İKT-nin inkişafında 2014-2020-ci illər üzrə Milli Strategiyanın rolu
Tarix: 25.11.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Dövlət informasiya cəmiyyətinin inkişafı üzrə əsas tədbirlərin işlənib hazırlanmasını təmin edir

Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafı daima dövlət səviyyəsində diqqətdə saxlanılır. Bununla bağlı bir sıra sərəncam və proqramlar qəbul olunub. Bu baxımdan yada salaq ki, 2014-cü il 2 aprel tarixində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Sərəncamda qeyd edilir ki, bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.
Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.
İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.
Sənəddə bildirilir ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir: “Ölkədə ”elektron hökumət”in zəruri infrastrukturları yaradılıb. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılıb. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir”.

Cəmiyyətin İKT-nin məhsul və xidmətlərinə artan tələbatı təmin olunmalıdır

Milli Strategiyada mövcud vəziyyət təhlil edilərək ölkənin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişafının vacibliyi qeyd olunur.
Həmçinin bildirilir ki, cəmiyyətin İKT-nin məhsul və xidmətlərinə artan tələbatı təmin olunmalıdır: “İqtisadiyyatın real sektorlarında və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndirilməlidir; İKT sahəsində rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndirilməlidir; İKT sahəsinin normativ hüquqi bazası və dövlət tənzimlənməsi təkmilləşdirilməlidir; “Elektron hökumət”in nüfuz dairəsi genişləndirilməli, göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə dairəsi artırılmalı və onların tam avtomatlaşdırılmış interaktiv xidmətlər şəklində həyata keçirilməsi təmin edilməlidir; Dövlət idarəçiliyinin bütün səviyyələrində və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi genişləndirilməlidir; Əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri, iqtisadiyyatın müxtəlif sahələri arasında İKT-dən istifadədə mövcud fərqlilik aradan qaldırılmalıdır; Sahənin yüksəkixtisaslı İKT mütəxəssislərinə olan ehtiyacı ödənilməlidir; Milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir;
İnformasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın və maarifləndirmənin səviyyəsi artırılmalıdır; Ümumi daxili məhsulda İKT-nin payı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmalıdır; Əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik səviyyəsi artırılmalıdır;
Görülən işlərə ictimai təşkilatların geniş cəlb edilməsi üçün tədbirlər görülməlidir”.

Əsas məqsəd ölkədə informasiya cəmiyyətinin bərqərar olmasıdır
Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün aşağıdakı məsələlərin həlli vacib görülür: “İnformasiya telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının və ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi lazımdır. Əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir. İnformasiya cəmiyyəti şəraitində effektiv tənzimləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqları hərtərəfli və sərbəst təmin edilməlidir. Rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidi təmin olunmalıdır. “Elektron hökumət”in genişləndirilməsi və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi, elektron xidmətlərin yüksək keyfiyyətinə nail olunmalıdır. İnformasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği lazımdır. İnformasiya və telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi və ixtisaslı kadrlar hazırlanmalıdır. Hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyəti yüksəldilməlidir. Dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsinə ehtiyac var. Regional və beynəlxalq informasiya məkanına inteqrasiya genişləndirilməlidir”.
Milli Strategiyaya görə, informasiya cəmiyyətinin qurulması zamanı milli səviyyədə bir sıra prinsiplərə əməl olunmalıdır. Bunlar da liderlik, bərabərlilik, əməkdaşlıq, maarifləndirmə, sosialyönlülük, millilik, mərhələlilik, innovativlik, beynəlxalq əməkdaşlıqdan ibarətdir.

İKT-nin inkişafı və onlardan istifadə ilə bağlı mövcud qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir
Milli Strategiyada informasiya cəmiyyətinin qurulmasında dövlətin aparıcı rol oynadığı vurğulanır. Qeyd olunur ki, dövlət informasiya cəmiyyətinin inkişafı üzrə əsas tədbirlərin işlənib hazırlanmasını, onların yerinə yetirilməsində biznes və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı təmin edir. Ölkənin davamlı və hərtərəfli inkişafına təsir edən və daha çox sosial-siyasi əhəmiyyəti olan fəaliyyətin reallaşdırılması üçün maliyyələşdirmənin təmin edilməsi də dövlətin diqqətindədir.
Bununla yanaşı, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafını xarakterizə edən göstəricilər müəyyənləşdirilir, İKT-nin inkişafı və onlardan istifadə ilə bağlı mövcud qanunvericiliyin inkişaf etdirilməsi mütəmadi olaraq təkmilləşdirilir, elm, təhsil və mədəniyyətin sürətli inkişafı, elmtutumlu informasiya və telekommunikasiya texnologiyaları məhsullarının yaradılmasını və istehsalı üçün əlverişli şərait formalaşdırılır. Dövlət, eyni zamanda “elektron hökumət”in inkişafını, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasını, müəlliflik hüququnu və intellektual mülkiyyətin qorunmasını, ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsini, qlobal informasiya məkanına inteqrasiya üçün digər dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin genişləndirilməsini təmin edir.
Milli Strategiyanın prioritet istiqamətləri Konsepsiyaya uyğundur və bunlardan ibarətdir: “1. İKT infrastrukturu və xidmətləri. 2. Yüksək texnologiyalar sektorunun inkişafı. 3. Yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi. 4. “Elektron hökumət”in inkişafı. 5. İKT - cəmiyyətin inkişaf amili kimi. 6. Kadr hazırlığı. 7. İnformasiya təhlükəsizliyinin təmin edilməsi. 8. Milli kontentin inkişaf etdirilməsi”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
20.02.2017
“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
17.02.2017
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün üç sənədli film çəkilib
16.02.2017
“İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
15.02.2017
Səfirlər Cocuq Mərcanlıya səfər ediblər
14.02.2017
“Cocuq Mərcanlının bərpası tezliklə torpaqlarımıza qayıdacağımıza əminlik yaratdı”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5510

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
4 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
5 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info