Din və etika: İnamın cəmiyyətdə rolu
Tarix: 05.07.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Rəhim Həsənov |

AMEA-nın Fəlsəfə və
Hüquq İnistitunun doktorantı
e-mail: hesenli.82@inbox.ru



Həm dini dəyərlər və həm də etik dəyərlər bəşəriyyətin mənəvi tərəqqisinə birgə xidmət edir. Lakin, bununla yanaşı dini dəyərlərlə etik dəyərlər arasında bir sıra fərqlər mövcuddur. Dini dəyərlər dedikdə, haram, halal, saflıq, təmizlik kimi kateqoriyalar, etik kateqoriyalar dedikdə isə xeyirxahlıq, ədalət, faydalılıq kimi kateqoriyalar nəzərdə tutulur. Sovet hakimiyyəti illərində dini dəyərlərə önəm verilmir və dini ideyalar geriliyin, cəhalətin, fanatizimin qalığı kimi tənqid olunur, bütün dini rituallar pislənirdi. Lakin xalqımız öz dini dəyərlərinə sadiq qaldı və SSRİ adlı nəhəng imperiyanın dağılmasından sonra bu proses açıq bir şəkildə vüsət aldı.
Fövqəltəbii və təbiətüstü qüvvələrə olan inamın nəticəsində məhz din mövcud olub. Təqribən 40-50 min il əvvəl Yuxarı Paleolit dövründə ilk dini icmalar özünü biruzə verməyə başladı. Burada fövqəltəbii və yaxud da təbiətüstü qüvvələr dedikdə bir və ya bir neçə fövqəltəbii qüvvə yəni, allah, allahlar, müqəddəslər, mələklər, şeytanlar və s. nəzərdə tutulur. Dini sturukturun tərkib hissəsi olan dini şüur, dini ayinlər və dini təşkilatlar insanların əhval-ruhiyyəsinə, yaşayış tərzinə, psixologiyasına təsir göstərməklə yanaşı əxlaqi-mənəvi dəyərləri də nəzarət altına alır və nəticədə də dini əxlaq anlayışı formalaşır. Dini ekzistensializm cərəyanının tərəfdarları dini əxlaqı tanrının lehinə və əleyinə olmaqla müzakirə edirdilər. Tanrının lehinə olmağın yəni, tanrıya sonsuz inam, itaət və məhəbbətlə bağlanmağın mükafatı sonsuz səadətdir, bu mükafatı almağa namizəd olan şəxs yalnız öldükdən sonra cənnətdə tanrı tərəfindən lütf görə bilər. Tanrının əleyhinə olmaq yəni, tanrıdan üz çevirmək isə ilahi cəza ilə ilə yekunlaşan bir prosesdir.
Din demək olar ki, insanla birlikdə yaranmış və onunla birlikdə davam edən bir təşkilatdır. Dünən də, bu gün də dünyanı idarə edən qüvvətlərin başında din durur. Din insan həyatının üç təməl ölçüsü insanın yaranmasının qaynağı, insanın təbiətinin və yazısının qaynağı, insanın dəyərinin təyinedicisi və gündəlik həyatındakı yol göstəricisi olmasıyla əlaqədar sualları tanrı anlayışıyla cavablayan inam sistemidir. Bundan aydın olduğu kimi din anlayışları fövqəltəbii və təbiətüstü qüvvələrə əlavə olaraq insani ideayaları də öz əhatəsinə alır. Bu çərçivədə din hər şeyi yaradan və nəzarət edən ilahi və fövqəltəbii bir varlığa inanaraq ibadət etməkdən, insanların özlərinə yönələcəkləri və davranışlarını təşkil edəcəkləri ideyalar meydana gətirmə cəhdindən meydana gəlir. “Biz bilməliyik ki, din-insanları hiss uzvləri ilə dərk edilən dunya gercəkliyi arxasındakı daha əhəmiyyətli gercəkliklə bağlayan bir yoldur. Öz növbəsində bu yol insanlara gozəl və gərəkli əxlaq sahibi olmağı, yaxşılıq etməyi, pislikdən cəkinməyi oyrədən İlahi yoldur, Tanrı yoludur, Allah yoludur, Allahı, onun böyukluyunu təlqin edən yoldur.” (1, səh.23)
Antik dövrün məşhur idealist filosofu Platon ənənəvi dini etikadan fərqli fikirlər söyləyir və iddia edirdi ki, etik ideyalar tanrıdan da ali bir mahiyyət kəsb edir. Bu baxımdan xeyirxahlıq prinsipləri də tanrıdan daha mühüm, daha önməlidir. İnsan əgər xeyirxahlıq prinsipinə istinad edirsə bu zaman ilahi qüvvə yəni, tanrı tərəfindən mükafatlandırıla bilər. Cəmiyyətdə əxlaq və inamları pozulduğunda peyğəmbərlər göndərilib. Bütün peyğəmbərlərin insanlığa çağırışı onlara əxlaq öyrətməkdir. Bu səbəbdən də peyğəmbərlər ilk təbliğlərinə dinlə birlikdə əxlaq təhsiliylə başlamışdır, insanlara barış və hüzur dolu bir həyat təqdim ediblər. Hamısı da ədalətin, doğruluğun, mərhəmətin, insanlara faydalı olmanın və s. yaxşı olduğunu, haqsızlığın, oğurluğun, yalan danışmanın, adam öldürmənin, zülmün və s. pis olduğunu izah edərək insanları islah etməyə çalışıb.
Nobel mükafatı laureatı, məşhur alim Albert Eynşteyn dini hisslərin yaranmasında qorxunun oynadığı rolu xüsusi qeyd edirdi. "Primitiv insanlar üçün dini düşüncələri ortaya çıxaran məsələlər onun ən böyük qorxuları idi: Aclıq qorxusu, vəhşi heyvanlar, xəstəlik və ölüm kimi qorxular. Belə bir mövcudluq dövründə təsadüflər arasındakı əlaqələri anlamaq olduqca zəif bir səviyyədə inkişaf etmiş biləcəyindən, ihsan zehni az - çox özünə bənzəyən və istəklərinin və hərəkətlərinin təməli bu qorxu verən hadisələr olan xəyali varlıqlar yaratdı qismət olub. Beləliklə, insanda bu varlıqların ozünə qarşı lütf etməsi üçün nəsildən - nəslə keçən ənənələrlə onlara qurban vermək kimi hərəkətlər edir, onları sakitləşdirməyə çalışır və fanilərə qarşı xoş niyyət bəsləməsi üçün çalışırdı.
Bu dediklərim qorxu dinini izah edir. Bu, xüsusi ruhanilər sinfi tərəfindən meydana gətirilməmiş olsa da, onların ortaya çıxması ilə birlikdə inkişafı əhəmiyyətli dərəcədə dayandırılmış bir inanc formasıdır. Haqqında danışılan ruhanilər sinfi özünü insanlar ilə insanların qorxduğu varlıqlar arasında bir vasitəçi kimi təqdim etməkdə və bu təməl üzərinə qurulmuş bir hegomoniya yaratmaqdadır. Çox vaxt bir lider və ya idarəçi ya da digər bəzi amillərdən qaynaqlanan müəyyən bir mövqesi olan adam ruhani funksiyalarını ictimai nüfuzu ilə birləşdirərək dünyəvi nüfuzunu daha çox möhkəmlətməkdə idi, ya da siyasi idarəçilər və ruhanilər sinfi öz maraq dairələrinə görə ortaq hədəf meydana gətirirdilər” (2)
Dinə inanan və bağlanan adam, düşüncə və davranışlarında iman və əxlaqı bir bütün olaraq yaşayır. Din əxlaqi bir yaşayışı hədəf götürür, lakin əxlaqın dinə bağlılığı zəruri deyil. İctimai ya da daha başqa səbəblərlə, dinsiz və ateistlərin də bir növ əxlaq anlayışına sahib olduqları görünür. Ancaq, dini inam, əxlaq üçün psixoloji bir faktordur, Allahın varlığına inanmaq, əxlaqi həyatda yaxşının edilməsi üçün təşviqedici bir ünsürdür. Sokrata görə əxlaq ilahi buyruqdan asılı deyil və Allah özü də əxlaq normalarına uyğun davranır. Məşhur alman filosofu Lüdvik Feyerbax din və əxlaqı eyniləşdirməyə çalışırdı. Feyerbaxa görə həm din, həm də əxlaq insanların emosiyalarına əsaslanır. (3)
Mahiyyət etibrilə din əxlaqa dəstək rolunu oynayır. İlahi ümid və qorxular insana əmrlərə boyun əyməsi lazım olduğunu söyləyir. Çünki, insan itaətli və ya saf olaraq yaradılmamışdır. İnsan bu xüsusiyyətlərə vicdanı hərəkətə keçirən məcbur edici sanksiyalar nəticəsində sahib olur. Çünki, vicdan üzərində heç bir şey Allah qorxusu qədər təsirli deyil. Əxlaq üzərində, din qədər təsirli başqa bir təşkilat yoxdur. Demək olar ki, bütün dinlər əxlaq mövzusuna istinad etmişlər. Əslində bütün dinlər insanları əxlaqlı davranmağa səsləmişdir. Amma islam dinində əxlaqa daha böyük qiymət verilmişdir. Bu dinin əsas incəliklərindən biri də insanları gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, insanları pis əxlaq və xüsusiyyətlərdən isə uzaqlaşdırmasıdır.
“Avropalı sufi” deyə də adlandırılan Benedikt Spinoza (1632-1677) dinin yaranmasının əsas səbəbi kimi mövhumat nəticəsində yaranan qorxunu göstərirdi. Spinoza “Etika” əsərində xristianlıq dinin əsas dəyərlərini tənqid edir və eyni zamanda müdrik din ideyasını da irəli sürür və kainatın təşəkkülü ilə tanrını bir tuturdu. Spinoza eyni zamanda tanrıya qarşı intellektual sevgi ideyasını önə sürür və qeyd edirdi ki, hər bir insan tanrını zəkası ilə sevməlidir.
Klassik alman fəlsəfəsində obyektiv idealist dialektikanın əsasını qoyan G. V. F. Hegel dinin nəinki əxlaqa hətta dövlətə də təsir etdiyini iddia edirdi. “Dinin insan həyatına və dövlət quruluşuna təsiri Hegel tərəfindən razılıqla qarşılanır və dəstəklənirdi. Əgər din insanın vicdanında və inancında özünə yer tapmışdırsa, deməli onun həyatında da bir şeylərin dəyişilməsi məsələsi ortaya çıxır. İnsan fəaliyyətini dinin yaratdığı davranış fəaliyyəti ilə müəyyən etməli, dini borc insanın əsl məqsədinə çevrilməlidir. Din və dövlət anlayışlarının hər ikisinə də hörmətlə yanaşan Hegel dövlətlə dinin razılaşması prinsipinə tərəfdar çıxır, bu prinsipi dəstəkləyirdi.” (4, səh. 154-155)
Rus ilahiyyatçısı və dini filosofu Sergey Nikolayeviç Bulqakovun fikrincə dini şüurun əsas xarakterik xüsusiyyəti etiqad və inamdır. İnamın subyektiv və obyektiv cəhətləri mövcuddur, subyektiv cəhəti insanla bağlıdır, obyektiv cəhəti isə vəhylərədən ibarətdir. Bulqakova görə vəhylər ilahi aləmi duymaq yolunda Allahın cavabıdır.
Z. Freyd isə dini doqmalara kor-koranə inanmağın əleyinə çıxış edirdi. Freydə görə dini mətnlər bir çox ziddiyyətləri və məntiqsizliyi özündə əks etdirir və dini təlimlərə tənqidi münasibət bəsləməmək, onlara tənqidi yanaşmamaq nəticəsində din və zəka bir-birindən ayrı düşür. Freydə görə heç bir din insanlara xoşbəxtlik əta edə bilməmişdir, insanların mədəni, etik və əxlaqi səviyyəsinə müsbət mənada təsir göstərə bilməyib, dinin cəmiyyət üçün lazım olması məsələsi həddindən artıq şişirdilibdir.
Göyüşov din və əxlaqın arasında əlaqənin olduğunu təsdiq edirdi. Digər ictimai şüur formalarından fərqli olaraq dinin əxlaqa daha çox təsir göstərməsini mütəfəkkir iki amillə bağlayırdı. Bunlardan birincisi dində mövcud olan mükafat-cəza amili, ikincisi isə dinin fəzilətlərə böyük önəm verməsi amilidir. Çünki, dini mənbələrdə axirət dünyasında davam edən həyatda insanların etdiyi əməllərə görə mükafatlandırılmasına böyük önəm verilir. Bu etdiyi əməllər məhz fəzilətlərin dəyəri ilə ölçülür.
Z. Göyüşov bütün dinlərin peyğəmbərlərini “əxlaq qəhrəmanları”na bənzədir və qeyd edirdi ki, peyğəmbərlər bütün fəzilətləri özündə ehtiva edir. Bu səbəbdən də digər dindarlar əxlaq sahəsində peyğəmbərləri özlərinə nümunə kimi götürmək istəyirlər. İnsanlara əbədi həyat vəd verən din ona sitayiş edən insanların mənəvi dünyasını daimi olaraq nəzarət altından saxlayır və təkcə nəsihət verməklə, didaktik fikirlərlə kifayətlənmir. Bunula yanaşı din heç vaxt əxlaqı tam nəzarət altında saxlaya bilməz. Çünki, əxlaq dindən daha geniş bir anlayışdır. Əgər dinə qarşı şübhələr meydana çıxarsa nəticədə dini inam zəifləyər və bu zaman dinin əxlaqa müdaxiləsi ortadan qalxmış olur.
Göyüşov dinin əxlaqa tam müdaxilə edə bilməməsinə iki əsas səbəb göstərirdi. Bunlardan birinci səbəb yuxarıda göstərilən əxlaqın dindən daha geniş olması amilidirsə, ikinci səbəb isə dinin istinad nöqtəsinin əfsanələr, abstrakt və real olmayan dünyanın olması, əxlaqın istinad nöqtəsinin isə real dünyanın, real cəmiyyətin olmasıdır.
Əxlaqi dəyərlər insanın həm doğru və fəzilətli davranışda olma qabiliyyətini inkişaf etdirir, həm də kamil bir şəxsiyyət qazanmasını təmin edir. İslamdakı əxlaqi dəyərlər də insanın fərdi inkişafını və əxlaqi kamilliyə çatmasını təmin edir. İslam əxlaqı, insanın özünü möhkəm bir şəkildə özünü tərbiyə etməsi, özünü kamilləşdirməsi və humanist səviyyəyə gətirməsini nəzərdə tutur. “İlahi dəyərlər əsasında formalaşan əxlaq sistemi dəyişkənliyə məruz qalan cəmiyyət üçün daimi olaraq əxlaq normaları tənzimləyir. Lakin, bu o demək deyil ki, həmin əxlaq qanunları dəyişkənliyə məruz qalır. İnsanlar ilk yaranış günündən dünyanın sonuna qədər bir sıra dəyişməz qanunlara tabe olmalıdırlar. Misal üçün, zaman nə qədər dəyişsə də, cazibə qanunu dəyişməzdir. Min il bundan sonra da paradoks hallarının mümkünsüzlüyü dəyişməz qalacaq. Deməli, bəşər həyatında yeniləşməyən həqiqətlər var. Həmin həqiqətlərin bir hissəsi də insanları xoşbəxtliyə yönəldən əxlaq qanunlarıdır. Tam əminliklə deyə bilərik ki, “başqasının hüququna təcavüz etmək yasaqdır” qanunu zaman və məkan çərçivəsinin fövqündə dayanan bir qanun kimi dəyişməz qalacaq. Bizim qənaətimizə görə, islamda mövcud olan etika qanunlarının hamısı bu qəbildəndir. Deməli, islamın əxlaq qanunları bütün zaman və məkanlarda, habelə müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar arasında həyata keçə bilən dəyişməz həqiqətlərdir.” (3)
Almaniya sosioloqu, tarixçisi Maks Veber (1864 -1920) dinləri müqayisəli formada araşdırılmasını və dinin ideal tipinin formalaşdırılmasından bəhs edirdi. Veberin özü isə protestanatlıq, induizm, buddizm, konfutsiçilik və iudaizm dinin müxtəlif tiplərindən bəhs edirdi. Bu tiplər bəzi məsələlərdə orjinal və əsas mənbələrdən fərqlənirdi.
XX əsrin ən böyük mütəffəkkirlərindən Pyer Teyyar de Şardenin qələmə aldığı “İlahi ruh”(1927-ci il) və “İnsan fenomeni” (1956-cı il) adlı elmi əsərlərində əxlaq haqqında dolğun fikirlər söyləmişdir. Teyyar de Şardenin etik fikirlərin məhvərində “fəaliyyət” kateqoriyası dururdu. Şardenin nöqteyi nəzərincə xristian etikasında islahatlar aparmaq lazımdır, bu islahatlar zamanı isə yaradıcı əmək amili önəmli bir rol oyanmalıdır. Elm və din arasında gedən mübarizədə barışdırıcı mövqedə dayanan Şarden bu ziddiyyətin əsas həllini elmi “müqəddəsləşdirmək”də görürdü. Mütəfəkkir elmi din səviyyəsinə qaldırmağı öz qarşısına məqsəd qoymuşdu.
1893-cü ildə Çikaqoda təsis edilən Dünya Dinləri Parlamentinin 4 sentyabr 1993-cü ildə dünya gündəminə gətirdiyi və nümayiş etdirdiyi “Universal Bir Əxlaqa Doğru Bəyannaməsi” ilə istər dindar olsun və ya olmasın, bütün insanları dəstək verməyə çağırdığı qlobal əxlaq, universal əxlaq müzakirələrinə XXI əsrin bir təsiri olaraq görülə bilər. Bütün dinlərdəki əxlaqi qanunların böyük nisbətdə bənzərlik daşıdığı və minimum səviyyədə bu ortaq qanunlar üzərində bir uzlaşma təmin edilə biləcəyi iddiasını daşıyan bu hərəkət, həm universal əxlaq ehtiyacına həm də dini əxlaqi qanunlara diqqət çəkməkdədir. Qlobal əxlaqi problemlərin həll edilməsi zamanı dini mülahizə baxımından mühüm olan bu proyekt qarşısında müsəlmanların necə davranması lazım olduğu mübahisəli bir məsələdir.
Qərb və Xristian meyilli bir hərəkət olmaqla tənqid olunan qlobal əxlaq təklif etdiyi Köhnə Əhddən qaynaqlanan qanunlarla tənqidləri haqlı çıxardan bir təəssürat hissi verir. Dini müxtəlifliyə dair özünə xas bir yanaşması olan İsveçrəli teoloq, katolik ilahiyyatçısı Hans Künqün (1928-) yaratdığı qlobal əxlaq hərəkətinin dərindən araşdırıldığında Künqün teoloji yanaşmasının izlərini daşıdığı da görünür. Bu hərəkət qarşısında islam dünyasının rəftarı və inkişaf etdirəcəyi ifadə XXI əsrdə müsəlmanların universal əxlaq mövzusundakı yanaşmasını da gözlər önünə sərir. Hans Künq qələmə aldığı “Qlobal məsuliyyət: yeni dünya əxlaqi axtarışında” (“Global responsibility: in search of a new world ethic”) bütün dinlərin ümumi, müsbət və ortaq cəhətlərini aşkar etməyə cəhd göstərir.
Universal və yaxud da umumbəşər əxlaqi dəyərlər dedikdə bütün insan toplumları üçün nəzərdə tutulmuş ümumi əxlaqi qaydalar toplusu nəzərdə tutulur. Ayrı-ayrı cəmiyyətlər üçün nəzərdə tutulan əxlaqi qaydalardan fərqli olaraq universal əxlaqi dəyərlər daha geniş və daha önəmli bir mahiyyət kəsb edir. Müasir şəhərlərdə fərdiləşməmiş şəxslər dünyanın çətinlikləri qarşısında psixoloji olaraq güclü edən həmrəylik ilə onları dəstək olan cəmiyyətin ictimai və psixoloji faydaları inkar edilə bilməz. Praqmatizm isə dinin deyil, rasonalizmin bir məhsulu olduğundan, hikmət təməlində obyektiv ağıl oxunda insanlarla əlaqə quran dinin ruhuna zidddir.
Müasirlik qarşısında təsirsizləşən ənənəvi dindarlıq formasının bir nəticəsi olaraq din ayinləşən və fərdiləşən bir puritanizm halını almışdır. Keçmişdə həyatın bütün sahələrini və bu həyatın maddi-mənəvi dünyasını yaratmaqda bələdçi olan şəxsiyyətin yaranmasına birbaşa təsir edən dinin yerini xüsusi bir sahəyə sıxışdırılmış başqa bir sözlə müasirləşmiş bir din almışdır.
Bəzi düşüncə sahibləri o cümlədən də Epikür (təxm. e.ə. 341-270), Tit Lukretsi Kar (təqr. E.ə. 99 - E.ə. 55), Klod Adrian Helvetsi (1715-1771), Pol Anri Holbax (1723-1789), Jülen Ofre de Lametri (1709-1751), Lüdviq Andreas Feyerbax (1804-1872) , Nikolay Qavriloviç Çernışevski (1828-1889), Aleksandr İvanoviç Gertsen (1749-1830) və Nikolay Platonoviç Oqaryov (1813- 1877) əxlaqın dindən ayrı bir mahiyyət kəsb etdiyini vurğulayırdı. Yuxarıda adı çəkilən bu mütəfəkkirlər nəinki əxlaqla dinin bağlılığını inkar edir, hətta dinin əxlaqa yaxşı və müsbət təsir göstərmədiyini vurğulayırdılar.
Dini əxlaqı dünyəvi əxlaqdan fərqləndirən bir sıra mühüm nüanslar da mövcuddur. Bunlara dindarların fövqəltəbii qüvvələrə tükənməz məhəbbəti, bəlalara müqavimət göstərilməməsini, xoşbəxtliyi iztirablarda axtarması və sairəni aid etmək olar. İngilis filosofları F. Bekon və T. Hobbsa görə əxlaq dindən deyil, həqiqi elmdən asılıdır, fransız filosofu K. A. Helvetsi isə əxlaqın kamilləşməsini dini buxovlardan azad olmaqla müəyyənləşdirirdi.
Antik çağdan sonra xristianlığın Qərbdəki yüksəlişiylə qaynağı əbədi və ilahi olan bir etika anlayışı yüksəlir. Bu dövrdəki ən əhəmiyyətli etik sistemlərdən biri də Akvinalı Foma tərəfindən hazırlanan etik sistemdir. Bu sistemdə sxolastik fəlsəfənin etik anlayışı ilə xristian əxlaq və fəzilət fikirləri bir araya gəlir. Rasional bir etik anlayışı olan bu anlayışda iradə mövzusuna da diqqət yetirilir. Ağla istinad edən azad bir iradə fikri mövcuddur, adam yaxşını seçərək xoşbəxtliyə çatma şansına malikdir, lakin son nöqtədə gerçək və son xoşbəxtliyə ancaq tanrının istəməsi ilə qovuşa bilər. Bundan sonra uzun bir müddət etika yalnız dini görüşlərə yer vermişdir.
Göyüşova görə dini əxlaq insanların kamilləşmədiyi dövründən cəmiyyətin uşaqlıq dövründən qalma əxlaqdır və cəmiyyət hər zaman uşaqlıq dövrünün əxlaqı ilə nizamlana bilməz. İnsanların kamilləşdiyi zaman dini əxlaqa heç bir ehtiyac duyulmur. Əxlaqın möhkəmlənməsi üçün vəhylərə ehtiyac duymağın yerini yüksək şüur tutmalıdır. Bu nöqteyi nəzərdən yanaşsaq dinsizliklə əxlaqsızlığı eyniləşdirmək düzgün fikir deyil.
Göyüşov din xadimlərinin dindarların hamısının əxlaqlı, dindar olmayanların isə əxlaqsız adlandırması fikrinə də etiraz edir, bu qəbildən yanaşma tərzini rədd edirdi. İnsanların əxlaqlı olub-olmaması, yaxud da dinsiz olmaları ilə və yaxud da hansı dinə inanmaları, sitayiş etməsi ilə ölçülməsi fikri də kökündən yanlışdır. Bu fikir fanatik ruhlu din xadimlərinin uydurduğu yanlış bir iddiadır və bu məsələnin əsas mahiyyətində din xadimləri aid olduğu dini cərəyanın və təriqətin mükəmməl və doğru olduğunun iddia etməklə bu təriqətin daxilində özləri kimi fanatik insanlar yetişdirməkdir.
Fəlsəfənin əhəmiyyətli qollarından biri olan etika doğru davranışın nə olması və yaxşı həyatın necə olması barədə müzakirələri əhatə edir. Ümumiyyətlə, etika aydın olduğu üzrə yaxşıyla pisi ayırd etməkdən daha genişdir. “İslam dini insanın həm ozu, həm də ətrafındakı insanlar ilə ahəngdarlıq icərisində olmasını istəyir. Ahəngdarlığı təmin etmək ucun insanın bir cox dəyərləri, xususən də insanlığın uzun illər boyu təcrubədən cıxaraq formalaşdırdığı qaydalar və dini fikirlərdir. Odur ki, bu dəyərlərə əxlaqi fəzilətlər kimi baxılır. Belə bir qaydanı bilənlər, cəmiyyətdə ona riayət edənlər, ahəngdarlığı qura bilən insanlar adəti uzrə “yaxşı adamlar”, “gozəl əxlaq sahibli” insanlar adlanaraq, digərlərindən fərqlənirlər.” (1, səh.166)
Fransa sosiologiya məktəbinin və struktur-funksional analizin banisi David Emil Durkhaym (1858-1917) əxlaqın müqəddəs bir mahiyyət kəsb etdiyini vurğulayırdı. Dürkhayma görə dinin də əxlaqın da obyekti və mənbəyi cəmiyyətdir, çünki, cəmiyyət həm say, həm də nüfuz etibari ilə fərddən üstün bir qüvvəyə malikdir. İntihar hadisələri ilə bağlı geniş araşdırmalar aparan Dürkhaym intiharların sayının artması kimi din və dəyərlərin öz qüdrətini itirməsində görürdü.
Dini etika həm tətbiqi etika və həm də ənənəvi (ümumi) dini etika adı altında tədqiq edilən bir etik anlayışdır. Bu mənada etikanın təməli dindir. Dinlərdəki əxlaq anlayışının müxtəlifliyi və dinlərin müxtəlifliyi üzündən, dini etik anlayışı da detallar baxımından fərqlilik və müxtəliflik göstərir. Əxlaq bütün insan əlaqələrində “yaxşı” (pis) və “doğru” (səhv) dəyər mühakimələrinin meydana gətirdiyi bir sistemidir. Din də əsasən yaxşı və doğruya çatmaq, pisdən qorunmaq və uzaqlaşmaq üçün bəzi qaydalar qoymuşdur.
Əxlaq qaydaları dindən müstəqil şəkildə özbaşına meydana gələ bilər. Buna təddqiqatçılar dindənkənar əxlaq ya da dünyəvi əxlaq adı verir. Dünyəvi əxlaq insan hərəkət və davranışlarını birbaşa dini qaydalara tabe olmadan sərbəst buraxır. Halbuki, dini əxlaq ya da dinə istinad edən əxlaq, insan hərəkət və davranışlarını müqəddəs kitablar və digər dini hüquq qaynaqları ilə məhdudlaşdırlar. Məsələn, islam əxlaqında təməl əxlaqi dəyər mühakimələrinin fiqh hökmlərinə, yəni islam hüququna uyğun olması lazımdır. Dini əxlaqın diqqətə çarpan bir xüsusiyyəti yerə və zamana görə dəyişməyən mühafizəkar qaydalar qoymasıdır. Dini əxlaqa görə din kitablarında yer alan etik qaydalar itaət edilməsi lazım olan buyruqlardır. Din əsasən haram ilə halalın nələr olduğunu təyin edir və insanların haram şeylərdən uzaq durmasını əmr edir.
Bu çərçivədə ifadə edilməsi lazım olan bir anlayış da davranışdır. Davranış insanların bir-birləriylə humanist davranmaları və hüzur içində yaşamalarına deyilir. Gülərüzlü olmaq, salamlaşmaq, qucaqlaşmaq, dost-tanışları ziyarət etmək davranış qaydalarının bəziləridir. Bir çox din davranış qaydalarının əhəmiyyətinə toxunur. Əxlaq və din arasında yaxın bənzərliklər olması ilə yanaşı qarşıdurmalar da mövcuddur. Dini əxlaqın müdafiəçiləri insanı yaxşıya, doğruya və yaxşıya aparan şeyin iman olduğunu ifadə edirlər. Onlara görə dini inamları olmayan bir kimsə əxlaqi davrana bilməz və yaxşını pisdən ayıra bilməz. Bu çərçivədə dinin mənəvi intizam təmin edəcəyi müdafiə olunur. Dünyəvi əxlaq müdafiəçiləri isə, insanın dini inamları olmadan da əxlaqi dəyər mühakimələrini qəbul edəcəyi və bunlara uyğun gələcəyini ifadə edirlər.
Digər tərəfdən dindən kənarda qarşımıza çıxan bir anlayış da vicdandır. Əxlaqi qaydaların qoruyucusu hər vaxt qanunlar olmaya bilər. Vicdan adı verilən mənəvi duyğu da əxlaqi davranışımıza istiqamət verən bir avtonəzarət mexanizmi vəzifəsini görə bilər. Qısası əxlaq hər vaxt bir qanun ya da hüquqi norma ilə həll edilə biləcək bir mövzu deyil. Din və vicdan da əxlaqi dəyər mühakimələrinin qoruyucusu ola bilər. Xüsusilə də islam dinində vicdan amili böyük anlam kəsb edirdi. “İnsanlığın dini olan İslam insan vicdanının ən təbii istinadı və rəhbəridir. Təcrübəyə dayanan maddi elmləri, metafizik inancları, yəni insan idrakına sığan və sığmayan bütün həqiqətləri özündə toplamışdır. Müsəlman olmaq İslam dininin inanac, əxlaq, yaşayış və siyasətinə aid olan əsasları bilmək, yaşamaq və yaşatmaqdır.” (5, səh.18).
Din və əxlaq bir-biri ilə qırılmaz əlaqədədir, bir sıra dinlərin təməlində əxlaq qaydaları durur. Zərdüştilik dininə görə yer üərində mövcud olan bütün xeyir işlərin səbəbkarı, sahibi ədalətli tanrı olan Ahura Mazda, yaxud Hörmuzdür. Bunun əksinə olaraq şər tanrısı Anhra Manyu, yaxud Əhrimən yer üərində mövcud olan bütün biliksizliyin, yalanın və pisliyin yaradıcısıdır.
Demək olar ki, bütün dinlərdə əxlaq mövzusu çox geniş şəkildə ələ alınmışdır. İslam dininin müqəddəs kitabı olan Quran araşdırıldığında fərd əxlaqı, ailə əxlaqı, cəmiyyət əxlaqı, iş əxlaqı və siyasət əxlaqı barəsində çox sayda hökmün yer aldığı görünür. Quranda fərd və ailə əxlaqına bağlı saysız ayə var. Əxlaqi fəzilətlər əxlaqi qadağalar, ailədə ana və ataya hörmət, birlik və qardaşlıq, düzgünlük, xeyriyyəçilik, maliyyə dəstəyi, zina etməmək və daha bir çox mövzuda Quranda hökmlər tapmaq mümkündür. “Hazırda, butun dunyada İslam əxlaqı hamı tərəfindən cox yuksək qiymətləndirilir və movzunun İslamda daha yuxarıda dayandığı birmənalı olaraq qəbul edilir. İslamın insan əxlaqına tələbi kitabın on birinci fəslində on uc movzu cərcivəsində ərsəyə gətirilmişdir. Burada insanın fərdi xususiyyətləri, həyatda qazandıqları, ailə tərbiyəsi, cəmiyyət tərbiyəsi, İslamın qoyduğu tələblər əsasında işlənmiş və insanın əxlaqlı bir şəxs olması ucun Qurani-Kərimin ondan tələbi oz əksini tapmışdır.” (1, səh.19)
Xalqımızın dini etiqadına istinad edən etik-əxlaqi və milli-mənəvi dəyərləri, adət-ənənəsi çox böyük milli əxlaqi və bəşəri duyğuları özündə ehtiva edir. Azərbaycan xalqı İslam dininin zəngin dəyərlərinə sadiq qalmışdır. Geniş əraziləri əharə edən buddizm, xristianlıq və islam kimi dünya dinlərinin mövcudluğu qloballaşma prosesinin formalaşmasına da öz təsirini göstərmişdir. Əgər biz tarixə diqqətlə nəzər yetirsək bütün ənənəvi dinlərin insanları böyük kütlələr halında toplamağa səy göstərmişdir. Dünya dinləri qismində buddist, xristian və müsəlman sivilzasiyaları insanları eyni inam, eyni etik və ənənələrlə birliyə səsləyirdi.
Ümumiyyətlə, dinin ictimai şüura göstərdiyi təsiri inkar etmək qeyri-mümkündür. Müasir dövrdə qitələr arasındakı əlaqələrin artması ilə artan qloballaşma və moderinləşmə prosesinə dini radikalizm tərəfdarlarının göstərdiyi müqavimət bu prosesin genişlənməsinə mane olan amillərdən biridir. Din qloballaşmaya müxtəlif bölgələrdə müxtəlif meyarlarla təsir göstərir. Bir sıra tədqiqatçılar bu qənaətə gəlir ki, dinin Qərbdə oynadığı rol artıq öz dəyərini itirmişdir. Qərb bölgəsində bəzi sosial əlaqələri nizamlayır və din Qərbdə əvvəlki siyasi mahiyyətindən təcrid olunub. Bu prosesin əksinə bəzi nüanslarda və bəzi regionlarda dindən təsir vasitəsi kimi istifadə edirlər.
Qloballaşma prosesi nəinki dini qarşıdurmaların, eyni zamanda etnik münaqişələrin də şişirdilməsinin qarşısını alan bir prosesdir. Dünyanın bir sıra bölgələrində baş verən dini münaqişələrin həllində qloballaşma prosesinin oynadığı rol əvəzsidir. Çünki, qloballaşma prosesi tolerantlıq amili ilə sıx bağlıdır. Ümumiyyətlə, qloballaşma prosesi bəşəriyyətin bütövlüyünü təmin edir və dini münasibətlərdə ayrı-seçkiliyin aradan götürülməsinə xidmət edən bir prosesdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Nəbibəyli Z. “Əxlaqa aparan yol” Bakı, “ADİLOĞLU” nəşriyyatı, 2013.
2. Albert Eynşteyn – Din və Elmə dair. http://solfront.org/
3. Yaqub M. Müsəlman mütəfəkkirlərinin "Din və əxlaq" barədə görüşləri.http://www.mediaforum.az/
4. Həsənov R. Georq Vilhelm Fridrix Hegelin ruh fəlsəfəsi, Bakı, 2011.
5. Eraydın S. Tasavvüf ve tarikatlar. İstanbul, 1994,
6. Ziqmund Freyd fərziyyələrinin süqutu (elmi araşdırma) http://ensonxeber.az/
7. http://tr.wikiquote. org/wiki/


Rahim Hasanov
Religion and ethics: the role of faith in society
Summary
Essentially religion plays a role of moral support. Divine hope and fear indicates a person to obey and bow to the supreme command. Because of man was not made submissive and blameless. It may be noted that all religions relied on moral issues. In fact, all religions call people to moral behavior.
As religious and ethical values ​​is the moral enlightenment of humanity. But, despite this, there is some difference between the religious and ethical values. The paper has been widely discussed connectivity between religion and ethics, and the difference between these two terms.


Рагим Гасанов
Религия и этика: роль веры в обществе
Резюме
По существу, религия играет роль поддержки морали. Божественная надежда и страхи указывает человеку повиноваться и склонить голову перед верховными повелениями. Потому что, человек не был сотворен покорным и непорочным. Можно отметет, что все религии ссылались на моральные вопросы. На самом деле все религии призывают людей к моральным поведениям.
Как религиозные, так и этические ценности служит моральным просветлением человечество. Но, не смотря на это, существует некоторые отличие между религиозных и этических ценностей. В статье широко обсуждается связанность между религией и этикой, и отличие между двумя этими терминами.











 
Müəllifin son yazıları

24.05.2016 Multikulturalizm polietnik cəmiyyətlərin mədəniyyətlərini stimullaşdıran faktor kimi
02.05.2016 Dağlıq Qarabağ münaqişəsinə tarixi aspektdən yanaşma
08.02.2016 Varislik prinsipi etik dəyərlər kontekstində

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info