Yazdığım zaman xoşbəxt oluram
Tarix: 24.11.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər




“Qələmə bağlı ömür” rubrikasının növbəti qonağı qardaş Türkiyədə yaşayıb-yaradan Mehmed Kumdur. İxtisasça həkim olmasına baxmayaraq, bədii yaradıcılıqla da məşğuldur. Könül xoşluğunu qələmdə axtaran Mehmed Kum bir neçə şeir və hekayələrin müəllifidir. Mehmed Kum Türkiyədəki Azərbaycan türküdür. 1 noyabr 1964-cü ildə Türkiyənin Iğdır elində doğulub. Uludağ Universitetinin İ.İ.B.F Beynəlxalq Əlaqələr fakültəsini yarımçıq buraxaraq Atatürk Universitetinin Tibb fakültəsini oxuyub. İlk hekayələri yerli qəzetlərdə, internet saytlarında nəşr olunub. Almaniyada "Baxış Dərgisi", "İstinad dərgisi" başda olmaq üzrə "Kıyıdili", "Dəlillər Təknəsi", "Yenidən İməcə", "Çığır", "Güncəl Sənət", "Berfin Bahar", "Temrən", "Məsəl" dərgiləri və bir çox dərgi və internet saytlarında nəşr olunub. İlk hekayələr kitabı "Atamın Səsi" 2015-ci ildə nəşr olunub.
- Yazar olmaq insanda hansı məsuliyyət yaradır?
- Yazar, xalqın səsidir. Onun üzərinə böyük məsuliyyət yüklənib. Haqsızlıqlara, yanlışlara, ədalətsizliyə,istismara qarşı hər vaxt xalqının yanında olmalıdır. Qorxmamalı, məzlum xalqın səsi olmalı və nüfuza, gücə qarşı dik dayanmalıdır. Xalqın bitib, tükənmək bilməyən qışqırığı, fəryadı olmalıdır.
- Fikrinizcə, ədəbiyyat insana nələr bəxş edir?
- İnsanların yaşaması üçün lazımlı ehtiyaclar var. Su, Günəş və hava kimi. Cəmiyyətin ictimai, elmi və mədəni sahələrdə inkişaf edə bilməsi üçün oxuması lazımdır. Bunu ədəbiyyata olan hörmətimiz və verdiyimiz dəyərlə edə bilərik. Ədəbiyyat, eyni zamanda xalqların tarixi vəsiqəsidir. Rus xalqının tarixini, nələrə güldüyünü, nələri yediyini, ailə quruluşunu, mədəni quruluşunu rus yazarların hekayə və romanlarından öyrənirik. Bu da yazara böyük məsuliyyət yükləyir. Hər gün oxuyur və yazıram. İş xaricində bütün zamanımı ədəbiyyata ayırıram. Ədəbiyyatçılar, eyni zamanda mədəniçilərdir.
- Ədəbiyyata nə vaxt gəldiz? Gəlişinizin səbəbi nə idi?
- Ədəbiyyata marağım, hər kəs kimi, oxuyaraq başladı. Daha sonra yazmağa başladım. İlk hekayəmi liseydə ikən yazdım. Tibb fakültəsinin təhsili çətin təhsil olduğu üçün bir müddət ara verdim. Sonra təkrar oxumağa, yazmağa başladım. Fərdi inkişaf ilə əlaqədar məqalələr yazdım. Amma hekayə yazmağı çox sevdim. İlk kitabım da hekayə kitabı oldu. İkinci və üçüncü kitablarım da hekayə olacaq. Ailə həkimi olduğum və kənddə böyüdüyüm üçün həmişə xalqın arasındaydım. Xalqın səsi olmaq lazım olduğunu düşünərək, hekayə yazmağa başladım. Hekayələrimdə bunları görəcəksiniz.
- Ümumiyyətlə, yazmaq sizə nələr qazandırır?
- Yazmağı sevirəm. Yazdığım zaman xoşbəxt oluram. Ən qiymətli zamanımı bu şəkildə dəyərləndirirəm. İnsanlar sevdiyi şeyi etməlidir. Mən də yazmağı sevirəm. Amma, demək olar, bütün zamanımı alır. Ancaq şikayətçi deyiləm.
- Bilirik ki, siz qardaş Türkiyədə yaşayır və orada yazıb-yaradırsız. Qardaş dövlətdə olan yaradıcılığınızdan danışa bilərsiz?
- Əvvəl söylədiyim kimi, özümü Türkiyədə Azərbaycanın mədəniyyət elçisi olaraq görürəm. Bu məzmunda, mədəniyyətimizi bütün Türkiyəyə tanıtmağa çalışıram. Virtual bir kənd olan Tamahkar kəndi Azərbaycan türklərini hər yönüylə izah edən və dünyaya tanıdan bir missiyanı üstələyib. Tez-tez kəndin yerini maraqlanıb soruşanlar olur. Tamahkar kəndinin muxtarı mənəm, deyərək, zarafatla cavab verirəm. Heydər Əliyevin dediyi kimi:“Bir millət, iki dövlətik”. Atatürkün dediyi kimi:“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Bu duyğularla, xüsusilə Azərbaycan mədəniyyətini hekayələrimlə Türkiyəyə və Qərbə tanıtmağa çalışıram.
Jurnallar, qəzetlər, internet saytlarında reportajlarım, hekayələrim nəşr olunur. Nizami Gəncəvi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, M.Şəhriyar, Səməd Behrəngi, Rusdəm Behrudi, Əhməd Cavad kimi daha bir çox ədəbiyyatçıların Azərbaycandan çıxması məni sevindirir. Eyni şeyləri Türkiyə üçündə söyləyə bilərəm. Qeyd edim ki, ədəbiyyatımız irəliləyir.
Yeni nəsil oxumur, yazmır. Yeni nəslin oxuması üçün Iğdırda kənd məktəblərinə "Hər şagirdə bir kitab" devizi altında hekayə kitabları paylayıram. İmkanım çərçivəsində kasıb qız uşaqlarını oxutmağa çalışıram. Ayrıca bu ilin sonuna doğru Azərbaycan nağıllarını yığıb Türkiyədə uşaqların oxumasını təmin etməyi düşünürəm.
- Əsərlərinizi yazarkən hansı hislər keçirirsiz?
- Oxumağı çox sevirəm. Oxuduqca xoşbəxt oluram. Problemləri bir an da olsa unuduram. Və yeni-yeni şeylər öyrənirəm. Yazmağı sevirəm. Amma bu, çox məsuliyyət tələb edir. Bəzən bir hekayə illərimi alır. Yazanda da xoşbəxt oluram. İçimizdən səssiz insanların qışqırığı olmaq, sevincinə, hüznünə nəfəs olmaq istəyirəm. Yazılarımla bunları dilə gətirməyə çalışıram. Bu məni xoşbəxt edir. Yaşadığım müddətcə də əzilən, istismar edilən, cənnət vədləri ilə aldadılan xalqın səsi olmağa çalışacağam..
- İnsan ölər, amma dediyi söz ölməz. Bir yazar kimi bu dünya ilə o dünya arasında nə fərq görürsüz? Yazılarınızda ölümü necə təsvir edirsiz?
- Qalıcı əsər yaratmaq çox gözəldir. Qüruru isə daha gözəldir. Sənətdə, ədəbiyyatda, elmdə, texnologiyada qalıcı əsər yazanlar hər vaxt hörmətlə xatırlanır. Bu insanlar xüsusidir. Bütün həyatlarını insanların daha xoşbəxt, daha yaxşı yaşamasına həsr ediblər. Hekayələrimin qalıcı olmasını düşünmək çox həyəcanvericidir. Ölüm təbiətin bir gerçəyidir. Bir gün bizdə öləcəyik. Torpağa qarışacayıq. Ağaca yarpaq, çiçəyə rəng, inəyə ot, körpələrə süd olacayıq.
- Yaradıcılığınızda gənclərə nələri tövsiyə edirsiz?
- Təəssüf ki, gənclər az oxuyur. Kompüter və telefonlardan daha çox istifadə edirlər. Zamanlarını boş-boşuna keçirirlər. Ailə üzərinə böyük vəzifə düşür. Mütləq uşaqlara oxuma vərdişi qazandırmalıdırlar.
Qərb sakinləri ildə otuzdan çox kitab oxuyur. Bizdə bu, bir kitab belə deyil. Biz uşaqlıqda nağıllarla böyüdük. Ana, atalar uşaqlara nağıl oxumalıdır. Oxumağı, yazmağı öyrənən uşaqlara hekayə və nağıl kitabları oxunmalıdır. Bir çox ana və ata bu mövzuya biganə yanaşdığı üçün uşaqlar kitab oxumaqdan məhrum qalır. Burada müəllimlərin üzərinə böyük iş düşür. Məktəbdə şagirdlərə bütün dünya klassiklərini oxutmalı və oxuma vərdişi qazandırmalıdırlar.
Gənclər oxumaqla yanaşı, eyni zamanda yazmalı və çox oxumalıdırlar. Oxuyan gənclik, elm, sənət və texnologiyada ölkələrini çox irəliyə aparacaqlar.
Qısaca ən böyük güc məlumatdır. Məlumat da oxuyaraq qazanılar. Hal-hazırda ədəbiyyatçılar hər sahədə yazır.
- Şeir yazdığınızı bilirik. Şairlik necə hisdir?
- Hal hazırda baxıram ki, hər sahədə yazan ədəbiyyatçılarımız var. Roman, hekayə, şeir, məqalə və s. Yalnız hekayə yazacağam. Hekayəçilik, təəssüf ki, yox olmaq üzrədir. Hekayə xaricində yazmağı düşünmürəm. Şeiri də düşünmürəm. Amma hər kəs kimi zaman-zaman yazdığım olur.
- Qardaş Türkiyədə gənclərin türk ədəbiyyatına maraqları daha yüksəkdir, yoxsa Qərb ədəbiyyatına?
- Təəssüf ki, daha çox içi xurafat dolu dini nəşrləri oxuyurlar. Şərq ədəbiyyatından, demək olar, xəbərsizdirlər. Azərbaycanın belə məşhur yazıçı və şairlərini tanımırlar. Xüsusilə son illərdə texnologiyaya olan maraq ədəbiyyatdan uzaqlaşmalarına səbəb oldu. Ədəbiyyat, sənət, musiqi, idman xalqları bir-birinə yaxınlaşdırır. Bir neçə gün əvvəl iğdırlı şair və yazar yoldaşım Yurtseven Şən Cəlil Məmmədquluzadənin hekayələrini Türkiyə türkcəsinə çevirərək nəşr edib. Bu cür işlərin çoxalması lazımdır. Türkiyədə Azərbaycan şair və yazarları çoxdur. Iğdırlı olan yazıçılardan Həsən Özkılıç, xüsusilə ermənilərin xalqımıza etdikləri zülmləri izah edən pedaqoq-yazar Mətin İldırım, Orxan Aras, Yurtseven Şən, Tuğrul İti, Fatma Aras, Efkan Ötkün, Sinan Axıq, daha adını burada yaza bilmədiyim ədəbiyyatçılarımız var.
- Gənclər arasında qardaş dövlətdə tanınmış yazarlar yetişirmi?
- Ələlxüsus son illərdə yazanlar çoxdur. Amma oxucu sayı o qədər artmır. Gənc yazarlarımız da çoxdur. Bunların içində iğdırlı olanlar da var. Bunlardan Murad Kaan Yanıq, Yeşim Coşğun və s. gənc yazar və şairləri misal çəkə bilərik. Ayrıca Iğdırda hekayə atelyesi qurdum. İnşallah, buradan yaxşı yazarlar yetişdirəcəyəm.
- Türkiyədə daha çox nəsr, yoxsa nəzm əsərləri oxunur?
- Şeir ölkəmizdə çox yazılır. Hətta bunu şairlərin müəllimi Veysəl Çolaq "Türk şeiri neçə zamandır işi olmayan insanların oyuncağı vəziyyətinə indirgenmiş" deyərək açıqlayır. Həqiqətən də, hər kəs şeir yazır. Yazmalarına bir şey demirəm, amma yazdım deməklə olmur. Gözəl şeirlər bunların arasında itir. Çox yazılmasına baxmayaraq, ən az oxunan şeir kitabları, ən çox oxunan romandır. Hekayə də az oxunur. Az oxunduğu üçün yazarlar hekayə yazmaqdan uzaq dayanır. Bu da kədərlidir.
- Sonda gələcək planlarınızdan danışardız.
- Təbii ki, yaxşı bir gələcək istəyirəm. Necə ki, şeirdə vurğulanır:
İnanın, gözəl
günlər görəcəyik uşaqlar,
Günəşli günlər görəcəyik,
Mühərrikləri maviliklərə
sürəcəyik uşaqlar,
İşıqlı maviliklərə sürəcəyik…

Sevimli Nazim Hikmətin dediyi kimi, günəşli günlər üçün mübarizə edəcəyəm. Döyüşlərin olmadığı, uşaqların ağlamadığı, sevgi dolu bir gələcək arzu edirəm. Bu müddətdə xalqımızın yanında, xalqımızın səsi olmağa davam edəcəyəm.
Söhbəti apardı:
Mahmud Sadıqov




 
Bölməyə aid digər xəbərlər
15.03.2017
“Mədəniyyət Mərkəzində təşkil edilən kurs Azərbaycan dilini öyrənmək üçün yeni imkanlar açır”
14.03.2017
“Qarabağ məsələsində Azərbaycan hökuməti ilə məcburi köçkünlərin və ziyalıların mövqeləri üst-üstə düşür”
14.03.2017
“Özbəkistanla turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var”
13.03.2017
“Uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biri də gənclər siyasətidir”
09.03.2017
“Bir neçə ölkənin idmançıları İslam Həmrəyliyi Oyunlarına Azərbaycanda hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5942

18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info