Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsidir
Tarix: 23.11.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi kimi bu gün dünya ictimaiyyətini düşündürən əsas məsələlərdən biridir. Bu məsələ təkcə regional deyil, həm də beynəlxalq xarakter daşıyır. Ona görə ki, müasir dünyada həyatın bütün sahələrində uşaqların hüquqları müxtəlif şəraitlərdə pozulur, onlar fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalırlar. Uşaqlara qarşı zorakılıq üzrə dünya hesabatına görə, dünya üzrə il ərzində 57 milyon uşaq məcburi əməyə cəlb olunur, 18 milyon istismar edilir, 1,2 milyon uşaq isə insan alverinin qurbanı olur. İl ərzində dünyada 53 min uşaq qətlə yetirilir.
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkədə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız 2 milyon 600 min nəfərə yaxın uşağın hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli Qanunla BMT Baş Məclisinin "Uşaq hüquqları haqqında Konvensiya"sını, 30 sentyabr 1993-cü il tarixdə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsini ratifikasiya etmiş, 6-8 sentyabr 2000-ci il tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində bu Konvensiyanın Fakültativ Protokollarını imzalamışdır.
Ulu öndər Heydər Əliyev bu sahədə əsas normativ sənəd kimi uşaq hüquqlarının müdafiəsinin davamlılığı, onun məzmununun zənginləşdirilməsi məqsədilə 24 avqust 1998-ci il tarixdə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun təsdiqi ilə bağlı Fərman imzalamışdır. Beynəlxalq sənədlərə uyğun şəkildə hazırlanmış bu Qanun uşaqların ümumdünya səviyyəsində təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirməyə başlamışdır.
Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərə əsaslanan dövlət uşaq siyasətinin əsasını cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması təşkil edir. Onun imzaladığı fərman və sərəncamlara əsasən ailə, qadın və uşaq dövlət siyasətinin həyata keçirilməsi istiqamətində, o cümlədən məişət zorakılığı, insan alveri, erkən nikahlar, təhsildən yayınma, sağlamlıq imkanları məhdud olan uşaqların və digər kateqoriyadan olan əhalinin problemlərinin qarşısının alınmasında ciddi tədbirlər həyata keçirilir.
Həmin islahatların davamı kimi 22 iyun 1999-cu il tarixdə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", 17 iyun 2003-cü il tarixdə "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının qanunları qüvvəyə minmişdir.
Ötən illər ərzində milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsinə və sağlam böyüməsinə yönəlmiş 17 Dövlət Proqramı qəbul edilmişdir. İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır ki, bununla mövcud yerli və beynəlxalq qanunvericilik aktlarına uyğun olaraq respublikada uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi ön plana çəkilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bütün uşaqlar keyfiyyətli təhsil almaq hüququna malikdirlər. "Ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"na əsasən məktəblərimiz müasir kompüter və digər İKT avadanlığı ilə təchiz edilmiş, 2006-cı il 16 aprel tarixli Sərəncamla təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" ölkənin istedadlı şagirdlərin aşkar olunmasına və onlara öz istedadlarını inkişaf etdirmək üçün geniş şəraitin yaradılmasına təminat vermişdir. Regionlarda müasir standartlara uyğun, hər cür avadanlıqlarla təhciz edilmiş milli olimpiya mərkəzləri, idman məktəbləri, sağlamlıq ocaqları inşa olunmuşdur. Dövlət tərəfindən bütün şagirdlər pulsuz dərsliklərlə təchiz edilir, qaçqın və məcburi köçkün uşaqları ali məktəblərə daxil olarkən ödənişdən azad olunur.
Uşaqlara qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının da diqqətinin artırılması məqsədilə İlham Əliyevin 22 dekabr 2008-ci il tarixdə imzaladığı Sərəncamla 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilmişdir. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir.
Hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkədə "Uşaq hüquqları aylığı"nın elan edilməsi də uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərin tərkib hissəsidir.
Respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur. Ölkədə 9,9 min ailədə olan 19,2 min uşağa aylıq sosial müavinət təyin olunmuş, həmçinin sağlamlıq imkanları məhdud 65,6 min uşağa və 6176 ailənin 1 yaşınadək olan 6228 uşağına aylıq sosial müavinətlər verilmiş, 117,5 min aztəminatlı ailənin 252,1 min nəfər 18 yaşadək üzvü ünvanlı sosial yardımı almışdır.
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbayca Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun məişət zorakılığından zərərçəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir. Bundan başqa, uşaq sahəsində mövcud problemlərdən ən aktualı hesab edilən erkən nikah probleminin həlli məqsədilə 2011-ci ildə Milli Məclisdə Ailə Məcəlləsinə əlavə və dəyişiklik edilərək qızların nikah yaşı 17-dən 18-ə qaldırılmış, Cinayət Məcəlləsinə 176-1 maddəsi əlavə edilmişdir. Bu maddəyə əsasən qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur.
Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində ən böyük maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər əsirlikdə qalmış, girov götürülmüş və ya itkin düşmüşdür. Bundan başqa, Xocalı soyqırımı zamanı 613 nəfər insan, o cümlədən 106 nəfər qadın, 83 azyaşlı uşaq və 70 qoca öldürülmüş , səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişlər.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi dünya dövlətləri tərəfindən tanınsa da, reallıq bundan ibarətdir ki, bir neçə onillik ərzində Dağlıq Qarabağ probleminin ədalətli həlli ikili standartlar ucbatından düyünə düşmüşdür. Dövlətimiz real şəraitdə tarixi torpaqlarını, ata-baba yurdlarını itirən insanlara maddi, mənəvi dəstək olmaq üçün lazımi işləri görür, qaçqın və məcburi köçkün ailələri, xüsusən bu vəziyyətlə üzləşən 330 min 80 nəfər həmin kateqoriyadan uşaqların həyatını yaxşılaşdırmaq üçün lazımi tədbirləri həyata keçirir.
Məlum olduğu kimi, əlillik uşaq və ailələrin üzləşdiyi ən ağır mənəvi və fiziki problemlərdən biridir. Tədqiqatlar göstərir ki, bu problem ailələrin dağılması və uşaqların internat müəssisələrinə düşməsinin əsas səbəblərindən birini təşkil edir. Bu gün Azərbaycanda rəsmi qeydiyyatda olan 62 mindən çox uşaq müxtəlif xəstəliklər ucbatından əlilliyə məruz qalmışlar. Problemin həlli məqsədilə 2008-ci ildə Azərbaycan hökuməti BMT-nin “Əlilliyi olan insanların hüquqları haqqında Konvensiya”nı ratifikasiya etmişdir.
Valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi də daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 29 mart 2006-cı il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Proqramın tətbiqi nəticəsində uşaq evlərində və internat məktəblərində valideyn himayəsindən məhrum uşaqların sayı 3470-ə enmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir ki, həmin qaydalar çərçivəsində bütün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi daha da təkmilləşdirilmişdir.
Erkən nikah və qız uşaqlarının təhsildən yayınması, uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması aktual məsələlərdən biridir. Dövlətin bu istiqamətdə apardığı davamlı siyasətin uğurlu nəticələrini izləmək sevindiricidir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqətlə yanaşır. Fond uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır. Uşaq evləri və internat məktəblərinin yetirmələrin üçün resurs mərkəzinin yaradılması, "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
Heydər Əliyev Fondunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq və Əhali Fondu ilə birgə həyata keçirdiyi layihələrlə küçə uşaqlarının, nikahdan kənar doğumun. qeydiyyatı və erkən nikah hallarının vəziyyəti mütəmadi olaraq araşdırılır.
Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi çərçivəsində Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, dövlət uşaq müəssisələrində uşaqların ixtisasa yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə mütəmadi olaraq görüşlər keçirilir, uşaqların maraq və ehtiyaclarına uyğun kurslar təşkil olunur.
Ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. Bununla bağlı Prezidentin Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq olunmuşdur ki, sənədə əsasən “Azərbaycan ailəsi Strategiyası”, “Uşaq Məcəlləsi” və “Uşaq Strategiyası”nın hazırlanması nəzərdə tutulur. Eyni zamanda “Ailə psixoloqu” İnstitutu, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah hallarına qarşı monitorinq sistemi yaradılacaq.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi sahəsində məqsədyönlü işlər aparılır, onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması, təhsil alması və cəmiyyətdə mövqe tutması daim ön plandadır. İnanırıq ki, qəlblərə səpələnən körpə gülüşləri ailələri sevindirməkdə davam edəcək.
Əli Cəfəroğlu (Əliyev)
Prezident təqaüdçüsü, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, e-mail:Ali.cafaroqlu@mail.ru

Bu yazı Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi “Hüquqlar-hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqəsinə təqdim olunur





 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
17.09.2019
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info