Azərbaycan İKT sahəsi üzrə MDB-də ilk dördlükdədir
Tarix: 23.11.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
Son illərdə Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanılıb
İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq. Dünya təcrübəsi göstərir ki, informasiya kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir.

Son illərdə Azərbaycanda informasiya kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılıb, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Azərbaycanının informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə inkişafı beynəlxalq aləm tərəfindən qəbul olunur. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tərtib etdiyi informasiya kommunikasiya texnologiyalarının inkişafı indeksində 58-ci yer tutması bunu bir daha sübut edir. Qeyd edək ki, bu məlumat ITU-nun “İnformasiya cəmiyyətinin ölçülməsi-2016” hesabatında yer alıb.
Bu göstərici ilə Azərbaycan MDB dövlətləri arasında dördüncü yerdə qərarlaşıb. Yalnız Belarus, Rusiya və Qazaxıstandan geri qalan Azərbaycan Gürcüstan, Ukrayna, Özbəkistanı qabaqlayıb. ITU-nun qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı 6,28 xal təşkil edib.

“Elektron xidmətlərin sayı artmalıdır”
Bütün bunlar ondan irəli gəlir ki, son illərdə ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini xeyli qabaqlayır. Artıq 2002-ci ildə İKT-nin cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı qəbul olunmuş 10 illik Milli Strategiya başa çatdırılıb. Bununla bərabər, ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev İKT sahəsində Azərbaycanda son illər ərzində böyük uğurlar əldə edildiyini qeyd edib: “Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər, əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayıb və bu xidmətdə məhz dediyim amillər cəmləşir - innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik”.
Azərbaycan informasiya kommunikasiya texnologiyalarının tətbiqinə istək və marağını, həmçinin bu istəyin reallığa çevrilmə imkanlarını əyani nümayiş etdirir. Belə ki, Azərbaycan hökuməti informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirməyə qərarlıdır, digər tərəfdən BMTİP və başqa beynəlxalq təşkilatlar bu sahədə ölkəyə texniki və maliyyə dəstəyi göstərməyə hazırdırlar. İnformasiya cəmiyyətinin hüquqi normativ bazasının yaradılması sahəsində Azərbaycan dövlətinin artıq müəyyən müsbət təcrübəsi var. Respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesində yeni texnologiyalar geniş şəkildə tətbiq edilib, onlayn rejimində biliyin yoxlanılması həyata keçirilib, bu sahədə informasiya resursları formalaşdırılıb. Əhaliyə internet vasitəsilə geniş informasiya xidmətləri göstərilir. Respublikada məhkəmə hakimlərinin və bir sıra dövlət qulluqçularının seçilməsi prosesində informasiya kommunikasiya texnologiyaları müvəffəqiyyətlə tətbiq edilib. «Seçkilər» dövlət avtomatlaşdırılmış informasiya sistemi yaradılıb və 2000-ci ildən başlayaraq əhalinin səs verməsi zamanı İKT-dən geniş istifadə olunur. Azərbaycanın bir çox elm və təhsil müəssisələrini birləşdirən telekommunikasiya şəbəkəsi yaradılıb. İnformasiya kommunikasiya texnologiyaları üzrə sertifikatlı mütəxəssislərin hazırlanması üçün regional Akademiyanın yaradılması layihəsi həyata keçirilib. «Azərbaycanın milli pasport sistemi» layihəsində müasir informasiya kommunikasiya texnologiyaları geniş tətbiq edilib. Azərbaycanın bank sistemində real vaxt rejimində banklararası milli elektron ödəniş sistemi və kiçik ödənişlər üçün avtomatlaşdırılmış klirinq sistemi layihələri həyata keçirilib. Respublikada beynəlxalq təşkilatların dəstəyi ilə informasiya sahəsində maarifləndirmə yönümlü bir sıra regional mərkəzlər yaradılıb. TransAsiyaAvropa layihəsi çərçivəsində respublikada optik rabitə xətləri şəbəkəsi qurulub, bunun sayəsində mövcud rabitə kanalları, əsasən, rəqəmli rejimə keçirilib. TRASEKA layihəsi çərçivəsində Bakı-Tbilisi dəmir yolu xətti boyunca ortik rabitə xətti istifadəyə verilib. Gömrük sistemində idarəetmənin və prosedurların təkmilləşdirilməsi məqsədilə «Məlumatların ötürülmə şəbəkəsi və avtomatlaşdırılmış nəzarət sistemi» yaradılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində «İnformasiyanın ötürülmə şəbəkəsi» və «Avtomatlaşdırılmış nəzarət sistemi» layihələri həyata keçirilib. Bir sıra dövlət və özəl qurumlarda informasiya kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələr həyata keçirilib və s.

Ölkənin informasiyalaşdırılması yolu
Müasir tələblər baxımından ölkədə informasiya kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan bu mənada istisna hal təşkil etmir və informasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərindən biridir. Ölkənin informasiyalaşdırılması yolu ilə informasiya cəmiyyətinin formalaşdırılması təşkilati, sosial-iqtisadi, elmi-texniki, texnoloji və ən başlıcası, siyasi amillərə malik olan mürəkkəb prosesdir, onun müvəffəqiyyətlə həyata keçirilməsinə cəlb olunan siyasi inzibati, maliyyə, insan, texniki və s. resurslardan səmərəli istifadə olunmasını, prioritetlərin və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsini, görülən işlərin tənzimlənməsini və əlaqələndirilməsini tələb edir.
Nəzərə çatdıraq ki, Azərbaycanda İKT sahəsi üzrə tez-tez yerli və beynəlxalq elmi-praktik konfranslar keçirilir. Elə noyabrın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) “İnformasiya kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfransın keçirilməsi bunun bariz nümunəsidir. Konfransda AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov konfransın əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, tədbirin keçirilməsinin məqsədi müasir informasiya kommunikasiya texnologiyalarının inkişaf ənənələri, perspektivləri sahəsində alim və mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələr aparmaqdır. Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan AzTU bu istiqamətdə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsini prioritet vəzifə kimi qarşıya qoyub.
Tədbirdə “İKT-nin inkişafı və innovativ texnologiyalara transformasiya mərhələləri”, “Azərbaycanda İKT infrastrukturunun inkişaf meyilləri” və digər mövzularda məruzələr dinlənilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
“Sosial şəbəkələr gənclərimiz üçün çox əlverişlidir”
23.01.2017
“Bilik və təcrübələrimi daha da genişləndirmək üçün İKT-dən də geniş istifadə etməyə çalışıram”
19.01.2017
Cari ildə İKT sahəsində yeni tədbirlərin həyata keçirilməsinə başlanılıb
18.01.2017
2016-cı il İKT sahəsində bir çox yeniliklərlə yadda qaldı
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5244

1 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
2 “Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar”
3 Neftçala Sənaye Zonasında iyulda avtomobil istehsalına başlanacaq
4 Yapon məktəblilərindən məktublar
5 «Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info