Ramin Quluzadə: “ Dünyada dinamik inkişaf edən İKT Azərbaycanda prioritet sahədir”
Tarix: 30.11.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər
Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2016” sərgisinin start verdiyi İKT Həftəsi davam edir. Tədbirin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin çıxış etdiyi sərgidə dünyanın 18 ölkəsini təmsil edən 200 şirkət iştirak edir. Prezident İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi tədbirin yüksək statusunu göstərir.

Qeyd edək ki, ölkə başçısı bu günlərdə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib və görüş zamanı Houlin Jao Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransının əhəmiyyətini vurğulayaraq, builki tədbirdə daha çox ölkənin öz stendləri ilə təmsil olunduğunu və yeni şirkətlərin iştirak etdiyini bildirib və bunu ölkəmizə olan marağın göstəricisi kimi dəyərləndirib. Houlin Jao Prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsinə verdiyi böyük dəstəyi vurğulayaraq bu sahədə Azərbaycanın çoxsaylı tərəfdaşlarının olduğunu deyib. Ölkə başçısı da informasiya kommunikasiya texnologiyaları sahəsində artıq yaxşı nəticələrin əldə edildiyini bildirərək, ölkəmizdə keçirilən “Bakutel-2016” sərgi və konfransının artıq yaxşı bir ənənəyə çevrildiyini, bu tədbirin regionda bu tipli yeganə sərgi və konfrans olduğunu məmnunluqla qeyd edib.

İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri məhsul və xidmətlərini, layihələri təqdim edir

“Bakutel” sərgisi İT məhsul və xidmətlərin təqdim edildiyi əsas platforma kimi beynəlxalq biznes platforması statusu qazanıb. Builki sərgi Azərbaycanda İKT sahəsinin inkişaf tempini inandırıcı şəkildə əks etdirir. Sərgi üzrə VİP turda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Houlin Çjao, Belarus Respublikasının rabitə və informasiya naziri Sergey Popkov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Çinin sənaye və informasiya nazirinin müavini Çjin Şubo, Qazaxıstan Respublikasının informasiya kommunikasiya nazirinin müavini Alan Ajibayev, “China Telecom” şirkətinin Mərkəzi Asiya üzrə Baş direktoru Sia Vey və başqaları iştirak ediblər. Yüksəkrütbəli qonaqlar sərginin əsas stendlərini, müxtəlif ölkələrin milli pavilyonlarını ziyarət edib, İT məhsul və xidmətlərinin nümayişinin miqyas və səmərəliliyini müsbət qiymətləndiriblər. “Bakutel- 2016” sərgisinin iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alırlar. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Azərbaycanda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, Belarusun “Beltelecom” kimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom” və “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var.
Sərginin ekspozisiyası bir sıra seqmentləri əhatə edir: telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk rabitə və texnologiyaları, İT və ofis texnologiyaları, 4-5G mobil texnologiyalar, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar. Yaxın gələcəkdə yüksək texnologiyalar sənayesinin inkişafını sərgidəki yeniliklər - insanların gündəlik həyat və məişətini yüngülləşdirən müxtəlif qacetlər, eləcə də İT və kiber-hücumlardan müdafiə sahəsində təhlükəsizlik üzrə yeni texnologiyalar və bir sıra digər məhsullar əks etdirəcək.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan milli pavilyonların fəal iştirakı artıq “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il Avstriya, Belarus, İran, İtaliya, Niderland Krallığı, Pakistan, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətlərini, innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərin təqdimatlarını nümayiş etdirirlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel- 2016” sərgisinə rəsmi dəstək verir. İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətləri, həyata keçirdiyi layihələri təqdim olunur. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunur. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllərlə tanış olmaq olar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) kimi Azərbaycanın dövlət strukturları da sərgini yaxından dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq sənaye institutlarının verdiyi dəstək, eləcə də Ümumdünya sərgi sənayeləri assosiasiyası (UFI) tərəfindən tədbirə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir.

“Bakutel” sərgi-konfransı çərçivəsində TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

Qeyd edək ki, sərgi çərçivəsində bir sıra tədbirlər keçirilib. Bakıda “Bakutel- 2016” sərgi-konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı keçirilib. Toplantıda çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, dünyada dinamik inkişaf edən İKT Azərbaycanda prioritet sahədir və daim Prezidentin diqqət mərkəzindədir. Nazir dünya ölkələri arasında informasiya mübadiləsinin artan tələbatını qarşılamaq üçün TASİM-in xüsusi rola malik olduğunu qeyd edib.
Layihəyə qlobal səviyyədə siyasi dəstək verildiyini nəzərə çatdıran nazir bildirib ki, TASİM-in həyata keçirilməsi region ölkələrinin sosial-iqtisadi inkişafına, xüsusilə də elektron hökumət, elektron səhiyyə, elektron ticarət, elektron təhsil kimi sosial-iqtisadi fəaliyyətin yeni formalarının təşkili və inkişafına öz müsbət töhfəsini verəcək.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxışında belə bir layihəyə tərəfdaş olmaqlarından məmnunluqlarını ifadə edib, gələcəyin qlobal layihəsi hesab edilən TASİM-in reallaşdırılması üçün bütün dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd edib.
Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Zhao çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi bu layihə tərəfdaş ölkələrlə yanaşı, ümumən dünya üçün böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, İKT-nin dinamik inkişafı fonunda belə layihələr gələcək perspektivlər vəd edir.
Daha sonra çıxış edən Qazaxıstanın informasiya kommunikasiya nazirinin müavini Alan Azhibayev, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Jin Shubo Azərbaycanın təşəbbüsü ilə formalaşan TASİM layihəsinin qlobal əhəmiyyətli olduğunu bildiriblər.
Qeyd edək ki, TASİM layihəsinin məqsədi, əsasən, Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
Bu təşəbbüs 2008-ci ildə “Bakutel” sərgi və konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən irəli sürülüb. Həmin il Bakıda “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.02.2017
“Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
17.02.2017
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün üç sənədli film çəkilib
16.02.2017
“İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
15.02.2017
Səfirlər Cocuq Mərcanlıya səfər ediblər
14.02.2017
“Cocuq Mərcanlının bərpası tezliklə torpaqlarımıza qayıdacağımıza əminlik yaratdı”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5510

1 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
2 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
3 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
4 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
5 Rufiz Qonaqov Türkiyənin Azərbaycandakı səfiri görüşüb
20.02 12:27 Yazın ilk çiçəyi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info