Azərbaycan vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə layiq görülüb
Tarix: 16.11.2016 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
Riyad Hüseynov: “Azərbaycan «Biznesə başlama» meyarı üzrə dünya ölkələri arasında 5-ci, «Vergilərin ödənişi» meyarı üzrə isə 40-cı yeri tutur”


Azərbaycan Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən edib. Vergilər nazirinin müşaviri Riyad Hüseynovla müsahibənin əsas mövzusu nazirliyin beynəlxalq sahədə apardığı işlər barədədir.

- Riyad müəllim, ölkədə aparılan vergi islahatları çərçivəsində beynəlxalq sahədə görülən işlərin ümumi istiqamətlərini necə səciyyələndirmək olar?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəffaflığın artırılması istiqamətində apardığı məqsədyönlü siyasətə, vergi orqanları qarşısında qoyulmuş tələblərə və tapşırıqlara uyğun olaraq, ölkəmiz 2013-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu»na üzv olmuşdur. O vaxtdan bəri vergi məsələləri üzrə xarici ölkələrlə aparılan məlumat mübadiləsinin təkmilləşdirilməsi və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən aparılan işlər artıq öz müsbət nəticələrini verməkdədir.
Qeyd etmək lazımdır ki, genişmiqyaslı islahatlar və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə artıq müasir beynəlxalq standartlara cavab verən vergi xidməti formalaşdırılıb. Azərbaycanda çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılıb və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılıb. Milli vergi sistemi fiskal məqsədlərlə yanaşı, ölkədə sahibkarlığın inkişafına, özəl sektorun dəstəklənməsinə və investisiya fəaliyyətinin stimullaşdırılmasına, eləcə də vergi mexanizmləri vasitəsilə iqtisadi inkişafın təmin edilməsinə dəstək verir. Hazırda dünyanın qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətləri ölkəmizdə fəaliyyət göstərən vergi ödəyicilərinə də təqdim edilir.
Dövlət başçısının «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamı da Azərbaycanın vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və vergi inzibatçılığının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istiqamətində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə vergitutma bazasının genişləndirilməsi; vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi; vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması; elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi; vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması; riskin qiymətləndirilməsi sisteminin yaradılması; vergi bəyannamələrinin formalarının təkmilləşdirilməsi kimi mühüm vəzifələr aiddir. Hazırda Vergilər Nazirliyi sərəncamın icrası ilə bağlı genişmiqyaslı işlər aparır.
Şəffaflığın artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə indiyədək ölkəmizdə kompleks tədbirləri əhatə edən fəaliyyət planları uğurla icra edilib, vergi qanunvericiliyi və inzibatçılığının beynəlxalq standartlar nəzərə alınmaqla təkmilləşdirilməsi, innovativ və geniş elektron xidmətlər sisteminin yaradılması təmin olunub. Bütün bunlar isə, öz növbəsində, vergi sistemində idarəetmə və nəzarət mexanizmlərinin səviyyəsini yüksəltməyə, vergi münasibətlərinin tənzimlənməsi sahəsində çevik siyasət həyata keçirməyə, ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə, beynəlxalq təşkilatların və xarici dövlətlərin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaradılmasına və səmərəli məlumat mübadiləsi sisteminin qurulmasına imkan verib.
Sərəncamda nəzərdə tutulan tədbirlərin mühüm bir hissəsi beynəlxalq təcrübədə tətbiq edilən mütərəqqi mexanizmlərin milli vergi sistemində tətbiq olunması, eləcə də qlobal vergi trendlərinə uyğunlaşaraq beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi məsələləri əhatə edir. Məsələn, sərəncamda xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarını aradan qaldırmaq məqsədilə qanunvericilik bazasının yaradılması, şirkətlərin gəlir və xərclərinin düzgün müəyyən edilməsi üçün ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı hesab olunan dövlətlərdə və ya ərazilərdə (offşor zonalarda) təsis edilmiş şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq olunmaqla vergiyə cəlb edilməsi üçün qanunvericiliyə dəyişiklik olunması, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsi və bu reytinqi daimi saxlamaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, ölkə hüdudlarından kənarda əldə edilmiş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən hazırlanmış «Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı» barədə məlumat verməyinizi istərdik.

- Ölkə başçısının sərəncamından irəli gələn vəzifələrdən biri də vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsidir. Son dövrlərdə beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqinin təmin edilməsidir. BMT, G8, G20 ölkələri, Avropa Şurası və Avropa İttifaqı tərəfindən tövsiyə edilən, OECD tərəfindən hazırlanmış «Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı» OECD-nin Model Vergi Konvensiyasının 26-cı maddəsində və 2002-ci il tarixli Vergi məsələləri üzrə Məlumat Mübadiləsi Model Sazişində əksini tapıb. Bu standartın tətbiqinə nail olmaq məqsədilə 2009-cu ildə OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum» yaradılıb. Artıq dünyanın 134 ölkəsi 2010-cu ildən faktiki olaraq müstəqil təşkilat kimi fəaliyyət göstərən bu qurumun üzvüdür. Bundan əlavə, Forumda 9 beynəlxalq və regional təşkilat - BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnter-Amerika İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa Birliyi Ölkələrinin Katibliyi müşahidəçi qismində təmsil olunurlar. Foruma üzvlük dövlətlərin, ilk növbədə, məlumat mübadiləsi haqqında müqavilələr üzrə danışıqlar aparmaq, təmsil olunan beynəlxalq maliyyə qurumları ilə məlumat mübadiləsi etmək imkanlarını artırır. Forum vergi məqsədləri üçün şəffaflığın artırılması üzrə zəngin ekspertiza mənbəyidir. Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasında ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənləşdirilir.

- Azərbaycan Respublikası 2013-cü il fevralın 26-da Qlobal Foruma üzv olmaqla məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq razılaşdırılmış standartın tətbiqi öhdəliyini qəbul edib...

- Azərbaycan üzrə Qiymətləndirmənin birinci mərhələsinə ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi qərara alınıb. İkinci mərhələdə isə Qiymətləndirmə Qrupunun üzvləri mart ayında ölkəmizə səfər ediblər. Səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə səlahiyyətli dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənilməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olub, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçiriblər. Ölkə üzrə yekun hesabat 2016-cı ilin 26-30 sentyabr tarixlərində Fransanın Paytaxtı Paris şəhərində Qiymətləndirmə Qrupunun (PRG) 24-cü iclası zamanı geniş müzakirə edilib. Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilər və Vergilər Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə keçirilib.
Müzakirələr zamanı Vergilər Nazirliyi və xarici dövlətlərin aidiyyəti orqanları ilə aparılan məlumat mübadiləsinin səmərəliliyinin obyektiv qiymətləndirilərək hesabatın qəbul edilməsi üçün zəruri olan əlavə məlumatlar təqdim edilib. 2016-cı ilin sentyabr ayının 30-da Azərbaycan üzrə ölkə hesabatı təsdiq edilib. Bununla da Azərbaycan Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə «Əsasən uyğundur» reytinqinə layiq görülüb. Qlobal Forumun qaydalarına uyğun olaraq, Azərbaycan Respublikası üzrə yekun reytinq 31 oktyabr 2016-cı il tarixdə rəsmən bəyan olunub və noyabr ayının 4-də dərc edilib.

- Azərbaycanın OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat üzrə Qlobal Forumu çərçivəsində əldə etdiyi reytinq balının müsbət cəhətləri və faydası nədən ibarətdir?


- Qlobal Forum çərçivəsində Azərbaycan Respublikasının qazandığı yüksək reytinq balı ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcudluğunun obyektiv əyani sübutudur. Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük təşkilat olmaqla yanaşı, onun hazırladığı standartlar ölkələrin vergi məsələlərində şəffaflığın ən mötəbər göstəricilərindən hesab edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Qlobal Forumun üzvü olan 137 dövlət arasında yüksək reytinq almış ABŞ, Avstriya, Almaniya, İtaliya, İsrail, Niderland, Macarıstan, Polşa, Braziliya, Rusiya, Malayziya kimi 77 ölkədən biridir. Qlobal Forumun üzvləri olan bir sıra ölkələr isə hələlik yüksək reytinq qazana bilməyiblər.

- Qlobal Forumun standartlarından və qiymətləndirmə qaydalarından hansı sahələrdə istifadə olunur?


- Bu qaydalar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən vergi sığınacaqlarının və vergi məqsədləri üçün əməkdaşlıq etməyən qeyri-şəffaf ölkələrin «qara siyahı»ları tərtib edilərkən geniş istifadə olunur və bu zaman əsas göstəricilərdən biri kimi Qlobal Forum çərçivəsində üzv dövlətlərin əldə etdikləri reytinq ballarına istinad edilir.
Azərbaycanın yüksək reytinqə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandırır. Bunların sırasında, ilk növbədə, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsi imkanları qeyd olunmalıdır. Azərbaycanın investisiya potensialının dünyada tanıdılması ilə xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda ölkəmizin etibarlı partnyor kimi qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş profilini daha da yüksəldir və mötəbər beynəlxalq təşkilatların ölkəmizdə həyata keçirilən layihələrə dəstəyini təmin edir.

- Vergilər Nazirliyi qlobal vergi əməkdaşlığının fəal iştirakçısıdır. Beynəlxalq təşkilatlarla əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Vergilər Nazirliyi son illərdə beynəlxalq əlaqələrini əsaslı şəkildə genişləndirib. Əməkdaşlıq edilən təşkilatların və qurumların coğrafiyası da bunu əyani təsdiq edir. Hazırda nazirliyin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), OECD, Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Avropa İttifaqı, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurası, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), BMT, İslam Ölkələrinin Vergi Administrasiyaları Assosiasiyası (ATAIC), Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və digər təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri var. İstər bu beynəlxalq qurumlar, istərsə də qabaqcıl dövlətlərin vergi orqanları ilə ikitərəfli əməkdaşlıq istiqamətləri ölkəmizin strateji hədəfləri, vergi sisteminin prioritetləri, eləcə də beynəlxalq vergitutma sahəsində mövcud tendensiyalar nəzərə alınmaqla müəyyən edilir.
Vergilər Nazirliyi vergitutma sahəsində əksər aparıcı və nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində dünyada mövcud olan ən mütərəqqi təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiq olunması, insan resurslarının peşəkarlıq səviyyəsinin artırılması üçün bu təşkilatların verdiyi imkanlardan maksimum yararlanmağa çalışır. Bir müddət əvvəl İtaliya Azərbaycanı məlumat mübadiləsi üzrə tərəfdaşların «Ağ siyahı»sına daxil edib. Bu, İtaliya bazarında çalışan Azərbaycan rezidentlərinin geniş vergi güzəştləri əldə etməsi deməkdir.
Dünya Bankının 190 ölkənin biznes mühitinin qiymətləndirilməsi əsasında hazırladığı «Doing Business 2017» hesabatı ölkəmizin vergi sisteminin inkişafını xarakterizə etmək, həmçinin görülən işlərə qiymət vermək baxımından mühüm əhəmiyyət daşıyır. Hesabatda Azərbaycan birbaşa Vergilər Nazirliyinə aidiyyəti olan «Biznesə başlama» meyarı üzrə dünya ölkələri arasında 5-ci, «Vergilərin ödənişi» meyarı üzrə isə 40-cı yeri tutur. Mötəbər beynəlxalq qurumun milli vergi sisteminə verdiyi rəy ölkəmizdə aparılan səmərəli işlərin müsbət nəticəsi kimi də dəyərləndirilə bilər.

- Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ölkəmizin iqtisadi və investisiya əməkdaşlığı sahəsində əsas tərəfdaşlarını tam əhatə edirmi?

- Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 51 sazişdən 47-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Təbiidir ki, bu müqavilələr hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin güclü olduğu dövlətlərə xüsusi diqqət yetirilir. Müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə bağlanıb, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.
Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.

- Gələcəkdə daha hansı ölkələrlə belə sazişlərin imzalanması nəzərdə tutulur?

- İspaniya, Malta, İsveç və İordaniya ilə imzalanmış analoji sənədlər Azərbaycan Respublikası tərəfindən təsdiq edilib və qarşı tərəflərdən də dövlətdaxili prosedurlar bitdikdən sonra qüvvəyə minəcək. Bunlardan əlavə, müqavilələrin layihələri üzrə Mərakeş, İrlandiya, İsrail, Danimarka, Sinqapur və Slovakiya ilə razılıq əldə edilib və gələcəkdə həyata keçiriləcək rəsmi səfərlər və ya görüşlər zamanı bu sənədlərin də imzalanması nəzərə tutulur. Türkmənistan, Portuqaliya, Oman, Albaniya, Qırğızıstan, Hindistan, Suriya, Banqladeş və Malayziya ilə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin razılaşdırılması üzrə işlər aparılmaqdadır.

- Yəqin ki, xarici dövlətlərlə əməkdaşlığın əhatə dairəsi dediklərinizlə məhdudlaşmır...


- Hazırda vergi məlumatlarının mübadiləsi bütün dünyada müzakirə olunan aktual məsələlərdəndir. Məlumat mübadiləsi ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin müvafiq müddəalarına, xüsusi sazişlərə, o cümlədən çoxtərəfli sazişlərə əsasən həyata keçirilə bilər. Son dövrlərdə vergi məsələlərində şəffaflıq, məlumat mübadiləsi və beynəlxalq əməkdaşlıq sahəsində səmərəliliyin artırılması istiqamətində gedən qlobal proses və tendensiyalar nəzərə alınmaqla, Vergilər Nazirliyi tərəfindən avtomatik məlumat mübadiləsi və vergilərin yığılmasında yardım haqqında Anlaşma Memorandumunun model layihəsi hazırlanıb və 40-a yaxın ölkə ilə bu cür Memorandumun bağlanması məsələsi müzakirə edilməkdədir. Bununla yanaşı, OECD tərəfindən hazırlanmış və vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı hesabları haqqında məlumatların toplanmasını, həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard - CRS) əsasən, Azərbaycan Respublikasının «Səlahiyyətli orqanlar arasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair Razılaşma»ya qoşulması istiqamətində işlər görülməkdədir.
Hesab edirik ki, bütün bunlar vergi bazasının genişlənməsinə və dövlət büdcəsinə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcəkdir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.04.2017
ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
24.04.2017
BANM-in müəllimi: “Məzunlarımız BANM-in adını hər zaman layiqincə yaşadacaqlar”
21.04.2017
İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
18.04.2017
Azərbaycanı tanıdan albaniyalı tarixçi
17.04.2017
Ədəbi tənqid gələcəklə bağlı elmdir

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6309

1 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
5 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info