“Dərslərdə dövrün tələbi olan İKT-dən geniş istifadə etməyə çalışıram”
Tarix: 25.10.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər
Ayna Səfərəliyeva: “Təcrübə göstərir ki, İKT-dən istifadə nəticəsində şagirdlər tədris edilən mövzunu daha yaxşı dərk edir, dünyagörüşləri genişlənir”

Layihə çərçivəsində müsahibimiz Bakı şəhəri, Nərimanov rayonu, MLK-nın dil-ədəbiyyat müəlliməsi Ayna Səfərəliyevadır. O, müsahibəyə təhsildə İKT-nin tətbiq edilməsinin vacib olduğunu qeyd etməklə başladı:
- Ulu öndərimiz Heydər Əliyev təhsil haqqında danışarkən deyib: “Təhsil millətin gələcəyidir”. Bəli, hazırkı son dərəcə mürəkkəb və qarışıq beynəlxalq hadisələri nəzərdən keçirdikdə bu sözlərin doğruluğuna bir daha əmin olmaq olar. Yaxın keçmişdə iqtisadi cəhətdən çiçəklənən, firavan ölkələrdən hesab edilən, neftlə zəngin Yaxın Şərq ölkələrinin qan çanağına, əhalisinin isə qaçqına döndüyü hazırkı dövrdə Prezidentimiz İlham Əliyevin “Müasir dövrdə hər şeyi bilik, savad, təhsil həll edir” sözləri də xüsusilə yerinə düşür. Belə ki, ayrı-ayrı fərdlərdən təşkil olunmuş hər hansı bir cəmiyyətin üzvləri nə qədər savadlı olarlarsa, ölkə də bir o qədər güclü olar. Bu baxımdan mən də öz dərslərimi zamanın tələblərinə uyğun qurmağa çalışır, şagirdlərimin daha savadlı olmalarını istəyirəm. Şübhəsiz ki, bu zaman dövrün tələbi olan İKT-dən də geniş miqyasda istifadə etməyə çalışıram. Təcrübə göstərir ki, İKT-dən istifadə nəticəsində şagirdlər tədris edilən mövzunu daha yaxşı dərk edir, dünyagörüşləri genişlənir. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında imzaladağı sərəncamla əlaqədar mən də dərslərimdə şagirdlərimin multikultural ruhda tərbiyə olunmalarına çalışıram.
-Bununla bağlı şagirdlərə nə məlumatlar verirsiniz?
- Məlumdur ki, ölkəmiz tarix boyu sivilizasiya və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında Qızıl körpü olmaqla burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Ona görə də cəsarətlə demək olar ki, Azərbaycan qədim, çoxşaxəli mədəniyyətə malik ölkədir. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər. Çünki onlar özlərinə həmişə tolerant münasibət görmüş, sıxılmadan yaşamış, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Məzmunca multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Bəs multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi- çox, culture- mədəniyyət) anlamına gəlir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Multikulturalizm 1960-cı illərin sonunda Kanadada meydana gəlib. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunub. Orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən birini tutur.
- Bu baxımdan Nizami Gəncəvini xüsusi qeyd etmək olar.
- Bəli, söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin (1141-1209) əsərləri bu cəhətdən xüsusilə diqqəti cəlb edir. Əgər onun yaradıcılığını təhlil etsək deyə bilərik ki, Nizami yaradıcılığında multikulturalizm və tolerantlıq elementlərinə kifayət qədər rast gəlmək mümkündür.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı İNSANLIQ idi. İrqi, milli və dini ayri-seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlirik. Nizami xalqların adını çəkərək onlara hörmətlə yanaşır.
Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara , parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır.
Bütün yuxarıda göstərilənlər bir daha əyani şəkildə hələ erkən orta əsrlər dövründə Azərbaycanda tolerantlığın özünə yer tapdığını, xalqımızın başqa xalqların nümayəndələrinə qucaq açdığını, onlara çox xoş, mehriban münasibət bəsləməsini əyani şəkildə göstərir. Şübhəsiz ki, dərs prosesində Böyük Nizaminin yaradıcılığındakı bu motivləri şagirdlərin nəzərinə çatdırmaq çox müsbət rol oynayır. Belə ki, bu zaman şagirdlər daha qlobal şəkildə düşünür, onların qəlbində tolerantlıq hisləri daha da güclənir. XX əsrin əvvəllərində isə Bakı multikultural mədəniyyətə yaxınlaşmağa davam edirdi. Azərbaycanda ilk milli teatr binasının tikilməsi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Teatr binası 1883-cü ildə memar Koqnivitskinin layihəsi əsasında tikilmişdi. Bu teatrda 1908- ci ildə "Leyli və Məcnun" operası oynanılmışdı. Beləliklə, cəmiyyət Qərb mədəniyyətini qəbul edərək, şərqli davranışını qoruyub saxlayırdı. İlk dəfə olaraq, Şərqdə - Azərbaycanda, Qərb mədəniyyətinin komponenti, opera qəbul edilir və böyük Üzeyir Hacıbəyov tərəfindən Şərq motivləri əsasında yazılır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin siyasi iradəsi Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin etdi. Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi və Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Ulu öndər Heydər Əliyev öz çıxışında - "Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır. Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq" deməklə, ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya göstərdi. Dərslərdə şagirdlərimə bildirirəm ki, hazırkı çətin dövrdə ölkəmizdə multikulturalizm dövlət siyasətinə çevrilib. Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə, köklərimizə böyük hörmətlə yanaşırıq. Dinimizə olan hörmət və ehtiram folklorumuzda, yaşı bilinməyən bayatılarımızda da öz əksini tapmışdır. Məsələn,
Aşiqəm, o yar mənim,
Əhmədəm, Kəbədəyəm,
Qəm bayrağım o yar mənim,
Kəbəyəm, Kəbədəyəm.
Məkkəmdi, Mədinəmdi,
İldə bircə Həcc olur,
Kəbəmdi o yar mənim
Bu gündə Kəbədəyəm.
Dərslərimdə dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscidin Azərbaycanın Şamaxı şəhərində yerləşməsini xüsusilə vurğulayıram. Buradaca bildirirəm ki, hələ xalqımızın tərcümeyi - halı hesab edilən, VII əsrə aid edilən “Kitabi - Dədə Qorqud”da göstərilir ki, oğuz igidləri gedib peyğəmbərin nurani sifətini görəndən sonra gəlib islamı yayıblar. Eləcə də bildirirəm ki, dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir.
-Bu prosesdə İKT-dən necə istifadə edirsiniz?
- Elə buradaca İKT - dən istifadə edərək kompüter və proyektor vasitəsilə lövhədə bu qədim məscidin, eləcə də Şəki şəhərinin yaxınlığındakı Qafqaz Alban kilsəsinin, habelə paytaxtımızdakı pravoslav və katolik kilsələrin, sinaqoqların görüntüsünü göstərirəm. “Ağıllı lövhə” vasitəsilə “Kitabi - Dədə Qorqud” dan müxtəlif fraqmentlərin göstərilməsi isə şagirdlərdə xalqımızın tərcümeyi - halı hesab edilən bu dastan haqqında daha dolğun təsəvvürün yaranmasına səbəb olur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi Sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalanın isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Şagirdlərimə bildirirəm ki, respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir. Yeri gəlmişkən qeyd etmək yerinə düşərdi ki, yəhudilərin hələ VI əsrdə Sasanilər tərəfindən Qafqaz ərazisinə sürgün edilməsi haqqında ilk məlumatlar xəzərlərin Azərbaycan ərazisinə, yəni Qafqaz Albaniyasına basqınlarından bəhs edən mənbələrdə də nəzərə çarpır. Elə buradaca yenə də İKT - dən istifadə edərək kompüterin proyektoru vasitəsilə lövhədə Quba rayonundakı Qırmızı qəsəbənin görüntülərini gətirirəm. Şübhəsiz ki, bu zaman şagirdlərin təsəvvürləri genişlənir və onların Qırmızı qəsəbə haqqındakı bilikləri daha da çoxalır. Azərbaycan Respublikasının Konstitusiyası fənni ilə fənlərarası inteqrasiya yaratmaq üçün şagirdlərimə multikulturalizm haqqında danışarkən onu da bildirirəm ki, bu siyasətin əsasını təşkil edən tolerantlıq (dözümlük) prinsipi Konstitusiyamızın bir sıra maddələrində də aydın şəkildə təsbit edilib. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3),"Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1,2) və başqa maddələri göstərmək mümkündür. Şagirdlərimə onu da bildirirəm ki, multikulturalizm siyasəti Azərbaycan Prezidenti tərəfindən uğurla inkişaf etdirilir. Ölkə başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq multikulturalizm məsələsinə yer ayırır və bunun vacibliyini vurğulayır. Təsadüfi deyil ki, dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Dərslərimdə onu da bildirirəm ki, Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Məsələn, Parisdə keçirilən "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda çıxış edən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də xüsusi diqqət göstərdiyini bildirib. Mehriban xanım Əliyeva Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində Fondun yaxından iştirak etdiyini xüsusilə vurğulamışdır. Bu sözləri deyərkən də “ağıllı lövhə” vasitəsilə Luvr muzeyinin, Roma, Strasburq və digər şəhərlərin görüntülərini gətirirəm ki, nəticədə də şagirdlərin yuxarıda deyilənlər haqqında təsəvvür və bilikləri daha da genişlənir. Bəli, ölkəmizdə hazırkı dövrdə bütün beynəlxalq aləmdə çox yüksək qiymətləndirilən Multikulturalizm siyasəti geniş miqyasda həyata keçirilir. Bu işdə isə biz müəllimlər də əlimizdən gələni əsirgəməməliyik.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Ermənistanın işğalçılıq siyasəti Yaponiyada ifşa olunub
18.08.2017
XİN rəhbərlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü nə vəd edir?
17.08.2017
“Təmas xəttindəki insanlar hər gün atəş altında yaşasalar da, torpaqlarını tərk etmirlər”
16.08.2017
Dünya mediası faşist Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını tənqid edir
15.08.2017
“Ermənistan diplomatik yoldan imtina edib”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info