“Təhsil müəssisələrində İKT-dən istifadə uğurla həyata keçirilir”
Tarix: 20.10.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
Təranə İsmayılova: “İKT-nin tədris prosesini elə təşkil etmək lazımdır ki, şagird dərsdə fəal iştirak etsin, öz əməyinin bəhrəsini görsün və onu qiymətləndirə bilsin”

İnformasiya kommunikasiya texnologiyalarının ( İKT) təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir bilik və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər hazırlanıb həyata keçirilib ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Eyni zamanda təhsil müəssisələrində müəllimlər də yeni sistem üzrə dərs keçirlər. Abşeron rayonunun Saray qəsəbəsindəki 3 saylı tam orta məktəbin İnformatika müəllimi Təranə İsmayılova ilə söhbətimizdə bu mövzuda ətraflı danışmışıq. Qeyd edək ki, T.İsmayılova, həmçinin metodbirləşmə rəhbəri, Prometan interaktiv lövhələrin tədrisdə tətbiqi və “İntel” gələcək üçün təhsil layihəsi üzrə təlimçidir.
- Azərbaycanda İKT-nin inkişafı hansı səviyyədədir?
-Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya kommunikasiya texnologiyaları ili" elan edilməsi bunun əyani təzahürüdür. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan informasiya kommunikasiya texnologiyaları sektorunda da dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. İKT-nin iqtisadiyyatda artan çəkisi son illər ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilməsini də şərtləndirib. Artıq ənənəyə çevrilmiş "BakuTel" sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir. Bu sərgi Azərbaycanda İKT-nin inkişafına, yeni faydalı əməkdaşlığın və işgüzar münasibətlərin qurulmasına mühüm töhfə verəcək. Həmçinin beynəlxalq əməkdaşlıq inkişaf etdirilib, İKT üzrə beynəlxalq biznes- forumları, sərgi və konfranslar təşkil edilib. Tanınmış İKT şirkətlərinin əksəriyyəti respublikada nümayəndəliyini açıb və fəaliyyətini genişləndirib. Qeyd etmək istərdim ki, ölkəmizdə İKT-nin inkişafı göz önündədir və bu inkişaf hər il artmaqdadır. Eyni zamanda hər növbəti il ötən ilə nisbətən öz inkişafı, uğurları ilə seçilməkdədir. Bu gün İKT-nin təhsildə tətbiqi vətəndaşlarımızın müasir bilik və bacarıqlara malik olan yeni nəslin informasiyalaşmasına, elmi-texnoloji müstəvidə yüksək nəticələrə nail olmasına, inkişaf baxımından ölkəmizin dünya ölkələri ilə ayaqlaşmasına birbaşa təsir edən amildir.
- İKT-nin təhsildə tətbiqinin nə kimi perspektivi var?
-Müasir texnologiyaların sürətli inkişafı zaman və məsafəni qısaldaraq uzağı əlçatan edir, dünya sivilizasiyasının biliklərinə yol açır. Bu, təhsil sahəsində daha çox müşahidə edilir. Lakin bu sürətli inkişaf nəticəsində bu gün əldə edilən biliklər sabah kifayət etməyə bilər. Çünki biliklər çox sürətlə inkişaf edir və sürətlə də öz mənasını itirə bilir. XXI əsrdə insan və cəmiyyətin inkişafının əsas resursunu informasiya təşkil etdiyi bir dövrdə, təhsildə informasiya texnologiyalarının tətbiqi təhsilverənlərin və təhsilalanların insan kapitalı kimi inkişafı üçün təkcə vasitə yox, bu inkişafın katalizatoru rolunu oynayan əsas mexanizmlərdən biridir. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması uşaqlarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər.
- Təhsil ocaqlarında İKT-nin tədris prosesini necə təşkil etmək lazımdır?
- Bu baxımdan müasir Azərbaycan cəmiyyətinin informasiyalaşdırılmasının prioritet istiqamətlərindən biri olan ümumi təhsilin informasiyalaşdırılmasının üç əsas istiqaməti üzrə - pedaqoji kadrların İKT üzrə hazırlığını artırmaq; yeni texnoloji avadanlıqlar vasitəsilə tədris prosesini daha effektiv etmək; tədrisin məzmununu genişləndirmək istiqamətində əhəmiyyətli addımlar atılmağa başladı. Kompüter və informasiya texnologiyalarından düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir, təhsilalanın bilik əldə etməyə marağını artırır, müəllimin məşğələyə hazırlıq prosesini asanlaşdırır. Əgər dünən şagird fənlərlə bağlı məlumatı dərsliklərdən, dərs vəsaitlərindən, televiziya verilişlərindən alırdısa, bu gün bunları İnternet və elektron kitablar əvəz edir. Yadda saxlamaq lazımdır ki, kompüter müəllim deyil, müəllimə tədris prosesində kömək edən vasitədir. Şagirdə informasiyadan necə istifadə etməyi öyrətmək lazımdır. Bu baxımdan İKT-nin tədris prosesini elə təşkil etmək lazımdır ki, şagird dərsdə fəal iştirak etsin, öz əməyinin bəhrəsini görsün və onu qiymətləndirə bilsin. Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Hamı razılaşar ki, İKT savadı olmayan şəxsin bu gün dövlət və ya özəl sektorlarda perspektivli iş tapması yalnız təsadüf nəticəsində mümkündür. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı, ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompüterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər. Ümumtəhsil məktəblərinin yeni texniki vasitələrlə təminatı İKT-nin uğurla tətbiqindən xəbər verir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. İKT-dən istifadə etməklə təhsildə uğurlu nəticəni isə biz dünya təcrübəsinə arxalanaraq xalqımızın milli maraq və xüsusiyyətlərini nəzərə almaqla müasir Azərbaycan təhsil modelini qurmaqla təmin edə bilərik. Təhsil Nazirliyinin həyata keçirdiyi islahatların əsas məqsədi tədris prosesinin yenidən qurulması, müəllim-şagird münasibətlərinin dəyişdirilməsi, təlimdə İKT-nin istifadəsi və onun pedaqoji texnologiyalarla birlikdə uzlaşdırılmasıdır.
-Müəllimlərimizin İKT bilikləri hansı səviyyədədir?
-Uzun müddətdir ki, ölkədə təhsil sisteminin informasiyalaşdırılması prosesi gedir. Bütün təhsil səviyyələrində informasiya kommunikasiya texnologiyaları (İKT) tətbiq olunur, texnologiyaların tədris prosesinə inteqrasiyası sürətlənir. Bu inteqrasiya prosesinin mərkəzində isə məhz müəllimlər dayanır. Məlumdur ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri- mümkündür. Təhsilin müasir texnologiyası məzmunla tədris texnologiyasının inteqrasiyasıdır. Bu, müasir müəllimdən çeviklik və peşəkarlıq, tədrisə yaradıcı yanaşma və şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaqla sinifdə texnologiyalardan istifadə bacarığı tələb edir. Hər şagirddə istedad gizlənə bilər. Texnologiyanın köməyi ilə isə müəllim şagirdin istedadını üzə çıxara, qarşılıqlı fəaliyyət göstərə bilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
27.03.2017
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
27.03.2017
Cocuq Mərcanlıya səfər edənlərin sayı artır
17.03.2017
Qatı ermənipərəst Frank Engel kimdir?!
17.03.2017
“Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5969

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info