Psixoloq: “Stress yaradan insanlardan uzaq olun”
Tarix: 04.11.2016 | Saat: 15:46:00 | E-mail | Çapa göndər
Fidan Azərqızı: “Virtual psixoloji xidməti ciddi qəbul edə bilmirəm və virtual ürək əməliyyatına bənzədirəm”

Bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, hələ də bizdə psixoloqa olan münasibət dəyişməyib. Əgər inkişaf etmiş ölkələrdə hər ailənin öz psixoloqu varsa, bizdə insanların bir çoxu nəinki ailə psixoloq tutmağa can atmır, psixoloqa getməyi özünə yaraşdırmır, bunu anormal hal sayır və s. Əslində isə psixoloqla söhbət, psixoloqa müraciət nəinki gərgin günlərdə, adi günlərdə də edilməlidir. Bu və digər məsələlərlə bağlı psixoloq Fidan Azərqızı ilə söhbət etdik. Psixoloq əvvəlki illərə nisbətən psixoloqa olan münasibətin nisbətən dəyişdiyini dedi:
-Psixologiya çox dərin və olduqca mürəkkəb sahədir. Psixoloq hər cür adamla rastlaşır, aqressiv insanları belə qəbul edir, söhbətləşir. Belə işdə çalışmaq çətin deyil ki?
-Hər sahədə olduğu kimi, psixoloji xidmət aparmaq işi nə qədər çətin olsa da, bir o qədər şərəfli işdir. Çunki əksər hallarda konsultasiyaya gələn insanların sonuncu ümid yeri olursan. Psixoloji olaraq özünü tanımaqda çətinlik çəkən insanı özü ilə tanış edirsən, yaxud da özü ilə barışa bilməyən, özünü sevməyən insanı özü ilə barışdırıb, sevməyə yardımçı olursan. Hətta boşanmaqda olan insanlara, yaxud da intihara cəhd edən bir gəncə kömək edirsən. Bunun üçün daima öz üzərində işləməlisən. Çünki hər yanlış ifadədə qarşındakı insanı səhv yönləndirib, səhv addım atmasına şərait yarada bilərsən. Psixoloq olmağın digər çətin tərəfləri də var. Məsələn, psixoloq olduğumuzu bilən əksər insanlar bizə bu sualı ünvanlayırlar: “Sizcə, mən necə insanam? Üzümə baxıb necə bir insan olduğumu deyə bilərsiniz?” Bu, hələ də cəmiyyətdə psixoloji maarifləndirmənin yetəri qədər olmamasından irəli gəlir. Necə ki, xəstə həkimə gedən zaman narahatçılıqları barəsində tam məlumat verməmiş həkim diaqnostik nəticə çıxara bilmir, psixoloqlar da eynilə belədir.
-Belə bir fikir də səsləndirilir ki, ən çox psixoloqların özləri psixoloji problemlərlə yüklənirlər. Bu fikir nə dərəcədə doğrudur? Ümumiyyətlə, özünüz psixoloji problemlərlə üzləşəndə hansı addımları atırsınız?
-Əlbəttə, gün ərzində bütün çılpaqlığı ilə müxtəlif insanların həyatına, sıxıntılarına, dərdlərinə şərik olursan. Həftə ərzində ünsiyyət qurduğun onlarla insanın problemlərinin ağırlığı üzərində yığılıb qalır. Bunların yaşanmaması üçün işindən əlavə sevdiyin məşğuliyyətlərin olması bir psixoloq üçün çox önəmli nüansdır. Təbii ki, psixoloq özü müxtəlif şəxsi problemlərlə üzləşə bilər. Bir maraqlı fakt da odur ki, insanlar stress keçirən, yaxud da hər hansı şəxsi problem yaşayan psixoloq görəndə təəccüblənirlər. Amma unutmaq olmaz ki, psixoloq da insandır və onlar şəxsi həyatlarında da digər bütün insanlar kimi psixoloji gərginlikdən və problemlərdən sığortalanmayıblar. Sadəcə digər insanlardan fərqli olaraq özünü daha tez analiz edib çıxış yolu tapa bilər, yaxud da iradəsi çərçivəsində hər hansı bir narahatçılıq yaşayanda öz həmkarına müraciət edə bilər. Psixoloq olmağın bir prinsipinə görə hər bir psixoloq, psixoterapevt yanma sindromundan uzaq olmaq üçün vaxtaşırı özü digər bir həmkarına müraciət etməlidir. Çünki hər nə qədər oxumağı yaxşı bacarsaq da, öz həyatımız gözümüzə çox yaxın məsafədən oxumaq üçün tutulmuş bir kitabdır. Məsafə yaxınlaşdıqca oxumaq çətinləşir.
-Virtual psixoloji konsultasiyalar aparmaq nə dərəcədə məqsədəuyğundur? Belə müraciət edənlər olurmu?
-Çox rast gəldiyim bir situasiyadır. Müxtəlif sosial-şəbəkələrdə gün ərzində onlarla məktublar gəlir. İlkin etapda hər hansı şərh vermək olar, amma virtual psixoloji xidməti ciddi qəbul edə bilmirəm və virtual ürək əməliyyatına bənzədirəm. Necə ki, onu etmək qeyri-mümkündür, eləcə də canlı ünsiyyətdə olmadan, jestlərini, qoyulan məsələlərə reaksiyasını görmədən psixoloji xidmət aparmaq da o qədər absurddur. Bəzən insanlara bunu izah etdikdə küsürlər, narazı qalırlar, amma onlar da bizi anlamalıdırlar. Hər an yazdıqlarına baxmaq imkanımız olmur, bir neçə gün gec cavab yaza bilərik və yaxud da virtual olaraq heç bir kömək göstərə bilməyəcəyimizi bildirəndə bizdən inciməsinlər.
-Böyük şəhərlərdə yaşayanların daha çox psixoloqa müraciət etdiyi, psixoloji məsləhətlərə ehtiyac duyduğu deyilir. Bu fikirlə razısınızmı? Ümumiyyətlə, təbiətin, ucqar rayon və kəndlərdə yaşamağın insanların həyat tərzinə, psixologiyasına hansı müsbət təsirləri olur?
-Həm şəhərlərdə, həm də kəndlərdə yaşayan insanların kifayət qədər psixoloji problemləri olur. Böyük şəhərlərdə həyat kəndə nisbətən daha qaynar, iş yerləri böyük və işçi sayı daha çox olduğunu nəzərə alsaq şəhər mühitində stress faktorunun da artdığını aydın müşahidə edərik. Bundan əlavə, bir qayda olaraq psixoloji mərkəzlər böyük şəhərlərdə fəaliyyət göstərdiyinə görə müraciətlər də bu istiqamətdə daha çox olur. Azərbaycan mühitində isə mental baxış məsələsini də gözardı etməsək, rayon və kənd camaatının psixoloji sahəyə ona etibarsızlığını və psixoloqa müraciət etməyi qınaq obyektinə çevirdiyini görərik. İkinci bir tərəfdən havanın daha təmiz, qidaların daha təbii, həyat tərzinin isə daha stabil olduğunu nəzərə alıb, şəhər mühitindən uzaq yaşamağın insan psixikasına müsbət təsirini müşahidə edə bilərik.
-Son zamanlarda gənclər arasında dəb halını almış özünə depressiya diaqnozu qoymaq tendensiyası nə dərəcədə düzgündür? Depressiyanı əhvali-ruhiyyənin aşağı olmasından necə fərqləndirmək olar?
-Qayğıların və stressin çox olduğu bir dövrdə hər birimizin bir neçə gün əhvalı pis ola bilər. Amma bu o demək deyil ki, biz depressiyadayıq, yaxud da bu, depressiyaya düşmək üçün zəmin yaradır. Biz bir insana depressiya diaqnozunu qoymaq üçün minimum iki həftə ərzində depressiyanın üç əsas simptomundan ikisini müşahidə etməliyik. Depressiyanın əsas simptomlarına ruh düşkünlüyü, enerji tükənməsi, maraq və zövqün itirilməsi aid edilir. Lakin, bununla yanaşı, yuxusuzluq, yaxud da gün ərzində daha çox yuxululuq, iştahsızlıq və ya iştahanın anormal artması, özünü aşağı qiymətləndirmə və s. hallar da müşahidə olunmalıdır. Bu hallarda biz depressiyadan danışa bilərik. Təbii ki, depressiyanın yüngül, orta və ağır dərəcələri vardır. Depressiya məsələsi, sizin də qeyd etdiyiniz kimi, bəzi insanların, xüsusilə də gənc və yeniyetmələrin hesab etdiyi qədər sadə deyil. Bu gün aramızda illərlə depressiyadan əziyyət çəkən və həyatdan təcrid olunmuş insanlar var.
-Deyilənə görə, insanın əhvali-ruhiyyəsi fəsildən asılı olaraq dəyişir və ələlxüsus da soyuq aylarda depressiyadan əziyyət çəkən insanların sayı nisbətən çox olur. Siz bu haqda nə düşünürsünüz?
-İlk öncə fəsil faktorunu kənara qoyub hər kəsə stress yaradan işlərdən, insanlardan uzaqlaşmağı məsləhət görürəm. Əgər bu mümkün deyilsə, həmin hadisələrə, insanlara münasibətlərini dəyişməyə çalışsınlar. İnsanın enerjisi tükənməz deyil, onu lazım olan istiqamətdə yönəltməyi bacarmaq isə insanın öz əlindədir. Mümkün qədər təbiətdə daha çox vaxt keçirməyə çalışsınlar. Kitab oxumağa və idmanla məşğul olmağa üstünlük versinlər. Qısamüddətli ruh düşkünlüklərini də problemə çevirib, depressiya dərəcəsinə çatdırmasınlar. Ümumiyyətlə, insanın daima ruh yüksəkliyi yaşaması, heç bir problemə reaksiya verməməsi və əhvali-ruhiyyəsini dəyişməməsi qeyri-mümkündür. Çünki fiziki olaraq insanın öz orqanizmini tanıması üçün fiziki narahatlıqlar yaşamalı olduğu kimi, özünü psixoloji olaraq tanımaq üçün də müəyyən mənfi hallarla qarşılaşması çox normaldır.Təbii ki, depressiya və ya ruh düşkünlüyünün, əhvalın qeyri-stabilliyinin fəsil dəyişikliyi kimi situativ hallar nəticəsində baş verdiyini və ya ciddi narahatlıq olduğunu müəyyən etmək üçün mütəxəssisə müraciət etmək mütləqdir.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
01.08.2017
Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7147

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info