“Doktoranturanı bitirənlərin əksəriyyəti ali məktəblərdə işləməyə üstünlük vermir”
Tarix: 25.05.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların və gənc tədqiqatçıların XX respublika elmi konfransı keçirilib. Tədbirdə akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirin əhəmiyyətini qeyd edib. Bildirilib ki, hər il ənənəvi təşkil edilən konfrans bu dəfə “Multikulturalizm ili” çərçivəsində keçirilir və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. Konfrans imkan verir ki, gənclər yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşsünlər, elmi biliklərini daha da zənginləşdirsinlər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib. C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Təhsil alanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən söz açan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu strateji istiqamət və hədəflərin Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirdiyini bildirib. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.
C.Bayramov Təhsil Nazirliyi tərəfindən elm və təhsilin gələcək inkişafı üçün nəzərdə tutulmuş vacib tədbirləri diqqətə çatdırıb, gənclərin potensialının tam realizə edilməsinə imkan verən təhsil mühitinin yaradılmasının zəruriliyini vurğulayıb. Bu baxımdan gənclərimizin yüksək intellektə malik hissəsi xüsusi qayğı ilə əhatə olunur və onların özlərini təsdiqləmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. İntellektual potensialın qorunması məqsədilə yüksək ixtisaslı kadrların fasiləsiz hazırlanması prosesi həm respublikamızın, həm də xarici ölkələrin ən nüfuzlu universitetlərində həyata keçirilir.
Nazir müavini bildirib ki, “Thomson Reuters” agentliyinin bazasına daxil olan jurnalların elmi ictimaiyyət arasındakı nüfuzunu nəzərə alaraq, eləcə də Azərbaycan alimləri və doktorantları üçün bu bazadan istifadə etmək imkanını yaratmaq və alimlərimizin elmi fəaliyyətinə dair elmimetrik göstəriciləri əldə etmək məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters” agentliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Müqaviləyə əsasən, ölkəmizin 40 ali təhsil müəssisəsinə abunə vasitəsilə bu agentliyin məhsul və xidmətlərinə, eləcə də “Web of Science” platformasının bazasına çıxış imkanı yaradılıb. Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi “Thomson Reuters”in bazasına daxil olan jurnallarda çap edilmiş elmi əsərlərə görə hər ilin sonunda müəlliflərin mükafatlandırması üçün müsabiqə keçirməyi nəzərdə tutur.

Ali məktəblərə tədqiqat universitetləri statusu
veriləcək

C.Bayramov bildirib ki, yaxın gələcəkdə aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur. O qeyd edib ki, magistratura və doktorant səviyyəsində elmi araşdırmalara dərindən yiyələnmək məqsədi ilə "Tədqiqat metodları" adlı fənn həmin səviyyələr üzrə tədris planına daxil edilib: "Bununla da 2016/2017-ci tədris ilindən başlayaraq 150-dən çox ixtisaslaşma üzrə təhsil alan magistrant və doktorantlar müasir tədqiqat metodlarını öyrənmək imkanı əldə edəcəklər. Hazırda həmin fənni tədris edəcək müəllimlər üçün ADA Universitetində təlimlər keçirilir". Nazir müavini qeyd edib ki, doktoranturanı bitirən gənclərin əksəriyyəti ali məktəblərdə qalıb işləməyə üstünlük vermir. 2009-2013-cü illərdə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin doktoranturasının fəlsəfə doktoru proqramı üzrə bitirən 577 nəfərdən yalnız 125 nəfəri, yəni 21,6 faizi universitetlərdə işlə təmin olunub. Nazir müavini əlavə edib ki, doktoranturanı bitirənlərin böyük əksəriyyəti elmi işlərini vaxtında müdafiə etmir. C.Bayramovun sözlərinə görə, hazırda ölkəmizdə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 5320 nəfər təhsil alır. Hazırda 116 elmi təşkilatda və ali təhsil müəssisəsində doktoranturalar fəaliyyət göstərir. Doktorantura və dissertantlıq yolu ilə təhsil alanların 44 faizi elmi təşkilatların, 56 faizi ali təhsil müəssisələrinin payına düşür. C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünya görüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Bu islahatlar təhsil alanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradıb. Elm və təhsilin səmərəli əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir müavini deyib ki, ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.

"Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru
yoxdur"

C.Bayramob bildirib ki, Azərbaycanda təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür: “Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri - mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır". Onun sözlərinə görə, istedadlı gənclərin elmə istiqamətləndirilməsi və alimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, Milli Məclisdə 2-ci oxunuşdan keçmiş "Elm haqqında" qanun layihəsində bütün təşkilatlarda, o cümlədən ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb: "Ümid edirəm ki, bu tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsinə imkan verəcək”.
C. Bayramov bildirib ki, ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir. Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Yaşı 65-dən yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir: "Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksəkixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir". Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı bildirib ki, Azərbaycanda ali məktəbləri, o cümlədən rəhbərlik etdiyi universitet elmin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, ali məktəbin 160-a yaxın doktorantı elmi işlər aparır. Rektor qeyd edib ki, gələcəkdə həmin doktorantların sənaye müəssisələrinə cəlb edilməsi nəzərdə tutulur.
İki gün davam edəcək konfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb. Konfransın materialları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək.
Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info