“Təhsildə qazanılan təcrübənin yeri başqadır”
Tarix: 25.05.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Ruslan Dost Əli: “Ümid edirəm ki, yaxın
gələcəkdə Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində də qarşılıqlı
iş birliyi yaranar”

Müsahibimiz Ruslan Dost Əli (Cahangirli) 1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub. On səkkiz yaşından ədəbi yaradıcılığa başlayıb. Elə həmin vaxtlardan müxtəlif qəzetlərdə, jurnallarda, bir sıra almanaxlarda şeirləri çap olunub. 2013-cü ildən DGTYB-nin üzvüdür. 2014-cü ildə Qazaxıstanda yerləşən Əhmət Yəsevi adına Türk-Qazax Universitetində keçirilən Şeir Yarışmasında II yeri qazanıb. Həmin il Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükaftına layiq görülüb, Prezident yanında Bilik Fondunun təşkil etdiyi “Vətənin pərvəri ol” müsabiqəsində I yeri qazanıb. 2015-ci ildən GƏM-in və AYB-in üzvüdür. Prezident təqaüsçüsüdür. İlk şeirlər kitabı üç dildə nəşrə hazırlanır. Hazırda Qazaxıstanda Əhmət Yəsevi adına Türk-Qazax Universitetində təhsil alır.

-Sizin təhsil aldığınız universitetdə kifayət qədər azərbaycanlı tələbə varmı?
-Artıq ikinci ildir ki, burada-Qazaxıstandayam. Hazırda universitetimizdə altmışa yaxın azərbaycanlı tələbə müxtəlif sahələrdə təhsil almaqdadır. Burdakı azərbaycanlı tələbələrin hər biri torpağına, millətinə, soykökünə bağlı, vətənini ölkəsinin hüdudlarından kənarda layiqincə təmsil etmək bacarığına sahib olan vətənpərvər gənclərdir. Hər il universitetmizdə Xocalıyla bağlı anım, tanıtım tədbirləri təşkil olunur. Azərbaycanın tarixi geçmişi və bu günü haqqında bir neçə dildə geniş məlumat verilir, işğal altında olan torpaqlarımızı, erməni vəhşiliyini, Xocalı soyqırımını əks etdirən videolent təqdim olunur. Türk dünyasının müxtəlif yerlərindən, on səkkiz ölkədən gəlmiş iyirmi dörd türk millətinin daşıyıcısı olan tələbələrə Qarabağ mövzusu anladılır, aşılanır. Hamısı da azərbaycanlı tələbələrin maddi vəsaitinin, mənəvi zəhmətinin hesabına. Bu, təkcə bizim deyil, eləcə də dünyanın müxtəlif yerlərində təhsil alan azərbaycanlı tələbələrin qarşısında duran ən önəmli bir vəzifə kimi durmalıdır. Biz türk olduğumuz üçün fəxr edirik.
- Universitetiniz Azərbaycan universitetləri ilə təhsil mübadiləsi
edirmi?

-Bizim universitet beynəlxalq universitet olsa da, daha çox Qazaxıstan və Türkiyə təhsil sistemi ilə əlaqəlidir. Türkiyənin müxtəlif universitetlərindən tələbələrə dərs vermək üçün tez-tez peşəkar müəllimlər, professorlar dəvət olnur ki, bütün bunlar da bizlərə təhsil aldığımız sahə üzrə daha çox şey öyrətməklə yanaşı, gələcək üçün də yaxşı kadrların yetişməsinə zəmin yaradır. Digər tərəfdən universitetimizdə "Mövlana" və "Eresmus" proqramları da var ki, bu proqramlar vasitəsilə tələbələr bir və ya iki dönəmlik Türkiyə, Almaniya, Polşa kimi ölkələrin universitetlərində təhsil alma imkanını əldə etmiş olurlar. Arzu olunandır ki, universitetimiz tələbələrinə Azərbaycan universitetlərindən də, yararlanma imkanları tanısın. Ümid edirəm ki, yaxın gələcəkdə iki qardaş ölkə arasında təhsil sahəsində də qarşılıqlı iş birliyi yaranar.
-Ali təhsil almağınızın ədəbi yaradıcılığınızın inkişafında nə kimi rolu var?
-Ali təhsil insanın dünya görüşünə, həyata baxışına, düşüncəsinə bilavəsitə müsbət təsir göstərir. Bədii yaradıcılıqda da ali təhsilin vacibliyini vurğulaya bilərik. Nə qədər mütaliə eləsən də, kitab oxusan da, təhsilin yeri başqadır. Bədii yaradıcılıqda təhsil ən azı mütaliyə qədər vacibdir. Bu üç amil bir-birinə zəncirvarı şəkildə bağlıdır, əgər o halqalardan biri qırılsa, səndən ancaq yazar olar, yazıçı, şair yox. Təhsildə qazanılan təcrübənin yeri başqadır. Elə gələcək üçün də, vətənə, millətə yararlı vətəndaş olmaq üçün təhsil mütləqdir.
-Siz həm də ədəbi yaradıcılıqla məşğulsunuz. Bir çox şeirlər müəllifisiniz. Gənclərin kitab oxumağa marağı hansı səviyyədədir?
-Maraqlıdır ki, indiki gənclər oxumaqdan daha çox yazmağa üstünlük verirlər. Bir söz demirəm, yazsınlar, ancaq yazdıqları söz yığınından ibarət olacaqsa, o zaman yazmağı tərgidib, oxumağa vərdiş etsələr daha yaxşıdır. Onda nələrisə qazanmış olarlar. Düşünürəm ki, ölkəmizdə intellektual, mütaliəli gənclərimiz kifayət qədərdir. Son illər kitaba maraq da bir xeyli artıb. Şəhərdə kitab mağazalarının çoxalması sevindirici haldır.
Nizami Gəncəvi necə demişdir: Qüvvət elimdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz! Deməli, yorulmadan, usanmadan oxumaq lazımdır. Maddi baxımdan imkanın nə qədər yüksək olursa olsun, kitab oxumamısansa, oxumursansa, deməli kasıbsan!
Bizim kənddə bir şair var, İsa Sevər, dil-ədəbiyyat müəllimidi, həm də məktəbdə kitabxanaçı işləyir. O həmişə deyirdi ki, bu kənddə məndən varlı adam yoxdu. İsa müəllimin bu sözünü sonralar dərk etməyə başladım. Anladım ki, kitablar adamı necə də zəngin edirmiş...
-Ümumiyyətlə, kitablara qarşı soyuqluq gəncləri nə dərəcədə mənəvi inkişafdan saxlayır?
-Qeyd etdiyim kimi, mütaliə insanın fikrini asanlıqla və aydın bir şəkildə qarşısındakına çatdırmasına, özünü düzgün ifadə etməsinə, hər hansı bir mövzu ətrafında müzakirəyə qoşulmasına, fikir yürütməsinə şərait yaradan amildir. Mütaliəli insanın bəlli bir söz bazası olar və səlist danışığa sahib olar. Mütaliəsiz insan isə bütün bunlardan məhrum olar, daim sıxılar, müxtəlif məclislərdə, toplantılarda danışmağa sözü olmadığından özünü tənha hiss edər və belə yerlərdən daim qaçar, bundan dolayı utanc hissi keçirər. Bütün bu olumsuzluqlarla yanaşı, həyatı dərk etmək üçün də, yalnız və yalnız oxumaq lazımdır. Kitaba sərf exilən vaxt itirilmir, qazanılır.
-Sizcə, gənclərin daha da maariflənməsi üçün hansı tədbirlər görülməlidir?
-Maarifləndirimə işlərində əsas yük QHT-lərin, KİV-lərin və TRŞ-nin üzərinə düşür,- deyə bilərik. Müxtəlif layihələr, müsabiqələr, televiziya proqramları və s.
Bu yöndə bir çox işlər görmək olar. Kitaba marağın artırılması yolunda mənim də üzv olduğum Dünya Gənc Türk Yazarlar Birliyini örnək gətirə bilərik. DGTYB bununla yanaşı, isdedadlı gənclərin də tanınıb üzə çıxmasında üzərinə düşən işi layiqincə yerinə yetirməkdədir. 2014-cü ildə "Bölgələrdə Yaşayan İstedadlı Gənclərin Bakı Toplantısı" adlı layihəsində onlarla gənc yazar bir araya gəldi, əsərləri təşkilat tərəfindən toplu şəklində ictimayətə təqdim olundu. Bir sıra gənc yazarlar birliyə üzv qəbul olundu və s. Təşkilat yeni-yeni layihələrlə öz missiyasını davam etdirməkdədir.
-Bədii ədəbiyyatın gənclərin mənəvi dünyasının zənginləşməsi, keçmişimizə qayıdışı baxımından nə kimi rolu var?
-Mən belə başa düşürəm ki, təkcə ədəbi yaradıcılıqla məşğul olan gənclər deyil, hər bir insan öz daxili aləmini, mənəvi dünyasını zənginləşdirməlidir. Yaşam, gəzmək, görmək, oxumaq, dinləmək, seyr etmək və s. Bütün bunlar insanın zənginləşməsinə xidmət edir. İnsan zənginləşdikcə həyatı daha dərin dərk etməyə başlayır, kamilliyə doğru gedir, müdrikləşir, səhvləri daha az olur.
Keçmiş yoxdursa, gələcək də yoxdur deyirlər. Ot kökü üstdə bitər - deyib atalar. Keçmişdən güc alıb, gələcəyə inamla baxmaq lazımdır. Hələ bir də şanlı bir keçmişə maliksənsə, o keçmişə necə qayıtmamaq, o keçmişə necə bağlı olmamaq olar?!
Böyük şairimiz Bəxtiyar Vahabzadə necə də doğru və gözəl deyib:
Əslimi-nəslimi tanıyıram mən,
Qarışıq deyiləm özümdən
hürkəm.
Sən kimsən, sən nəsən
özün bilərsən,
Mən ilk qaynağımdan türk
oğlu türkəm!
-Hazırda hansı kitab üzərində işləyirsiz?
-Hazırda ilk şeirlər kitabımı hazırlayırıq. Əslində, çoxdan hazır olmalı idi. Müəyyən səbəblərdən bir az gecikdi. Həm də ilk kitabdır deyə, üstündə çox işləyirəm, həssaslıqla yanaşıram. Səbəblərdən biri kimi bunu da qeyd etmək olar. Kitabda müxtəlif mövzuda yazdığım şeirlər yer alacaq. Vətən, dünya, sevgi, uşaqlıq və s.
Qısa zaman ərzində oxuculara təqdim edəcəyim kitab üç dildə olacaq: Azərbaycan türkcəsində, Türkiyə türkcəsində və qazax dilində. Aristotel deyir ki, poeziya ruhun musiqisidir. Mən də ruhumun musiqisini bəstələyirəm...
İşıq üzü görəcək kitabımı ədəbiyyat yolunda yeni və ilk addımlarım kimi qiymətləndirirəm. Ümidvaram ki, bəyənilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info