Baş katib Houlin Jhao: “Azərbaycanda İKT sahəsində tərəqqi müşahidə olunur”
Tarix: 01.12.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər
“İKT-nin digər sahələrə təsiri də özünü göstərir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində dəstək verilir və bu sahənin inkişafı hökumətin gündəmindədir”

Bakıda İKT Həftəsi davam edir. Bir neçə gündür davam edən "Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində bir sıra tədbirlər keçirilir. Layihəmiz də məhz İKT-nin inkişafı ilə bağlı olduğundan həmin tədbirləri geniş işıqlandırmağa ehtiyac duyduq. “Bakutel-2016” sərgisi çərçivəsində reallaşan tədbirlərdən biri də “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans oldu.


“Əşyaların interneti”nin inkişafı vacibdir”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə “Bakutel-2016” sərgisi çərçivəsində keçirilən “Əşyaların İnterneti. Növbəti nəsil” adlı konfransda “Huawai”, “SAP”, “Microsoft” və “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edirdi. Konfransda qeyd edilib ki, “Əşyaların interneti” Dünya İqtisadi Forumunun qiymətləndirməsində dünyanı dəyişdirəcək texnologiyalar arasında ilk sıralarda yer alır və bu texnologiyaların yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend olacağı proqnozlaşdırılır. Məlumat verilib ki, bəzi ölkələr artıq bu istiqamətdə milli strategiya, fəaliyyət planları qəbul ediblər, dövlətlər tərəfindən bu sahədə elmi tədqiqatlara ayrılan vəsaitlər artırılır, startapları bu işə cəlb etmək üçün qrantlar ayrılır, güzəştli kreditlər verilir, eyni zamanda gələcəyin kadrları hazırlanır.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jhao isə “Əşyaların interneti” sahəsində əsas inkişaf perspektivləri haqda danışıb. “Bakutel” sərgisində ötən illərdə də iştirak etdiyini vurğulayan baş katib hər il burada iştirak edən şirkətlərin tərkibinin zənginləşdiyini, sərgiyə, xüsusən, Avropa ölkələrindən yeni şirkətlərin qatıldığını diqqətə çatdırıb: “Bizim region İT sahəsində ən dinamik inkişafa yol açan region hesab olunur. Son illər yalnız bu regionda deyil, bütün dünyada mobil telefon satışı dövriyyəsinin artımının şahidi oluruq”. Son 10 ildə bu sahədə yaxşı göstəricilərin əldə olunduğunu deyən BTİ rəsmisi bu baxımdan, “Əşyaların interneti”nin inkişafının vacibliyini önə çəkib. H.Jao qeyd edib ki, mobil şəbəkə və cihazların inkişaf etdirilməsində səylər artırılmalıdır. Baş katib Azərbaycanın bu sahədə düzgün istiqamət seçdiyini də diqqətə çatdırıb: “Azərbaycanda İKT sahəsində tərəqqi müşahidə olunur və İKT-nin digər sahələrə təsiri də özünü göstərir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində dəstək verilir və bu sahənin inkişafı hökumətin gündəmindədir”.
Regional Rabitə Birliyinin (RRB) icraçı direktoru Nurudin Muhitdinov RRB ölkələrində “Əşyaların interneti” ilə bağlı vəziyyət haqda məlumat verərək, bu sahənin gələcək inkişafı üzrə perspektiv və gözləntilərdən söz açıb.
Tədbirdə “Huawai” , SAP və “Cisco” şirkətlərin nümayəndələri də çıxış edərək, sahənin inkişafı üzrə təcrübə və fikirlərini paylaşıblar.
Qeyd edək ki, iki gün davam edən tədbir çərçivəsində “İKT strategiyası və “Əşyaların İnterneti”nə dair Planlar”, “Əşyaların İnterneti” Mühiti və Marketinq Təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunub. Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunub.
Eyni zamanda forumda “ağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.

“İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır”

"Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində keçirilən tədbirlərdən biri də Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli İşçi Qrupun 4-cü iclası oldu. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın rabitə administrasiyalarının, həmçinin RRB-də müşahidəçi statusuna malik olan Əfqanıstan, Bolqarıstan, Latviya, Litva, Sloveniyanın rabitə administrasiyalarının, "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı və "EUTELSAT" hökumətlərarası təşkilatının nümayəndə heyətləri iştirak edib.
İclasda RRB-nin üzvü olan ölkələrin rəqəmsal bazarının formalaşdırılması üçün əsaslar və mexanizmlərə, proqram təminatı bazarında inhisarın ləğv olunmasına dair təkliflərin hazırlanması, "Elektron hökumət"in inkışafı istiqamətində əməkdaşlıq və RRB-nin üzvü olan dövlətlərdə sosial əhəmiyyətli elektron xidmətlərin göstərilməsi üçün əsasların işlənməsi müzakirə olunub.
Eyni zamanda, internetin idarə olunması məsələlərində RRB üzvlərinin əməkdaşlığı, Data mərkəzlərinin qarşılıqlı əlaqələri, yeni informasiya ehtiyatlarının formalaşması və istifadəsi, İKT sahəsində elmi kadr və ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələlərində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutan tədbirdə Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov çıxış edərək, informasiya cəmiyyətinin rolundan söz açıb: "Bu gün İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə və biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır". O bildirib ki, ölkədə həyata keçirilən İKT siyasəti Azərbaycana qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir: “Azərbaycan rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatımızın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir".
"RRB ölkələrində rəqəmli bazarın əsasları və mexanizmlərinin formalaşması üçün təkliflərin hazırlanması haqda" mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, rəqəmli bazar bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual məsələdir. Azərbaycanın bu sahədə Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində müəyyən addımlar atdığını deyən nazir müavini ölkəmizdə İKT sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr və əldə olunan nəticələr haqda məlumat verib.
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov "İnformasiya resurslarının formalaşdırılması və istifadəsi" mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəsində bununla bağlı həyata keçirilən işlər, o cümlədən ümumilikdə İKT sahəsinin vəziyyəti barədə məlumat verib.
Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov "İnternetin idarəetmə məsələlərində RRB iştirakçılarının əməkdaşlıq üzrə yanaşmaları" adlı məruzəsində sahə üzrə həlli vacib məqamlara toxunub. Qeyd edilib ki, internet transmilli resurs olaraq açıq olmalıdır, eyni zamanda internet infrastrukturunun idarəedilməsi modelinin təkmilləşdirilməsi istiqamətində tədbirlərə ehtiyac var.
Daha sonra Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin departament direktoru Vladimir Averbax "2020-ci ildə Rusiyada Elektron hökumət" layihəsi, bu sahədə strateji plan və məqsədlərlə bağlı iştirakçıları tanış edib. İclasın gündəliyinə daxil olan digər mövzular üzrə də məruzələr dinlənilib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7897

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 “Daha yüksək səviyyədə təşkilatlanmalı və bir səngərdən dövlətin maraqlarının qorunması üçün mübarizə aparmalıyıq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info