Qərbin aparıcı dövlətləri Azərbaycanı seçir
Tarix: 09.06.2016 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Kansler Merkel: “Biz təzyiq və təsir vasitələrindən istifadə etməyə səy göstərəcəyik. Biz ümumi paketin icra olunmasını istəyirik. Bir tərəfdən qüvvədə olan atəşkəs rejiminə, digər tərəfdən isə münaqişənin Madrid prinsipləri əsasında həllinə nail olunmalıdır”

Azərbaycan Prezidentinin Almaniya səfəri bir çox məqamlarına görə böyük əhəmiyyət kəsb edir. Avropanın ən böyük iqtisadiyyatına malik olan ölkəsi ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi Bakı üçün vacibdir. Almaniyanın dünyaca məşhur şirkətlərinin Bakıya sərmayə yatırmasının aktuallığı postneft dövründə iqtisadiyyatın diversifikasiyası siyasətini həyata keçirən ölkəmizin Prezidenti tərəfindən də səslindirilib. Əlverişli iqtisadi vəziyyət barədə alman iş adamlarına məlumat verən dövlət başçısının bu səfərindən sonra ölkəmizdə Almaniya sərmayəsinin çoxalacağını gözləmək olar.

Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir
Onsuz da Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Amma mövcud potensial daha geniş əməkdaşlıq üçün imkanlar yaradır. Xüsusilə yeni nəqliyyat-infrastruktur layihələri ilə bağlı məsələ dövlət başçısının xanım Merkellə görüşündə müzakirə edilib. “Şimal-Cənub” nəqliyyat dəhlizi, Bakı Limanı və liman ətrafında azad iqtisadi zona yaradılması, Çinin təşəbbüsü ilə irəli sürülən və Bakının da dəstək verdiyi “Yeni İpək Yolu Kəməri” Avrasiyanın nəqliyyat dəhlizlərinin əsas arteriyasını təşkil edəcək ki, Almaniyanın bu layihələrdə investor qismində iştirakı Berlinin siyasi-iqtisadi maraqlarına uyğundur. Buraya TANAP və TAP kimi layihələri də əlavə etsək “iqtisadi xəritə”nin siyasi əhəmiyyəti bir qədər də artmış olur. İstər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, istər Xəzərin o biri tərəfindən gələn yüklərin Türkiyə vasitəsilə Avropa çatdırılması, istərsə də yaxın perspektivdə İranın enerji ehtiyatlarının məhz Azərbaycan vasitəsilə Avropaya ixrac imkanları Bakını Almaniya üçün çox cəlbedici tərəfdaşa çevirir. Xanım Merkel dövlət başçısı ilə görüşdən sonra bunun mesajını səsləndirdi: “Almaniya öz imkanları daxilində ölkənizin iqtisadi bazasının şaxələndirilməsində iştirak etməyə hazırdır”.

“Biz hesab edirik ki, Minsk qrupu təkcə həmsədrlər formatında görüşməməlidir. Eyni zamanda bura başqaları da daxil olmalıdır, məsələn, Almaniya”
Şübhəsiz ki, İlham Əliyev-Angela Merkel görüşünün əsas hissəsini siyasi məsələlər, geosiyasi situasiya və Dağlıq Qarabağ münaqişəsi təşkil edib. Almaniya hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan və Minsk qrupu adlı instituta vasitəçilik mandatı vermiş ATƏT-in fəaliyyətdə olan sədridir. Yəni Almaniya münaqişənin həlli ilə bağlı bir sıra təşəbbüslər irəli sürə, görüşlər təşkil edə bilər. Aprel əməliyyatlarından dərhal sonra Almaniya xaric işlər naziri Ştanmayer status-kvonun qəbuledilməz olduğunu bəyan etməklə, aktivlik göstərəcəklərinin mesajini vermişdi. Həmin vaxtda ATƏT sədri kimi Almaniyanın bir neçə bəndlik hansısa sənəd hazırlaması ilə bağlı informasiya da dövriyyəyə buraxılmışdı.
Dövlət başçısının kansler Merkellə ikitərəfli görüşündə bu məsələ ilə bağlı hansı detalların müzakirə edildiyi bəlli deyil. Amma bəzi nəticələr çıxarmaq üçün ip ucları var. Məsələn, Almaniya kansleri mətbuat konfransında bildirib ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir: “Buna nail olmaq üçün nəinki atəşkəs rejiminə əməl etmək lazımdir, eyni zamanda siyasi proses irəliləyərək davam etdirilməlidir. Minsk qrupu fəaliyyət göstərir. Biz hesab edirik ki, Minsk qrupu təkcə həmsədrlər formatında görüşməməlidir. Eyni zamanda bura başqaları da daxil olmalıdır, məsələn, Almaniya. Biz istərdik ki, bu qrup razılaşdırılmış prinsiplər əsasında fəaliyyət göstərsin. Biz bu siyasi prosesə necə dəstək olmaq barədə müzakirələr apardıq”. Deməli, Almaniya danışıqlarda daha yaxından iştirak edəcəyinin mesajını verdi. Bundan sonra rəsmi Berlindən müəyyən təşəbbüslərin irəli sürüləcəyi sürpriz olmayacaq. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan danışıqları “ölü nöqtədən” çıxarmaq üçün Minsk qrupu üzvlərinin iştirakı ilə görüş keçirilməsini təklif etmişdi. İndi ATƏT sədrinin təşəbbüsü ilə belə formatda görüşün keçirilməsi istisna deyil. Maraqlı məqamlardan biri də, dövlət başçısının nitqində BMT qətnamələrinə əməl etməyən Ermənistana heç bir təzyiq göstərilməməsi təəssüflə qeyd edilmişdi. Mətbuat konfransında Ermənistana beynəlxalq sanksiya tətbiq edilməməsi ilə bağlı ünvanlanan suala xanım Merkelin cavabı çox maraqlıdır: “ATƏT-ə sədrlik etdiyi müddətdə Almaniya bu münaqişənin həllinə nail olmağa çalışacaq. Biz təzyiq və təsir vasitələrindən istifadə etməyə səy göstərəcəyik. Biz ümumi paketin icra olunmasını istəyirik. Bir tərəfdən qüvvədə olan atəşkəs rejiminə, digər tərəfdən isə münaqişənin Madrid prinsipləri əsasında həllinə nail olunmalıdır. İlkin addımlar təklif olunub və mən cənab Prezidenti əmin edə bilərəm ki, ATƏT-in Minsk qrupunun bütün həmsədrlərinə - ABŞ, Fransa və Rusiyaya gəldikdə bu prosesin icra edilməsi və irəliləyişə nail olunması üçün bu təkliflər üzərində işin aparılmasını nəzarətimizdə saxlayacağıq”. Almaniya kansleri “təsir” və “təzyiq” mexanizmlərindən istifadə ediləcəyini, münaqişənin Madrid prinsipləri əsasında həll edilməli olduğunu açıq şəkildə qeyd edib. Almaniya kimi ölkəni idarə edən şəxsin bu ifadələri işlətməsi təsadüfi ola bilməz. Bu yanaşma rəsmi Bakının mövqeyinə uyğundur. Almaniya kimi Avropanın ən güclü ölkələrindən birinin bu mövqeyi Azərbaycan diplomatiyası üçün mühüm uğurdur.

Prezident Ermənistanın siyasətini ifşa etdi
Bir nüansı da qeyd edək ki, aprel hadisələrindən sonra Almaniyaya səfər etmiş Ermənistan dövlət başçısı Sərkisyanın nə rəsmi qəbulu belə olmuşdu, nə də keçirilən mətbuat konfransında Sərkisyanın sərsəmləmələrindən savayı antiazərbaycan mövqeyi olmuşdu. Bu, Sərkisyana nə qədər qeyri-ciddi yanaşıldığını göstərir… Həm də onu qeyd etmək lazımdır ki, Azərbaycan dövlət başçısı Almaniya səfərində keçirdiyi görüşlərdə, xanım Merkellə mətbuat konfransında Ermənistanın işğalçılıq siyasətini, qeyri-konstruktiv mövqe tutmasını, müxtəlif təxribatlara əl atmasını faktlarla tam şəkildə ifşa etdi. Dövlət başçısı münaqişənin reseptini də açıqladı: “Münaqişənin həll edilməsi nə deməkdir? Bu, çox sadədir. Bu, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasıdır, münaqişənin sülh yolu ilə həll edilməsidir. Biz dəfələrlə Azərbaycan dövlətinin çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət, mümkün olan ən yüksək muxtariyyət verməyə hazır olduğumuzu bəyan etmişik”. Prezident Azərbaycanın sülh siyasətinə sadiq olduğunu dəmir məntiqlə ifadə edib: “Biz münaqişənin sülh yolu ilə həllinə sadiqik. Əks halda, aprel ayının əvvəlində toqquşma dayanmazdı. Biz müharibəni istəmədiyimizə görə toqquşmanı dayandırdıq. Lakin bizə sülh, münaqişənin həlli və ərazilərimiz lazımdır”. Dövlət başçısı mətbuat konfransında Vyana görüşü ilə bağlı məqama da toxunub. Prezidentin sözlərinə görə atəşkəs rejiminin gücləndirilməsi, əlavə tədbirlərin həyata keçirilməsi, yəni monitorinq missiyası, nəzarət mexanizmlərinə Bakı etiraz etmir. Amma proseslər paralel şəkildə aparılmalıdır. Elə Vyana danışıqlarının mahiyyəti də bundadır. Azərbaycan nəzarət mexanizminə qarşı deyil, amma bunun üçün əsaslı danışıqlar başlamalı, paralel şəkildə həll prosesi başlamalı-torpaqlar işğaldan azad edilməlidir.

Aparıcı dövlətlərdən
Prezidentin siyasətinə dəstək

Səfərin yekunu kimi onu qeyd edə bilərik ki, rəsmi Berlin istər siyasi, istərsə də iqtisadi baxımdan Azərbaycana dəstək ifadə etdi. Bu, Qərbin aparıcı dövlətlərinin Azərbaycana dəstəyində növbəti həlqədir. Xatırladaq ki, Almaniyaya səfər ərəfəsində Bakda keçirilən XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgisi ilə bağlı Prezidentə göndərdiyi təbrik məktubunda ABŞ Prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd etmiş, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsi, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu bildirmişdi. B.Obama qeyd etmişdi ki, ABŞ Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır. Eyni tədbirə məktub ünvanlayan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron da ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını, Azərbaycanın enerji resursları ilə Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağını bildirmişdi. Göründüyü kimi, Qərbin dörd əsas ölkəsindən üçü- ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilir. Dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl siyasəti də xüsusi vurğulanır. Onun sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlığın və qanunun aliliyini gücləndirilməsi və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımların dəstəkləndiyini qeyd edilir. Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələrini isə əlavə şərh etməyə lüzum görmürük. Beləliklə də, Azərbaycan iqtidarının ölkə daxilindəki siyasi opponentləri və onların xaricdəki havadarları tərəfindən “Qərblə münasibətlərdəki problemlər haqda” səsləndirilən fikirlərin reallığa söykənmədiyi ortaya çıxır.

Almaniyadan Lavrovun çağırışına cavab
Bir məqamı da vurğulayaq ki, görüşdə xanım kansler qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Rusiya mühüm rol oynayacaq. Xatırladaq ki, aprel əməliyyatlarından sonra regiona səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda olarkən ATƏT sədri kimi Almaniyaya müraciət edərək məsuliyyəti üzərinə götürməyə çağırmışdı. Belə görünür ki, Almaniya bu çağırışa cavab olaraq münaqişənin həllinə fəal qoşulmağa hazırlaşır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info