“Həmrəyliyin reallıqdan tam virtuallığa keçid dövründəyik”
Tarix: 14.11.2016 | Saat: 20:21:00 | E-mail | Çapa göndər
Günel Abdullayeva:
“Bu gün təkcə Macarıstanda deyil, dünyanın hər yerində mobil texnologiyalara olan maraq artmaqdadır”

Gənclərin təbliğatda İKT-dən lazımi səviyyədə yararlana bilməsi vacib amildir. Xüsusən, xaricdəki gənclərin bu baxımdan üzərinə böyük məsuliyyət düşür. Özəlliklə gənclərin sosial şəbəkələrdə lazımı qədər virtual həmrəylik yaratması təbliğat işinə böyük təsir edə bilər. Macarıstanda təhsil alan Günel Abdullayeva qəzetimizə müsahibəsində bu və digər məsələlərlə bağlı fikirlərini bildirib. Qeyd edək ki, Günel Abdullayeva 1987-ci ildə Bakıda anadan olub. Binəqədi rayonu, 182 saylı orta məktəbi bitirib. Qərb Universitetində Politologiya ixtisası üzrə təhsil alıb. Hal-hazırda Budapeştdə Corvinus Universitetinin İctimai idarəetmə və menecment ixtisası üzrə master təhsili alır. Təhsili Macarıstan və Azərbaycan hökümətlərarası əməkdaşlıq çərçivəsində uyğulanan Təqaüd Proqramı hesabınadır. O, eyni zamanda 2006-2010-cu illərdə gənclər sektorunda aktiv olub və dəfələrlə bununla bağlı Bakı şəhəri və Səbail rayonu Gənclər İdman idarələri, YAP Gənclər Birliyi tərəfindən Fəxri fərman və təşəkkürnamələr ilə təltif olunub. Nəzərə çatdıraq ki, Gunel xanım Bakı şəhəri, Binəqədi Qəsəbə Bələdiyyəsinə 2014-cü ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində üzvlük haqqı qazanıb.

-Siz Azərbaycanda ictimai fəal gənclərdən olubsuz. Macarıstanda sizin həmyaşıdlarınızın ictimai fəallığı hansı səviyyədədir?
-Budapeştdə yeni olduğum üçün hələ də dolğun məlumata sahib deyiləm bu barədə. Lakin bu müddət ərzində müşahidə etdiklərim ətrafımdakı tələbə yoldaşlarımdır ki, onların da günü əksərən akademik fəaliyyətdən ibarətdir. Avropada gənclər üçün bu gün minlərlə proqramlar mövcuddur. Lakin ən əsası bu gün avropalı gənc yeniliklərə açıqdır, təhsilə maraqlıdır və siyasətlə birbaşa məşğul olmasa da, mühüm məsələlərdə həmin ölkənin vətəndaşı kimi mövqeyini sərgiləməkdədir. Yeri gəlmişkən bir misal çəkim, oktyabr ayında Macarıstanda Avropa Birliyinin mühacir siyasəti ilə bağlı referendum keçirildi. Tanıdığım yerli gənclərin, demək olar, əksəriyyəti həmin gün referenduma yollanmışdı. Mənim üçün bu artıq bir göstərici idi.
-Ümumiyyətlə, bu baxımdan azərbaycanlı gənclər nə dərəcədə onlardan fərqlənir?
-Azərbaycanı təhlil etsək görürük ki, bizim gənclər lap tələbəlik illərindən icitmai-siyasi aktivliyə can atırlar. Bu fəallıqda təkcə gənclərimiz deyil, həmçinin dövlətimiz də maraqlıdır ki, bu da nəticədə onları daha da cəsarətləndirir. Bu, bir tərəfdən tələbəlik illərini maraqlı edir, cəmiyyətə yararlı vətəndaş hazırlayır. Lakin digər tərəfdən bu kimi fəaliyyətlər tələbənin bütün zamanını almalıdır anlamına da gəlməməlidir. Tələbə üçün ən öncül amil təhsildir. Bu gün Azərbaycanda tələbə daha çox vaxtını elmi fəaliyyətə sərf etməlidir. Bəli, hər kəs alim ola bilməz, lakin təhsilsiz birindən də cəmiyyətə xeyir gəlməz. Gənclərimiz bu gün daha çox beynəlxalq bilik olimpiadalarında iştirak etməli, beynəlxalq müsabiqələrə qatılmalı, dəqiq elmlərlə maraqlanmalı, elmi mütaliələr etməli və bu istiqamətdə daha çox çalışmalıdır. Mən razıyam ki bu birtərəfli proses deyil, qarşılıqlı olmalıdır, bunun üçün şərait yaradılmalıdır, lakin nəticədə hər iki tərəf elm ilə cəmiyyətimizə fayda verməkdə maraqlı olmalıdır. Azərbaycan bu gün alimlər, mütəfəkkirlər tarixini yeniləməlidir və o tarixdə bu günün gəncləri yer almalıdır.
-Macarıstanda azərbaycanlı gənclərin birliyi və ictimai fəallığı hansı səviyyədədir?
-Səfirlik xətti ilə zaman-zaman tədbirlərdə gənclərimiz bir araya gəlir. Bundan başqa, müəyyən layihələr, proqramlar çərçivəsində də bir-birimizə yardımçı olmağa çalışırıq. Həmçinin bəzi gənclərimiz şəxsi təşəbbüsləri əsasında maraqlı aktivitələr də etməkdədir. Məsələn, bu yaxınlarda bir gəncimizin Macarıstandakı başqa ölkələrdən olan rəsmilər ilə videomüsahibələrinə rast gəldim, çox bəyəndim. Digər sevindirici hal da Macarıstanda məzun olmuş azərbaycanlı gənclərin burada nüfuzlu şirkətlərdə, qurumlarda özlərinə karyera qurmaları faktorudur. Ümumilikdə mənzərə ürək açandır deyə bilərəm.
-Macarıstandakı gənclərin mobil texnologiyalara marağı necədir?
-Bu gün təkcə Macarıstanda deyil, dünyanın hər yerində mobil texnologiyalara olan maraq eyni səviyyədədir və artmaqdadır. Mənə görə isə məsələnin vacib tərəfi bu kimi texnologiyalardan hansı məqsədlə istifadədir.
- Sizcə, gənclər təbliğatda İKT-dən lazımi səviyyədə yararlana bilirlərmi və xüsusən, sosial şəbəkələrdə lazımi qədər virtual həmrəylik varmı?
-Bilirsiniz, İKT günü-gündən inkişafdadır. Məsələn, bu gün üçün artıq virtual təbliğat deyəndə kimlərinsə e-mail ünvanlarına göndərilən məktublar səmərəsiz görünə bilər. Daha çox yeniliklərdən faydalanmalıyıq. Dünya artıq vizuallığa daha önəm verir, dinləməkdənsə, seyr etməyi üstün tutur.
Hazırda həmrəyliyin reallıqdan tam virtuallığa keçid dövründəyik. Bəli, bu gün dünya internet dövrünü yaşayır, lakin insanlıq reallıqdadır və tam olaraq insani dəyərlərin virtuallaşmasına göz yummamalıyıq. Çox təəssüf ki, bu gün virtuallıqda nümayiş olunan həmrəylik reallıqda nümayiş olunmur. Bəli, bu gün bir çox məsələlərdə canfəşanlıqla virtual həmrəylik nümayiş etdirə bilirik. Lakin bir də bunu reallıqda edə bilsək...
-Macarıstanda sizə təhsil hansı metodlarla keçirilir?
-İlk öncə qeyd edim ki, təqaüd hesabına Macarıstanın ən öncül universitetlərindən olan Corvinus Universitetində İctimai idarəetmə və menecment ixtisası üzrə magistr tələbəsiyəm. Universitetin təhsilindən razıyam və öz təhsil sistemimizlə müqayisə etdikdə fərqlər açıq-aydın nəzərə çarpmaqdadır. Tədris müddətində hər ay baş tutan imtahanlar bir növ keçirilən dərslərin effektivliyinin, tələbənin dərslərə hazırlıq səviyyəsinin və dərslərdən mənimsənilən bilik və bacarıqların ölçü meyarıdır. Bundan başqa, mütəmadi tapşırıqlar, qrup işləri də nəzəri biliklərin praktikada tətbiqini, tələbənin mövzuya yanaşma və düşüncə tərzini, müstəqil mövzunu işləyə bilmə bacarığını və s. inkişaf etdirir. Ümumilikdə təhsildə İKT-dən geniş şəkildə istifadə edilir. Əminliklə deyə bilərəm ki, burda təhsil əzbərçilikdən uzaqdır. Məhz akademik həyatımda növbəti hədəflərimdən biri də bu gün burada öyrənmiş olduqlarımı daha da inkişaf etdirərək müəllim kimi öz ölkəmin gəncləri ilə ali təhsil ocaqlarında paylaşmaqdır. Düşünürəm “ölkəyə beyin axınını” ölkə hüduqlarından kənarda təhsil almış biz gənclər həyata keçirməli və təhsilimizin inkişafında hamılıqla çalışmalıyıq.
-Siz həm də Bələdiyyə üzvüsünüz. Azərbaycanda bələdiyyələrdə gənclərin aktivliyi hansı səviyyədədir?
-Məlum məsələdir ki, bələdiyyələrin yerli özünüidarəetmədə rolu olduqca mühümdür və demokratiyanı şərtləndirən əsas amillərdəndir. Sevindirici haldır ki, bu gün Azərbaycanda bələdiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı var. Bu gün yerli özünüidarəetmə qurumu olan bələdiyyələr ötən illərə nisbətən daha fəaldır, sakinlərə daha məsuliyyətlə xidmət göstərirlər. Bəli, hər işdə olduğu kimi, burda da nöqsanlar var və olacaq. Lakin əsas olan məsələnin yaxşı tərəflərini görüb, mənfiləri üzərində əzmlə çalışmaqdır. Yaxşı tərəflərdən biri də bu gün gənclərin bələdiyyə idarəçiliyində olan fəallığıdır. Gəlin statistikaya nəzər yetirək. Son bələdiyyə seçkiləri nəticəsinə, əsasən, seçilmiş 14.963 bələdiyyə üzvündən 5.450 nəfəri gənclərdir ki, bu da ümumi sayın 36.42%`ni təşkil edir. Üzvü olduğum Binəqədi Qəsəbə Bələdiyyəsinin də ərazisinə daxil olduğu Binəqədi rayonunu misal çəkərək deyim ki, ərazisində 5 bələdiyyənin fəaliyyət göstərdiyi Binəqədi rayonunda bələdiyyə üzvlərinin ümumi sayı 79 nəfərdir və bu statistikanın 60%-ni gənclər təşkil edir. Dövlət idarəçiliyində təkcə bələdiyyələrdə deyil, eyni zamanda Milli Məclisdə də gənclərimizin sayı artmaqdadır. Bütün bunlar onu göstərir ki, dövlətimiz gəclərin iştirakında maraqlıdır və bunun üçün imkanlar da yaradılır. Biz gənclərə qalan isə işimizin öhtəsindən məsuliyyətlə gəlməyimizdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
27.03.2017
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
27.03.2017
Cocuq Mərcanlıya səfər edənlərin sayı artır
17.03.2017
Qatı ermənipərəst Frank Engel kimdir?!
17.03.2017
“Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5969

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info