“İKT sahəsi təbliğat işində mühüm rol oynayır”
Tarix: 31.10.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər
Əlibəy Məmmədov:
“Bizim diaspor fəaliyyətimiz məhz İKT sayəsində qısa zamanda Azərbaycan və Yaponiyada geniş şəkildə işıqlandırılır”

Bu gün Yaponiya informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində dünyada özünü təsdiq edib. Bu baxımdan Yaponiya təcrübəsinin öyrənilməsi məqsədəuyğundur. Hər halda, yapon təcrübəsini diaspor sahəsində də tətbiq etməyin əhəmiyyəti var. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov öz müsahibəsində bu baxımdan fikirlərini bölüşdü. Qeyd edək ki, Ə.Məmmədov Yaponiyanın Tokio şəhərində yaşayır. Yaponiya hökuməti dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorant tələbəsi, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidentidir (2014-2016-da prezidenti). Yapon, ingilis, rus, türk dillərini bilir.

-Orta və ali təhsilə harada yiyələnibsiz?
-Mən Moskva şəhərində doğulub, Bakı şəhərində böyüyüb boya-başa çatmışam. Valideynlərimin hər ikisi Moskva Dövlət Universitetinin Tarix fakültəsinin məzunlarıdırlar. Anam Güntəkin Məmmədova Xətai rayonunda yerləşən 147 saylı texniki-humanitar liseydə tarix müəlliməsi işləyir. Təhsil nazirinin əmri ilə 2009-cu ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. 2010-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Eyni zamanda 2016-cı ilin sentyabr ayında Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb. Qardaşım Ukraynada təhsil alır. 6-cı sinfə kimi Nəsimi rayonunda yerləşən 111 nömrəli məktəbdə, 7-ci sinifdən etibarən Xətai rayonunda yerləşən və respublika səviyyəsində sayılıb- seçilən, ən öndə gedən məktəblərdən biri olan, dahi akademik Azad Mirzəcanzadənin adını daşıyan 147 saylı texniki humanitar liseydə təhsilimi davam etdirmişəm. 2004-cü ildə 10-cu sinifdə oxuyarkən Tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülmüşəm. Bundan əlavə, rayon və şəhər miqyasında bir neçə dəfə sertifikatlara layiq görülmüşəm.
2005-ci ildə dövlət imtahanının nəticələrinə uyğun olaraq Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin yapon dili və ədəbiyyatı bölməsinə daxil oldum. Respublika səviyyəsində ildə 8 nəfər bu ixtisas üzrə təhsil ala bilərdi. O zaman digər heç bir universitetdə yapon dili dərsləri tədris edilmirdi. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə yapon dilini tədris edən yaponiyalı müəllim də məhz BDU-dadır. 2009-cu ildə ali təhsilimi qırmızı diplomla başa vurdum.
2009-2010-cu illərdə Füzuli rayonunda hərbi xidmətə yollanıb, vətənə olan borcumu döyüş meydanında başa vursam da, beynəlxalq səviyyədə bir çox işlərin görülməli olduğunu dərk etməyə başladım. 2010-2012-ci illərdə əsas etibarilə Bakıdakı Yaponiya səfirliyində, ayrı-ayrı şirkətlər tərəfindən bir çox sahələrdə tərcüməçilik fəaliyyəti ilə məşğul oldum. 2010-cu ilin noyabr ayında Yaponiyanın “Fuji Terebi” televiziya kanalı ilə birgə çalışdıq. Bunun nəticəsi olaraq Yaponiyada Azərbaycanla bağlı 5 dəfə xüsusi veriliş yayımlandı.
-Bəs necə oldu Yaponiyaya getdiniz?
-2011-ci ilin may və iyun aylarında Bakıda yerləşən Yaponiya səfirliyində keçirilən iki imtahanın hər birində qalib oldum. Bunun nəticəsi olaraq 2011-ci ilin avqust-sentyabr aylarında Yaponiyada təcrübə keçmək şansı əldə etdim. Burada 63 ölkədən 66 tələbə iştirak edirdi. Digər imtahanın nəticəsi olaraq isə birbaşa səfirliyin tövsiyəsi ilə Yaponiyaya bu ölkənin dövlət təqaüdləri hesabına ümumi 6 illik təhsil almaq şansı qazandım. Yaponiyanın bir neçə universitetindən qəbul olunmaq haqqında məktub alsam da, sonda Yaponiyanın ən qədim 5 imperator universitetlərindən biri olan Hokkaydo Universitetini seçdim. Mənim elmi sahəmə yaxın ən öndə gedən professor burada olduğu üçün bu qərarı verdim. Universitet Yaponiyanın 4 əsas adasından biri Hokkaydoda yerləşir. Hokkaydo ərazi baxımından Azərbaycandan bir balaca kiçikdir. Burada hər fəsil gözəldir. Adanın mərkəzi şəhəri Sapporoda oktyabr ayında qar yağmağa başlayır. May ayının sonlarınadək yerdə qar qalır. Əsrarəngiz təbiətə malik bir məkandır. Hətta yaponların özlərinin də aşiq olduğu cənnət məkandır desək, yanılmarıq.
2012-ci ilin aprel ayında Hokkaydo Universitetinə göndərildim. İlk bir ili tədqiqatçı tələbə kimi başa vurub, yapon dilində yazı və natiqlik qabiliyyətimi inkişaf etdirdim. 2013-2015-ci illərdə magistratura pilləsində təhsil aldım. Elmi işimi yapon dilində “Cənubi Kuril adaları problemi və ictimai rəy” mövzusunda yazdım.
-Maraqlıdır, yaponlar az bir zamanda İKT-nin inkişafına necə nail olublar?
- Bildiyiniz kimi, Yaponiya İkinci Dünya müharibəsində ağır məğlubiyyətə uğradı, imperiya böyük ərazilər itirməyə məcbur oldu. 6 il ABŞ-ın işğalı altında düşdü. ABŞ-ın diqtəsi ilə yeni konstitusiya hazırlandı. Bununla da Yaponiya rəsmi olaraq müharibədən imtina etdi. Bundan sonra yaponlar bütün güclərini, ruhlarını iqtisadiyyatın dirçəlməsinə qoydular. Yaponiyanın sürətli inkişafında Amerikanın da əvəzsiz xidmətləri olmuşdur.
ABŞ Yaponiyanı Şərqdə öz etibarlı müttəfiqi kimi yetişdirdi. Xalq özü döyüşkən xalqdır, onlar səhnəni döyüş meydanından elm meydanına dəyişməyə nail oldular. Bu da onların böyük uğurlar qazanmasına gətirib çıxartdı. Bu inkişaf bütün sahələrdə olduğu kimi İKT sahəsində də görüldü. Dövlət (insan) nəyisə qarşısına məqsəd qoyursa və o yolda inamla irəliləyirsə, məqsədinə çatır.
-Azərbaycan İKT baxımından yapon təcrübəsindən necə yararlana bilər?
- Düşünürəm ki, ilk öncə elmdən başlamaq lazımdır. Təhsilimizin səviyyəsini yüksəltməyə ehtiyac vardır. Bu sahəyə külli miqdarda vəsait ayrılmalı, müəllim və şagird heyətinin potensialı maksimum səviyyədə inkişaf etdirilməlidir. İqtisadiyyatımızın inkişafı ilə əlaqədar həm də təhsil sahəsinə müəyyən qədər vəsaitlər ayrıldı. Məktəblərə çoxlu sayda kompüterlər və digər avadanlıqlar ayrıldı. Amma real mənzərə budur ki, bunlardan az istifadə olunur. Daha dəqiq desəm düzgün istifadə olunmur. İstifadə qaydalarını dəyişməyə ehtiyac vardır. Şagird, tələbə və müəllimlərimiz xaricə daha çox göndərilməli, təcrübələndirilməlidirlər. Eyni zamanda xarici kadrları təhsil müəssisələrimizə dəvət etməliyik. Bunu geniş miqyasda etməliyik. Bizdə bunu edə biləcək gücdə olan kadrlarımız vardır. İnanıram ki, bizim nəsil bu uğurları əldə edəcək. Növbəti nəsillərimizin daha təhsilli, daha dünyagörüşlü olması üçün biz bu gün əlimizdən gələni əsirgəməməli, xalqımızın gələcək uğurlarına töhfələr verməliyik.
-Siz Yaponiyada Dağlıq Qarabağ mövzusunda hansı araşdırma edibsiz?
-2015-ci ildə müvafiq imtahandan uğurla keçməklə 3 illik doktoranturada təhsil almaq haqqını qazandım. Doktoranturada elmi işim “Dağlıq Qarabağ, Şrilankada vətəndaş müharibəsi və Cənubi Kuril adaları problemlərinin müqayisəli təhlili”dir. Həm Yaponiyada, həm Şrilankada, həm də Azərbaycanda bu mövzular üzrə həm adi insanlar, həm də ziyalılarla elmi araşdırmalar, sorğular həyata keçirtmişəm. 2014-cü ilin sentyabrında Hokkaydonun Sapporo və Nemuro şəhərlərində Cənubi Kuril adalarını keçmiş yaponiyalı ada sakinləri ilə keçirdiyim sorğu əsasında yazdığım 28 səhifəlik elmi işim Yaponiyanın sərhəd araşdımaları ilə bağlı öncül elmi jurnal olan “Japan Border Review”-da 2016-cı ilin martında çapdan çıxdı. 2015-ci ilin sentyabr ayında Bakıda və Bərdədə məcburi köçkünlər və yerli ziyalılarla həyata keçirdiyim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi işim isə hazırda Yaponiyanın öndə gedən ayrı bir elmi jurnalı tərəfdən gözdən keçirilməkdədir. Yaponiyalı professorlar tərəfindən elmi qiymət yüksək dəyərləndirilərsə, gələn ilin iyununadək çapdan çıxması gözlənilir. Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar elmi səviyyədə 2015-ci ilin dekabr ayının 14-də Hokkaydo Universitetində təşkil edilmiş “Hokkaydo Mərkəzi Avrasiya elmi konfransı”nın 121-ci sessiyasında yapon dilində, 2016-cı il aprel ayının 16-da ABŞ-ın Nevada Ştatının Reno şəhərində təşkil edilmiş 58-ci Qərb Sosial Elmləri Assosiasiyasının nəzdində təşkil edilmiş “Sərhəd Araşdırmaları Assosiasiyası”nın 33-cü sessiyasında ingilis dilində məruzələr etmişəm. Əsas diqqəti Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı məcburi köçkünlər və ziyalıların mövqeyinə yetirmişəm. Düşünürəm ki, dünya səviyyəsində azərbaycanlı məcburi köçkünlər və ziyalıların mövqeyi lazımi dairələrə kifayət qədər çatdırılmamışdır. Bunun əsas səbəbi isə dünya səviyyəsində olacaq elmi araşdırmalarımızın az olmasıdır. Ölkə daxilində hər kəs bu mövzudan danışır, yazır. Xaricdə isə bu, o qədər də gözə çarpmır. Dağlıq Qarabağla bağlı işi sistemli və səviyyəli formada etmək lazımdır ki, dünya ictimaiyyəti Azərbaycanın haqq səsini doğru şəkildə duya bilsin. Populist və kortəbii işlər, sadəcə, reklam xarakteri daşıyır və bundan nə dövlət, nə də Azərbaycan xalqı xeyir görə bilməz. Bu səbəbdən mən ilk öncə Yaponiyada bu məsələ ilə bağlı elmi iş yazmaq qərarına gəldim. Gələcək nəsillərimiz üçün bu gün etdiyimiz işlər çox qiymətli olacaq. Biz, sadəcə, özümüzü yox, növbəti nəsilləri də düşünüb, ona uyğun hərəkət etməliyik. Diaspora fəaliyyətimizdə təşkil etdiyimiz tədbirlərə əsas etibarilə elm və iş adamlarını çağırmağa çalışırıq. Çünki məhz belə insanların Yaponiyada siyasətə və dövlətə təsiri vardır. Yaponiyada hər hansısa bir siyasətçi deyil, sırf elm adamının çıxışı yüksək səviyyədə qiymətləndirilir və ona inam olur. Bu səbəbdən mən bütün dünyada fəaliyyət göstərməkdə olan diaspor təşkilatlarımıza və onların rəhbərlərinə ilk öncə yaşadıqları ölkələrin elm adamlarını və iş adamlarını öz fəaliyyətlərinə cəlb etmələri üçün çağırış etmək istərdim.
-Diaspor fəaliyyətinə nə vaxtdan başlayıbsız?
-Mən magistraturaya daxil olduğum il həm də universitetin Beynəlxalq Əlaqələr Şöbəsində 1 illik işə götürüldüm. Buradakı əsas işim universitetin xarici tələbələrin qarşılaşdıqları müxtəlif problemlərin həllinə çalışmaq idi. Burada fəaliyyətim təkcə universitet daxili ilə bitmədi, həm də Sapporo şəhərində bir çox tədbirlərə dəvət almağa başladım. Bütün dəvətləri qəbul edir və canla-başla iştirak edirdim. Hər yerdə məni “Azərbaycanlı tələbə” kimi təqdim edirdilər. İnsanlar məni tanımağa başladılar. Buradakı fəallığım qiymətləndirildi və 2014-cü il may ayının 15-də Hokkaydo Universitetinin xarici tələbələri tərəfindən universitetin Xarici Tələbələr Assosiasiyasına Prezident seçildim. 2015-ci il aprel ayının 23-də yenidən seçildim. Hokkaydo Universitetində təxminən 1800 nəfərdən çox xarici tələbə təhsil alır. Sözügedən assosiasiya müstəqil qurum olmaqla, özünün büdcəsinə də malikdir. Prezidentin isə bir çox hüquqları vardır. Mən məhz 2 illik prezidentlik dövrümdə bu hüquqlarımdan maksimum istifadə etməklə Azərbaycanın adının daha da tanınması, müxtəlif böyük tədbirlər və yarışlarda iştirak etməsini təmin etmiş oldum. Fəal şəkildə diaspor fəaliyyətimə də məhz 2014-cü ilin may ayında prezident seçildiyim andan start verdim. Beynəlxalq Mədəniyyət Gecələri, Beynəlxalq Yemək Festivalları, İdman yarışları, regionlara səyahətlər və s. zamanı Azərbaycan adı eşidilməyə, onun haqqında müzakirələr aparılmağa başlanıldı.
-Siz bir İKT ölkəsindəsiz. Diasporumuzun İKT-dən yararlanmaq baxımından əsas nəyə ehtiyacı var?
-İnformasiya texnologiyaları sahəsi çox mühümdür. Bu günümüzdə azad şəkildə internet üzərindən məlumat yaya, çıxışlar edə, öz ölkəmizi və dövlətimizi layiqli şəkildə təmsil edə bilərik. İKT sahəsi təbliğat işində mühüm rol oynaya bilər və oynamaqdadır. Bu gün bizim diaspor fəaliyyətimiz də məhz İKT sayəsində qısa zamanda hər iki dövlətdə geniş şəkildə işıqlandırılır və müxtəlif təbəqələrdən olan insanların bu haqda məlumatlandırılmasında mühüm rol oynayır.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
27.04.2017
Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib
26.04.2017
“Almaniyadakı gənclərimiz Qarabağ mövzusunda araşdırmalar aparırlar”
25.04.2017
Ermənilər beynəlxalq aləmdən dəstək ala bilmirlər
24.04.2017
Isa Həbibbəyli: “Alimlər “erməni soyqırımı”nın gerçək mahiyyətini dünyaya göstərməyə davam edəcəklər”
21.04.2017
Əli Həsənov: “Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır”

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6281

1 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
2 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
3 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
4 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
5 “Ağır dərs proqramı uşaqları şikəst edir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info