Zəlimxan Yaqub daim xalqının, millətinin sevigisini görüb
Tarix: 29.11.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı tanınmış əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğludur. Musa müəllim qələmə sədaqətli, sözə bağlı və Zəlimxan Yaqub irsinə dərindən bələd bir insandır. O, Zəlimxan Yaqubun ən sədaqətli dostu olub.

Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov) 1958-ci il dekabrın 26-da Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986-1997-ci illərdə pedaqoji fəaliyyətini doğulduğu Darvaz kəndində davam etdirib. Otuz ildən çoxdur ki, həm də jurnalistlik fəaliyyəti ilə məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı, Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb. 1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında və 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür. Hazırda Azərbaycan Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktorudur. 2015-ci ilin fevralından, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış Qeyri-Hökumət Təşkilatları ilə mədəniyyət sahəsində əməkdaşlıq üzrə komissiyanın üzvüdür. Musa Nəbioğlu Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015-ci il tarixli sərəncamıyla “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb. M.Nəbioğlu Zəlimxan Yaqubun ən yaxşı tədqiqatçılarındandır. Xalq şairinin yaradıcılığından bəhs edən “Sözün Zəlimxan zirvəsi” kitabını yazıb. Şairin 13 cildlik əsərləri külliyyatının və son illərdə nəşr olunan bütün kitablarının tərtibçisi və redaktorudur. Həmçinin M.Nəbioğlunun indiyədək 17 kitabı işıq üzü görüb.

- Musa müəllim, siz Zəlimxan Yaqubun ən yaxın dostlarından biri idiniz. Sizcə, Zəlimxan Yaqub kimdir?
- Mənim üçün əvəzsiz dost, paxıllıqdan, qeybətdən, dedi-qodudan uzaq olan, hər addımından öyrəniləsi, nümunə götürüləsi, bütün varlığıyla Vətəninə, millətinə, elinə-obasına, dövlətinə və dövlətçiliyinə bağlı böyük şəxsiyyət, əsl türk oğlu türk idi Zəlimxan Yaqub. “Zəlimxan Yaqub yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, - deyən Xalq şairi Xəlil Rza Ulutürk isə onu, sadəcə, şair yox, poeziya hökmdarı, xalqımızın başucalığı adlandırır və deyirdi: “Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı hesab edirəm”.
Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazır: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən Türk dünyasının dünyaya bəxş etdiyi böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı”.
AMEA-nın müxbir üzvü, görkəmli filosof Səlahəddin Xəlilov isə Z.Yaqub yaradıcılığını “şeirlə yazılmış poeziya tarixi” adlandırır.
Zəlimxan Yaqub kim idi? - sualına cavabı, həm də onun öz yaradıcılığında tapmaq olar. Şeirlərinin birində yazır:
Dünya mənim idi mən olmamışdan,
Bilirəm dünyaya mən niyə gəldim.
Yazıldı alnıma sözün qisməti,
Sözümü zamana deməyə gəldim.

Sözünü zamana kişi kimi deməyi bacaran, XX əsrin sonları və XXI əsrin əvvəllərində ədəbiyyatımızın sütunlarından biri olan Zəlimxan Yaqub ömrünün son illərində isə belə yazıb:

Daha gecdi, könüllərdə kitabım var,
Qat-qat olan qayaların qaşı qədər.
Daha gecdi, zaman məni dana bilməz,
Yaşamışam bu dünyanın yaşı qədər.

- Zəlimxan Yaqub yoxluğu sizə necə təsir edir?
- Bu suala bir kəlmə ilə cavab vermək çətindir. İllərlə bir yerdə olub, sirdaşına çevrildiyin, əsərlərinin ilk oxucusu olduğun bir böyük şəxsiyyəti, söz sərkərdəsini, ən başlıcası isə səmimi bir dostu itirmək, təbii ki, çox ağrılıdır. Hər gün görüşdüyün, təsadüfən görüşə bilməyəndə isə gündə azı 3-4 dəfə zəngləşdiyin, özünə doğma və əziz bildiyin bir adamın yoxluğunu qəbul etmək olduqca çətindir. Zaman məsafəsi uzaqlaşdıqca bu itkinin yeri daha çox görünür, adamı daha çox göynədir.
- Siz Zəlimxan Yaqub yaradıcılığının həm ilk oxucusu, həm də tətdqiqatçısısınız, “Sözün Zəlimxan zirvəsi” adlı kitabınız nəşr olunub. Bir tətqiqatçı kimi, Zəlimxan Yaqub yaradıcılığını neçə dəyərləndirərdiniz?
- Zəlimxan Yaqubun yaradıcılığı başdan-ayağa türk ruhundadır. Təsadüfi deyil ki, onun özü “mən elə türkün ruhuyam”, deyirdi. Onun yaradıcılığını Türk dünyasından, türk ruhundan, türkçülükdən kənar təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, professor Tofiq Hacıyev deyirdi: “Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyəndə də onun dünyasından xəbər verirsən”. Ədəbiyyatşünas alim Azər Turan isə haqlı olaraq yazır: “Zəlimxan Yaqubun şeirlərində türkün genetik yaddaşı dipdiridir”.
Zəlimxan Yaqub şeirləri, poemaları ilə Türk dünyasının xəritəsini cızır, tarixi keçmişimizi gözlərimiz önündə canlandırır. Onun bu mövzudakı əsərlərini oxuyanda sanki təkcə böyük şairin yox, eyni zamanda tarixçi-alimin əsərini oxuyursan.
- Zəlimxan Yaqubun vətən və qəhrəmanlıq mövzusunda hansı əsərlərindən söz aça bilərsiz?
- Zəlimxan Yaqubun yaradıcılığı o qədər zəngin və rəngarəngdir ki, ünvanladığınız hər sual ətrafında saatlarla danışmaq olar. Qəzetə müsahibənin imkanlarını nəzərə alaraq, konkret bu sualla bağlı onu deyə bilərəm ki, Z.Yaqub yaradıcılığının ana xəttini Vətən, vətənpərvərlik mövzusu, yurdun hər daşının, qayasının, çölünün-çəməninin tərənnümü və təbliği təşkil edir. “Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam”, - deyən şair təkcə şeirləri ilə yox, hər çıxışı, hətta adi danışığı ilə də Vətənin yorulmaz təbliğatçısı idi, insanlarda vətənə məhəbbət hissini artırır, yurd sevgisini daha da alovlandırırdı. Təsadüfi deyil ki, akademik Xudu Məmmədov deyirdi ki, Zəlimxan Yaqubun yaradıcılığında Vətən mövzusu mütləq ölçülərlə təsvir olunmur, ölçüsüzlüyə çevrilir. Şair inanır və oxucusunu da inandırırdı ki, bədnam qonşularımız tərəfindən xalqımızın başına gətirilən bu qovğalar da ötüşəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, düşməndən qisasımız alınacaq, haqq işimiz qalib gələcək və xaqlımızın yeni qəhrəmanlıq dastanları yazılacaq. Şairin bu inamını gücləndirən, qələminin gücünü, sözünün kəsərini artıran xalqımızın qeyrətli oğulları, müstəqil dövlətimizin qüdrətli ordusudur.
- Zəlimxan Yaquba olan ümumxalq sevgisi haqda nə deyə bilərsiniz?
- Zəlimxan Yaqub qısa bir ömür yaşasa da, xoşbəxt taleli sənətkarlardan olub ki, daim xalqının, millətinin sevigisini görüb. Dövlətin qayğısı ilə xalqın sevgisi üst-üstə düşüb, çünki o, xalqını sevdiyi qədər də dövlətinə, dövlətçili­yinə bağlı olub. Mən hələ sağlığında ikən haqqında ədəbi-tənqidin və geniş ictimaiyyətin bu qədər fikir bildirdiyi, kitablar, məqalələr yazılan ikinci bir şair tanımıram. Görkəmli ictimai-siyasi xadimlərin, ədəbiyyatşünas alimlərin, şair və yazıçıların onun haqqında yazdıqlarından ibarət “Zəlimxan Yaqub ədəbi düşüncədə” adlı üçcildlik bir neçə il bundan əvvəl işıq üzü görüb. Artıq dördüncü cild də nəşrə hazırdır. Ona ithaf olunmuş şeirlərdən ibarət “Zaman bu kəsiri bitirməliydi” adlı irihəcmli kitab da üç il əvvəl çap olunub. Yəni demək istəyirəm ki, Zəlimxan Yaqub hamı tərəfindən sevilib və hər kəs də ona olan sevgisini bacardığı şəkildə ifadə edib. Təbii ki, bütün bunları onun özü yazdığı əsərlərlə yanaşı, həm də sadəliyi və səmimiliyi, insanlara olan sevgisi və xeyirxahlığı ilə qazanmışdı. Fəxri xiyabanda dəfn olunan gün yaşanan izdiham da bunun sübutudur. Onun ölümü ümumxalq hüzürünə çevrildi.
Daim eldən güc alan, elinə-obasına, xalqına güvənən şair xalqdan gördüyü sevgini şeirlərindən birində belə qiymətləndirirdi:

Elin qəlbi bir dünyadır, bir cahan,
Şair üçün cahan sirdi, sirr cahan.
El sevgisi qoymadı ki, bircə an
Yalqız qalım, yasa batım, yaslanım.

Zəlimxan Yaqubun vəfatından sonra da ölkə mətbuatında onun haqqında çoxlu sayda məqalələr, xatirə yazıları və şeirlər çap olundu. Bunların hamısını toplayıb kitab halında nəşr etdirəcəyik.
- Sonda Zəlimxan Yaqubla bağlı nə deyərdiz?
- Zəlimxan Yaqub haqqında ən yaxşı, ən dəqiq və düzgün sözü sağlığında özü deyib. O, hara getdiyini bilən şair idi, çünki hardan gəldiyini bilirdi:

Hara getdiyini çox gözəl bilir,
Hardan gəldiyini bilən şairlər.

Bu dünyaya “söz kimi gərək” olduğuna inanan şair haqlı olaraq deyirdi ki, “boynumda heç kəsin minnəti yoxdur, mənə nə verilib haqdan almışam”.
Bu gün Zəlimxan Yaqub, sadəcə, cismən bizimlə deyil. Şeirlərinin birində yazırdı:

Məni öldürən həyat, nifrət edirəm sənə,
Məni yaşadan ölüm, hardasan,
tez gəlsənə!

Bəli, vaxtsız gələn ölüm onu cismən aramızdan apardısa, onu əbədi ölməzliyə qovuşdurdu. Nə qədər ki, qədirbilən xalqımız var, müstəqil dövlətimiz var, Zəlimxan Yaqub da yaşayacaq, əsərləri təkrar-təkrar nəşr olunacaq, haqqında cild-cild kitablar yazılacaq. Necə ki, özü deyirdi:

Mənim yazdıqlarım yerdə qalarmı,
Hamısı düşəcək kitaba bir-bir.
Böyük mətləbləri, böyük dərdləri
Düzənlər düzəcək hesaba bir-bir.
Söhbəti apardı:
Mahmud Sadıqov




 
Bölməyə aid digər xəbərlər
28.03.2017
Yaxşı yazmağın yolu mütaliədən keçir
28.03.2017
“İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
15.03.2017
“Mədəniyyət Mərkəzində təşkil edilən kurs Azərbaycan dilini öyrənmək üçün yeni imkanlar açır”
14.03.2017
“Qarabağ məsələsində Azərbaycan hökuməti ilə məcburi köçkünlərin və ziyalıların mövqeləri üst-üstə düşür”
14.03.2017
“Özbəkistanla turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5964

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Küveytdə Azərbaycan mədəniyyəti nümayiş olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info