Azərbaycan multikulturalizm modelinin qlobal perspektivləri
Tarix: 21.11.2016 | Saat: 12:53:00 | E-mail | Çapa göndər
Sara ƏLİYEVA | lawyer_sara@yahoo.com

Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Məlumdur ki, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi kimi böyük tarixi inkişaf yolu keçərək, bu gün dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. Dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multkulturalizmə, tolerantlığa özünün dövlət siyasətinin aparıcı istiqaməti kimi yanaşması mühüm əhəmiyyət kəsb edir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.
Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqi böyük əhəmiyyət kəsb edir.
Məhz buna görə də, mövzunun aktuallığı nəzərə alınaraq məqalədə mültikulturalizm, Azərbaycanın mültikultiralizm təcrübəsi və qlobal perspektivləri araşdırılaraq, təhlil edilmişdir. Məqalənin birinci hissəsində multikulturalizmin anlayışı, əhəmiyyəti, ikinci hissəsində Azərbaycanın çox əsrlik multikulturalizm ənənələri, Azərbaycan multikulturalizminin inkişafında Ulu Öndərin töhfələri, üçüncü hissəsində isə Azərbaycan multikulturalizm modelinin qlobal perspektivləri təhlil edilmişdir. Nəticə hissəsində isə, gəlinən ümumi nəticələr və təkliflər öz əksini tapmışdır.
A. Multikulturalizmin anlayışı və əhəmiyyəti
1. Multikulturalizmin anlayışı
Multikulturalizm — İngilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkünsüz olar.
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərmişdir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial, mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanuna uyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində ölkələrin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb etmişdir.
2. Multikulturalizmin Əhəmiyyəti
Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır. Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə kompleks xarakterli ümumiləşmiş ifadələri əks etdirir. Mədəniyyət konseptualdır, multikulturalizm də konseptual məzmunludur. Dərin mahiyyətə malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir.
Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından, davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir. Xarakter fərdi və milli kimliyi müəyyən edir. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır.
Multikulturalizm cəmiyyətdə mövcud olan dəyərləri çoxaldır. Bu dəyərlər yaradıcılıq və quruculuq elementlərini artırır. Multikulturalizm cəmiyyətə xarici mədəni elementlərin axınını təmin edir. Bu axın sayəsində regional mədəni inteqrasiya formalaşır və mədəniyyət regionu meydana gəlir. Dəyərlər sistemi zənginləşir. Multikulturalizm sayəsində dünyanın mədəniyyət potensialı bir məkana cəlb olunur.
Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və xalqın, millətin, dövlətin dünyada sürətlə tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət müstəvisini meydana gətirir. Multikulturalizm fərdin beynəlmiləlləşməsini təmin edir, xalqların mədəni bütövlüyünü meydana gətirir. Milli mədəniyyətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir.
Multikulturalizmin əhəmiyyəti həm də ondan ibarət olur ki, kiçik saylı xalqlar mədəni inteqrasiya şəraitində böyük xalqların mədəni elementlərindən faydalanmaq imkanları əldə edirlər. Bu da özlüyündə kiçik xalqların ruhunu zənginləşdirir. Multikulturalizm çoxlu sayda xalqların adət-ənənələrini, vərdişlərini ümumiləşdirir. Bunun da sayəsində yaradıcılıq və quruculuğun genişlənməsi prosesləri baş verir.
Multikulturalizm monoton dövlətlərin və cəmiyyətlərin yaranmasının qarşısını alır və kasıb mədəni regionların formalaşmasına mane olur. Bu baxımdan da regionlarda müharibələrin qarşısını alan faktorlar rolunda çıxış edir. Multikulturalizm xalqın və dövlətin beynəlxalq təhlükəsizliyini təmin edir. Regional qarışıq mədəni elementlər bu elementlərə xas olan dövlətlərin gücünü artırır, əlaqələrini genişləndirir və sərhəd təhlükəsizliklərini təmin edir. Məsələn, bir dövlət ərazisində yaşayan digər xalqlar hesabına (qonşu xalqlar nəzərdə tutulur) həmin dövlətin beynəlxalq təhlükəsizliyi təmin olunur və iqtisadi əlaqələri də genişlənir.


B. Azərbaycanda çox əsrlik multikulturalizm ənənələri
1. Azərbaycanın multikulturalizm ənənələri
Multikulturalizmin Azərbaycanda öz tarixi kökləri vardır. Vətənimizdə uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşamışdırlar.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq, dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Təkcə Bakıda rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur. Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün hüquqlara malikdirlər.
Fərəhləndirici haldır ki, çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin bir dəyər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi doqquz milyon vətəndaşı olan Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin isə 6 sinaqoqu var. O cümlədən, Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılmışdır. Bu isə bir daha Azərbaycanda bütün dinlərin bərabər yaşaması üçün geniş imkanların yaradıldığından xəbər verir.

2. Azərbaycan multikulturalizminin inkişafında Ulu Öndərin töhfələri
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini məhz ümummilli liderimiz Heydər Əliyevin siyasi gücü bərpa etmişdir. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab etmişdir. O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirmişdir.
Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli, mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş, əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda da uğurla davam etdirilməkdədir.

C. Azərbaycan multikulturalizm modelinin qlobal perspektivləri
1. Azərbaycan multikulturalizm modeli
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.

Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sistemi - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir.
Azərbaycan öz multikultural modelini 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında da göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Tolerantlıq baxımından örnək bir dövlət kimi özünü təsdiqləyən Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün dinlərə etiqad edənlərin azad yaşadığı bir dövlətdir. Respublika ərazisində mövcud olan bütün dillərin, dinlərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər imkanlar əsasında birgə yaşaması, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafına yönəlmiş gələcək rifahın müəyyən edilməsi, Azərbaycanın digər ölkələrlə münasibətlərinin formalaşmasında prinsipial məsələlərdən biri kimi qarşıya çıxması ölkəni tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət olması ilə yanaşı, həm də bu dəyərlər ətrafında beynəlxalq diskussiyaların təşkil edildiyi mərkəzə çevirmişdir.
2. Azərbaycan multikulturalizm modelinin qlobal perspektivləri
Azərbaycanda mövcud olan multikultural, tolerant mühit, dövlətimizin ölkəmizdə yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlar yaratması dünyanın bir çox dövlətləri üçün nümunədir. Sivilizasiyaların qovuşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir.
Azərbaycanın multikultural ölkə olduğunu dünyaya tanıtmaq məqsədilə Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Əlbəttə, belə bir Mərkəzin yaradılması multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji, mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olduğunun göstəricisidir.
Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri “Azərbaycan multikulturalizmi” anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun bir çox yolları vardır, ancaq Azərbaycan gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu yaxşı bildiyindən, bu yolda bilərəkdən gənclərə üstünlük vermiş və “Azərbaycan multikulturalizmi”ni xarici ölkələrdə, xüsusilə gənclər arasında yaymağa başlamışdır.
Mərkəz qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlamışdır. Əvvəlcə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradılmışdır və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olunmuşdur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparılmış və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşılamışdır.
Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlər keçmişdir. “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri xarici ölkə universitetləri ilə paralel olaraq ölkəmizdəki ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində də tədris olunmağa başlanılmışdır. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın isə 8 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Nəticələr çox müsbətdir. Tələbələr fənnə böyük diqqət göstərdiklərini bildirirlər. Hətta bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır.
“Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi ali məktəblər Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti (Çex Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universitetidir.
Göründüyü kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənməkdə və Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü öz real həllini tapmaqdadır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı mövcud çoxmədəniyyətli mühitin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması məqsədi ilə bir çox sahələrdə müntəzəm işlər aparır. Ele ele bu günlərdə Azərbaycanda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransının işə başlaması, Qafqaz Universitetində 16 noyabr – “Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar tədbir keçirilməsi və “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışının olması bunun bariz nümünəsidir.
Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir və öz təcrübəsini dünya ictimaiyyəti ilə bölüşməyə həmişə hazırdır. Bu baxımdan, paytaxt Bakı artıq qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində dünyanın hər bir nöqtəsində yaşayan insanların gələcək inkişafının konturlarının müəyyən edilməsində, eləcə də bu istiqamətdə elmi nailiyyətlərin müzakirəsində "Bakı prosesi" beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb etməkdədir. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsi Bakı Humanitar Forumlarının keçirilməsinin, eləcə də son on ildə ölkədə keçirilmiş müxtəlif beynəlxalq konfrans və tədbirlərin, hər il ardıcıl olaraq “Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar keçirilin tədbirlərin, eləcə də dünyanın multikulturalizm üzrə aparıcı mütəxəssislərinin qatıldığı “Virtual Dəyirmi Masa” ların təşkil edilməsinin nəticəsidir.
Həmçinin, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi, mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyəti böyükdür. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mü-hitə olan münasibətinin real ifadəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, bir daha sübut edir ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya nümunə olaraq göstərirlər.
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirməkdədir.
Bütün bunlar Azərbaycan multikulturalizm modelinin göstəricisidir və qlobal aləm üçün olduqca perspektivlidir.

Nəticə
Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən çatışmazlıqların sistemli şəkildə aradan qaldırmaq, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək istiqamətində sistemli şəkildə bir sıra layihələr həyata keçirilməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq.
Hazırda Azərbaycan və dünya multikulturalizm modellərinin və azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi və bu istiqamətdə yazılmış əsərlərin aprobasiyasının həyata keçirilməsi istiqamətində müntəzəm işlər aparılır.
Bu gün Azərbaycan xalqı, dövləti yaxşı bilməkdədir ki, tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi, demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm, tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Buna görə də, dünyada sivilizasiyalararası dialoqda ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafobiya kimi təhlükəli meyllərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın multikulturalizm modeli digər ölkələr üçün perspektiv örnəkdir.
Fikrimizcə, yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyə edilməsinin vacib məsələ olduğunu nəzərə alaraq, gənclərdə tolerantlıq mədəniyyətinin uşaqlıqdan tərbiyə edilməsi, ünsiyyət mədəniyyətinin formalaşdırılması vacibdir. Bunun üçün isə ən yaxşı vasitə təhsil və təbliğatdır. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər daha geniş şəkildə görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri güclən-dirilməlidir. Milli, mənəvi, o cümlədən dini dəyərlər insanlara olduğu kimi çatdırılmalıdır. Regionlarda fəaliyyət göstərən mədəni mərkəz və milli icmalar ilə birgə multikulturalizm, vətənpərvərlik və digər milli, mənəvi dəyərlərimiz haqqında daha geniş şəkildə maarifləndirmə aparılmalıdır. Müntəzəm olaraq bu səpkidə dəyirmi masalar, təlimlər keçirilməlidir ki, bu ruhda tərbiyyə olunmuş gənclərimiz gələcəkdə də milli, mənəvi dəyərlərimizi, multikultural modelimizi qlobal aləmdə təbliğ etsinlər.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
3 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
4 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
5 MKİ etiraf etdi: “Obama administrasiyası “ərəb baharı”nın nəticələrini doğru hesablamayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info