adı Diltacdır. 1937-38 - ci illərdə babaları Naxçıvanın Qaraçuq kəndindən Qırğızıstana sürgün olunmuş, ata - anası orada yaşayır. Diltac Frunzedə İqtisadiyyat fakültəsində təhsil almış və ixtisası üzrə işləyir, məzuniyyət vaxtı olduğundan Qaraçuq kəndində yaşayan xalasıgili görməyə gəlmiş, indi də Bakıda yaşayan qohumlarıgilə gedir. Sonra Qazağıstana qayıdacaq.
Əsərin süjet xətti bundan sonra Asimanla Diltacın ailə qurub yaşamaları xətti ilə davam edir.
Əsərdə verilən ən dolğun, hərtərəfli işlənmiş müəllim surəti professor Gilançaylıdır. O, İncəsənət İnstitutunun professoru, eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının rəhbəridir. Gilançaylı bu mədəniyyət ocağına gələndən burada istedadlı gənclərə üstünlük verilir, onların istedadlarının parlaması üçün onlara imkanı çatdığı qədər imkan və şərait yaradır. Oxucu Gilançaylını böyük bir kollektivin siyasi, iqtisadi və mənəvi atası, rəhbəri görür. O, özündə olan insani keyfiyyətlərini, seçdiyi sənətə, vətənə, xalqına olan məhəbbətini həm dərs dediyi tələbələrə, həm rəhbərlik etdiyi kollektivin hər bir üzvünə, həm də öz balasına təlqin edir. Bunun üçün o, hər şeydən əvvəl təmkinli və səbirlidir. Naxçıvan teatrından Bakıya dəvət etdiyi gənc aktyor Asimana onun istedadına paxıllıq edənlərin qurduğu tələnin üstünün açılmasında göstərdiyi səbir və təmkin, tələ quranlara qarşı göstərdiyi alicənablıq və mərhəmət oxucunun gözündə onu yüksəlir.
Oxucu millətin, vətənin dərdini çəkməkdən ürəyi paralanan Gilançaylının iş yerində 1990- cı il hadisələri ilə bağlı keçirilən yığıncaqda deyilən erməni vəhşiliklərinə, xalqımıza qarşı edilən haqsızlıqlara dözməyən ürəyinin dayanmasına inanır, onu da müəllifin yazdığı kimi, Xudu Məmmədov, Fərman Kərimzadə ilə bir sırada görür.
Romanın əsas baş qəhrəmanı Asimandır. Deyildiyi kimi, o, Naxçıvanda orta məktəbi qurtarmış, atası - Naxçıvan Teatrının aktyoru İnayətin yolunun davamçısı olmaq üçün İncəsənət İnstitutunun aktyorluq ixtisasını bitirmiş, təyinatı üzrə Naxçıvan Teatrında işə başlamış, lakin az keçmədən onun istedadını görən Əzizbəyov adına Dövlət Dram Teatrının rəhbəri, eyni zamanda, Asimana dərs demiş professor Gilançaylı onu Bakıya dəvət etmişdir. Əsərdəki əsas hadisələr də bundan sonra cərəyan edir.
Tələbəlik illərində də, sonrakı həyatında da Asiman orta məktəbdə ədəbiyyat müəlliminin dediyi; - “Elm xəzinədirsə, mütaliə onun açarıdır. Ağıl sənin yol göstərənin, səbir isə başçındır” hikmətli cümlələrdəki fikirlərə əməl etməyə çalışmışdır. Xüsusən ailə qurmaqda ağılla hissin- nəfsin arasında həmişə tərəddüddə qalmışdır.
Yeni iş yerində daha tez parlayan Asimanı teatrın bir qrup mənfi tiplərinin gözü götürmür. Onu müxtəlif yollarla ləkələməyə çalışırlar. Bunun üçün onlar Asimanla çox zaman tərəf müqabili Asimanı dəlicəsinə sevən, Asimandan beş yaş kiçik olan Əsmərdən istifadə edirlər. Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin məşqləri gedən zaman Asiman qrim otağında soyunan anda Əsməri aldadaraq yarımçılpaq şəkildə Asimanın otağına salır, şəkillərini çəkirlər, digər tərəfdən Əsmərə Gilançaylının qızı Xatuna məktub yazdırırlar.
Gilançaylının vasitəsi ilə işin üstü açılır. Nazir müavini Novruzovun yaxın qohumu, bu işin təşkilatçısı olan Əlixanlı və onun yoldaşları Nəsibov, Mərcan və başqaları ifşa edilir. Asiman ailə qurmaqda tələsmədi. O, nə onu dəlicəsinə sevən Əsmərlə, nə Gilançaylının qızı Xatunla, nə də onunla tərəf müqabili olan, “Bulaq” radio verilişlərinin aparıcısı, gözəlliyi ilə hamını heyran edən Gülərlə evlənmir. Asiman həm öz ata - anasının razılığı, həm də qatarda gördüyü, Qırğızıstanda yaşayan əsli Qaraçuq kəndindən olan Diltacın ata - anasının razılığı və xeyir-duaları ilə Diltacla ailə qurur. Oğlanları Nihal dünyaya gəlir. Nihalın gəlişi ailəyə sevinc gətirsə də, baş verən hadisələr, xüsusən, erməni daşnaqlarının - arxalı köpəklərin torpaqlarımızı hissə - hissə işğal etməsi Asimanı rahat buraxmırdı.
Romanda göstərilir ki, bir gün işdən evə qayıdarkən hökumət evinin qarşısındakı izdihamı görüb, ora gedən Asiman baxir ki, taxtadan quraşdırılmış kürsüdən bir nəfər yaşlı hərbçi çıxış edir: O deyir: - Mənim əzizlərim! Qardaşlarım, analarım, bacılarım, atalarımız! Mən sizə müraciət edirəm! Artıq bıçaq sümüyə dayanıb. Biz bu gündən könüllü olaraq öz istəyimizlə ayağa qalxmalıyıq! Ordu sıralarına könüllü yazılmalıyıq. Erməni vəhşilərinin dərsini verməliyik! Bunu bizdən zəbt olunan torpaq namusu, əsirlikdə başlarına min cür oyun açılan qız - gəlinlərimizin fəryadı tələb edir. Həzrət Əlinin bir kəlamını xatırlatmaq istəyirəm. O demişdi; “Əgər yağı düşmən qabağında divar kimi dikəlməsən, onun qarşısını almasan, düşməndən hər cür fəziləti qəbul etməyə hazır olmalısan” Mən bir köhnə hərbçi kimi ancaq könüllülərdən ibarət olan oğullarımızla ermənilərin qabağını Murov istiqamətində almağa gedəcəyəm. Mənimlə döyüşə könüllü getmək istəyənlər adlarını siyahıya yazdırsınlar.
Bundan sonra çıxış edənlər erməni vəhşiliklərindən danışıb, xalqı ermənilərə - düşmənə qarşı mübarizəyə səslədilər.
Yazıçı qəhrəmanını Murov ətrafında gedən döyüşlərdə göstərdiyi çətin şəraitdəki vəziyyətlərdə oxucuya təqdim edir. Kəşfiyyatçı olaraq dəfələrlə erməni ordusunun etmək istədiklərini mərkəzə çatdırır, düşmən kəşfiyyatçıları ilə döyüşlərə girir, neçəsini öldürür, diri tutduqları da olur. Əsərdə verilən döyüş səhnələri inandırıcı və ölümün gözünə dik baxan döyüşçülərin vətən və xalq yolunda mərdliyi, onların gələcəyə inamları real təsvir olunmuşdur. “Cəhənnəm dərəsi”ndəki döyüşdə düşmən mühasirəsində olan əsgərlərimizin mühasirədən çıxmasına kömək edən Asiman və onun yoldaşları - Aqil və Nadirin igidliyini, cəsurluğunu oxuduqca oxucuda düşmənə nifrət, igidlərimizə rəğbət, sevgi hisləri güclənir. Romandan oxuyuruq; - İki ilə yaxın müddətdə ermənilərə qənim kəsilən Asimanın silah yoldaşları - Aqil və Nadir əsir düşmək məqamında son gülləni öz alınlarına sıxdılar. Asiman da yaralanmışdı. Patronları da lap azalmışdı. Hiss edirdi ki, bu onun sonuncu döyüşüdür. Gözləri önünə bir anlığa atası, anası, sevimli Diltacı və azyaşlı Nihalı gəldi ürəyində pıçıldadı: “Salamat qalın, mənim əzizlərim! Ölümümə də təəssüflənməyin! Bu yağılardan qisasımı on qat, iyirmiqat artıqlaması ilə almışam”.... Düşmənlər kəşfiyyatda “Bəbir” şərti adıyla tanınan yaralı aslanımızı diri tutmaq istəyirdilər. Beş - altı erməni onu ölmüş bilib, lap yaxınına gəldilər. Elə bu vaxt Asiman qumbaranı işə saldı. Özü də parça - tikə oldu, onu diri tutmaq istəyən ermənilər də...
Göründüyü kimi, ölümün gözünə dik baxan Asiman ölümü ilə düşməni də məhv edir, ondan yoldaşlarının və özünün qisasını alır. Ölümündən sonra Milli Qəhrəman adı alan Asimanın yadigarı olan Nihalın böyüyüb ali təhsil alması, hərbi borcunu yerinə yetirərkən atəşkəsə əməl etməyən erməni əsgərlərilə mərdliklə vuruşması, vuruşdan qalib çıxması və onun toyu ilə bitən roman obrazların hərtərəfliliyi, süjetin sadəliyi, hadisələrin həyatiliyi ilə oxucunu cəlb edir.
Qeyd edək ki, günümüzün hadisələri göstərir ki, romanın ideyası - Azərbaycanımızın torpaq bütövlüyü, əsərin qəhrəmanı Asiman kimi minlərlə qəhrəman oğullarımızın qeyrət və cəsarəti ilə haqlı döyüşlərlə bərpa olunacaq, al bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.
O günlərin arzusu ilə romanın müəllifinə yeni yaradıcılıq uğurları arzusu ilə:
Əbülfəz Muxtaroğlu
Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Azərbaycan rəqs kollektivi beynəlxalq festivalda qran-pri mükafatına layiq görülüb
17.09.2019
Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər
17.09.2019
Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı
17.09.2019
“Qodonun intizarında“ Fərqli səhnədə
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info