“Tədris prosesində müasir metodlara üstünlük veririk”
Tarix: 24.10.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Nəzakət Əliyeva:
“Təhsilin inkişafı Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir”

Müsahibimiz Nizami rayonu, Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin tarix müəlliməsi Nəzakət Əliyevadır. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirəndən sonra təyinatla Tərtər rayonuna göndərilən Nəzakət Əliyeva Kolanı kənd məktəbində tarix müəlliməsi kimi fəaliyyətə başlayıb. Daha sonralar ailə vəziyyəti ilə əlaqədar paytaxt Bakıya gələn Nəzakət müəllimə əvvəlcə 29 saylı texniki-peşə məktəbində çalışıb. 1989-cu ildən bu günə kimi isə yorulmadan 220 saylı məktəb-liseydə sevə-sevə öz doğma Tarix fənnini tədris edir, şagirdlərinə tariximiz haqqında dolğun bilikləri yorulmadan öyrədir. Xatırladaq ki, bu təhsil ocağı 1967-ci ildən fəaliyyətə başlayıb. 1999-cu ildən məktəb-lisey kimi fəaliyyət göstərir. Məktəb-lisey bu vaxta kimi bir sıra uğurlar əldə edib. Sevindirici haldır ki, bu uğurlarda Nəzakət Əliyevanın da əməyi var.

-Təhsilin güclənməsində müəllimlərin nə kimi rolu var?
-Bəşəriyyətin min illər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. Təhsil isə müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan gənc nəsil məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub. Azərbaycan cəmiyyətində müəllim xüsusi mövqeyə və nüfuza malikdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, ona dərin hörmət və ehtiramla yanaşıb, onun cəmiyyətdəki statusunun yüksəldilməsi, maddi rifah halının yaxşılaşdırılması qayğısına qalıb.
-Azərbaycanda təhsilin inkişaf səviyyəsini necə qitmətləndirirsiz?
-Tarix boyu cəmiyyətin tərəqqisi təhsilin inkişafı, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsi ilə şərtlənib. Məhz bilikli cəmiyyətlər daha böyük sosial-iqtisadi yüksəlişə nail olublar. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin elm və təhsil sahəsində apardığı nəhəng islahatlar bu sektorda gələcək uğurlar üçün geniş zəmin yaradıb. Elm və təhsili Azərbaycanın davamlı inkişaf və tərəqqi strategiyasının prioritet istiqamətləri olaraq, cəmiyyətdə yüksək mövqeyə qaldıran ulu öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilin inkişafı Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Son dövrlər maarif sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb, ölkəmizdə dünya səviyyəli mütəxəssislərin hazırlanması üçün münbit şərait yaranıb. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə gənclərin müasir biliklərə yiyələnməsi, yaradıcı fəaliyyətə həvəsləndirilməsi, onların istedad və bacarıqlarını hərtərəfli inkişaf etdirmələri üçün hər il yeni-yeni layihə və proqramlar həyata keçirilir.
-Sizin fəaliyyət göstərdiyiniz məktəb-liseyin nə kimi nailiyyətləri var?
-220 saylı məktəb-lisey 2000-ci ildən YUNESKO-nun Assosiativ məktəblər şəbəkəsinə daxil edilib, ABŞ-ın “Proyekt Harmoniya” təşkilatının müsabiqəsi nəticəsində qrant olaraq aldığı İnternet mərkəzin fəaliyyəti məktəbin inkişafında və beynəlxalq əlaqələrin genişlənməsində böyük rol oynayıb. 2002/2003-cü illərdə 220 saylı məktəb-lisey Azərbaycandan yeganə təmsilçi olaraq Nyu-York şəhərinin 10 ölkənin - Fransa, Meksika, Qana, Cənubi Afrika Respublikası, Argentina və İsrail məktəbliləri ilə birlikdə “Sülh gündəlikləri” adlı layihədə iştirak edərək eyniadlı kitabın müəllifi olub. 2006-cı ildən məktəb-lisey Azərbaycan Müəllimlər İnstitutunun Təcrübə bazası kimi, 2015-ci ildə isə Təhsil Nazirliyinin əmri ilə inklüziv təhsilin tətbiqi ilə bağlı pilot məktəb kimi seçilib. 2010-2012-ci illər İEARN (Beynəlxalq Təhsil və Resurs Şəbəkəsinin) Qitələrarası Beynəlxalq “Mural” (IIME) layihəsində Azərbaycan və Yaponiya şagirdləri eyni kətan üzərində tarix və mədəniyyətləri, o cümlədən adət və ənənələri əks etdiriblər.
2013-cü ilin yanvar ayından məktəbdə Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin (ETUCE) “Təhsildə İKT-nin tətbiqi yolu ilə məktəbi erkən tərketmənin qarşısının alınması işində müəllim birlikləri” adlı layihəsinin tətbiqinə başlanılıb.
2008 və 2013-cü illərdə məktəb-lisey Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. Məktəbin şagirdləri həm şəhər, həm də respublika təhsil yarışlarında hər zaman fəallıqları ilə seçilib, dəfələrlə yüksək nəticələr əldə ediblər. Məktəbin nailiyyətləri sadaladıqlarımdan qat-qat artıqdır. Qeyd edim ki, bu nailiyyətlər məktəb-liseyin rəhbərliyi və kollektivinin əməyi sayəsində qazanılıb.
-Siz uzun illərdir ki, müəllimə kimi çalışırsız. Təhsil sistemində tətbiq olunan yenilikləri şagirdlər tam şəkildə qavraya bilirlərmi?
-Ölkəmizdə təhsilin yeni məzmunu və müasir texnologiyalar zəminində qurulduğu hazırkı dövrdə məktəbimizdə məqsədyönlü iş aparılır, yaradıcı müəllimlərin sayı artır, təhsilin inkişafına önəm verilir, şagirdlərimiz müsabiqələrdə qaliblər sırasına çıxırlar. Bir şeyi yaddan çıxarmaq olmaz ki, müasir dərs müəllimdən yaradıcılıq axtarışları tələb edir. Çünki məhz yaradıcı axtarışlar nəticəsində müəllim hər bir dərsini maraqlı və səmərəli qura bilər. Hər bir dərsin yaradıcı olması, şagirdləri maraqlandırması üçün müəllim daim axtarışda olmalı, yenilikləri izləməli, fəal-interaktiv təlim metodlarını yaxşı bilməli, onlardan mövzunun tələblərinə və sinfin, şagirdlərin səviyyəsinə uyğun istifadə etməlidir. Buna görə də biz müəllimlər tədris prosesində müasir metodlara üstünlük verir, gözlərimizin nurunu və qəlblərimizin hərarətini gənc nəslin təlim-tərbiyəsinə sərf edirik.
-Müəllimlər hansı keyfiyyətləri ilə şagirdlərə nümunə olmalıdır?
-Müəllim, ilk növbədə savadlı, dünyagörüşlü, mədəni, müasir tələblərə uyğunlaşmağı bacaran, obyektiv, eləcə də şagirdləri ilə yaxşı həmsöhbət olmalıdır. Bununla yanaşı, müəllim, dünyada və ölkədə baş verən hadisələrlə bağlı uşaqlarla dərsdən əlavə saatlarda fikirlərini bölüşməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
3 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
4 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
5 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info