“Sosial şəbəkələrdən səmərəli istifadə edirik”
Tarix: 24.11.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Elşən Qənbərov:
“Yaşadığımız dövr artıq İKT-nin hər sahədə və ən məhsuldar şəkildə istifadə dövrüdür”
Türkiyənin Erciyes Universitetinin magistrı Elşən Qəmbərovla müsahibəni təqdim edirik
-Öncə özünüz haqqında danışmağınızı istərdik.
-Mən, Elşən Qənbərov 1989-cu ildə Azərbaycanın Yardımlı rayonunda dünyaya göz açmışam. Orta təhsilimi Cəlilabad, Yardımlı və Lənkəran şəhərlərində almışam. Bakalavr dərəcəsinə isə Türkiyənin nüfuslu universitetlərindən olan Erciyes Universitetinin Yapon Dili və Ədəbiyyatı bölümündə başladım. Artıq 2-ci kursa başlayanda Kayseri şəhərindəki azərbaycanlıların təmsilçisi seçildim. Bu ərəfədə Azərbaycanın Ankara səfirliyi Təhsil müşavirliyinin tələbə təmsilçiliyi olaraq seçildim. 2-ci kursun ortalarında Kayseri şəhərində fəaliyyət göstərən Türk Dünyası və Akraba Toplulukları Təşkilatına 14 ölkə təmsilçisindən 11-nin səsini alaraq seçildim. Bu quruluşda rəhbər olduğum müddət ərzində sosial və mədəni olaraq bir çox ölkənin və həmçinin Azərbaycanın tanıtım proqramlarını həyata keçirdik. Bakalavr təhsilimin sonlarına doğru Kayseriyə təhsil almağa gələn xarici tələbələrin sayının artdığını gördükdə isə fəaliyyət apardığım Türk Dünyası və Akraba Toplulukları təşkilatının yetəri qədər xarici tələbəni bir araya toplama potensialının olmadığı üçün Kayseri Yabancı Uyruklu Öğrenciler Konseyini (KAYÖK -Kayseri Əcnəbi Mənşəli Tələbələr Şurası) qurdum. Şuraya bağlı olan ölkə sayı artıq 42-dir. Şuraya 700-dən çox tələbə üzv idi. Şuramız universitetə bağlı deyildi. Fəaliyyətimi bəyənən universitet təşkilatı rəsmiləşdirməyi təklif etdi. Qəbul edib Erciyes Universiteti Əcnəbi Mənşəli Tələbələr Koordinatorluğunu (ERYÖK) qurub şuranın fəaliyyətini dayandırdım. ERYÖK-ə artıq 89 ölkədən 1500 tələbə üzv idi. Bakalavrı bitirdikdən sonra, yapon dilini daha da inkişaf etdirmək məqsədi ilə Yaponiyada 3 aylıq proqrama yazıldım. Yaponiyadan geri gəldikdən sonra isə magistraturaya imtahan verib Erciyes Universitetinin Beynəlxalq iqtisadiyyat bölümünü qazandım. Hazırda elmi iş yazıram. Azərbaycan ilə əlaqəli fəaliyyətlərimi davam etdirirəm. 2014-cü ildə Talas Bələdiyyəsi və Kayseri Valiliği ilə bərabər yürütdüyüm bir proqram çərçivəsində Kayserinin ən özəl yerində Xocalı Parkının təməlini atdıq. Hazırda Parkın Anıt və Muzey planları üzərində çalışmalarımı davam etdirirəm. Eyni zamanda özəl bir firmadan gələn iş təklifini qəbul edib Beynəlxalq Ticarət və Marketinq sahəsində firmanın işlərini aparıram.
-Erciyes Universiteti hansı özəlliyi ilə seçilir?
-Erciyes Universiteti Kayserinin gözəl bir yerində qurulub, burada müasir avadanlıqlarla qurulan istənilən fakültə var. Erciyezi XXI əsrə xitab edən bir universitet adlandıra bilərik. Hətta Türkiyədə hal-hazırda 5-10-cu sıradadır. Tibb, mühəndislik və dil sahələrində, hətta bəzi dil bölümlərində birinci sıradadır. Məsələn, Yapon dili fakültəsi bu il birinci oldu. İqtisadiyyat fakültəsində mənim müəllimlərimin çoxu Amerika və Avropada dərəcələrini alıblar. Universitetin fakültələrini xeyriyyəçi kayserililər tikib. Hətta rektorluq binasını da xeyriyyəçilər inşa edib. Universitet çox uzun planlı sistem ilə işləyir və daha çox gənclərə xitab edir. Çünki universitetdə gənc beyinlər yetişdirilir və onların rahat edilməsi üçün hər cür şərait yaradılıb. Universitetdə idman zalları, üzgüçülük hovuzları, tennis kortları, futbol, voleybol meydançaları, tələbələrin istirahət etməsi üçün parklar və kafelər var. Türkiyədə iki-üç universitetdə tələbələrə xidmət edən tramvay xətti var. Məsələ ondadır ki, tələbələr yalnız yataqxanalarda qalmırlar, həm də kirayə tutduqları özəl mənzillərdə yaşayırlar. Universitetə gəlib-gedəndə çətinlik olmasın deyə, avtobusla bərabər, tramvay da istifadəyə verilib. Universitetin müəllimləri üçün “lojmanlar”-villalar ayrılıb, xarici və azərbaycanlı müəllimlər orda qalırlar. Tələbələr də yataqxanalarla bərabər, lojmanlarda qala bilirlər. Kayseri şəhərində təhsil alan xarici tələbələr üçün nəqliyyat vasitələrindən istifadə etmək də ödənişsizdir.
-Erciyes Universitetində təhsildə İKT-dən nə dərəcədə istifadə edilir?
-Təhsildə müasir səviyyəni tutmanın ən əhəmiyyətli şərti, bəlkə də, məzmundur. Məzmun qədər əhəmiyyətli olan bir digər şərt isə bu məzmunun təqdim edildiyi vasitə və üsullardır. Bu vasitə və üsulların ən əhəmiyyətlisi isə texnologiya sahəsidir. Texnologiya artıq təhsildə təlimçilər, məktəblər və kitablar qədər imtina edilməz bir vasitə halını alıb. Artıq dünya oxuma-yazıçılıq mövzusunu deyil, kompüter savadlılıq mövzusunu müzakirə edir. İnformasiya texnologiyaları, bir cəmiyyətin inkişaf göstəricilərinin başında gəlir. Erciyes Universiteti də, dediyim kimi, 21-ci əsrə xitab edir və ayaqlaşmağa çalışır. Hardasa hər bölüm və fakültənin kompüter laboratoriyaları və elektron kitabxanaları var. İstəyən üçün hər cürə şərait var. Universitetin ödənişsiz wi-fi şəbəkəsi var. Təbii ki, informatika sahəsində hər zaman yeniliklər olur və universitet çox böyük büdcəsini bu sahəyə ayırıb.
-Ümumiyyətlə, təhsildə İKT-nin imkanlarından yararlanmağın nə kimi perspektivi var?
-Yaşadığımız dövr artıq İKT-dən hər sahədə və ən məhsuldar şəkildə istifadə dövrüdür. Xüsusilə təhsil, texnologiyanın ən çox istifadə edilməsi lazım olan sahələrdən biri olduğunu düşünürəm. Çünki təhsildə texnologiyanın istifadəsi anlamağı asanlaşdırır, bir çox mövzunu konkretləşdirir, məlumata ən sürətli şəkildə çatma imkanı təqdim edir, geniş kütlələrə çataraq rəqəmsal uçurumun azalmasını təmin edir. Türkiyədə və ölkəmizdə işlər, müstəqil layihələr və ictimai məsuliyyət işlərinin kənarına hələ keçə bilmədi. Bu səbəblə lazım olan infrastrukturun tamamlanması və texnologiyadan istifadənin milli təhsil strategiyasının əhəmiyyətli bir parçası halına gəlməsi lazımdır. Nə zaman ictimai bir problemlə qarşılaşsaq, bu problemin səbəbini düşünüb "təhsilin nə qədər əhəmiyyətli və lazımlı olduğu nəticəsinə" çatırıq. Ancaq artan əhali, dəyişən dünya, maraq və ehtiyacların hər keçən gün çeşidlənməsi, iş dünyasında artan rəqabət qarşısında ənənəvi təhsil anlayışımız nə qədər kafidir?
-Erciyes Universitetindəki gənclərimiz təşkilatlana biliblərmi? Bu istiqamətdə hansı addımlar atırsız?
-Universitetdəki gəncləri bir araya toplamaq və bir arada saxlamaq üçün çeşidli təbdirlər həyata keçiririk. Hər ay bir araya gəlib toplantılar edirik. Tələbələrin nə etdikləri ilə maraqlanıb, hər birinin Azərbaycan üçün nə dərəcədə önəmli olduqlarını hiss etdirməyə çalışırıq. Ankaradakı səfirliyimiz ilə bərabər, Azərbaycan tarixinə iz buraxmış şəxsiyyətlərimizin anım günlərini, Azərbaycanın Müstəqillik Günü, Həmrəylik Günü, Xocalı faciəsi və başqa proqramları Azərbaycandan dəvətimizlə proqramlarımıza qatılan millət vəkilləri, çeşidli QHT nümayəndələri, jurnalistlər, tarixçilərə bərabər həyata keçiririk. Sadəcə, Kayseridəki azərbaycanlı tələbələr ilə deyil, ətraf şəhərlərdəki azərbaycanlılar ilə də daimi olaraq əlaqə halında qalırıq.
-Gənclərimiz sosial şəbəkələrdə istənilən səviyyədə həmrəylik nümayiş etdirirlərmi?
-Gənclərimiz çox istedadlı və vətənpərvərdirlər. Artıq insanların 80%-i sosial şəbəkələr vasitəsilə xəbərləşir və yenilikləri buradan izləyirlər. Təbii ki, bizlər də əlimizdə olan fürsətləri maksimum dərəcədə dəyərləndirib, sosial şəbəkələrdən səmərəli şəkildə istifadə edirik. Son illərdə təşkilatlanmağımızda ən önəmli rolu məhz sosial şəbəkələr təşkil edir.
-Ölkəmizin təbliğini yetərincə apara bilirsizmi?
-Əlimizdən gəldiyi qədər təbliğat aparırıq. Türkiyədə həmrəy olmaq mənə görə asandır. Çünki türk xalqı bizi özündən ayırmır. Hakimiyyət də həyata keçirdiyimiz proqramlara yetəri qədər dəstək verir. Lobbimizi təkcə Türkiyədə deyil, Avropa və Amerikada gücləndirməliyik. Erməni lobbisi olmamış soyqırımı dünyaya qəbul etdirir. Bizlər isə 21-ci əsrdə dünyanın gözü qabağında törədilmiş Xocalı faciəsini hələ də dünyaya tam şəkildə çatdıra bilmirik. Çox təəssüf edirəm ki, biz gənclər yetəri qədər aktiv deyilik. Bizim hədəfimiz artıq Türkiyə olmamalıdır. Biz dünyadakı həmyerlilərimizlə olan bağlantılarımızı gücləndirməliyik. Bu nöqtədə bir öncəki sualınızda qeyd etdiyiniz sosial şəbəkələrdən istifadə etməliyik. Hər şeyi səfirliklərdən və ya başqa dövlət qurumlarından gözləmək olmaz.
-Universitetdəki digər xalqların tələbələri ilə münasibətləriniz necədir? Yəni onlara ölkəmizlə bağlı məlumatları verə bilirsiz?
-Həyata keçirdiyimiz hər bir proqrama məhz əcnəbi tələbələrin qatılmağı üçün əlimdən gələni edirəm. Çünki bu tələbələr universiteti bitirdiktən sonra öz ölkələrinə qayıdacaq və müəyyən vəzifələrdə çalışacaqlar. Biz bu tələbələr sayəsində öz diaspor fəaliyyətimizi daha real həyata keçirə bilərik.
-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
-Ölkəmizin xaricdə təhsilə daha çox sərmayə ayırmalı olduğunun tərəfdarıyam. Xaricdə təhsil tələbələrə çox şey verir. Tələbələr təhsil aldıqları ölkənin dilini, mədəniyyətini, yaşam tərzini, insanların düşünmə qabiliyyətini və ən önəmlisi ölkələrin idarəetmə formalarını öyrənirlər. Mən təhsili bitirdikdən sonra Azərbaycana geri dönməyin tərəfdarıyam. Azərbaycan gənc ölkədir. Amerika, Avropa və Asiyanın inkişaf etmiş ölkələrinin təcrübələri ölkəmizə çox şey qatacağına inanıram.
-Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində hansı töhfələr vermək istərdiniz?
-Ölkəmizin ilk öncə təhsilinin inkişafı istiqamətində addımlar atardım. Yaxşı təhsil insana tərbiyə də verir. Təhsilin keçirdiyi tarixi proses cəmiyyətdən-cəmiyyətə fərqliliklər göstərir. Bütün cəmiyyətlərin keçirdiyi müddəti bir yazı çərçivəsində, təbii ki, ələ almaq mümkün olmaz. Ancaq ümumi mənada baxıldıqda ölkəmizə birbaşa və ya dolayı şəkildə təsir edən ictimai tarixi prosesi bu şəkildə yekunlaşdırmaq mümkün olar. Təhsilin sahib olduğu gücün fərqinə varan ictimai qruplar arasında təhsil bir mübarizə sahəsi halına gəlib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
17.02.2017
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün üç sənədli film çəkilib
16.02.2017
“İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
15.02.2017
Səfirlər Cocuq Mərcanlıya səfər ediblər
14.02.2017
“Cocuq Mərcanlının bərpası tezliklə torpaqlarımıza qayıdacağımıza əminlik yaratdı”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5510

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
4 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
5 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info