İnternetdə böhtan və təhqirə yol verənlər cəzalanacaq
Tarix: 16.11.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb.
Baş prokuror Zakir Qaralov tərəfindən təqdim olunan layihə barədə Baş prokurorluğun İdarə rəisi Natiq Hüseynov məlumat verib. N. Hüseynov bildirib ki, Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişiklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır. "Belə ki, təcrübədə xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövləti başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı göndərdiyi təklif də müzakirəyə çıxarılıb. İnternet informasiya məkanında dövlət başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyətini yaradan müddəa parlamentin plenar iclasına tövsiyə olunub.

Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq
İclasda Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib. Buna əsasən cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq. Təklif olunan əlavələrə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə etmək mümkün olacaq. Müzakirələr zamanı deputatlar Çingiz Qənizadə və Rafael Cəbrayılov buna etiraz ediblər. Onlar bildiriblər ki, əməliyyat-axtarış zamanı hal şahidi faktının yığışdırılması obyektivliyə kölgə sala bilər: “Çünki bütün hallarda hal şahidi insan faktorudur və videoçəkiliş insanı əvəz edə bilməz”. Komitə sədri Əli Hüseynli isə deyib ki, burada hal şahidinin iştirak etməsinə qadağadan yox, sadəcə, əməliyyatı aparan orqana hal şahidindən istifadə etməmə hüququ verilir: “Yəni zərurət olduğu təqdirdə, hal şahidi ola bilər. Bütün hallarda biz bu təklifi plenar iclasa tövsiyə edək, amma bu məslə ilə bağlı ayrıca işçi müzakirəsi apararıq”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Uşağını 3 yaşınadək təkbaşına böyüdən valideynlərin iş saatı qısaldılır
Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik edilir. Bu, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt “3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilir. Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir. Yeni layihədə isə təklif edilib ki, “yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7527

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info