Həmyerlimiz akademik İlizarovun layiqli davamçısıdır
Tarix: 03.10.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Hüseynəli İsmayılov:
“İraqlı qızın boyunu 56 sm uzadaraq dünya
rekordunu təzələdim”


Xaricdə yaşayan azərbaycanlı həkimlər də öz elmi ixtiraları ilə ilklərə imza ataraq xalqımızın adını ucaldırlar. Bu baxımdan dünyada möcüzələr yaradan və görkəmli travmatoloq-ortoped kimi məşhur olan professor Hüseynəli İsmayılovun adı fəxrlə çəkilir. Qeyd edək ki, tibb elmləri doktoru, professor H.İsmayılov 1961-ci ildə Borçalı mahalının Dmanisi (Başkeçid) rayonunun Qızıl Kilsə kəndində hamının xeyir-şərinə yarayan zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunda ümumi cərrahlıq ixtisasına yiyələnən H. İsmayılov sonralar həyatını Kurqan şəhərində yerləşən və hazırda həmyerlimiz akademik İlizarovun adını daşıyan travmatologiya-ortopediya elmi mərkəzinə bağlayıb.
2003-cü ildə H.İsmayılov Rusiya prezidenti V.V.Putin tərəfindən Rusiyanın Əməkdar səmərələşdiricisi adına layiq görülüb. 2007-ci ildə isə o, Rusiyada elmin inkişafına göstərdiyi xidmətə və elmi ixtiralarına görə Əməkdar elm və təhsil xadimi adına, “Alfred Nobel” və “Vernadiski” qızıl medallarına layiq görülüb, adı Rusiyanın görkəmli alimlərinin internet ensiklopediyasına daxil edilib.
Həmyerlimiz İlizarov adına fondun mükafatı laureatı, Pəncə və Pəncə-baldır üzrə Rusiya Cərrahiyə Cəmiyyətinin fəxri üzvü, Ümumrusiya Estetik və Plastik Əl Cərrahiyyəsi Cəmiyyətinin, Dünya və Avropa Travmatologiya və Ortopedia Cəmiyyətlərinin, Amerika Travmatologiya və Ortopedia Cəmiyyəti Akademiyasının üzvü, həmçinin Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir.
Professor H.İsmayılov hazırda Yaxın Şərqdə akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin rəhbəridir. Ailəlidir, həyat yoldaşı Sevinc İsmayılova tibb üzrə fəlsəfə elmləri doktoru, professor, həkim ginekoloqdur. Ülviyyə və Orxan adlı iki övladları var. Onların hər ikisi Moskva Dövlət Beynəlxalq İnstitutunda Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültələrində təhsil alırlar. 6 dildə sərbəst danışırlar.

-Yəqin ki, akademik İlizarovun inam və etimadını qazanmaq üçün çətin elmi sınaqdan keçibsiniz.
-Öncə, akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Elmi Mərkəzində fəaliyyətə başlamaq üçün böyük bir müsabiqədən keçməli oldum. Akademik İlizarov 100 namizəd arasından 7 nəfəri seçmişdi ki, onlardan biri də mən idim. Mən 1989-cu ildə Kurqanda klinik ordinaturanı bitirdikdən sonra Elmi Şuranın qərarına əsasən aspiranturada saxlanıldım. Akademik İlizarov mənə özünün yeni başladığı travmatologiya-ortopediyanın ən çətin sahəsi olan əl və ayaq sümüklərinin patologiyası mövzusunda elmi iş üzərində işləməyi məsləhət gördü. Mənə qədər akademik İlizarov bu işi 3-4 nəfər elmi işçiyə və həkimlərə həvalə etmişdi, lakin onlar heç bir nəticə əldə edə bilməmişdilər.
Akademik İlizarov hələ aspiranturada oxuyarkən məni əl və ayaq sümüklərinin patologiyası elmi qrupuna rəhbər təyin etmişdi. 1990-cı ildə akademik İlizarovla müştərək ixtiramın qeydə alınması məni daha da ruhlandırdı. Yeni üsulla xəstə bir neçə dəfə əməliyyat olunmaqdan və yaxud da ayaq sümüklərinin 3-4 yerdən osteotomiya (sındırılma) olunmasından xilas olunurdu. 1993-cü ildə dissertasiya işimi müvəffəqiyyətlə tamamlayaraq elmlər namizədi adını qazandım. 2000-ci ildə isə doktorluq dissertasiyamı müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru dərəcəsini aldım.
Daha sonra mərkəzdə əl və ayaq sümüklərinin patologiyasının müalicəsi üzrəElmi-klinik ortopediya şöbəsinin rəhbəri təyin olundum. Eyni vaxtda mərkəzin cərrahiyyə şurasının sədri, elmi tədqiqat komissiyasının, Elmi Şuranın və elmi müdafiə şurasının üzvü təyin olundum.
Bu gün də İlizarov mərkəzinə baş çəkən dünya ortoped-travmatoloqlarını ən çox maraqlandıran əl və pəncə patologiyasının müalicə üsullarıdır. Mən dünya ortopediya və travmatologiya tarixində ilk dəfə olaraq əl və pəncə patologiyasının İlizarov və onun təkmilləşmələri üsulu ilə müalicə prinsiplərinin konsepsiyasını tərtib edərək elmi əsasını verdim. Bu gün çox şadam ki, həmyerlimiz akademik İlizarovun işini və etimadını doğrultdum, eyni zamanda ilk dəfə mərkəzdə bu sahə üzrə elmi klinik qrup yaradaraq İlizarovun arzularını həyata keçirdim. Əbəs deyil ki, buna görə mərkəzdə mənə “İkinci İlizarov” adını veriblər.
-Bu sahədə daha hansı yeniliklər edibsiz?
-O vaxtlar beyin iflici olan xəstələrin ortopedik problemləri də mənim diqqət mərkəzimdə idi. Belə xəstələr çox zaman yataq rejiminə məruz qalırdılar. Həmin xəstələrə İlizarov aparatının tətbiqindən əlavə, yumşaq toxumalar üzərində əməliyyat aparmaq və bundan sonra bərpaedici müalicə üsullarını da tətbiq etmək lazım gəlirdi. 1994-cü ildən ilk dəfə mən tərəfdən kompleks müalicə sistemi tətbiq edilərək belə xəstələr normal həyata qaytarıldı. Bu üsul da indi Rusiya təbabətində və xarici klinikalarda geniş tətbiq olunur.
Akademik İlizarov, adətən, pəncə əyrilikləri olan xəstələri beş yaşından başlayaraq müalicə edərdi. Bunun bir səbəbi müalicə üçün müraciət edən şəxslərin illərlə növbə gözləməsi, digər səbəbi isə aparatın azyaşlı uşaqlara qoyulmasının çətinliyi idi. Mən İlizarov aparatının yüngül modelini yaradaraq, onu azyaşlı uşaqlara tətbiq etdim və bu sahədə böyük nailiyyətlər qazandım. Bu sahədə əldə etdiyim nailiyyətlərdən ən əhəmiyyətlisi əməliyyatın kiçik nöqtələrdən əzələ kəsikləri etmədən tətbiqidir. Belə əməliyyatdan sonra xəstələrin dərisində heç bir iz, çapıq toxumaları qalmır. Bu da kosmetoloji və psixoloji baxımdan xəstələr üçün çox mühümdür.
İlk dəfə olaraq Yaxın və Orta Şərqdə İlizarov üsulu ilə xəstələrin ambulator şəraitdə müalicə olunması prinsiplərini tətbiq etdim. Bu da müalicədə daha yaxşı nəticələrin alınmasında əsas şərtdir.
Daha bir ilkə imza ataraq akademik İlizarovun boyuzatma rekordunu (37 sm) keçərək, hollandiyalı qızın boyunu 41 sm uzatdım. İraqlı qızın boyunu isə 56 sm uzadaraq dünya rekordunu təzələdim.
Mən öz nailiyyətlərimi 100-dən artıq beynəlxalq konfrans və simpoziumlarda nümayiş etdirərək İlizarovun ruhunu yaşatmışam və ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, fəxr edirəm ki, azərbaycanlıyam.
-Azərbaycanda cərrahi əməliyyatlar edirsizmi?
-Bəli, ara-sıra Azərbaycanda da cərrahi əməliyyatlar aparıram. Mənim Azərbaycanda əməliyyat etdiyim xəstələr, əsasən, keçmiş xəstələrim və tanışlarım tərəfindən göndərilən insanlardır. Onlar dəfələrlə uğursuz əməliyyat olunan və sonda heç bir həkim tərəfindən qəbul olunmayan ağır xəstələrdir. Bir çoxları da öz ağır problemləri ilə xaricə müalicə olunmağa gedə bilməyən xəstələrdir.
Məsələn, böyrək çatışmazlığı olan, ürək problemlərindən əziyyət çəkən 80 yaşlı bir xəstəni Almaniyada belə, müalicə üçün qəbul etməmişdilər. Bakıya gəlib onun çanaq oynağını süni orqanla (protezlə) əvəz etdim. Xəstə tam normal həyata qayıtdı.
Azərbaycanda anadangəlmə tibbi qüsurlu, 9 yaşlı oğlan 5 dəfə uğursuz əməliyyat olunmuşdu. Valideynləri hansı həkimə getsə də, ayaqlarının kəsilməsi təklif olunmuşdu. Mən bu uşağın ayağının əyriliyini və 24 sm gödəkliyini bərpa etdim.
Siz buna təəccüblənməyin. Hətta ən inkişaf etmiş ölkələrdə bu ayaqları çox rahat ambutasiya edirlər və protezlər geyindirirlər. Mən belə insanlara indiyə kimi Rusiya, Yaxın Şərq və bir çox ölkələrdə 10 mindən çox əməliyyat etdiyim xəstələr arasında çox rast gəlmişəm. Çox şadam ki, onlara özlərinin dedikləri kimi, ikinci həyat verib, uğurlu cərrahiyyə əməliyyatlarımla onları ambutasiyadan qurtarıb normal həyata qaytarmışam.
-Sizin elmi uğurlarınız necə davam edir və ixtiranız olan aparat patent alıbmı?
- Mən dünyanın 86 ölkəsinin (ABŞ, Almaniya, Yaponiya, İngiltərə, Koreya, Türkiyə, İran və s.) mütəxəssislərinə İlizarov üsulunun öyrənilməsində iştirak etmişəm. Əsas elmi ixtiram olan əl və ayaq xəstəliklərində və sınıqlarında böyük uğurla tətbiq edilən aparat Yaponiyada patent alıb. Həmçinin ortopediya və travmatologiya sahəsində müvəffəqiyyətlə istifadə olunan İranda etdiyim ixtiram isə 2008-ci ildə İsveçrədə keçirilən Beynəlxalq müsabiqədə birinci yeri tutaraq fəxri mükafata layiq görülüb. Həmin müsabiqədə 72 dövlətin nümayəndələri iştirak edirdi. Bu qələbə İranın həm dini lideri, həm də prezidenti tərəfindən yüksək qiymətləndirildi.
1998-2001-ci illərdə İngiltərədə ortoped-travmatoloqlara (87 nəfər) 3 ay müddətinə İlizarov metodu ilə müalisə üsulllarına yiyələnmək qaydalarını öyrətmişəm. Bu müddətdə 5 dəfə BBC-ə müsahibə vermişəm. İngiltərə Kraliça xəstəxanasının təşəkkürnamələrini almışam. Lakin Şotlandiyada mənə verilən ən qiymətli hədiyyə anadangəlmə əl əyriliyindən əziyyət çəkən 13 yaşlı qız uşağının kompüterdə çəkdiyi şəkil və onun ürək sözləridir. Həmin qızın çəkdiyi şəkildə bu sözlər yazılmışdı: “Doktor, mən ürəyimi sizə ərmağan edərdim, ancaq bilirəm ki, götürməzsiniz. Çünki Siz özünüz insanlara həyat bəxş edirsiz”.
Ümumi olaraq anadangəlmə və qazanılmış ortopedik və travmatoloji xəstəliklərin müalicəsinə həsr olunmuş 250-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 16 tədris kitabçasının, praktikada geniş tətbiq olunan 200-dən artıq ixtira və təkmilləşmələrin müəllifiyəm.
-Diasporumuzla əlaqə saxlaya bilirsizmi?
-Əlbəttə, mən tibbi işlərimdən əlavə olaraq, Kurqandakı diasporumuzla həmişə sıx əlaqə saxlamışam. Ümumrusiya Azərbaycan Konqresinin Kurqan üzrə ərazi təşkilatı İdarə heyətinin üzvi olmuşam. İşlədiyim dövlətlərdəki Azərbaycanın səfirlikləri və diaspor təşkilatları ilə sıx əlaqədə oluram. Ümumiyyətlə, bir azərbaycanlı kimi işlədiyim ölkələrdə həmişə çalışıram ki, xalqımıza və dövlətimizə başucalığı gətirim.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
01.08.2017
Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7147

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info