Təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsi
Tarix: 21.11.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyətinin ölçülməsinə dair İKT-nin İnkişaf İndeksi adlı illik hesabatının məqsədi ölkələrdə İKT-nin inkişaf potensialını ölçməkdir
Pedaqoji praktikada, elektron təlim vasitələrinin tətbiqi müasir təhsil sisteminin inkişaf etdirilməsində aparıcı amillərdən biridir. Bu səbəbdən, qabaqcıl təlim-texnoloji komplekslərdən, xüsusi olaraq informasiya və kommunikasiya texnologiyalarının (İKT) imkanlarından təlim prosesində istifadə olunması, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. İKT-nin təlim prosesində tətbiqi, elektron tədris sistemlərinin effektivliyinin artırılması, nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi aktuallıq kəsb edir. Günümüzdə informasiya cəmiyyətinin və dünya ölkələri ilə rəqabətə girə biləcək yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir çox ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları sahəsi inkişafın aparıcı amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək ictimai münasibətlərin formalaşmasını təmin etdiyindən, informasiya cəmiyyətində təhsil sisteminin necə qurulması, təhsilin inkişafı üçün hansı texnologiyalardan və necə istifadə edilməsi hazırda aktual məsələlərdən biridir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məsələlərə toxunacağıq.

Ölkələrin İKT səviyyəsi və rəqəmsal bölgü müəyyənləşdirilir
Qeyd edək ki, bu mənada təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi böyük əhəmiyyət kəsb edir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarında da bu məsələ müzakirə edilib. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın Azərbaycanın təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodlarının işlənməsi, o cümlədən dünyanın mötəbər elmi jurnalları və elmi konfranslarında e-dövlətin problemləri və perspektivləri mövzusuna həsr olunduğunu diqqətə çatdırıb. Sonra şöbənin dissertantı Ə.Həsənov “Azərbaycan Respublikasının Təhsil indikatorları ilə İKT indikatorlarının qarşılıqlı əlaqəsinin analizi metodlarının işlənməsi” mövzusunda məruzəsini təqdim edib. O, təhsil və İKT ilə əlaqəli beynəlxalq qiymətləndirmə mexanizmləri, həyata keçirilən beynəlxalq layihələr, Azərbaycan Respublikasının dövlət proqramları və islahatları barədə ətraflı məlumat verib. Məruzəçi Beynəlxalq Telekommunikasiya İttifaqının 2009-cu ildən etibarən İnformasiya Cəmiyyətinin ölçülməsinə dair İKT-nin İnkişaf İndeksi adlı illik hesabatlar nəşr etdiyini bildirib. Qeyd edib ki, bu hesabatların əsas məqsədi ölkələrin İKT səviyyəsi və rəqəmsal bölgünü, o cümlədən mövcud imkan və bacarıqları nəzərə alaraq İKT-nin inkişaf potensialını ölçməkdir. “Dünyanın mötəbər elmi konfranslarında e-dövlətin problemləri və perspektivləri ilə bağlı qoyulan məsələlərin həllində yanaşmalar haqqında” mövzusunda məruzə ilə çıxış edən şöbə əməkdaşı Fidan Sadıqova e-dövlətin problemləri və perspektivlərinə dair təşkil olunan tədbirlər və burada müzakirə olunan məsələlər barədə məlumat verib. Digər əməkdaş Aynurə Sadıqova isə “Dünyanın mötəbər elmi jurnallarında e-dövlətin problemləri və perspektivləri ilə bağlı elmi araşdırmaların vəziyyəti haqqında” çıxış edib. O, dünyada e-dövlətin problemləri və perspektivlərinə dair nəşr edilən tanınmış jurnalların əsas mövzuları və müəlliflər barədə məlumatları diqqətə çatdırıb.

Saniyədə trilyonlarla hesablama əməliyyatları yerinə yetirmək imkanına malik superkompüterlər yaradılacaq
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsində isə “Big Data-nın ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar” mövzusunda növbəti elmi seminar keçirilib. Məruzəni təqdim edən Aybəniz Əliyeva Big Data-nın dünya və ölkələr üzrə xəritəsi, texnologiya və sahələr üzrə paylanması və onun ölçülməsi sahəsində bəzi metodoloji yanaşmalar barədə ətraflı məlumat verib. O, Big Data-nın illər, regionlar üzrə paylanması, bir nəfərə düşən informasiyanın həcminə görə ölkələrin reytinqini təqdim edib, dünya ölkələrinin ümumi informasiyanın həcmindəki payı haqqında statistik göstəriciləri nəzərə çatdırıb. “2018-2020-ci illər ərzində saniyədə trilyonlarla hesablama əməliyyatları yerinə yetirmək imkanına malik yüksəkməhsuldarlığa malik superkompüterlərin yaradılması gözlənilir”, - deyə bildirən məruzəçi superkompüterlərin dünya üzrə reytinq cədvəlini təqdim edib. Superkompüterlərin sayına görə ABŞ, Çin, Yaponiya, Almaniyanın ön sıralarda dayandığını qeyd edib. Onun sözlərinə görə, Rusiyanın 1,849 Pflops məhsuldarlıqlı ən sürətli superkompüteri olan “Lomonosov - 2” bu siyahıda 36-cı yerdə qərarlaşıb. Sonra A.Əliyeva Big Data-nın ölçülməsi sahəsində mövcud metodologiyalar haqqında ətraflı məlumat verib. Bildirib ki, IDC-nin yaradılan və təkrarlanan rəqəmsal informasiyanın ölçülməsi, ABŞ-ın Kaliforniya Berkli Universitetinin tədqiqatçıları P. Lyman və H. R. Varianın saxlanılan və ötürülən informasiyanın ölçülməsi, Kaliforniyanın San Dieqo Universitetinin tədqiqatçıları Roger E.Bohn, James E.Short-un informasiyanın istehlaka görə ölçülməsi və s. kimi yanaşmalar tədqiq olunub və müqayisəli təhlil aparılıb. Qeyd edib ki, informasiyanın ölçülməsi sahəsində əldə edilən nəticələr əhəmiyyətli olmasına baxmayaraq, təqdim olunmuş rəqəmlər bir çox hallarda bir-birindən köklü surətdə fərqlənir.

İKT insanlara böyükhəcmli müxtəlif informasiya massivləri ilə işləmək imkanı verir

İnstitutun 9 saylı şöbəsində isə proqram təminatının verifikasiya və validasiyası məsələlərinə həsr olunmuş elmi seminar keçirilib. Şöbənin əməkdaşları Tamilla Bayramova və Nuranə Abbasovanın həmmüəllif olduğu məruzəni N.Abbasova təqdim edib. Bildirib ki, müasir cəmiyyətin əsas elementlərindən biri olan İKT iqtisadi fəaliyyət və cəmiyyətin sosial və mədəni inkişafı üçün baza rolunu oynayaraq insanlara böyükhəcmli müxtəlif informasiya massivləri ilə işləmək imkanı verir. İstənilən informasiya sisteminin aparat və proqram təminatından ibarət olduğunu söyləyən məruzəçi son illərdə proqram təminatının getdikcə mürəkkəbləşdiyini, yaradılan mürəkkəb sistemlərin proqram kodunun ölçülərinin on milyonlarla sətrə qədər artdığını diqqətə çatdırıb. “Proqram təminatının mürəkkəbliyinin artması onda olan səhvlərin sayının çoxalmasına gətirib çıxarır”, - deyə bildirən T.Bayramova sınaqdan keçirilməyən proqram kodunun min sətrinə düşən səhvlərinin orta sayının 10-50 intervalında dəyişdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, proqram təminatında olan ciddi səhvlər insan həyatının itirilməsinə və ya infrastruktur şəbəkələrinin işində böyük miqyaslı xətaların yaranmasına səbəb olur. Proqram təminatının işlənilmə prosesində proqram kodunun ekspertizasının aparılması haqqında məlumat verən məruzəçi bildirib ki, 1962-ci ildə Mariner kosmik gəmisinin idarəetmə sistemində yaranan və gəminin itirilməsi ilə nəticələnən hadisədən sonra ABŞ hərbi-hava qüvvələrinin idarəetmə heyəti tərəfindən ekspertizanın aparılması qərara alınıb. O, həmçinin qeyd edib ki, proqram təminatının keyfiyyət modeli üçün ilk standart olan “ISO 9126” 1991-ci ildə qəbul edilib. Proqram təminatının keyfiyyətinə zəmanət vermək üçün verifikasiya və validasiya metodlarından istifadə olunduğunu söyləyən məruzəçi bu üsullar arasında mövcud olan fərqli cəhətləri diqqətə çatdırıb. Bildirib ki, verifikasiyanın məqsədi proqram təminatının həyat dövrünün müxtəlif mərhələlərində xətaların aşkar edilməsi, yaradılan və ya müşayiət edilən proqram sisteminin kritik və səhvlərə daha çox meyilli olan hissələrinin tapılması, proqram təminatının işində marağı olan bütün şəxslərə layihənin cari vəziyyəti və onun nəticələrinin xarakteristikaları haqqında məlumatların verilməsidir: “Proqram təminatının verifikasiya metodları onun xüsusiyyətlərinin qoyulan tələblərə uyğun gəldiyini təsdiq etmək üçün nəzərdə tutulmuşdur. Proqram təminatının texniki vəziyyəti və iş qabiliyyətinin qiymətləndirilməsinə yönəlmiş verifikasiya metodlarına ekspertiza, statik analiz, dinamik və formal metodlar, o cümlədən bir neçə metodun birləşməsindən ibarət olan sintetik metod daxildir”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.08.2017
Ermənistanın işğalçılıq siyasəti Yaponiyada ifşa olunub
18.08.2017
XİN rəhbərlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü nə vəd edir?
17.08.2017
“Təmas xəttindəki insanlar hər gün atəş altında yaşasalar da, torpaqlarını tərk etmirlər”
16.08.2017
Dünya mediası faşist Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını tənqid edir
15.08.2017
“Ermənistan diplomatik yoldan imtina edib”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7162

1 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
2 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
3 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
4 Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI
5 2017-ci ildə Avropada köləlik rekord həddə çatdı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info