“MDİ-nin fəaliyyətindən narazıyam”
Tarix: 03.04.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı: “Azərbaycan hüquq müdafiəçilərinin çoxu xarici qurumları tənqid etməkdən qorxurlar. Çünki onları qrant siyahılarından silərlər”

İctimaiyyət az öncə bir neçə gənci bir araya gətirən “NİDA” adlı qurumun üzvlərinin cəmiyyətdə təxribatlar yaratmaq üçün pul, narkotik və “Molotov kokteyli” ilə təmin edildiyinin şahidi oldu. O da məlum oldu ki, “NİDA” təşkilatı Milli Demokratiya İnstitutunun təşkilati və maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Bunu həmin qurumun saxlanılan üzvləri də etiraf etdilər. MDİ kimi qurumların bir neçə gənci sosial şəbəkələrdə Azərbaycan əleyhinə aktivləşdirməklə, sonradan da gəncləri icazəsiz aksiyalara cəlb etməkdə olduğu da faş edildi.
Həmçinin onların “əsgər ölümü”ndən Azərbaycan cəmiyyəti və dövlətçiliyi əleyhinə sui-istifadə etmək, ölkədə qarışıqlıq və qarşıdurma yaratmaq kimi təhlükəli fəaliyyətləri üzə çıxdı. “NİDA” kimi yanlış yolda olan və xarici qurumların məkrli fəaliyyətinin nəticəsi olaraq ortaya çıxmış bir gənclər qurumunun antiazərbaycan fəaliyyəti bir daha bu məsələyə diqqət ayırmağa sövq edir. Bu cür qurumları ortaya çıxaran xarici təşkilatların Azərbaycan cəmiyyətinin mənafeyinə zidd əməlləri ictimaiyyətdə etirazla qarşılanır.
Müsahibimiz İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlıdır. Məhərrəm müəllim bizimlə söhbətində bəzi xarici qurumların ölkəmizdə zərərli fəaliyyəti barədə fikirlərini bildirdi. O, söhbətə belə başladı:
-Azərbaycanda demokratiyanın inkişafında müsbət addımlar var, bunları görməmək mümkün deyil. Lakin müəyyən qurumlar var ki, mənsub olduqları ölkələrin strateji maraqlarına uyğun olaraq Azərbaycanda “demokratikləşmə”, “insan haqları” və “vətəndaş quruculuğu”adı altında başqa istiqamətlərdə fəaliyyət göstərirlər. Bunların fəaliyyətini uzun müddət müşahidə etmək mümkün olub. Son günlər mətbuatda ABŞ-ın Milli Demokratiya İnstitutu ilə bağlı fikirlər səslənir. Mən 2010-cu ildə parlament seçkiləri ərəfəsində Milli Demokratiya İnstitutunun tədbirlərində iştirak etmişəm. Əslində 1997-ci ildən bu qurumun fəaliyyəti ilə yaxından tanışam. Onların əvvəlki layihələrində də iştirak etmişəm. MDİ-nin keçirdiyi son görüşdə mən bir tənqidi fikir dedim ki, MDİ-nin fəaliyyəti əvvəllər Azərbaycanda daha geniş idi, daha şaxəli fəaliyyət vardı. Regionlardakı layihələr dəstəklənirdi. Dedim ki, indi isə bu fəaliyyət zəifləyib və istərdim ki, onun fəaliyyəti əvvəlki kimi güclənsin, geniş spektri əhatə etsin. Bu fikrimdə heç bir qərəz yox idi. Buna reaksiya olaraq onun nümayəndəsi dedi ki, yadda saxlayın ki, bizi tənqid etmək olmaz. Dedi ki, əgər bizim işimiz sizi qane etmirsə, gedə bilərsiniz. Orada insan haqları müdafiəçiləri də vardı. Onlara dedim ki, başqa vaxt dil-boğaza qoymursunuz, gördünüz ki, adi bir tənqidə necə dözümsüz yanaşılır. Bunlar açıq gördülər ki, MDİ nümayəndəsinin davranışında, ümumiyyətlə, demokratiyadan əsər-əlamət yoxdur. Amma bizim həmin hüquq müdafiəçiləri susdular.
-Bu cür hüquq müdafiəçilərinin niyə məsələyə reaksiyası olmadı?
- Azərbaycan hüquq müdafiəçilərinin tam əksəriyyəti beynəlxalq qurumları tənqid etməkdən qorxurlar. Çünki qorxurlar ki, onları qrant siyahılarından silərlər. Bu qurumlar həmin xarici təşkilatlardan asılı olduqlarına görə, onları tənqid etmirlər. Mən isə MDİ-nin bu cür münasibətindən sonra mediada böyük bir məqalə ilə çıxış etdim. Bununla MDİ-nin fəaliyyətini tənqid etdim. Amma buna baxmayaraq, onlar yenə də əvvəlki qaydada özlərini ölkəmizdə “yuxarıdan” aparırlar. Onlar müəyyən qurumların maliyyələşməsində dolayı olaraq fəaliyyət göstərirlər. Son illərdə mediada da bununla bağlı tutarlı faktlar göstərilir. Azərbaycanda guya demokratiyanın təşkilinə dəstək adı altında hətta müəyyən siyasi qurumlara da dəstək verirlər. Bunu da görməmək mümkün deyil. Yəni sonda itirən Azərbaycan olacaq. Ona görə də əgər biz Azərbaycan dövlətinin təəssübünü çəkiriksə, belə hallara qarşı öz fikirlərimizi bildirməliyik. Onların qanunsuz hərəkətlərinə son qoyulmasına dəstək verməliyik, bu barədə təşəbbüslərlə çıxış etməliyik. Bu barədə MDİ-yə qarşı səslənən ittihamlar sadəcə bir kampaniya deyil, ictimaiyyətin mövqeyidir. Mən bu mövqeyi dəstəkləyirəm. Yenə deyirəm ki, 1997-ci ildən onların fəaliyyətinə yazxşı bələd olduğum üçün onların fəaliyyətində zərərli məqamlar görürəm, bundan narazıyam. Onların əsas məqsədi əz fəaliyyətləri ilə Azərbaycanı zəif salmaq və ondan xarici maraqlar naminə güzəştlər qoparmaqdır.
-Qeyd etdiniz ki, əksər hüquq müdafiəsi təşkilatlarının nümayəndələri bu cür xarici qurumların zərərli fəaliyyətinə qarşı tənqid səsləndirməkdən qorxurlar. Belə olduğu təqdirdə, onlar ölkəmizin maraqlarına uyğun vətəndaş cəmiyyəti quruculuğunda necə iştirak edə bilərlər? Onların bir QHT kimi bu sahədə hansı dərəcədə töhfələri ola bilər?
- Onlar əslində vətəndaş cəmiyyəti quruculuğu ilə yox, imitasiya ilə məşğuldurlar, Onlar hakimiyyəti tənqid edirlər, bununla müəyyən imic qazanırlar. Amma onlara bu barədə dəstək verən bu cür xarici qurumların qarşısında susurlar. Bu da onların qeyri-sağlam davranışlarından irəli gəlir. Həmin “hüquq müdafiəçiləri” tez-tez MDİ kimi xarici qurumların ofislərinə çağrılırlar, orada təlimat alırlar. Bunlar faktlardır və buna görə də belələrinin həqiqi vətəndaş mövqeyi göstərəcəklərinə inanmıram. Onlar sifarişlər icra edirlər. Onların sifarişçilərinə qarşı da heç vaxt çıxış edə bilməzlər. Amma onlar xalq arasında, qəzetlərdə populist çıxışlar etməklə özlərinə müəyyən imic formalaşdırmaq istəyirlər. Bu da Azərbaycan dövlətçiliyinə xidmət etmək deyil, kimlərinsə maraqlarını ölkəmizə qarşı həyata keçirməkdir. Bu cür “hüquq müdafiəçiləri” müstəqil olmadıqlarına görə mənsub olduqları ölkəni və dövləti müdafiə edə bilmirlər.
-Halbuki xarici dövlətlərin gizli maraqlarını qrant müqabilində rahatca həyata keçirirlər...
- Bəli. Unutmaq lazım deyil ki, MDİ və Respublikaçılar İnstitutu ikisi də siyasi partioyalarla işləyirlər. Bu o deməkdir ki, onlar birbaşa QHT adı altında Azərbaycanın daxili işlərinə qarışırlar, sırf siyasiləşmiş şəkildə fəaliyyət göstərirlər. Azərbaycanın daxilində onların həyata keçirdiyi, dəstəklədiyi layihələr ölkəmizin güclü olmasına deyil, əksinə, zəifləməsinə hesablanır ki, bu da son nəticədə xarici qüvvələrin gizli maraqlarına xidmət edir. Həmin qüvvələr sabah ölkənin zəifliyindən istifadə edib, hansı sazişdəsə, özlərinə uyğun şərtlərin qəbul olunmasına nail olmaq istəyirlər. Bütün məqsədləri buna hesablanıb. Bu istəklərini isə məhz MDİ vasitəsilə həyata keçirmək istəyirlər. Bizim onlarla müəyyən dövrdə hətta, əməkdaşlığımız da olub. Biz QHT və siyasi partiyada təmsil olunarkən əməkdaşlıq etmişik. Ona görə də mən bütün müşahidələrimə əsaslanaraq deyirəm ki, bu cür qurumların fəaliyyətini Azərbaycan üçün qənaətbəxş hesab etmirəm. Bunlar 90-cı illərdə birbaşa Azərbaycan hökumətinə təsir etməklə nəsə əldə etməyə çalışırdılar. Yaxud da seçkilərdə istədikləri şəxslərin namizədliklərinin qeydə alınmasına cəhdlər edirdilər. Bu cür davranışlar isə QHT funksiyasından kənardadır. Çünki MDİ belə hallarda sırf siyasi quurm kimi ölkələrin daxili işlərinə qarışır. Bu cür hallar dəqiq nəzarətə götürülməli və onun qarşısı alınmalıdır. Çox təəssüf ki, bu cür qurumlar uzun müddətdir ki, fəaliyyət göstərirlər. İndiki dövrdə bir vətəndaş kimi kimsə arzu etməz ki, Azərbaycanda qarışıqlıq düşsün. Ərəb ölkələrində baş verən təlatümlər və insan itkiləri kimsəni ağ günə çıxarmayıb. Hazırda həmin ölkələr qan-qada və anarxiya yaşayır və belə şəraitlərdə isə ümumiyyətlə, demokratiyadan danışmağa dəyməz. Bu cür aqibəti istəməyən vətəndaşlar xarici qurumların zərərli fəaliyyətinə “yox” deməlidirlər. Bəziləri hardansa maliyyələşirsə, vəziyyət gərginləşəndə maliyyələri daha da güclənirsə, bu ölkənin aqibəti onların vecinə deyil. Əgər ölkədə vəziyyət gərginləşərsə, onlar yığdıqları pullarla baş götürüb xaricə köçərlər. Onlar asanlıqla bu ölkədən, onun vətəndaşlığından imtina edərlər. Necə ki, hazırda da ölkə maraqlarını satırlar. Bütün bunları nəzərə alan əsl vətəndaşlarımız həmin xarici qurumların fəaliyyətinə yox deməlidir. Yaxşı ki, bu cür vətəndaşlarımız əksəriyyət təşkil edir. Vətəndaşlarımız bu məsələdə ayıq olmalı, cəmiyyətin və dövlətin yanında yer almalıdırlar.
-Xarici qurumların zərərli fəaliyyəti ilə bağlı qanunvericiliyə hansısa müvafiq dəyişikliklər zəruridirmi?
- Əslində qanunvericiliyimiz indi də imkan verir ki, onların fəaliyyətindəki qanunsuzluqlar aşkar olunsun və onlar buna görə cavab versinlər. Bu baxımdan həmin qurumlara qarşı sakitcə məhkəmə iddiaları da qaldırmaq olar. Yetər ki, onların fəaliyyətinə müvafiq qurumların diqqəti daha da gücləndirilsin. Onlar şəffaf və təyinatlarına uyğun fəaliyyət göstərməyə məcbur edilməlidir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info