“İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli müsbət nəticələr verir”
Tarix: 11.11.2016 | Saat: 14:05:00 | E-mail | Çapa göndər

Elnarə İsazadə:
“ İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir”

“Qeyri peşəkarların, psixologiya elminə təsadüfi gəlmiş şəxslərin sayəsində cəmiyyətdəki aqressiya daha da sürətlənə və kəskinləşə bilər”

“Sosial şəbəkələrdə gündəlik vaxtlarının böyük hissəsini keçirən gənclər ənənəvi ünsiyyətdən uzaqlaşır və virtuallaşırlar. Bunun nəticəsində də real ünsiyyət defisiti yaranır. Həmin gənclər cəmiyyətə inteqrasiya etməkdə sonradan böyük problemlər yaşayırlar”


Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. Hazırkı şəraitdə təhsilin inkişafı müasir texnologiyasız mümkün deyil. Elə bu səbəbdən də informasiya kommunikasiya texnologiyalarının təhsil sahəsinə transfer edilməsi və genişləndirilməsi prioritetə çevrilib. Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi bu istiqamətin əsas məqsədlərindəndir. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın əsas məqsəd və vəzifələrindən biri də əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda müsahibimiz Bakı Dövlət Universitetində psixologiya müəlliməsi olan Elnarə İsazadə qeyd edilən məsələlərlə bağlı fikirlərini bildirib:

- Elnarə xanım yaşınızın az olmasına baxmayaraq görürük ki, uğurlarınız az deyil və uğurlarınızın bundan sonra daha da çox olmasını arzu edirik.

- Təşəkkür edirəm, düşünürəm ki, hər bir şəxs yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq daim öz üzərində işləməli, bilik və bacarıqlarını artıraraq inkişaf etdirməlidir.
- Psixologiya sahəsinə marağınızın yaranma səbəbini bilmək olarmı? Niyə məhz psixoloq olmağa qərar verdiniz?
- Düşünürəm ki, psixoloq olmağımda birinci növbədə genetik faktor mühüm rol oynayıb. Mənim anam və xalam ixtisasca psixoloq üzrə oxuyublar. Hətta xalam İsmayılova Mehriban Cəlal qızı psixologiya üzrə fəlsəfə doktoru - dosentdir. Böyük bacım da ixtisasca psixoloqdur. Buna görə də evimizdə daim çoxlu psixologiya elminə aid dəyərli kitablar olub. Hələ orta məktəbdə oxuyandan bu elmlə bağlı kitablar diqqətimi cəlb edib və bu elmlə yaxından maraqlandıqca, bu elmə qarşı içimdə güclü sevgim yaranıb. Əgər təbabət elmi insanın cismini müalicə edirsə, psixologiya elmi insanın ruhunu müalicə edir. Bu səbəbdən düşünürəm ki, psixoloqları "insan ruhunun həkimləri" adlandırmaq olar. "İnsanlara yardım etmək və insanlığı xilas etmək" devizi isə mənim həyat fəlsəfəmin özəyini təşkil edir.
- Bu gün cəmiyyətdə psixoloqlara olan münasibət və ehtiyac haqqında nə deyə bilərsiniz?
- Düzü bu haqda çox geniş danışmaq olar. Hətta günlərlə bu mövzuda müzakirələr aparmaq olar. Amma qısaca bu haqda fikirlərimi bölüşməyə çalışacağam. Bilirsiniz, bu gün dünyada qlobal səviyyədə baş verən dəyişikliklər təəssüflər olsun ki, daha çox mənfi yöndə özünü biruzə verir. Hələ ötən əsrdə baş verən 1-ci və 2-ci Dünya müharibələri, bir sıra iqtisadi böhranlar, siyasi çaxnaşmalar, xaoslar, təhlükəli xəstəliklər bəşəriyyət üçün çox ağır fəsadlarla yadda qaldı. Buna görə də hər kəs artıq 21-ci əsrin yalnız sülh və inkişaf əsri olmasını arzu və ümid edirdi. Amma təəssüf ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, dünyada müharibələr, qırğınlar, böhranlar, aclıq və səfalət , xəstəliklər azalmır, əksinə günü-gündən daha da artır. Bunun da mənfi nəticəsi kimi cəmiyyətdə aqressiya artır. Bütün bunların fonunda cəmiyyətin psixoloji yardıma, psixoloqların köməyinə ehtiyacı da artır. Psixologiya elminə artıq təkcə nəzəri elm kimi deyil, böyük praktiki əhəmiyyətə malik elm kimi yanaşma sərgilənir və təsadüfi deyil ki, 21-ci əsri "Psixologiya və İKT" əsri kimi adlandırırlar. Ancaq bu gün bu sahədə bir çox problemlər hələ də qalmaqdadır. Bunlardan ən birincisi, cəmiyyətin artan psixoloji yardım tələbinə müqabil savadlı və peşəkar psixoloq kadrının az olmasıdır. Düşünürəm ki, bu sahədə daha planlı, proqramlaşdırılmış koordinasiya, maariflənmə, peşəkar kadr hazırlığı aparılmalıdır. Əks təqdirdə qeyri peşəkarların, psixologiya elminə təsadüfi gəlmiş şəxslərin sayəsində cəmiyyətdəki aqressiya daha da sürətlənə və kəskinləşə bilər.
- Elnarə xanım, çox doğru məqamlara toxundunuz. Bir məqamda 21-ci əsri "Psixologiya və İKT" əsri adlandırmağınız diqqətimi çəkdi. İKT haqda fikirlərinizi, münasibətinizi bilmək istərdim. Dərs deyərkən İKT-dən istifadə edirsinizmi?
- İKT mövzusunda danışarkən ilk növbədə onu qeyd etmək istərdim ki, son 10 ildə respublikamızda bu sahəyə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsi, dövlət proqramlarının həyata keçirilməsi ölkəmizdə bu sahənin inkişafına müsbət təkan verib. Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli sonda çox müsbət nəticələr verir. Buna görə də mən də BDU-da dediyim dərslər zamanı İKT-dən istifadə edirəm. İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. Bu tədris prosesini individual proqram üzrə təşkil etməyə, tələbələrin dərsə istək və marağını stimullaşdırmağa imkan verir.
- Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Bəli, istifadə edirəm. Ümumən bu mövzuya radikal yanaşma sərgiləmirəm. Doğrudur, deməzdim ki, mütəmadi olaraq istifadə edirəm. Amma gün ərzində asudə vaxtım olanda maksimum 1 saat vaxtımı sosial şəbəkələrdə faydalı formada sərf edirəm.
- Sosial şəbəkələrin gənclərə, onların psixologiyalarına olan təsiri barəsində nə deyə bilərsiniz?
- Mən belə hesab edirəm ki, hər bir şey öz qədərində, normasında olanda ziyanı olmur. Amma ifrata varmaq, nəyəsə aludə olmaq həmişə ağır fəsadlara səbəb olur. Məni gənclərin sosial şəbəkələrdən istifadə etməsi yox, həddən artıq buna çox vaxt sərf etməsi, aludəçisi olmaqları narahat edir. Sosial şəbəkələrdə gündəlik vaxtlarının böyük hissəsini keçirən gənclər ənənəvi ünsiyyətdən uzaqlaşır və virtuallaşırlar. Bunun nəticəsində də real ünsiyyət defisiti yaranır. Həmin gənclər cəmiyyətə inteqrasiya etməkdə sonradan böyük problemlər yaşayırlar. İnsan sosial varlıqdır və buna görə də daim sosiallaşmağa ehtiyac duyur. Amma bu virtual deyil, real ünsiyyəti, sosiallaşmanı əhatə etməlidir. Ünsiyyət defisiti gənclərdə tənhalığa, biganəliyə səbəb olur ki, bu da sonda aqressiv davranışlar və ya intiharlar fonunda özünü büruzə verir.
İsazadə Elnarə Əkbər qızı 9 sentyabr 1993-cü ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində dünyaya gəlib. 2010-cu ildə orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Müəllimlər Institutunun Təhsildə sosial-psixoloji xidmət fakültəsinə daxil olub. 4 il əyani təhsil aldıqdan sonra 2014-cü ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildə də magistraturaya - Bakı Dövlət Universitetinin Pedaqoji psixologiya fakültəsinə daxil olub, 2016-cı ildə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetində psixologiya müəlliməsi işləyir.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
01.08.2017
Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7147

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
3 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info