“Bakutel 2016” sərgisi İKT sahəsində yeniliklərlə tanış olmaq istəyənləri bir araya yığacaq
Tarix: 01.11.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər
Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır

İnsanlar İnformasiya kommunikasiya texnologiyaları, bu sahədə baş verən yeniliklərlə tanış olmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Adətən, İKT ilə bağlı yeni məlumatlar internetdən əldə edilsə də, bu sektorda sərgilərin də böyük rolu var. Ölkəmizdə də İKT-nin inkişafına davamlı olaraq diqqət yetirilir. Bu istiqamətdə reallaşan tədbirlərdən biri də məhz İKT ilə bağlı sərgilərin keçirilməsidir.
29 noyabr -2 dekabr tarixində Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransı keçiriləcək. Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.

Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri yer alacaq

İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illər ərzində “Bakutel” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” “CEO” şirkətləri çıxış edirlər.
Builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, İsrail, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsallaşdırılması” layihələrinin təqdimatı baş tutacaq. Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq. Beləliklə, ölkənin İKT sahəsi bu sektor üzrə əsas tədbiri - beynəlxalq “Bakutel” sərgisini intizarla gözləyir və bu tədbirə hazırlaşır. Sərgidə işgüzar görüş və danışıqlarla yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.

“Bakutel” sərgisinin hansı üstünlükləri var

Yüzilliklər boyu müəllimlərin istifadə etdikləri əsas vasitələr dinamik inkişaf edən ən müasir kommunikasiya texnologiyaları ilə yanaşı, nitq və adi lövhə olub. İş adamlarına gəldikdə isə onlar iş birliyi qurulan zaman potensial tərəfdaşın gözünün içinə baxmaqla onun əlini bərk-bərk sıxmağa üstünlük verirlər. İnsan sosial varlıq olaraq istər elektron, istərsə də çap materiallarından bir vasitəçi kimi istifadə etməklə ünsiyyət qurmaq zəruriyyətindən heç vaxt xilas ola bilməyəcək.
Bu gün sərgilər bu cür ünsiyyət qurmaq üçün unikal bir platformadır. Məhz buna görə də, sərgilərin oynadığı rol ildən-ilə artır. Axı sərgilər insanları başqa bir aləmə apararaq, hər hansı bir sənaye və ya sahədə mövcud olan yaxşıların ən yaxşısını bir dam altında toplamaq gücünə malikdir. Ticarət sərgiləri sənaye mütəxəssisləri olan peşəkarlar, habelə ayrı-ayrı fərdlər üçün geniş imkanlar yaradır və yeni nəsil üçün yeni texnologiya və ideyalar aləminə, nəhayət, yeni biliklərə yol açır. Sərgilər məhsul və xidmətlərilə yaxından tanış olmaq, istehsalçı və təchizatçılar ilə görüşərək ünsiyyət qurmaq imkanını təmin edir. Burada hər hansı bir məhsulu yerindəcə görmək və iştirakçılara öz məhsulları barədə çoxlu suallar vermək mümkündür. Beləliklə, sərgiləri ziyarət etməklə unikal şanslara malik ola bilirlər.

Sənaye yenilikləri ilə tanış olmaq

Sərgilərdə iştirak etmək həm də sənayedə baş verən yeniliklərlə tanış olmaq imkanı verir. Eyni zamanda bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək, yeni əlaqələr qurmaq, mövcud müştərilərilə qarşılıqlı münasibətləri möhkəmləndirmək, canlı dialoq aparmaqla digər informasiya mənbələrində heç də həmişə mövcud olmayan məlumatlar əldə etmək, qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq imkanı yaradır. Bundan başqa, sərgilər həm də yeni məhsullar/texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək, bir məhsulu digəri ilə müqayisə etmək, iş birliyi qurmaq, tanınmış istehsalçıların agent/distribüterlərinə çevrilmək, texniki biliklər almaq, texniki heyət ilə görüşmək və problemlərin, yaxud yenidən təchizat məsələlərinin həlli yolunun tapılması ətrafında müzakirələr aparmaq üçün bir şəraitdir. Belə sərgilərin iştirakçısı olmaqla obyektiv və işgüzar mühitdə biznes məsələlərini müzakirə etmək, qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək, məlumatlar bazasını tərtib etmək və onu yeniləmək, əməkdaşlıq, birlik və birgə müəssisələrin təməlini qoymaq, sərmayə və tərəfdaşların axtarışı üçün tələb olunan müxtəlif sorğu xidmətlərindən yararlana bilmək imkanı qazanmaq olar. Yalnız sərgilər ən qısa zaman kəsiyində, vaxt sərf etmədən bir çox səriştəli mütəxəssislər ilə ünsiyyət qurmaq imkanını təqdim edir və onlar ilə görüşmək üçün səfərlərə xərclənəcək külli miqdarda maddi vəsaitə qənaət etmənizə şərait yaradır.

İştirakın üstünlükləri nədir
Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur. Heç bir kommunikasiya vasitəsi fərdi surətdə bu cür istifadə oluna bilməz və heç bir yerdə insana verilmiş bütün beş hisdən (görmə, eşitmə, dadbilmə, iybilmə və lamisə) istifadə edərək müştəridə informasiyanın əldə edilməsinə olan ehtiyacı yaratmaq və ya artıq mövcud olan ehtiyacı təmin etmək üçün müştəri ilə bu cür birbaşa ünsiyyət yaratmaq mümkün deyil.
İxtisaslaşdırılmış sərgi bütün sənaye sahəsinin nümayəndələri üçün görüş yeridir və burada, demək olar ki, məhdudiyyətsiz imkanlar təklif olunur. Alıcıya daha yaxın olmaq - müvəffəqiyyətin strateji amillərindən biri sayılır və bu artıq həm beynəlxalq, həm də daxili bazarda ən əsas mövqeyə çevrilir. Sərgidə iştirak etməyin digər bir üstünlüyü isə daimi müştərilər ilə əlaqələrin qorunub saxlanılmasıdır. Sərgi ekspozisiyalarında aparılan araşdırmalar göstərir ki, sərgilərin eksponatları bütün digər vasitələr ilə müqayisədə alış-verişə öz təsirini altı dəfə daha çox göstərir və hər hansı elan ilə müqayisədə bu eksponatlar yaddaşlarda daha çox qalır. Statistikaya əsasən, alış üzrə məsul şəxslərin 57 faizi məhsul və xidmətləri sərgilərdə əldə edirlər. Sərgiyə gələnlərin 90 faizi isə hər hansı məhsul və ya xidmətin alınmasına qəti qərar vermək üçün sərgilərdə əldə etdikləri məlumatlardan istifadə edirlər.
Sərgidə iştirak etməyin üstünlüyü təkcə hədəf qrupların deyil, eləcə də KİV və dövlət strukturlarının diqqətinin hər hansı müəssisənin məhsullarına cəlb etmək, habelə digər vasitələr ilə müqayisədə daha az məsrəf sayəsində hədəf qrupun çoxlu sayda üzvləri ilə görüşmək və onlarla yüksəkkeyfiyyətli əlaqələr qurmaqdan ibarətdir.
Sərgilər potensial müştəri və təchizatçı arasında təkbətək ünsiyyət sayəsində satışın birbaşa aparılması kimi daha bir müsbət xüsusiyyətə malikdir. Sərgilərdə biznes qurmaq üçün sərf olunan maddi vəsait ənənəvi birbaşa satış metodu ilə müqayisədə təxminən iki dəfə (45%) azdır. Sərgiyə xərclənən ümumi məsrəfləri sərginin ümumi ziyarətçiləri arasında bölməklə yaranan orta dəyər, reklamın hər hansı digər növləri ilə müqayisədə xeyli aşağıdır.
Ümumilikdə, sərgilərin öz iştirakçılarına verdikləri üstünlüklər sırasında bir sıra məqamlar yer alır. Belə ki, sərgi və yarmarkalarda özünü reklam etmək vasitəsi ilə hədəf auditoriya ilə əlaqələrin qurulması dəyəri digər reklam yerləşdirmə kanalları ilə müqayisədə kifayət qədər ucuzdur. Sərgilər yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkandır. Eləcə də sərgilər yeni xarici bazarlara daxil olmağa, diler şəbəkəsini formalaşdırmağa, effektiv şəkildə yardım göstərə bilər, yeni məhsulları iş başında və birbaşa nümayiş etdirməyə imkan verir, biznes üçün istehsalçıları, pərakəndə və topdansatış şirkətlərini, təchizatçıları bir-biri ilə birləşdirən və onları yeni əlaqələrin qurulması üçün rəqabətə davamlı məkan ilə təmin edən bir körpü rolunu oynayırlar.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
20.02.2017
“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
17.02.2017
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün üç sənədli film çəkilib
16.02.2017
“İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
15.02.2017
Səfirlər Cocuq Mərcanlıya səfər ediblər
14.02.2017
“Cocuq Mərcanlının bərpası tezliklə torpaqlarımıza qayıdacağımıza əminlik yaratdı”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5510

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
4 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
5 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info