“Şagirdin saatlarla kompüter arxasında vaxt keçirməsinin fəsadları olur”
Tarix: 18.10.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər
Nübar Qayıblı: “Öz üzərində işləyən müəllim gündəlik qəzetləri izləməli, ən azından aylıq jurnallara abunə olmalıdır”

Prezident İlham Əliyevin oktyabrın 4-də imzaladığı sərəncamı ilə bir sıra təhsil işçilərinə fəxri adlar verildi. Onlardan biri də təcrübəli və ziyalı müəllimələrimizdən olan Səbail rayonu, T.Məmmədov adına 239 N-li tam orta məktəbin biologiya müəllimi Nübar Qayıblıdır. Nübar Qayıblı ilə olan müsahibəni oxuculara təqdim edirik:
-“Əməkdar müəllim” adına layiq görüldünüz. Ağır deyil ki, bu yükü daşımaq?
-Çox düzgün vurğuladınız ki, ölkə başçısının dəyər verib mükafatlandırdığı şəxslər daha məsuliyyətli olmalıdırlar, bundan sonra daşıyacaqları yükün ağırlığını, sözün həqiqi mənasında, hiss etməlidirlər. Əlbəttə Əməkdar müəllim adını daşımaq böyük məsuliyyətdir. Amma onu da qeyd edim ki, müəllim sözü həm də məsuliyyət sözü ilə bir növ sinonimdir. Biz axı ömrümüzü uşaqlara, gənclərimizə bəxş edirik. İllərimizi övladlarımıza təhsil verməklə keçiririk. Əgər hansısa məsuliyyətsizliyimiz, hardasa savadımızda, tədrisimizdə boşluqlar olsaydı, təbii ki, bu, cəmiyyətimiz üçün böyük bəlaya çevrilərdi. Amma şükürlər olsun ki, bu gün təhsilimiz uğurla inkişaf edir və bütün bunlar da savadlı, məsuliyyətli təhsil işçilərimizin sayəsində ərsəyə gəlir. Əlbəttə, sevincimin həddi-hüdudu yoxdur. Çünki bu ada layiq görülənlər sırasında mən də yer aldım. Buna görə də əməyi keçən hər kəsə, məktəb rəhbəri Sədaqət Əzimovaya təşəkkürümü bildirirəm. O hər zaman məni dəstəkləyib, gözəl iş şəraiti də yaradıb. Əsas da daim təhsilə dəyər verən Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Əslində, ötən il 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Prezidentin Sərəncamı olmuşdu, orada da mən yer almışdım. Yəni bu ilk hal deyil ki, ölkə başçısı tərəfindən yüksək diqqət, dəyər və qayğı ilə üzləşirəm.
-Təhsilimizin inkişafını qeyd etdiniz. Necə düşünürsünüz Azərbaycan təhsilini gələcəkdə daha hansı uğurlar gözləyir?
-Hər hansı dövlətin inkişafı onun iqtisadiyyatı ilə bağlı olmur. İnkişaf bütün sahələrin bir-biri ilə sıx əlaqəsindən, bərabər şəkildə yeniliklərdən yararlanmasından yaranır. Bu gün təhsilimiz də iqtisadiyyatımızla bərabər irəli doğru addımlayır. Şükür ki, bəzi ölkələrdə olduğu kimi, bizdə geriləmə yoxdur. Təhsilimizin gələcəyi də uğurlu olacaq. Hər il yüksək bal toplayan abituriyentlərin sayı artır, dərslərin, tədrisin keyfiyyəti yüksəlir, ali təhsil almaq üçün daha çox gənclərimiz başqa ölkələrdə uğurla qəbul imtahanları verirlər. Bütün bunlar ondan xəbər verir ki, gələcəkdə daha çox savadlı kadrlarımız olacaq. Bu isə rəqabət deməkdir. Rəqabət olan yerdə də inkişaf olar. Zənnimcə, gələcəkdə təhsilimizi böyük uğurlar gözləyir, yeni-yeni islahatlar sayəsində təhsilimizdə böyük dəyişikliklərin şahidi olacağıq. Düşünürəm ki, inkişaf etmiş ölkələrdəki bəzi təcrübələrdən də yararlanmaqla təhsilimizi zirvələrə daşıyacağıq.
-Əvvəllər müəllim, şagird və ya müəllim-valideyn münasibətlərində tez-tez neqativ hallar müşahidə edərdik. Artıq belə hallar da xeyli dərəcədə azalıb
-Neqativ hallar həmişə, hər sahədə olur. Harada ki, insan amili var, orada neqativ hallar da olacaq müsbət hallar da. Əsas odur ki, belə hallar, siz dediyiniz kimi, azala. Bəli, bu gün təhsilimizin təkcə tədris, təcrübələr, elmi yanaşmalara və s. baxımdan inkişafı deyil, dediyiniz amillərlə də inkişafının şahidi oluruq. Artıq gənc pedaqoqlar, təhsil işçiləri işlərinə daha çox məsuliyyətlə yanaşırlar, valideynlərlə əlaqələr daha operativ qurulur, dərsə gələn şagirdlər valideynlərlə işbirliyi əsasında daha çox təlimatlandırılırlar ki, bu da sonda müəllimlərin şagirdlərlə olan münasibətlərində xeyli dəyişikliklərə səbəb olub. Məsələn əvvəllər bir şagirdin dərslərə etinasız yanaşması, davranışlarında ciddi nöqsanlar müşahidə edilməsi halları yaşananda birbaşa müəllim radikal addım atırdısa, indi bu məsələlər operativ şəkildə valideynlərlə həll edilir. Qısası, indi hər şey daha yaxşı şəkildə qurulub.
-İllərin təcrübəsi Nübar Qayıblının özünə nələri öyrətdi?
-Doğrudan da, bizim ömrümüz daim öyrətməklə keçir. Hətta evdə övladlarımıza qarşı da şagirdlərimizlə olduğu tərzdə davranırıq. Bu bizim həyatımıza hopub desəm yanılmaram. Öyrədən bir insanın öyrədə-öyrədə özünün nələr öyrənməsi isə maraqlı haldır. Məncə, illərin təcrübəsi mənə sayı hesabı bilinməyən müdrik şeyləri öyrətdi. Hər dəfə sinif otağının qapısını açıb şagirdlərin önünə çıxanda, məsuliyyət hissi ilə dərslərə başlayanda bu günün də fərqli, rəngarəng olacağını düşünürdüm. Fərqi yoxdur həmin gün hansı şagird az, ya çox öyrəndi. Əsas odur ki, öz borcumuzdan çıxıb bacardığımızı edirdik. Az öyrənən şagird sonrakı dərslərdə bu axsaqlığı hiss edir. Sadəcə, müəllim daha diqqətli olmalıdır ki, az öyrənənin üzərində daha çox dursun. Bax, illərin təcrübəsi mənə insan psixologiyasını, davranışları, yaxşı mənada hiylələri öyrətdi. Gənc müəllim olsaydım, bəlkə də, bu gün oxumayan onsuzda oxumur deyib daha çox savadlı şagirdlərin üzərində durardım. Amma bu yanlış yanaşmadır. İllərin təcrübəsi mənə həm də onu öyrətdi ki, uğur əldə etmək üçün çalışmaq, öz üzərində işləmək, nələrisə qurban vermək lazımdır.
-Deyirlər, ən yaxşı müəllim öz üzərində işləyən müəllimdir.
-Bu deyimin başqa formasını da eşitmişəm. Ən yaxşı müəllim ona görə deyirlər ki, öz üzərində işləyən müəllim dərslərdə şagirdlərin bəzi qəfil sualları qarşısında aciz qalmır. Daim nələrisə öyrətməyə bazası olur, daha standart bilikləri şagirdlərin beyninə yeritmir. Mən bu gün biologiya ilə bağlı bu yaşımda dünyadakı yenilikləri izləyib biliyimi artırıramsa, bunun nəyi pisdir? Sabah şagirdlərə hansısa biologiya ilə bağlı prosesi izah edəndə niyə də yeniliklərdən xəbər verməyəm? Vacib deyil ki, yalnız dərsliklərdə olanları uşaqlara çatdıram. Bundan başqa, müəllim yaxşı natiq də olmalıdır. Öz üzərində işləyən müəllim gündəlik qəzetləri izləməli, ən azından aylıq jurnallara abunə olmalıdır. Düzdür, indi sosiallıqdır. Texnologiya dövrüdür. Beş dəqiqəyə istənilən internet resursun imkanlarından yararlanıb istənilən biliyi öyrənə bilərsən. Amma bu, qəzet, jurnallar dili ilə yazılan məqalələri oxumaq effektini verməz. Görünür, bu səbəbdəndir ki, hələ də yazılı mətbuat sıradan çıxır desələr də, yazılı mətbuat öz yolu ilə davam edir. Çünki buna ehtiyac var.
-Yazılı mətbuatın vacibliyini qeyd etdiniz. Bəs tədris prosesində necə, planşetlər dövrünün dəftər qələm dövrünü əvəz etməsi müsbət haldırmı?
-Bunun müsbət və mənfi tərəfləri var. Heç şübhəsiz ki, planşetlər daha çox insan beynini yorar, nəinki əl əzələlərini daha çox hərəkət etdirən qələmlə yazmaq. Bunun bir sıra elmi izahatları da var, təəssüf ki, bunu mən dəqiq izah edə bilməyəcəyəm. Yəni qələm, dəftərlə işləmək paralel şəkildə həm beyni inkişaf etdirir, həm gözü, həm də əl vərdişləri ilə yazı yazma qabiliyyətini. Təsadüfi deyil ki, indi insanlar daha çox şikayət edirlər ki, kompüter arxasında daha çox işlədiyimdən qələmlə nəyisə yazanda özümü yazı vərdişlərimi itirmiş kimi hiss edirəm. Müsbət tərəfləri də çoxdur ki, kağızlara qənaət edilir, yazdığın yazının keyfiyyəti daha çox olur. Texnoloji yeniliklər, ümumiyyətlə, həmişə daha çox özü ilə müsbət amillər gətiriblər, nəinki mənfi. Bəzi ölkələrdə dəftər, ya kitab əvəzinə hansısa texnoloji cihazlardan istifadə edilməsi artıq adi hal alıb. Yəqin ki, bu bizdə də kütləvi şəkildə belə olacaq. İndiki halda sinif lövhələrinin hansısa ekran tipli cihazlarla əvəz edilməsi prosesi bizim bir çox məktəblərdə reallaşıb və bunu alqışlayıram. Ümumiyyətlə, daim yeniliyin tərəfdarı olmuşam. Şagirdlərimiz texnologiyanın ən son nailiyyətlərindən yararlanmalıdırlar. Amma bunları həddində etmək lazımdır. Əgər bir uşaq dərsdən sonra saatlarla kompüter arxasında vaxt keçirirsə, təbii ki, bunun böyük fəsadları olacaq. Texnologiyanın üstünlükləri çoxdur, sadəcə, bunlardan düzgün istifadə etmək lazımdır. Məsələn, uzun illər hansısa heyvanı və ya bitkini dərs zamanı izah edəndə gələn dərsimizdə onun fotosunu filan jurnalın səhifəsindən çıxarıb gətirib sizə göstərərəm deyirdiksə, indi internet imkanlarından, texnoloji cihazlardan yararlanaraq iki dəqiqəyə fotonu tapıb operativ şəkildə uşaqlara daha çox biliklər, informasiyalar verə bilirik. Bu kiçik bir misal idi. Yazı bazalarının, məktəblə, dərslərlə bağlı informasiya bazalarının kibrit qutusu boyda cihazlarda-fləş kartlarda əl çantamızda gəzdirmək kimi misallar deyə bilərəm. Hansı ki, əvvəllər bu bazaları qalaq-qalaq kağız qovluqlarda arxivlərdə saxlayırdıq.
-Sonda şagirdlərinizə və valideynlərə arzu, tövsiyələrinizi deyərdiniz.
-Şagirdlərə tövsiyəm odur ki, dərslərinə məsuliyyətlə yanaşsınlar. Elm ən böyük sərmayədir deyiblər. Elə insan da özünə elm öyrənməklə böyük sərmayə qoyur. Dövlətlər isə elmi inkişaf etdirməklə. Oxusunlar, daim fikirlərində təhsil olsun. Sonrakı yaşlarda istənilən əyləncəni, istənilən arzunu daha rahat tapacaq, reallaşdıracaqlar. Valideynlərə isə tövsiyəm odur ki, övladlarına ciddi nəzarət etsinlər. Heç bir iş övladla ilgilənməkdən vacib ola bilməz. Azərbaycan qadını, kişisi fədakarlığı ilə ad çıxarıb. Övladlara qarşı daim belə fədakar qalsınlar. Vaxtlarının çoxunu onlara həsr edib dərslərinin üstündə dursunlar. Əminəm ki, bizim övladlarımız gələcəkdə daha savadlı, daha güclü cəmiyyət quracaqlar!
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info