Onun dünyasında heç nə dəyişmir...
Tarix: 24.11.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


O özünü hər zaman güclü, müstəqil dövləti olan bir xalqın
nümayəndəsi olaraq göstərir

Azərbaycandan kənarda yaşayan hər bir soydaşımız diaspor məsuliyyəti daşıyır. Onların bu məsuliyyəti dövlət, xalq qarşısındadır. Diasporda çalışan soydaşlarımızın hər hansı xüsusi peşə sahibi olması isə onların məsuliyyətini ikiqat artırır. Çünki həm diaspor məsuliyyəti, həm də peşə məsuliyyəti hiss edirlər. Öz peşəsini mükəmməl bilən üçün, əslində, bu, həm də bir avantajdır. Yəni onlar yaşadıqları ölkələrdə peşələrində tanınmış birisi olmaqla, eyni zamanda Azərbaycanı tanıtmış sayılırlar. Bu baxımdan Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və cüdo ustası Natiq Bağırov milli diasporda flaqmandır. O, nəinki Azərbaycanda və Belarusda, ümumiyyətlə, dünyada tanınmış bir idmançıdır. Natiq müəllim Azərbaycan və Belarus sərhədlərini aşaraq bir idmançı kimi dünyada ölkəmizin təbliğçisidir.
Sambo və cüdo üzrə 4 dəfə dünya, 5 dəfə Avropa çempionu, Belarusun Əməkdar idman ustası olan Natiq Bağırovun keçmiş, indiki və gələcək ömür yolunu analiz etsək təxmini belə bölgü aparmaq olar: idmançı (bu da bölünür Azərbaycanda və Belarusda), diaspor üzvü və ictimai xadim. Onun 50 illiyi münasibəti ilə 2 dildə çap olunan “Natiq Bağırov - idman onun həyatıdır” adlı miniatür kitabını oxuyandan sonra bu bölgü daha dəqiq anlaşılır. Tanınmış jurnalist İradə Əliyevanın müəllifi olduğu bu kitabda Natiq Bağırovun həyat yolunun sanki eskizi çəkilib. Bu həyat yolu haqqında “rəngli çalarlara” yazmaq üçün isə, hər halda, bir kitab bəs etməz. Çünki Natiq Bağırov dövlət və xalq üçün faydalı əməyi ilə ensiklopedik həyat yaşayır.
Onun avtobioqrafiyasını oxuyanda görünür ki, necə zəhmətkeş insandır. Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, bu yaxınlarda çap olunan “Dünya azərbaycanlılarının palitrası” adlı kitabımda Natiq müəllimlə də müsahibəm yer alıb. Diqqətçəkən məqam odur ki, kitabda ən genişhəcmli avtobioqrafiya məhz Natiq müəllimə məxsusdur.

Hər diaspor üzvü yaşadığı ölkədə bu səviyyəyə çata bilmir...

İ.Əliyeva öz kitabında qəhrəmanının avtobioqrafiyasına geniş şəkildə yer verib. Lakin ondan özəl və vacib bir hissə xüsusi qeyd edilməlidir: “Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Natiq Bağırovu şəxsən tanıyır. Həm Əməkdar idman ustası, həm də Azərbaycan-Belarus xalqları arasında dostluğun möhkəmləndirilməsi işinə əvəzsiz töhfələrini verən ictimai xadim kimi. Dünya- şöhrətli idmançımızın ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti bu gün onun əsl ziyalı və şəxsiyyət obrazını tamamlayır”. Hər diaspor üzvü yaşadığı ölkədə bu səviyyəyə çata bilmir. Belarus prezidenti səviyyəsində tanınması bir diaspor üzvü olaraq Natiq müəllimi bir çoxlarından fərqləndirir. Bu da onun diaspor fəaliyyətində hədəflərini doğru və düzgün müəyyən etməsindən irəli gəlir. Çünki diasporun dövlətlərarası münasibətlərin inkişafında özünəməxsus rolu var. Məhz Natiq müəllimin hərtərəfli fəaliyyəti ilə iki ölkə arasında münasibətlər ildən-ilə daha da yaxşılaşır. O, diaspor olaraq tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi Belarusda layiqincə tanıtmaqla bu ölkənin istər yerli, istər rəsmi dairələrinin diqqətini çəkmiş olur. Bununla yanaşı, Belarusun ictimai-siyasi proseslərində fəallıq göstərir. Keçirdiyi tədbirlərə ölkənin daha çox siyasi və akademik elitasını cəlb edir. Belə olduqda Belarus hökumətinin və xaqlının marağını qazanır. Xaricdə daimi yaşayan, işləyən, təhsil alan hər bir azərbaycanlı bu münasibətlərin inkişafında əhəmiyyətli rol oynamalıdır.
Onu da deyim ki, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Şohrət” ordeni ilə təltif edilib.

Dünya cüdo aləminə səs salan idmançı
30 ilə yaxındır Minskdə yaşayan soydaşımız Belarusda idmanın inkişafına da öz töhfəsini verib. Hazırda Belarusun cüdo üzrə milli komandasına rəhbərlik edən Natiq müəllim gənc nəslə bu idman növünün incəliklərini də öyrədir. İ.Əliyeva kitabda haqlı olaraq qeyd edir ki, Natiq Bağırovun sevdiyi sənətə bağlılığı ona daha çox güc, qüvvət, möhkəmlik, cəsarət və qətiyyət verirdi: “Çox düşündükdən sonra Belarus yığmasına rəhbərlik etmək təklifi ilə razılaşdı. Məşqçi kimi də özünə inamlı idi. İdmanla məşğul olduğu dövrlərdə az məşqçi görməmişdi. Onların ən yaxşı keyfiyyətlərini əxz edə bilmişdi”.
Natiq Bağırov dünya cüdo aləminə səs salan idmançılardandır. O səsin uğultuları bu gün hələ də qulaqlarda qalıb. Çünki bu gün cüdonun tarixindən danışanda ilk yada düşən Natiq müəllim olur. “Mənim dünyamda heç nə dəyişmir” deyən Natiq Bağırov sambo və cüdoya təkcə bir idman növü kimi deyil, eyni zamanda elmi nöqteyi-nəzərdən yanaşır. O, “Sambo və cüdo yarışlarının başqa bir fəlsəfəsi var...” deyərək öz peşəsinin dərin elmi qatlarına belə, nüfuz edir. Məhz elə bunun nəticəsidir ki, o, adi idmançılardan fərqli olaraq cüdoda bir sıra reformalar edib. Kitabda müəllif bu barədə yazır: “Hər bir peşənin, sənətin öz xüsusiyyətləri var. İdman, ilk növbədə insana möhkəm xarakter, başladığı işi sona çatdırmaq, fiziki güc və iradə bəxş edir. Digər sahələrdə səni kimsə əvəz edə bilər, idmanda isə bu, mümkün deyil. Həmyerlimiz cüdoda bir sıra yeniliklər də edib. Doğrudur, bir çox hakimlər onun bu döyüş üsullarını qəbul etmək istəməyiblər... O, hətta yarışın gedişində bədahətən nə isə təzə bir şey fikirləşib tətbiq edə bilər”.

Hər kəs istər ki, onun kimi olsun

Ümumiyyətlə, Natiq müəllim hərtərəfli insandır. Kitabı oxuyanda onun haqqında bilmədiyimiz məqamları da öyrənmək olar: “Natiq Bağırov 9 dil bilir. Onun yeni dillər öyrənmək istəyi tükənmir. Doğma Azərbaycan dilini isə heç vaxt yaddan çıxarmır. 27 ildir xaricdə yaşamasına və çevrəsindəki insanların çoxu ilə rus, Belarus, ingilis dillərində ünsiyyətdə olmasına baxmayaraq, istənilən an azərbaycanca danışmağa çətinlik çəkmir. Həmişə öz xalqı, Vətəni, torpağı, milləti ilə fəxr edir. Azərbaycan üçün qəlbindən keçirdiyi qürur hissi hər yerdə Natiqin stimulu və ilham mənbəyi olur”.
Onun bacarıqları təkcə bununla bitmir. Natiq müəllimin güclü musiqi istedadı var. O, professional şəkildə gitarada ifa edə bilir. Bununla yanaşı, hələ şeir yazmağı da var. Hətta özünün xəbəri olmadan 50 illiyi münasibətilə ailəsi onun şeirlər kitabını çap etdirib.
Yeri gəlmişkən, Natiq Bağırovun övladları da onun yolunun davamçısıdır. Belarus mediası onun özü ilə yanaşı, övladlarının da uğurlarına geniş yer verir. Kitabda Belarus jurnalistlərinin fikirlərindən bu iqtibas diqqət çəkir: “Azərbaycanda uşaqları xüsusi bir məhəbbətlə sevirlər. Natiqin iki oğlu var. Anar və Arif. Hər ikisi cüdo və sambo ilə məşğul olur. Anar bir neçə dəfə Belarus çempionu olub və beynəlxalq turnirlərdə birinci yeri tutub. Sonradan təhsilə daha çox diqqət yetirdiyi üçün peşəkar idmanı tərk edib. Arif isə Belarus Milli Komandasının üzvüdür, Avropa çempionatının qalibidir. Gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısıdır”.
Natiq müəllim hər zaman başqalarına örnək olub. Və hər kəs istər ki, Natiq Bağırov kimi olsun. O öz səmimiyyəti, müsbət aurası ilə gənclər üçün motivasiya mənbəyinə çevrilib. Müəllif də buna görə kitabda Natiq müəllimin gənclər üçün tövsiyələrini qeyd edib: “"İlk növbədə onlar (gənclər-F.H.) bilməlidirlər ki, bu iş, idmanla məşğul olmaq onlara lazımdırmı? Hələ uşaqlıqdan qoyulan bünövrə, bazis budur. Əgər belədirsə, qarşına məqsəd qoymalı və ona doğru getməlisən. Əgər böyük nəticə əldə etmək istəyirsənsə, peşəkar olmalısan. Əgər idmanla məşğul olursansa, vicdanla məşq etməlisən. Əqli imkanlardan səmərəli istifadə etmək, yəni daim oxumaq, öyrənmək lazımdır. Yalnız ağılsız adam deyə bilər ki, idmanda bilik lazım deyil. Erkən yaşlarından idmanla məşğul olan uşaqlara məktəbdə dərslərdən geridə qalmağa imkan verilməməlidir. Məşqçiyə diqqətlə qulaq asmaq, səhvləri təkrar etməmək vacibdir. Və əlbəttə ki, özünə inam bəsləmək, valideynləri, dostları sevmək, heç vaxt kobudluq etməmək lazımdır. Hünərli, qətiyyətli olmalısan. Hər şey məhz bunlardan başlanır. Mən əsl idmançının yolunu belə görürəm”.
Bu gün Natiq Bağırov həm bir idmançı, həm diaspor, həm də ictimai xadim kimi Belarusun tanınmış simalarındandır. İdmanda qazandığı zəfərlər, Belarusdakı soydaşlarımızın xeyir-şərinə yaraması onu hamı tərəfindən sevdirib. Onun diaspor fəaliyyətinin özəlliyi bundan ibarətdir ki, Belarusda Konqresin, xüsusən, regional təşkilatların fəaliyyətinin daha da güclənməsinə çalışır. Həmçinin Belarus xalqına böyük bir güclə Azərbaycanı daha geniş şəkildə tanıdır. Eyni zamanda gənclərin fəaliyyətinə də geniş yer verir. Natiq müəllim hər zaman özünü güclü, müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərir. Prezident İlham Əliyevin “dünyada yaşayan bütün azərbaycanlılar həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır” sözlərinə inanaraq hər zaman Azərbaycan dövlətinə arxalanır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info