“Təmənnasız qan verənlərin sayı günbəgün artmaqdadır”
Tarix: 22.11.2016 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
Namirə Abbasova:
“Ehtiyat qan komponentləri tükənməsin deyə, qan köçürülən xəstənin yaxınları qanvermə prosesində iştirak etməyə cəlb olunur”

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova ilə müsahibəni təqdim edirik
- Namirə xanım, hazırda Azərbaycanda kifayət qədər qan ehtiyatı varmı?
-Hal-hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında və səhiyyə nazirinin 30 noyabr 2010-cu il 102 nömrəli əmrinə əsasən, Mərkəzi Qan Bankının Gəncə, Şəki, Quba, Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran şəhərlərində fəaliyyət göstərən 8 bölməsində, Bakı şəhərində isə Respublika Klinik Xəstəxanasının, Elmi Cərrahiyyə Mərkəzinın, Milli Onkologiya Mərkəzinın, Kliniki Tibbi Mərkəzin, 3 nömrəli şəhər klinik xəstəxananın, Mərkəzi Klinik xəstəxananın, Mərkəzi Neftçilər xəstəxanasının, Mərkəzi Gömrük hospitalının, ATU Tədris Cərrahiyyə klinikasının və Naxçıvan Diaqnostika Mərkəzinin Qan Banklarında həyata keçirilir.
Qan donorluğunun inkişafı üçün həm Səhiyyə Nazirliyi tərəfindən, həm qan donorluğunun təbliği ilə məşğul olan təşkilatlar tərəfindən hər zaman tədbirlər planı hazırlanır və yerinə yetirilir.
Qan ehiyatı tükənə bilən olduğuna görə hər zaman donorların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir. Hazırkı tələbə görə Mərkəzi Qan Bankında və onun bölmələrində kifayət qədər qan ehtiyatı mövcuddur.
- Mərkəzi Qan Bankı talassemiya, hemofiliya və digər xəstəlik daşıyıcısı olan xəstələri lazımi qanla təmin edə bilirmi?
-Bildiyimiz kimi, qan komponentləri daha çox talassemiyalı və hemofiliyalı xəstələrə lazımdır. Bundan əlavə, onkoloji, ginekoloji xəstəliklər, avtoqəzalar, termiki zədələnmələr və hemodializ zamanı da qana ehtiyac duyulur.
Gün ərzində Mərkəzi Qan Bankından təlabata uyğun olaraq təxminən 150-200 vahid qan komponentləri (eritrosit kütləsi və təzə dondurulmuş plazma) buraxılır. Yuxarıda da qeyd etdiyimiz kimi, qan ehtiyatı tükənə bilən məhsuldur. Təcili və təxirəsalınmaz hallarda istifadə etmək üçün qan ehtiyatının olması zəruridir. Ehtiyat qan komponentləri tükənməsin deyə, qan köçürülən xəstənin yaxınları qanvermə prosesində iştirak etməyə cəlb olunur. Ancaq kütləvi qanvermə aksiyaları zamanı dövlət tibb müəssisələrində müalicə alan xəstələrə tələbnamə əsasında qan heç bir əvəzsiz buraxılır. Yay aylarında, qanvermə aksiyalarının sayı az olduqda və Ramazan ayında könüllü donorların sayı azaldığına görə qan ehtiyatı tükənməsin deyə, xəstənin yaxınlarını donorluğa cəlb edirik.
- Qanvermə ilə bağlı keçirilən aksiyalarda əhali istənilən səviyyədə iştirak edirmi?
-Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər il Mərkəzi Rayon xəstəxanalarında öncədən planlaşdırılmış qanvermə aksiyaları keçirilir. Həmin aksiyalarda tibb işçiləri ilə yanaşı, rayon sakinləri də könüllü olaraq iştirak edirlər. Bundan əlavə, hər il Aşura günündə əhali yüksək səviyyədə donorluq edərək qan verir. Həmçinin 2016-cı il aprel döyüşləri zamanı əhali kütləvi şəkildə qan vermək üçün Mərkəzi Qan Bankına və onun bölmələrinə müraciət etdilər.
Mərkəzi Qan Bankı olaraq qanvermə aksiyalarının təşkil olunmasında əməyi keçən hər kəsə və könüllü qan verən hər bir donora minnətdarlığımızı bildiririk.
- Ümumiyyətlə, insanların könüllü qan verməsi üçün maariflənməyə nə dərəcədə ehtiyac var?
-Son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər qeyd olunub. Belə ki, əgər əvvəllər insanların bir çoxu qan verməkdə tərəddüd edirdilərsə, indi artıq bu qorxu intensiv maarifləndirmə nəticəsində aradan qalxıb.
Maarifləndirməyə hər zaman ehtiyac var. Maarifləndirmə tədbirləri səhiyyə müəssisələri ilə yanaşı, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları tərəfindən daimi yerinə yetirilməkdədir. Nəzərinizə çatdıraq ki, əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı günbəgün artmaqdadır.
- Mərkəzi Qan Bankı tərəfindən bu baxımdan maarifləndirici tədbirlər keçirilirmi? Qeyri-hökumət təşkilatları bu baxımdan sizə nə dərəcədə yardımçı olur?
-Mərkəzi Qan Bankının səyyar briqadası müəyyən müəssisələrdə qanvermə aksiyalarında iştirak edir. Hər il əksər nazirliklər, dövlət və özəl qurumlar, müəyyən banklar və s. öz əməkdaşlarını qanvermə prosesində iştirak etməyə cəlb edir.
Donorluğun genişləndirilməsi üçün onun təbliğatı lazımdır. Bu işdə bizə bir çox dövlət qurumları, özəl müəssisələr, qeyri-hökumət təşkilatları və ictimai birliklər kömək edir. Ən keyfiyyətli donorluq könüllü və təmənnasız donorluqdur ki, hal-hazırda Azərbaycanda donorluğun bu növü tətbiq olunur (məcburi və təmənnalı donorluq yox səviyyəsindədir). Donorların həvəsləndirilməsi üçün qan verən müəssisələrin adına və ya birbaşa donora təşəkkürnamələr təqdim olunur. Məsələn, 2014-cü ilin iyun ayının 14-də Bakıda Ümumdünya Qan Donor gününə həsr olunmuş Azərbaycan Qan Donorlarının I Forumu keçirildi. 2015-ci ilin fevral ayında Gəncə şəhərində “Gənc qan donorlarının ilk regional forumu” baş tutdu. Forumda donorluğu təbliğ edən vidoçarxlar nümayiş olundu və mütəxəssislər tərəfindən çıxışlar edildi. 2015-ci il iyunun 6-da Bakı şəhərində Azərbaycan Gənc qan donorlarının ikinci forumu keçirilib.
Həmçinin cari ildə də donorluğun təbliği ilə bağlı 19-21 fevral tarixlərində “Gənc Qan Donorlarının Qış məktəbi Cəlilabad-2016” layihəsi baş tutdu. 15 avqust 2016-cı il tarixdə Yasamal rayonu Heydər Əliyev Mərkəzində “Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda tədbir keçirilib.
Bu işlərin davamlılığı donorluğun inkişafına öz töhfəsini verəcək.
- Sağlamlığı hansı durumda olan insanlar gəlib qan verə bilər? Yəni kimlər donor ola bilər, kimlər ola bilməz?
-Qanı, 18 yaşı tamam olan, çəkisi 50 kq, boyu 150 sm-dən az olmayan sağlam şəxslər verə bilər. Bu həm də könüllü addım olmalıdır. Könüllü qan donorluğu ödəniş qarşılığında donorluqetmə və ya fövqəladə vəziyyətlərdə ailə üzvlərinə qan verməyə nisbətən daha etibarlı mənbədir. Ümumdünya Səhiyyə Təşkilatı ölkələrin öz qan etiyacını qarşılamaq üçün mütəmadi könüllü qanvermə sisteminə keçməsinin tərəfdarıdır. Çünki mütəmadi, könüllü təmənnasız verilən qan təhlükəsizdir.
Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər. Müayinə zamanı donorda nəbzin vurması müntəzəm olaraq bir dəqiqədə 50-100 arasında olmalıdır. Sistolik qan təzyiqi 180 mm c.s., diastolik təzyiq isə 100 mm c.s-dən artıq olmamalıdır. Hemoqlobinin miqdarı qadınlarda 120 q/l-dən, kişilərdə isə 130 q/l-dən az olmamalıdır. Trombositaferez donorları üçün trombositlərin miqdarı 180x109/l-dən 320x109/l-dək olmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2017
Sözün bədii və poetik ifadəsi bitmir
20.02.2017
“Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
17.02.2017
“Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
16.02.2017
“Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
14.02.2017
“Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5530

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
3 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
4 Sözün bədii və poetik ifadəsi bitmir
5 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info