“Bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir”
Tarix: 18.10.2016 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


"Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində deyib. O, Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib: “Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.

“Neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik”
Prezident deyib ki, bu gün həm neft hasilatçıları, həm istehlakçılar qiymətin stabilləşməsinə nail olmaq istəyir: “Çünki ucuz neft istehlakçılara da zərbə vurub. Əlbəttə bu gün neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadiyyatı mövcud durumdan daha çox əziyyət çəkir". Ölkə başçısı hesab edir ki, OPEC-ə üzv olan və olmayan ölkələr tərəfindən hasilatın azaldılması qiymətləri stabilləşdirə bilər: "Hadisələrin gedişatı onu göstərir ki, hər şey buna doğru gedir. Məncə bu, baş verməlidir. Lakin tərəflər maksimum səmimi, dürüst olmalıdır, qəbul olunan qərarların icrasına nəzarət olunması üçün mexanizm hazırlanmalıdır. Hazırda qlobal neft bazarındakı şərait neftin 60, hətta 70 dollaradək bahalaşmasına səbəb ola bilər ki, bu da bütün tərəflər üçün əlverişlidir - şirkətlər investisiya qoyuluşunu artıra, hasilatla məşğul olan ölkələr isə əldə etdiyi vəsaiti müxtəlif layihələrin reallaşdırılmasına yatıra bilər. İstehlakçılar bundan ancaq udacaq". Dövlət başçısı deyib ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik: “Düşünürəm ki, neftin qiyməti bundan aşağı düşməyəcək və prinsipcə, bu bizə əlavə problemlər yaratmayacaq. Yeganə məsələ odur ki, biz dövlət tərəfindən maliyyələşən investisiya layihələrini azaltmalı olduq”. Prezident qeyd edib ki, bu gün əsas məsələ ixracı diversifikasiya etmək, bazara rəqabətə davamlı məhsullarla çıxmaq və Azərbaycanın neftin qiymətinin azalması səbəbi ilə yaşadığı valyuta itkilərinin yerini doldurmaqdır: “Bəlkə də bu, müsbətə doğrudur. Çünki investisiya və tələb həddən atıq çox idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik”. İlham Əliyev bildirib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib. Prezident qeyd edib ki, heç bir regional layihə TANAP-la rəqabət apara bilməz: “Bu layihənin ilk mərhələsində qaz satışı ilə bağlı müqavilələr imzalanıb və satışlar həyata keçirilib. Biz hasilatın artırılması ilə bağlı müqavilələr imzalamışıq və bu proses 2018-ci ildən etibarən baş tutacaq, 2020-2021-ci illərdə isə hasilat pik həddə çatacaq. Bu baxımdan digər regional enerji layihələri obyektiv səbəblərdən TANAP-la rəqabət apara bilməz". Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq imkanlarını istisna etməyən Prezident qeyd edib ki, hələlik ölkə indiki statusda özünü inamlı hiss edir: “Bu mövzuda söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni mən bu cür xarakterizə edərdim”. Dövlət başçısı Azərbaycanın Avrasiya məkanındakı prosesləri maraqla izlədiyini qeyd edərək o proseslərlə bağlı mürəkkəbliklər və müəyyən iradlar olduğunu da vurğulayıb: “Bu gün bizim Avrasiya İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız, eləcə də siyasi əməkdaşlığımız, kifayət qədər möhkəmdir. İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola bilər. Hazırda biz bu istiqamətdə çalışırıq”. Prezident rəsmi Bakının öz indiki vəziyyətindən məmnun olduğunu diqqətə çatdırıb: “Son 13 ildə biz ümumi daxili məhsulun həcmini 3 dəfə artıra, yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faiz səviyyəsindən bu il 5 faiz səviyyəsinə endirməyə nail ola bilmişik. Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir”.
Prezident müsahibəsində Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son açıqlamasını diplomatik insident adlandırıb: “Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında da bu açıqlama ilə bağlı fikrimi bildirmişəm. Mən dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan ediblər. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”. Dövlət başçısı qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərarları və qətnamələri yerinə yetirilmir: “Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bizim problemimiz budur. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır. Biz də deyirik ki, yaxşı, gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər, sülh yolu, biz deyirik yaxşı, gözləyək. Lakin təcavüzkara təzyiq göstərmək əvəzinə biz belə bəyanatlar eşidirik”.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
18.08.2019
Türkiyə avtomobil sektoru ilin ən yüksək ixracat rəqəminə çatdı
18.08.2019
Türkiyə bu mövzuda BMT-ni daha aktiv olmağa çağırdı
18.08.2019
İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
18.08.2019
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info