Qazaxıstan Prezidentinə tərcüməçilik edən gəncimiz
Tarix: 04.10.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər
Gülşən Əliyeva:
“Biz Qazaxıstanda ən xoşbəxt gənclərik...”

Son zamanlar Qazaxıstandakı gənclərimiz ictimai fəallıq nümayiş etdirirlər. Bu baxımdan Qazaxıstanda fəaliyyət göstərən “Heydərçi” Azərbaycanlı Gənclər Təşkilatı gənclərə böyük dəstək olur. Təşkilatın ətrafında potensiallı gənclər toplaşıb. “Heydərçi”nin sədr müavini Gülşən Əliyeva da öz fəaliyyəti ilə həmyaşıdlarına nümunədir. Qeyd edək G.Əliyevanın 32 yaşı var. Ağdam rayonunda doğulub. 2001 - 2006-cı illərdə Qazaxıstanın Avrasiya Milli Universitetinin Tərcümə fakültəsində təhsil alıb. Hazırda Qazaxıstanın Astana şəhərində yaşayır. Bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında tərcüməçi kimi çalışıb. Qazaxıstan Prezidenti üçün müxtəlif layihələrin təqdimatında tərcüməçilik edib. Hazırda “Qala Transleyşns” şirkətinin əməkdaşıdır.
- Vətənə gəlişiniz nə ilə bağlıdır?
- Mən “Texniki-peşə təhsili sahəsində Qazaxıstan-Norveç əməkdaşlığı” adlı uzunmüddətli layihədə tərcüməçi kimi çalışmışam. Qeyd olunan layihə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi (QR TEN) və Norveç, Roqoland kurs və peşə hazırlığı mərkəzinin (RKK) birgə təşkilatçılığı ilə baş tutub. Bu layihə Qazaxıstanda 9 ilə yaxın bir müddətdə davam edib və uğurlu nəticələr nümayiş etdirib. Daha sonra RKK Azərbaycanla, daha dəqiq desək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlığa başladı. Qazaxıstanda həyata keçirilmiş bənzər layihədə böyük iş təcrübəmi və əlavə olaraq ana dilim olan Azərbaycan dili biliklərimi, mədəniyyət və ölkənin xüsusiyyətlərinə yaxşı bələd olmağımı nəzərə alaraq, təşkilat məni Azərbaycana layihə üzrə məsləhətçi kimi dəvət etdi.
- Ümumiyyətlə, vətənə tez-tezmi gəlirsiz?
-Bəli, mən layihə çərçivəsində Azərbaycana tez-tez gəlirəm. Bizdə tədbirlər hər 2-3 aydan bir keçirilir. Üstəlik bəzən elə alınır ki, öz məzuniyyətimi də Azərbaycanda qohumlarımgildə keçirməli oluram.
- Tərcüməçiliklə bağlı nə kimi təcrübə əldə edibsiz?
-Tərcüməçilik fəaliyyətində böyük iş təcrübəsinə malikəm. Həm şifahi (sinxron və ardıcıl), həm də yazılı tərcüməçilik karyerama kifayət qədər erkən başlamışam. Lakin bir müddət keçdikdən sonra mən yavaş-yavaş yazılı tərcümələrdən uzaqlaşaraq yalnız sinxron və ardıcıl tərcümələr həyata keçirməyə başladım. Mən həm Astanada, həm də digər MDB şəhərlərində keçirilən əsas irimiqyaslı konfransların tərcüməsini həyata keçirmişəm. Beynəlxalq təşkilatlar, dövlət orqanları, beynəlxalq maliyyə institutları, milli şirkətlər, özəl biznesin bütün səviyyələri ilə əməkdaşlıq etmişəm.
- Siz, əsasən, hansı dildən tərcümələr edirsiz və soydaşlarımıza bu baxımdan nə kimi yardımınız olur?
-Əsasən, rus və ingilis dilləri istiqaməti üzrə tərcümə edirəm. Əlavə olaraq, Azərbaycan dilindən ingilis və rus dilinə tərcümələr həyata keçirirəm. Alman və türk dillərini bilirəm. Azərbaycandan Astanaya nümayəndə heyəti gəldikdə, adətən, irimiqyaslı tədbirlərin tərcüməsinin həyata keçirilməsi üçün mənə müraciət edirlər. Bundan əlavə, Azərbaycandan Qazaxıstana çox sayda vətəndaşlar gəlir və şirkətimiz bu şəxslərin QR ərazisində sərbəst şəkildə yaşamasına və hər hansı fəaliyyət həyata keçirməsinə imkan verən müvafiq şəxsi sənədlərinin tərcümə edilməsində və qanuniləşdirilməsində onlara öz köməyini təklif edir.
- Yerli və beynəlxalq tədbirlərə qatılırsızmı?
-Mən milli və beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak etməyə çalışıram. Ölkədaxili tədbirlər deyildikdə həm beynəlxalq təşkilatlar, həm də yerli şirkətlər tərəfindən təşkil olunan müxtəlif konfranslar, seminarlar, “dəyirmi masa”lar nəzərdə tutulur. Şirkətimiz "Qala Transleyşns" tərəfindən təşkil olunan son tədbir tərcümə sahəsinə, tərcümə bazarının cari vəziyyətinə və qarşıya qoyduğu tələblərə həsr olunmuş dəyirmi masa idi.
- Qazaxıstandakı gənclərimiz öz potensialını ortaya qoya bilirlərmi?
-Ölkəmizdə bir çox gənclər təşkilatı mövcuddur. Bu cür təşkilatlara həm Qazaxıstan gənclərinin, həm də digər millət və etnik azlıqların nümayəndələrinin təşkilatları daxildir. Gənclər təşkilatı ölkənin gənclər siyasətinin formalaşmasında, gənclər arasında sağlam həyat tərzinin aşılanmasında, müxtəlif idman tədbirlərinin keçirilməsində fəal iştirak edir.
- Ümumiyyətlə, yerli hökumət bu baxımdan diaspor gənclərimizə şərait yaradırmı?
-Prezident Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində böyük Qazaxıstan torpağında 130-dan çox xalq yaşayır. Biz Qazaxıstanda ən xoşbəxt gənclərik, çünki biz, müdrik liderlər - Heydər Əliyev və Nursultan Nazarbayevin övladlarıyıq. Bu liderlər sayəsində hazırda ölkələrimizdə sülh və firavanlıq hökm sürür, Azərbaycan və Qazaxıstan arasında səmimi qardaşlıq münasibətləri gənclərə mədəniyyət sahəsində inkişaf etmək üçün daha çox imkanlar verir. Biz həmişə birliyimizin adına layiq olmağa çalışacağıq. Xalqımızın bütün dünyada öz tarixi köklərinə sahib çıxması Heydər Əliyevin də istəyi idi.
Qazaxıstanda, ölkədə yaşayan bütün millətlərin mədəniyyətlərinin dəstəklənməsinə yönəlmiş bir çox tədbirlər keçirilir. Bu cür tədbirlərin əsas iştirakçıları müxtəlif diaspor nümayəndələri, mədəni birliklər və digər ölkələri təmsil edən gənclər hərəkatlarıdır. Məsələn, türk dövlətlərində Yeni il günü kimi qeyd olunan 22 mart tarixində müxtəlif millətləri təmsil edən diaspor nümayəndələri öz mədəniyyətlərini, mətbəxlərini, ənənələrini, geyimlərini və digər milli xüsusiyyətlərini nümayiş etdirmək imkanı əldə edirlər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
22.06.2017
“Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır”
20.06.2017
“Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
19.06.2017
“Ruhuma daha yaxını müəllimlikdir”
16.06.2017
“Peşəkarlıq yaşa baxmır”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6771

1 “Ruhuma daha yaxını müəllimlikdir”
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 Qurtuluş dastanından Əlincə zirvəsinə
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info