“Uğurlu Big data strategiyası ölkədə İKT sənayesinin inkişafına sinergetik təsir göstərir”
Tarix: 27.10.2016 | Saat: 20:41:00 | E-mail | Çapa göndər
“EaPConnect” layihəsi çərçivəsində İKT sahəsində ən yeni texnologiyaların və dünya təcrübəsinin təqdim olunması əsas məqsəd kimi qarşıya qoyulub
AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Tədbirin böyük ölçülü verilənlərin çoxsaylı problemlərinin araşdırılmasına həsr olunduğunu bildirib. Qeyd edib ki, bu problemlərdən biri də böyük ölçülü verilənlərin analizidir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT-nin inkişafı çərçivəsində bu istiqamətdə görülən işlərə toxunacağıq.

Big data texnologiyaları təşkilatların kəskinləşən iqtisadi rəqabət mühitində dayanıqlı inkişafı üçün vacib əhəmiyyət daşıyan yanaşmalar və alətlər təqdim edir
İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Böyük ölçülü verilənlərin klasterləşməsi alqoritmləri” mövzusunda məruzə ilə çıxış edərək klasterləşmə metodları haqqında məlumat verdi. “İkt.az” bildirir ki, bu metodların öyrədilən, yarım-öyrədilən və öyrədilməyən olmaqla siniflərə ayrıldığını bildirib. Böyük ölçülü verilənlərin klasterləşməsi metodlarının paralel sistemlər üzərində işləyən metodlara bölündüyünü bildirən R.Alıquliyev bu zaman rast gəlinən problemlərdən danışıb. Big Datanın klasterləşməsinin təsnifatını təqdim edən məruzəçi bir maşında və çox sayda maşınlarda həyata keçirilən klasterləşmə metodlarını diqqətə çatdırdı, bölünmə, sıxlıq, qrid və modelə əsaslanan alqoritmlər, o cümlədən iyerarxik alqoritmlərin tətbiqinin üstünlükləri və çatışmazlıqlarından söz açıb. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev təşkilat üçün Big data strategiyasının işlənilməsi məsələsinə həsr olunmuş məruzə ilə çıxış edib. Fəlsəfə doktoru Yadigar İmamverdiyev seminarda bildirib ki, Big data texnologiyaları təşkilatların kəskinləşən iqtisadi rəqabət mühitində dayanıqlı inkişafı üçün vacib əhəmiyyət daşıyan yanaşmalar və alətlər təqdim edir. Böyük şirkətlərlə yanaşı, kiçik şirkətlər də Big data texnologiyalarına maraq göstərirlər. Bu istiqamətdə effektiv fəaliyyət üçün vacib şərtlərdən biri ümumi korporativ strategiya ilə üzvi surətdə əlaqələndirilmiş müvafiq Big data strategiyasının işlənməsidir. Y.İmamverdiyevin sözlərinə görə, Big data strategiyası funksional strategiya səviyyəsinə aiddir və strateji fəaliyyət istiqamətləri üzrə strategiyaları, o cümlədən ümumi korporativ strategiyanı mütləq nəzərə almalı, qarşıya qoyulmuş əsas məqsədlərin reallaşdırılmasına xidmət etməlidir. Bu baxımdan, Big data texnologiyalarının tətbiqi biznesin real tələbatını ödəməyə yönəlməlidir. Big data strategiyasının formalaşdırılması və reallaşdırılması konkret idarəetmə mühitində bu texnologiyaların tətbiqi üçün prioritet istiqamətlər haqqında qərar qəbul edilməsi, aydın və dəqiq məqsədlərin qoyulması, müvafiq strukturun yaradılması və investisiya proqramlarının həyata keçirilməsini, həmçinin effektiv əks-əlaqə və qiymətləndirmə mexanizmlərinin işlənməsini əhatə edir. Sonra məruzəçi təşkilatda verilənlərin istifadəsi zamanı meydana çıxan problemlərdən də söz açıb. Qeyd edib ki, verilənlərin əldə edilməsinə böyük həcmdə vəsait xəclənir, lakin onların sonrakı “taleyinə” lazımi diqqət göstərilmir. Təşkilatlarda verilənlərin istifadə edilməsinə sistemli, inteqrativ yanaşma deyil, funksional yanaşma üstünlük təşkil edir. Verilənlərə təşkilatın əsas aktivləri kimi deyil, aktivləri təsvir edən verilənlər kimi baxılır. Big data sahəsində liderlər - sosial şəbəkə provayderləri isə verilənlərlə əsas aktiv kimi davranırlar. Bildirib ki, Big data strategiyasının əsas istiqamətlərinə bu sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, təşkilatın Big data-ya hazırlığının qiymətləndirilməsi, Big data üçün əlverişli biznes-mühitin yaradılması, Big data üzrə pilot layihənin seçilməsi, Big data sahəsində insan resurslarının inkişafı və s. aiddir. O, uğurlu Big data strategiyasının ölkədə İKT sənayesinin inkişafına sinergetik təsirini də qeyd etdi. Məruzə ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirilib. AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova institutun elmi seminarında “Böyük ölçülü məlumatların inteqrasiyası” mövzusunda çıxışı zamanı bildirib. O, problemin aktuallığını diqqətə çatdıraraq qeyd edib ki, istənilən müəssisə üçün Big Data bütün fəaliyyət sahələrində olduqca əhəmiyyətlidir. Böyük həcmli verilənlərin konsepsiyasının həyata keçirilməsi üçün heterogen verilənlərin inteqrasiyası vacib məsələlərdəndir. Belə ki, verilənlər digər verilənlərlə uyğun və əlaqəlidirsə onlar daha qiymətlidir. Bu da böyük verilənlərin inteqrasiyası problemini aktuallaşdırır.

Alimlər arasında videokonfrans keçirilməsi təklif olunub
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin dəstəyi ilə Azərbaycanda elektron elmin inkişafı üçün elmi və texnoloji istiqamətdə ardıcıl tədbirlər görülür. Bu çərçivədə, AMEA İnformasiya Texnologiyaları İnstitutu bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə Avropanın elektron elm sahəsində aparıcı qurumları ilə intensiv iş aparır. Azərbaycan Respublikasının apardığı xarici siyasətə, o cümlədən “Şərq Tərəfdaşlığı” təşəbbüsünə müvafiq olaraq, informasiya texnologiyaları sahəsində Avropa Komissiyası ilə, həmçinin “Şərq Tərəfdaşlığı”na qoşulan ölkələrin elmi qurumları ilə əməkdaşlıq əlaqələri yaradılıb. Bunun ən bariz nümunəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Pan Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası ilə birlikdə reallaşdırılan “EaPConnect” layihəsidir. Bu layihə çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələrini əhatə edən regional elm kompüter şəbəkəsi yaradılmış və həmin ölkələr Avropanın bütün elmi qurumları ilə birbaşa, genişzolaqlı internet əlaqəsi qurmaq imkanı əldə edib. “EaPConnect” layihəsi çərçivəsində İKT, elektron elm sahəsində ən yeni texnologiyaların və dünya təcrübəsinin “Şərq Tərəfdaşlığı” ölkələrinə təqdim olunması, bu ölkələrin beynəlxalq elmi mühitə inteqrasiyasına dəstək verilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bununla bağlı, il ərzində müntəzəm olaraq iclaslar və treninqlər keçirilib. Həmçinin layihə çərçivəsində elektron elm sahəsində “Şərq Tərəfdaşlığı” regionu və Avropa Birliyinə üzv ölkələr arasında əməkdaşlıq platforması kimi “Şərq Tərəfdaşlığı üçün Elektron İnfrastruktur Konfransı” təsis edilib. Tbilisi şəhərində keçirilən EaPEC konfransına təqdim olunan məruzələrdə Avropanın irimiqyaslı elmi layihələri və elektron elmin həmin layihələrin reallaşdırılmasında əvəzsiz rolu, eyni zamanda bu təcrübənin Şərq Tərəfdaşlığı ölkələrində perspektivləri geniş müzakirə olunub. AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfransda “Azərbaycanda elektron elm: mövcud vəziyyət, fürsətlər və perspektivlər” mövzusunda plenar məruzə ilə çıxış edib. Məruzədə ölkəmizdə elmin inkişafı ilə bağlı dövlət siyasəti, elmi fəaliyyətin təşkili və əlaqələndirilməsi, AMEA-nın rolu və əhəmiyyəti, Azərbaycanda elektron elmin konsepsiyası, arxitekturası, əsas funksiyaları, İKT-nin inkişafı, informasiya resursları, elektron kitabxana xidmətləri, milli terminoloji baza, dissertasiya işlərinin və tədqiqat mövzularının informasiya sistemi, elektron elmin elektron təhsillə inteqrasiya imkanları, elektron elmin şəbəkə infrastrukturu olan “AzScienceNet” və onun xidmətləri haqqında geniş məlumat verilib. “AzScienceNet” şəbəkəsinin elm və təhsil mühiti üçün təqdim etdiyi xüsusi xidmətlər, data mərkəzin imkanları, o cümlədən bulud xidmətləri, distant tədris, verilənlərin emalı məsələləri və informasiya təhlükəsizliyi ilə bağlı xidmətlər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə “AzScienceNet”-in qısa zamanda 1Giqabit/saniyə sürətlə beynəlxalq şəbəkəyə qoşulması xüsusi qeyd olundu və növbəti mərhələdə 10 Giqabit/saniyə sürətlə qoşulması təklif edilib. "EaPConnect" layihəsinin 2020-ci ildə başa çatacağı nəzərə alınaraq, yaradılan regional elm kompüter şəbəkəsinin layihə başa çatdıqdan sonrakı dövrdə yaranacaq maliyyə probleminin həlli prioritet məsələ kimi nəzərə çatdırılıb. Bununla bağlı, layihənin dayanıqlığı üçün hər bir iştirakçı ölkəyə öz resurslarını qiymətləndirmək və müvafiq planlar hazırlamaq təklif olunub. Konfrans çərçivəsində "EaPConnect" layihəsinin iclasları, həmçinin bir sıra ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub. Görüşlərdə Mərkəzi Asiya ölkələrinin regional şəbəkəsinin rəhbərliyi Azərbaycanla elektron elm sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu bildirib. İlkin olaraq, iki ölkənin alimləri arasında videokonfrans keçirilməsi təklif olunub.
A.Miriyev





 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Bu gün dünya birliyinin ədalətə ehtiyacı var”
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7550

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info