“Universitetlərin regionlarda fəaliyyəti həmən bölgənin inkişafı üçün zəruridir”
Tarix: 23.05.2016 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Dosent İlham Əhmədov: “Regionun sosial-iqtisadi inkişaf strategiyası ilə universitetin fəaliyyət istiqamətlərini əlaqələndirərək, regionun kadr potensialını, həyata keçirilən regional və lokal layihələrin kadr təminatı və elmi təminatını gücləndirmək olar”

Layihə çərçivəsində müsahibimiz ADPU-nun “İKT, Monitorinq və Qiymətləndirmə” Mərkəzinin direktoru dosent İlham Əhmədovdur:
-Universitetlər paytaxtdamı cəmləşməlidir?
-Ölkə səviyyəsində universitetin missiyası biliklərin yaradılması, saxlanılması və yayılması yolu ilə cəmiyyət və şəxsiyyətin inkişafına, zənginləşməsinə nail olmaqdır. Region səviyyəsində isə universitetin missiyası regionun inkişafına dəstək vermək, regionun sosial-iqtisadi və mədəni inkişafına təkan verən xidmətlər təqdim etməkdir. Universitetin hansı xidmətlər təklif etməsindən asılı olaraq regionun gələcək inkişaf vektoru müəyyən edilə bilər. Əgər keyfiyyətli universitet qlobal mənada millətin, dövlətin rəqabətqabiliyyətliyini yüksəldirsə, keyfiyyətli regional universitet təhsili ölkə daxilində regionun rəqabətqabiliyyətliyini yüksəldir. Son vaxtlar universitetlərin şəhərdən kənara köçürülməsi ilə əlaqədar müəyyən tədbirlər aparılır. Bu, uzunmüddətli və xeyli maliyyə tələb edən prosesdir. Bu məsələ təkcə bir binadan digər binaya köçmək kimi qiymətləndirilməməlidir. Burada kompleks problemlər həll edilməlidir. Bu prosesdə universitet təkcə zahirən yenilənməməli, məzmunca da yeni keyfiyyət səviyyəsinə yüksəlməlidir. Əks halda yeni, müasir binada yerləşən, formaca müasir, lakin məzmunca arxaik, gələcək perspektivi olmayan, tələbələr və iş dünyası üçün maraq kəsb etməyən, dünyada və regionda tanınmayan bir universitet olacaqdır. Bu məqsədlə universitetlərin tədris metodik, ən əsası isə kadr təminatı gücləndirilməlidir. Ali məktəb müəllimləri üçün mükəmməl təkmilləşdirmə və ixtisasartırma sistemi yaradılmalıdır. Çünki son 20 ildə dünya universitetlərində xeyli yeniliklər olub, bu yeniliklərin xeyli hissəsi bizim universitetlərdə öz əksini tapmayıb. Bu gün təhsil innovasiyalarını mənimsəmək və tətbiq etmək universitetlər üçün zəruridır. Digər tərəfdən regionlarda olan universitetlərin də tədris metodik və kadr təminatı gücləndirilməlidir. Çünki universitetin gücü orada olan tələbə-müəllim heyətinin səviyyəsindən, universitetin kadr potensialından asılıdır. Bu mənada universitetlərimiz müasirləşməlidir, informatlaşmalıdır, müasir təhsil innovasiyalarının geniş poliqonuna çevrilməlidir. Yəni tədricən universitetlər paytaxtdan kənara köçürülə bilər, amma universitetin əsas missiyası unudulmamalıdır. Universitet xalqın, dövlətin gələcək inkişafını təmin etməlidir. Necə deyərlər, bu gün universitetlərimiz necədirsə, sabah ölkə o səviyyədə olacaq. Bu gün respublika qarşısında yeni iqtisadi vəzifələr müəyyənləşib. Dünyada, eləcə də respublikamızda neft erası sona çatır. “Azərbaycan 2020- gələcəyə baxış” inkişaf strategiyasında və digər sənədlərdə bu vəzifələr konkret göstərilib. Ölkənin qeyri-neft sektorunun inkişafı, tədricən elmtutumlu innovasion inkişafa keçid prioritet istiqamət hesab edilir. Bu isə insan kapitalının, xüsusən də təhsilin inkişafını tələb edir. Universitetlər bu mərhələyə hazır olmalıdırlar. Çünki bu mərhələnin nəticəsi daha çox universitetlərdən asılı olacaq
- Regionların inkişafında universitetlərin nə kimi rolu var?
-Universitetlərin regionlarda fəaliyyəti həmən bölgənin inkişafı üçün zəruridir. Regional universitet regionun inkişafının baza elementidir. Bu günün regional universiteti bölgənin beyin mərkəzi olmalıdır. Regionun sosial-iqtisadi inkişaf strategiyası ilə universitetin fəaliyyət istiqamətlərini əlaqələndirərək, regionun kadr potensialını, həyata keçirilən regional və lokal layihələrin kadr təminatı və elmi təminatını gücləndirmək olar. Əgər keyfiyyətli universitet qlobal mənada millətin, dövlətin rəqabətqabiliyyətliyini yüksəldirsə, keyfiyyətli regional universitet regionun ölkə daxilində rəqabətqabiliyyətliyini yüksəldir. Təəssüf ki, bu gün biz lazımi səviyyədə rəqabətədavamlılığı təmin edə bilməmişik.
Beynəlxalq ticarət təşkilatı artıq 15 ildir təhsili bir xidmət növü kimi dəyərləndirir. Universitetlər hansı xidmətlər göstərməlidir? Bu günün universiteti aşağıdakı xidmətlər spektrini cəmiyyətə təqdim edə bilər:
1. Təhsil sahəsində xidmətlər. 2. Elm-innovasiya sahəsində xidmətlər. 3. İnformasiya sahəsində xidmətlər. 4. Beynəlxalq əlaqələr sahəsində xidmətlər. 5. Sosial mədəni sahədə xidmətlər.
1.Təhsil sahəsində xidmətlər. Regionun tələbinə uyğun olaraq kadr hazırlamaq, bu məqsədlə regionun əmək bazarı ilə əlaqə yaratmaq. Regional universitet bölgə əhalisinin yenidən hazırlanması, ixtisasının yüksəldilməsi istiqamətində səmərəli fəaliyyət göstərə bilər. Bu regionda təhsilin fasiləsizliyini təmin etməklə kadrları daha mürəkkəb peşələrə yiyələnməyə çoxprofilli mütəxəssis olmağa kömək edə bilər.
2. Elm-innovasiya sahəsində xidmətlər. Universitetlər, əsasən, fundamental, tətbiqi və monitorunq tədqiqatları aparırlar. Universitetin fundamental tədqiqatları nəzəri biliklərin yaradılmasına xidmət edir, hipotezlər irəli sürür, nəzəri metodlar hazırlayırlar. Fundamental tədqiqatlar kommersiya məqsədi daşımır. Universitetin tətbiqi tədqiqatları fundamental tədqiqatlar zamanı alınmış biliklərin real həyati problemlərin həllinə tətbiq edir. Universitetin monitorinq tətqiqatları isə region həyatının muxtəlif sahələrinə istiqamətlənib və bu təhlil nəticəsində problemləri müəyyən edir. Universitet regional innovasiya sisteminin mühüm obyektidir. İnnovasiya sisteminin digər obyektlərinə nəzərən univeristetlər daha səmərəli innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Universitetin innovasiya fəaliyyətinin öncül istiqaməti təcrübi kontrusktiv işləri, elmi tədqiqat və innovasion elmi tədqiqatlar olmalıdır. Univeristet regional innovasion fəaliyyətin lideri olaraq texnoparklar, regional innovasiya mərkəzləri yaradaraq, öz elmi işlərinin layihələrini burada tətbiq edə bilərlər.
3. İnformasiya sahəsində xidmətlər. Elmi məqalələrin və təhsil proqramlarının yayılması vasitəsi ilə təhsil və biliyin nüfuzunun yüksəldilməsi, region əhalisinin yeni informasiya texnologiyarı sahəsində səriştəliliyinin yüksəldilməsi.
Regional universitetin İnformasiya sahəsində xidmətlərinə, həmçinin İKT sahəsindəki fəaliyyət də aid edilə bilər. Qlobal şəbəkələr regionun informasiya sistemlərini dünya informasiya sisteminə inteqrasiya edilməsinə, yeni informasiya texnologiyalarının inkişafına dəstək olmalıdır. Regional şəbəkələrin fəaliyyətinin əsas problemi şəbəkədə regional informasiyanın azlığı və bu səbəbdən də regionun dünya informasiya cəmiyyətinin bərabərhüquqlu üzvü olmasına problem yaradır. Regional universitetlər bu mənada regionun qlobal şəbəkədə təmsil olunmasına dəstək ola bilər.
4.Beynəlxalq əlaqələr sahəsində xidmətlər. Regional universitetin xarici universitetlərlə qarşılıqlı əlaqəsi zamanı xarici ölkə universitetlərinin professor, tələbə , magistrlərinin region universitetinə dəvət edilməsi və beləliklə, regionun beynəlxalq əlaqələrinin artması, birgə layihələrin icrası mümkün olur.
5. Sosial mədəni sahədə xidmətlər. Bura gənclər siyasətinin həyata keçirilməsi, istedadlı gənclərlə işin təşkili, fənn olimpiadalarının təşkil, müxtəlif sosial- mədəni tədbirlərin, gənclər arasında idman yarışlarının və s. kimi kütləvi tədbirlərin təşkili aid edilir.
-Universitetlərin regionlardakı filiallarının perspektivlərini necə dəyərləndirirsiniz?
-Universitetin filialı ali təhsil müəssisəsinin xüsusi struktur bölməsi olub, onun yerləşdiyi şəhərdən fərqli məkanda fəaliyyət göstərir, universitetin bütün funksiyalarını və ya bir qismini həyata keçirir. Filial tabe olduğu universitetin tərkibində ümumi qaydalarla yuxarı təşkilat tərəfindən attestasiyadan keçir. Hər hansı universitetin filialının açılması perspektivdə onun bazasında müstəqil regional universitetin yaradılması məqsədi güdür. Bizim respublikada vaxtı ilə Neft-Kimya İnstitutunun (indiki ADNSU) Sumqayıt və Mingəçevir şəhərlərində açılan filialları sonralar SDU və MPİ (indiki MDU) kimi regional universitetlərə çevrildilər. Hər hansı universitetin filialının yaradılması çətin və məsuliyyətli işdir. Bu addımı atmazdan əvvəl onun zəruriliyi əsaslandırılmalı, müəyyən hazırlıq mərhələsi çərçivəsində filialın kadr təminatı məsələləri həll edilməlidir. Çünki filialda təhsilin keyfiyyəti orada çalışan professor-müəllim heyətinin elmi-pedaqoji səviyyəsindən çox asılıdır. Universitetin məzunu ilə filialın məzunu eyni diplom alır, diplomda məzunun filialda təhsil alması barədə qeyd olmur. Bu səbəbdən universitetin rəhbərliyi filialın verdiyi diploma və onun məzununun səviyyəsinə görə məsuldur. Amma müstəqilliyin ilk illərində regionlarda filialların açılmasında tələskənliyə yol verilib. Belə ki, respublikada müəllim kadrlarına elə də ciddi ehtiyac olmadığı halda, Azərbaycan Müəllimlər İnstitutu yaradıldı və çox qısa zaman ərzində respublikanın 11 bölgəsində onun filialları açıldı. Təbii ki, yeni yaradılan ali məktəbin özünün formalaşmasına illərlə vaxt lazım olduğu halda, az zaman ərzində onun 11 filialını formalaşdırmaq, keyfiyyətli professor müəllim heyəti ilə təmin etmək real deyildi (müqayisə üçün qeyd edək ki, 260 yaşı olan Moskva Dövlət Universiteti kimi möhtəşəm ali məktəbin cəmi 6 filialı var, bu filiallar da son 20 il ərzində mərhələlərlə yaranıb). Yəqin ki, bu səbəbdən son illərdə AMİ-nin filiallarının bir neçəsi bağlandı və ya başqa universitetlərin tabeçiliyinə verildi (məlum olduğu kimi, bu yaxınlarda xüsusi fərmanla BDU-nun Qazax filialı və ADİU-nin (UNEC) Zaqatala filialları yarandı). Digər bir fərmanla AMİ digər filialları ilə birgə ADPU-ya birləşdirildi. Bunlar vaxtında verilmiş qərarlar idi, hesab edirik ki, bu fərmanlar təhsilin inkişafına dəstək verəcək. Regionlardakı filiallarda tədrisin keyfiyyətini yüksəltmək, kadr təminatını gücləndirmək üçün ya əsas universitetin müəllimlərini tez-tez filiallara ezam etmək, ya da müasir təhsil innovasiyalarından, yeni texnologiyaların imkanlarından istifadə edərək on-layn mühazirələr təşkil etmək, tədricən distant təhsil elementlərindən istifadə etmək lazımdır ( BDU-da və ADİU-də distant təhsilin inkişafı üçün müəyyən imkanlar var, sadəcə, bu sahədə fəaliyyəti genişləndirmək lazımdır). Bu halda Bakıda əsas universitetin auditoriyalarında professorların oxuduğu mühazirələri filialın tələbələri canlı real vaxt rejimində izləyə bilər, sonralar isə bu mühazirələrin video və audio arxivlərindən ibarət videoteka yaratmaqla filialdakı keyfiyyətli kadr təminatı problemini açıq elektron təhsil resurslarının yaradılması və inkişafı hesabına tədricən həll etmək olar. Bu gün Azərbaycanda ali təhsil sistemində açıq elektron təhsil resursları yox dərəcəsindədir, hərçənd bu ideya UNESCO-nun təhsil siyasətinin prioritetlərindəndir. Belə resurslar regional universitet və filiallara tədrisin təşkilində kömək etməklə yanaşı, müstəqil surətdə fasiləsiz təhsil almaq istəyən bütün tələbələrə, ümumən bütün vətəndaşlara da xeyirli ola bilər.
Beynəlxalq təcrübədə (məsələn, Türkiyədə) regional universitetlər və filiallar yaradılarkən, paytaxtın aparıcı universitetlərindən professor-müəllim heyəti daha yüksək məvaciblə (bəzən ikiqat həcmdə) regional universitetlərə işə dəvət olunur, onların mənzil problemləri də universitetin hesabına həll edilir. Moskva Dövlət Universitetinin filiallarının da iş modeli maraqlıdır. Əgər biz də regionlarda universitet və filiaların real inkişafını istəyiriksə, belə təcrübələrdən faydalanmalıyıq. Bu halda regionlarda müxtəlif sahələr üzrə kadr hazırlığı vasitəsi ilə insan kapitalını gücləndirə bilər, bölgələrin sosial-iqtisadi inkişafını təmin edərik.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info