“String Art”la Azərbaycanda ilk məşğul olan mən olmuşam”
Tarix: 20.10.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər
Həbibə Hüseynova: “Kipr Yakın Doğu
Universitetinin heyətinə işim maraqlı və qeyri-adi gəldiyindən mənə pulsuz təhsil və universitetdə işləməyi təklif etdilər”

Müsahibimiz istedadlı və bacarıqlı gənclərimizdən olan Həbibə Hüseynovadır. Həbibə ölkəmizdə incəsənətin nadir növlərindən olan “String Art”la ilk məşğul olan gəncdir. Bu maraqlı və istedadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz haqda məlumat verərdiniz.
-Mən, Hüseynova Həbibə 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. İbtidadi təhsilimə 2001-ci ildə başlamışam, 2012-ci ildə isə məzun olmuşam. Elə həmin ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə Memarlıq ixtisası üzrə daxil olub, 2016-cı ildə isə bu universitetin məzunu olmuşam. 2004-2009-cu illərdə da 32-saylı musiqi məktəbində piano üzrə təhsil almışam. 2002-2005-ci illərdə isə Azərbaycan milli rəqsi üzrə dərs almışam.
- Bildiyim qədərilə incəsənətin qeyri-adi növü ilə məşğul olursunuz. Bu barədə də ətraflı məlumat verərdiniz.
-10-11 yaşlarımdan saplarla toxumağı öyrənmişəm. İplərin bir-birinə nizamlı şəkildə bağlanması- toxunması mənə maraqlı gəlmişdi. Lakin sonralar dərslərin çoxluğu səbəbi ilə toxuma işini dayandırdım. 2013-cü ildə ixtisasımla - interyer dizaynla bağlı nümunələr axtararkən şəkillərdə “String Art” əsərlərini gördüm. Sənətin adını tapmaq çətin oldu, bir neçə dildə ip və mismar yazıb sonda sənətin adını öyrəndim. O zamanlar “ String Art” ilə bağlı məlumatlar indiki kimi bol deyildi. Bu sənəti “YouTube”də axtarış edərək Mahmoud Al Qammarinin videolarını tapıb izləməklə öyrəndim. “String Art” 19-cu əsrdə İngiltərədə toxucular tərəfindən yaranıb. İndi də Ukrayna, Qahirə, Rusiya, Polşada geniş yayılıb. Qammari də Londonda yaşadığından bu sənəti əla bilirdi. İlk vaxtlarda, düzü, işləri kopyalayırdım, baxdığım işlərdə cüzi dəyişikliklər edərək -rəngini dəyişərək və ya nələrsə qataraq ortaya nəsə qoyurdum. 5-6 işdən sonra artıq öz fantaziyamla əsərlər yaratmağa başladım. Artıq 50-dən çox əsərlərim var. İlk vaxtlarda yalnız adi sapdan istifadə etsəm də, indi müxtəlif rezinlərdən, jılkalardan, dəri iplərdən, mis məftillərdən və s. istifadə edirəm. Abstrak, həndəsi formalarda işləmək mənə daha xoş olur. Çünki sonda necə bir iş alınacağını bilmirəm. Bu da məni həyəcanlandırır və daha da həvəslə işləməyimə səbəb olur.
- Şairlərdə ilham pərisi olur. Bəs sizdə necə, ən gözəl əsərlərinizi nə vaxt yaradırsınız? Bir də ən çətin əl işləriniz hansılar olub?
-Adətən, əsəbi, kədərli, gərgin və ya çox xoşbəxt vaxtlarımda yeni əsərlər yarada bilirəm. Əsəbi və kədərliykən yaratdığım əsərlər, demək olar ki, ən gözəlləridir. Bir qədər bədii dildə desəm, hər əsər beynimdəki fırtınaların məhsuludur. Əksər hallarda gecədən səhərə kimi işləyirəm. Çünki gecələr hər kəs yatmış olur, işimə də müdaxilə edən olmur. İşimə müdaxilə olunmasını heç sevmirəm. Yeni əsərə başladıqda onu bitirmədən gözümə yuxu getmir. Bir neçə gün yemədən, içmədən hər şeydən tamamilə təcrid olaraq hər hansı bir əsər üzərində işləyib bitirirəm. Bəzən elə əsərlər olur ki, onları işləmək çox çətin olur. Bunun da səbəbi o əsərlərin öz fantaziyamın məhsulu olmasıdır. Amma bu çətinlik mənə zövq verir. Dəqiq formalar sıxıcı gəlir, bəzən isə çətin olsa da, sonda gözəl nəticə əldə edilir. Məsələn, Eyfel qülləsi kimi. İpək sapla hazırlandığından hər hissənin üzərində 10 dəfə təkrarlayaraq işləmək məcburiyyətində qalmışam. İndiyədək ən çətin işlərim Eyfel ilə üz əzələləri olub.
-Azərbaycanda sizdən başqa bu işlə məşğul olan varmı?

-Azərbaycanda bu sənətlə məşğul olan bir çox insan var. Amma bu sənətlə ölkəmizdə ilk məşğul olan mən olmuşam. Mənim əsərlərimi digərlərindən fərqləndirən, həcm-fəza, rənglər haqqında məlumatımın olmağıdır. İxtisasım memar olduğundan həcm-fəza, rənglər haqqında bir çox dərslər keçmişəm və bunun da “String Art” işlərimdə mənə çox faydası var.
-Bəs sərginiz təşkil olunubmu?
-İndiyədək bir çox dövlət muzeylərində və digər məkanlarda sərgilərim keçirilib. İlk sərgim təhsil aldığım universitetin sərgi salonunda keçirilib. Bu sərgi ilk və fərdi sərgim idi. Burada mənim 23 işim nümayiş olunurdu. Bu sərgidə həndəsi formalı əsərlər daha çox yer alırdı. Sərgidəki ən gözəl, möhtəşəm işim isə Azərbaycan dövlətinin atributu olan gerbimiz idi. Elə bu sərgidən sonra müəllimlərim və digər sərgiyə gələn şəxslər tərəfindən mənə bir çox yerlərdə sərgilər təklif olundu.
Qəzənfər Xalıqov adına 1 saylı Qobu orta məktəbində keçirilmiş sərgimdə isə ilk dəfə portret işləmişəm. Sərgi Nizami Gəncəviyə həsr olunduğundan dahi şairimizin portretini işləmişdim. Bundan başqa, maraq üçün bildirim ki, mən “Bakı-2015”-də könüllü qismində iştirak edirdim. Qərara almışdım ki, “Bakı-2015”-in loqosunu işləyim. Düzü, onu da işləmək çətin oldu. Konkret formada gözəl iş yaratmaq bir az çətindir. Mən müxtəlif növlü saplardan, iplərdən istifadə edərək loqonun içini işləyə bildim. “Atletlər kəndi”ndə könüllü kimi fəaliyyət göstərdiyimdən, öncədən demişdim ki, qızıl medal qazandıqdan sonra kəndə ilk gələn idmançıya əl işim olan loqonu hədiyyə edəcəyəm. Ayxan Mamayev qızıl medal aldıqdan sonra kəndə gəldi və mən də öz işimi ona hədiyyə etdim. İlk sərgim təhsil aldığım universitetin sərgi salonunda keçirildiyindən, mənə dərs deyən müəllimlərimin də mənim bu istedadımdan xəbərləri var idi. Diplom işimdə diplom rəhbərim olan Maya xanım Cəfərova mənə maketimi “String Art’la işləməyi məsləhət gördü. Mən razı olmaqda tərəddüd edirdim. Çünki indiyədək 3 ölçülü iş işləməmişdim. Hər zaman 2 ölçülü işlər işləmişdim, buna görə də bir qədər bu işdən çəkinirdim. Lakin o mənə dəstək oldu, motivasiya verərək bu işə razı saldı. Beləliklə, mən indiyədək olan ən çətin, ən maraqlı işimi yaratdım. 39 mərtəbəli biznes mərkəzinin maketini “String Art”la işlədim. Biznes mərkəzini həll etmək üçün Bibiheybətdə dəniz kənarında ərazi seçmişdim. Dəniz kənarı olduğundan, biznes mərkəzinin ilk 3 mərtəbəsində rezin iplərlə dalğa obrazını yaratdım, maketin 4-35 mərtəbə hissəsində bənövşəyi iplərlə balıq obrazını yaratmışdım. Balığın quyruğunu isə ticarət mərkəzinin üzərində piramida şəklində işləmişdim. Bu da balığa həcm vermək məqsədilə yaradılmışdı. Maketi 1 ay içində çox çətinliklə ərsəyə gətirdim. Çünki bəzən beynimə heç bir fantaziya gəlmirdi. Yuxu yatmadığımdan bu normal hal sayılmalı idi. Elə bu diplom işim ilə Kiprdə Avrasiya ölkələri arasında keçirilən konkursa qatıldım. 125 tələbə içində 2-ci dərəcəli diplomla təltif olundum. Bundan əlavə, Kipr Yakın Doğu
Universitetinin heyətinə işim çox maraqlı və qeyri-adi gəldiyindən mənə onların universitetində pulsuz magistratura təhsili almağı və universitetdə işləməyi təklif etdilər. İrəlidəki hədəflərim isə daha da iri həcmdə, daha da qarışıq “String Art” əsərləri yaratmaq və bunu memarlığa tətbiq etməkdir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info