Paytaxtın gözəlləşməsi turistləri özünə cəlb edir
Tarix: 20.09.2016 | Saat: 12:44:00 | E-mail | Çapa göndər


Aysel İbrahimova |

Son illərdə iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması məqsədilə qeyri-neft sektorunun inkişafı ölkə siyasətinin əsas prioritet məsələsidir. Bu məqsədlə rəqabətədavamlı, iqtisadi cəhətdən səmərəli, müasir tələbləri ödəyən sahələrin inkişafına diqqət daha da artıb. Təbii ki, bu baxımdan ən perspektivli sahələrdən biri də turizm sahəsidir. Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox genişdir. Təbii sərvətlər, rəngarəng iqlim, zəngin tarixi-mədəni irs turist axınını təmin etmək üçün mühüm amillərdəndir. Dövlət tərəfindən bu sahə daim diqqət mərkəzində olub. Azərbaycanın turizm potensialını hələ ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirmiş və “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı qəbul etmişdi. Məhz bu proqramın qəbulu ilə ölkənin turizm sektorunun inkişafına təkan verildi. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynadı.
Bu sahə Prezident İlham Əliyevin də daim diqqət mərkəzində saxladığı sahədir. Bu sahənin inkişafı üçün qəbul edilən qanunlar, verilən sərəncamlar turizmin inkişafında dövlətin son dərəcə maraqlı olduğunu göstərir. Prezidentin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edildi. 2011-ci il Azərbaycanda “Turizm ili” elan olundu. Bütün bu tədbirlər turizmin inkişafı üçün daha ciddi əsas yaratdı.
Ölkəmizdə turizmin müxtəlif növləri-kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s. növlərin inkişafı üçün geniş imkanlar mövcuddur. Turizmin inkişafında ölkədə fəaliyyət göstərən hotel, motel, mehmanxanaların müasir srtandartlara uyğun olması da əsas şətlərdəndir ki, bu sahədə də, artıq ciddi inkişaf var. Hazırda paytaxt Bakıda və regionlarda dünya standartlarına uyğun üçulduzlu, dördulduzlu, beşulduzlu otellər fəaliyyət göstərir. Təbii ki, bu cür otellərdə müştəri məmnunluğu nəzərə alınaraq peşəkar kadrlara üstünlük verilir. Peşəkar xidmət personalının hazırlanması üçün Azərbaycan Turizm və Menecment Universiteti yaradıldı. Bu universitetin yaradılmasında əsas məqsəd Azərbaycanın turizm sənayesinin inkişafını təmin etmək, turizm, səyahət, istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsidir. Hətta bu universitetin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin –peşə məktəbləri və peşə liseylərinin yaradılması da, bu sahədə atılan ciddi addımlardandır.
Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmiz turizmin hərtərəfli inkişafı üçün çox geniş imkanlara malikdir. Bu baxımdan həm regionlar, həm də paytaxt Bakı şəhəri xüsusi əhəmiyyət kəsb edir. Regionlar əsasən füsünkar təbiəti ilə turistlərin diqqətini cəlb edirsə, paytaxtımız Bakı şəhəri isə müasirlik və tarixiliyin ahəngilə turistlərin marağına səbəb olur. Xüsusilə, son illər Bakı şəhərində aparılan yenidənqurma tədbirlərindən sonra paytaxt daha da gözəlləşib. Bakıda aparılan yenidənqurma işləri paytaxtın tarixi qədimliyini saxlamaqla yanaşı, bura tam müasir bir Avropa şəhərinə çevrilib. Təbii ki, paytaxtın gözəlləşməsi turistləri özünə cəlb edir. Bakıya gələn turistlər XII əsrdən bizə miras qalmış və Şərqdə bənzəri olmayan, Bakının simvollarından biri hesab olunan Qız qalası, XV əsrin yadigarı Şirvanşahlar sarayı, böyük tarixi əhəmiyyətə malik “Atəşgah” məbədgahı, ilk insan məskənlərindən biri olan “Qobustan” muzeyi ilə tanış olmaqla, bu müasir Bakının nə qədər qədim tarixə malik olduğunun şahidi olurlar. Təbii ki, bu tarixiliklə yanaşı müasir dövrün tələblərinə cavab verən yeni tikililər-190 metr hündürlükdə üç yanar binadan ibarət “Alov qüllələri”, “Bakı Kristal Holl”, 162 metr hündürlükdə dalğalanan şanlı bayrağımızın şərəfinə yaradılan “Bayraq meydanı”, şəhər əhalisinin və turistlərin rahat istirahətini təşkil etmək üçün yaradılmış Ağ Şəhər Bulvarı və s. bu kimi məkanlar da, şəhər əhalisi ilə yanaşı, şəhərimizə gələn turistlərin də rahatlığını, istirahətini təşkil etmək üçün nəzərdə tutulub.
Azərbaycanı dünyada turizm ölkəsi kimi tanıtmaq dövlətin əsas məqsədidir. Bu baxımdan ölkəmizdə, xüsusilə də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, idman və musiqi yarışları da əhəmiyyətli rol oynayır. 2012-ci ildə məşhur Avroviziya mahnı yarışması, 2015-ci il Birinci Avropa Oyunları, 2016-cı il Formula-1 kimi müxtəlif yarışların paytaxtımızda keçirilməsi təbii ki, şəhərimizi dünyada daha çox tanıdır və bura turist axınını təşkil edən bir vasitəyə çevrilir.
Dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğı bununla bitmir. Bir müddət bundan öncə Prezident İlham Əliyev “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Tədbirlər planında Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara güzəştli kreditlərin ayrılması, turizm məqsədilə səfər edənlərə avia biletlərin güzətli qiymətlərlə satılması nəzərdə tutulur. Qonşu dövlətlərlə də turizm əlaqələrini gücləndirmək istiqamətində işlər görülür. Bu məqsədlə sərhəd keçid məntəqələrindəki sıxlığı aradan qaldırmaq üçün bu məntəqələrdə sürətli keçid təmin ediləcək.
Dövlətlərarası viza sisteminin sadələşdirilməsi də turistlərin marağını cəlb edən məsələlərdəndir. Məsələn, Ərəb ölkələri ilə viza sisteminin sadələşdirilməsinin nəticəsidir ki, bu il ölkəmizə gözləniləndən də artıq sayda ərəb turistlər gəldi. Onlar bölgələrlə yanaşı, paytaxtda da istirahətlərini təşkil etdilər. Dövlətin dəstəyilə və eləcə də özəl sektorun da, bu sahəyə böyük investisiya yatırması nəticəsində artıq paytaxtda və regionlarda yerli və beynəlxalq səviyyədə brend otellərin fəaliyyət göstərməsi gələn turistləri məmnun edir və onların yenidən gəlişini təmin edir.
Bütün bu islərin nəticəsidir ki, artıq ölkəmizə gələn turistlərin sayı hər ötən il artmaqdadır. Bu il bu göstərici ən yüksək səviyyədə oldu. Bu da qeyri-neft sektorunun inkişafında turizm sahəsinin prioritet sahə kimi seçilməsinin tam düzgün olduğunu bir daha təsdiqlədi.




 
Müəllifin son yazıları

10.08.2016 “Qəbələ festivalı təkcə mədəni deyil, həm də Azərbaycanı dünyada tanıdan bir tədbirdir”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Putin Paşinyanı alçaldıb
3 Futbol üzrə Dünya Çempionatı başladı
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info